• Menyu
  • Menyu

Cümə günü və onun bəzi xüsusiyyətləri

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

İslam dininə xas olan və onu digər dinlərdən fərqləndirən, üstün edən ən böyük nemətlərdən biri də cümə günü, cümə namazı və onun xütbəsidir. Cümə xütbəsi həftəlik moizədir. O, Rəbbinə elm və bəsirət üzərində ibadət etməsi üçün qəlbləri oyadır və nəfsləri öz Rəbbinə, Yaradanına bağlayır. Bu qeyd olunan və digər faydalar, cümə xütbəsinin əhəmiyyətinə və ona olan ehtiyaca dəlalət edir.

Eləcə də, cümə gününün islam dinində əzəmətli məqamı var. O da, mübarək islam ümmətinin xüsusiyyətlərindəndir. Hansı ki, bununla digər ümmətlərdən fərqlənir. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Allah Təala bizdən əvvəlkiləri cümə günündən azdırmışdır. Yəhudilər üçün şənbə, nəsranilər üçün isə bazar günü vardır. Uca Allah bizim ümməti gətirdi və bizləri cümə gününə hidayət etdi.” [Sahih Muslim, 856]

İslam alimlərinin bu günə olan qayğısı da böyük olub. Onlardan elələri olub ki, bu günün xüsusiyyətlərini cəm edib ümmətə bəyan ediblər. Onlardan İbn Qayyim əl-Cövziyyə öz “Zəd əl-məad” adlı kitabında müstəqil fəsil ayırıb və bu günün otuz iki xüsusiyyətini qeyd edib. Eləcə də, əl-Həfiz Cəlaləddin əs-Suyuti “Cümə gününün xüsusiyyətləri” adlı kitab yazıb və orada yüzdən artıq xüsusiyyəti qeyd edib. Gəlin bu xüsusiyyətlərdən bəzilərini qeyd edək:

1. Cümə günü günlərin seyyidi, islam ümməti üçün bayramdır
Əbu Lübəbədən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə buyurub: “Şübhəsiz ki, cümə günü günlərin seyyidi, günlər arasında Allah qatında da ən əzəmətli olanıdır.” [Sünən ibn Məcə, 1084]

2. Digər günlərə nisbətdə cümə, namazı və fəziləti ilə xüsusiləşmişdir
Allah Təala buyurur: “Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!” [Cümə surəsi, 9-cu ayə] Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə demişdir: “Kim cümə günü gözəl bir şəkildə dəstəmaz alarsa, sonra cüməyə gələrsə, (xütbəyə) qulaq asıb sakit olarsa, iki cümə günü arasında və əlavə üç gün ərzindəki günahları bağışlanar.” [Sünən ət-Tirmizi, 498]

3. Cümə günü günəşin çıxdığı ən xeyirli gündür
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə demişdir: “Günəşin çıxdığı ən xeyirli gün cümə günüdür. Bu gündə Adəm yaradılmışdır, bu gün oradan (Cənnətdən) çıxarılmışdır. Bu gündə tövbəsi qəbul olunmuşdur və bu gündə də ölmüşdür. Bu gündə Qiyamət qopacaq…” [Muvatta, 71]

4. Məğfirət və günahların silinməsi
Bu da az öncə Əbu Hureyranın hədisində və digər hədislərdə qeyd olunub. Qeyd edim ki, bu xüsusiyyət, yəni günahların silinməsi və məğfirət, cümə namazı və onun ədəblərinə riayət etməklə hasil olur.

5. Bu gündə icabət saatı vardır
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə demişdir: “Cümə günü elə bir saat vardır ki, o saata müvafiq olan elə bil qul olmasın ki, qalxıb dua edib Allahdan bir şey istəsin, Allah da ona istədiyini verməsin.” [Səhih əl-Buxari, 935]

6. Cümə günü və gecəsi Peyğəmbərə (sallallahu aleyhi va səlləm) çoxlu salavat gətirməyin müstəhəb olması
Ənəs ibn Məlikdən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə demişdir: “Cümə günü və cümə gecəsi mənə salavatı çoxaldın.” [İmam əl-Beyhəqi, “İmanın şöbələri”, 2771]

7. Cümə günü camaatla qılınan sübh namazı həftə ərzində qıldığı digər namazlardan əfzəldir
Abdullah ibn Ömərdən (Allah hər ikisindən razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Allah qatında ən əfzəl namaz cümə günü camaatla qılınan sübh namazıdır.” [İmanın şöbələri, 2783] Bu namazda da müstəhəbdir ki, birinci rükətdə “Səcdə”, ikinci rükətdə isə “İnsan” surələri oxunsun. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edib deyir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) cümə günü sübh namazının birinci rükətində “Səcdə”, ikinci rükətində isə, “İnsan” surələrini oxuyardı. [Səhih əl-Buxari, 891] İbn Həcər Əl-Əsqalani bu hədisin şərhində buyurub: “Bu iki surədə olan hikmətlərdən Adəmin yaradılmasına, qiyamət gününün əhvalına işarələr vardır. Həmçinin, qiyamət də bu gündə baş verəcək.” [Fəthul-Bəri, 2/379]

8. Kim cümə günü və ya gecəsi vəfat edərsə, Allah onu qəbir fitnəsindən qoruyar
Abdullah ibn Amrdan (Allah hər ikisindən razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə deyib: “Cümə günü və ya gecəsi vəfat edən elə bir müsəlman olmaz ki, Allah onu qəbr fitnəsindən qorumasın.” [Sünən ət-Tirmizi, 1074]

Bu qeyd etdiklərim cümə gününə aid bəzi xüsusiyyətlər idi, hansı ki, bununla digər günlərdən fərqlənir. Bu xüsusiyyətlərlə, həmçinin, islam ümməti digər ümmətlərdən fərqlənir və bu, Allahın bizlərə bəxş etdiyi bir nemətdir, fəzilətdir. Bununla bizləri digər ümmətlərdən üstün edib.

Son olaraq Allahdan istəyirəm ki, Allah bizlərə olan nemətlərini artırsın, bizləri bu nemətlərə müvəffəq etsin, bu nemətlərə görə şükür edən qullardan etsin və təqsirlərimizə görə bizə əzab verməsin.

و صلى الله و سلم على نبينا محمد وعلى آله وصحبه ومن استن بسنته إلى يوم الدين. آمين.


Hazırladı: Mədinə İslam Universitetinin məzunu, Vüqar Qurbanov.

tovhidinfo
Vüqar Qurbanov

Mədinə İslam Universitetinin dəvət və dinin əsasları fakültəsinin məzunu.

Bütün materiallara bax