Mərhəmətli və Rəhimli Allahın adı ilə
Həmd yalnız aləmlərin rəbbi olan Allaha məxsusdur. Allahın elçisinin, onun ailəsinin və səhabələrinin üzərinə Allahın salamı və xeyir-duası olsun.
Sonra isə:
Şeyx ibn Bəz (rahiməhullah) hündürdaban ayaqqabının hökmü barədə suala belə cavab vermişdir: “(Hündürdaban ayaqqabı geyinməyin) ən aşağı halı məkruhdur (bəyənilmir). Çünki, birincisi, burada aldatma vardır. O baxımdan ki, qadın hündür olmadığı halda bu yolla hündür görsənir. İkincisi; (bu cür ayaqqabını geyinməkdə) yıxılmaq ehtimalı var. Üçüncüsü; Həkimlərin də təsdiqlədiyi kimi, bu, sağlamlığa zərərdir.” (Məcmu`ul-Fətəva; 6-426).
Şeyx Zeyd əl-Mədxəli (rahimahullah) isə bu barədə suala belə cavab verir: “Dikdaban ayaqqabıya gəldikdə isə, hesab edirəm ki, (belə ayaqqabıları) kişilər geyinmir. Bu, qadınların geyindiyi bir şeydir. Qadınların xeyirliləri isə mütəvazi ayaqqabılar geyinərlər. Hündürdaban ayaqqabı geyinməkdə əziyyət (çətinlik) və cana zərər vermək vardır. Bu, bəzən inasanın özündən xoşlanmasına, təəccüblənməsinə (ucb, özündən razılıq), lovğalığa və özlərinə bənzənilməsi icazəli olmayan kəslərə bənzəməyə gətirib çıxarır. Elə isə kişilərə və qadınlara bunda olan dini və bədəni zərərə görə vacibdir ki, hündürdaban ayaqqabıları (birdəfəlik) tərk etməklə buna son qoysunlar.“ (əl-Aqd əl-Munəddad; Əllamə Zeyd əl-Mədxəli).
Şeyx İbn Useymin (rahimahullah) buyurmuşdur: “Hündürdaban ayaqqabı zinəti aşkar edib naməhrəmə göstərməkdən sayılır. Bu, məkruhdur (bəyənilmir). Haram deyildiyi təqdirdə belə bunun bir əsası vardır. Çünki, bu geyim diqqətləri özünə cəlb edir. Ən azından həkimlərin dediyi kimi sağlamlığa ziyandır. Çünki, Allahu təala ayaqları eyni yaratmışdır. Əgər ayağa geyinilən hündürdaban ayaqqabı olarsa, bu zaman (ayağın) daban hissəsi hündürə qalxar və ayaqlardakı sinirlərin müvazinəti itər. Beləcə bu, qadına zərər vermiş olar. Ona görə də nəsihətim budur ki. qadınlar bu bunu tərk etsinlər. (Nurun aləd-dərb; 359-nömrəli kaset) Həmçinin, şeyx (rahimahullah) 352-nömrəli kasetdə də buna bənzər ifadələr işlədir və bu cür ayaqqabıların çıxardığı səsin də fitnəli olduğunu qeyd edir.”
Şeyx əl-Albani (rahiməhullah) bu barədə demişdir: “(Bu cür ayaqqabı geyinməklə) Qeyri müsəlman və günahkar qadınlara bənzəmək icazəli deyil. Bu cür qadınlar özlərinə (əks cinsdə) rəğbət yaradıb görünmək üçün cəmiyyətdə təhlükəli olan qabqab (səs çıxaran taxtadan olan ayaqqabı növüdür) ayaqqabıları geyinirlər. Həmçinin bu cür (dikdaban) ayaqqabılar qadının yerişini dəyişir və sən də bunu görürsən. “Sonra şeyx (rahimahullah) deyir ki: “Müsəlman qadının sağa-sola əyilərək (yeriməsi) doğru deyil. Bunun üçün də qeyri müsəlmanların fasiqləri belə bir ayaqqabı növü icad ediblər. Bu da belə bir hala səbəb olur ki, qadınlar hündürdaban ayaqqabılar geyinirlər. (Təəssüflər olsun ki,) Xüsusilə də bəzi dindar qadınlar da bu səbəblə (yəni, bu cür ayaqqabılar geyindiklərindən dolayı) yollarda ən adi səbəblərdən belə büdrəyirlər.” (Silsilətul-Hudə vən-Nur, 1-ci kaset).
Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov.