• Menyu
  • Menyu

Ədəb – səadətin ünvanı

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

İnsanın ədəbi onun səadətinin və qurtuluşunun ünvanı, ədəbsizlik isə, onun bədbəxtliyinin və həlakının ünvanıdır. Ədəb qədər dünya və axirət xeyrini qazandıran bir şey yoxdur və ədəbsizlik qədər bundan məhrum edən bir şey yoxdur.

Ədəbin kamilləşməsi və əxlaqın təmizlənməsi Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) şəriətinin məqsədlərindəndir. O, buyurub: “Mən yalnız saleh əxlaqı tamamlamaq üçün göndərilmişəm”.[1] Başqa bir rəvayətdə isə: “Mən yalnız gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm”.[2]

Ona görə də, gözəl ədəb və əxlaq Onun yolu və onun şəni idi. Başqa necə olsun ki, Allah (Cəllə və Alə) Onu tərifləyərək buyurur: “Həqiqətən, sən əzəmətli əxlaq üzərindəsən”.[3]

Onun (salləllahu aleyhi və səlləm) gecə namazının istiftah (açılış) duasından bir parçası bu idi: “Məni ən gözəl əxlaqlara hidayət et, yönəlt, bunu səndən başqa edən olmaz və ən pis əxlaqları məndən uzaqlaşdır, bunu səndən başqa edən olmaz”.[4]

Ənəs (Allah ondan razı olsun) demişdir: “Allah rəsulu (salləllahu aleyhi və səlləm) insanlardan ən gözəl əxlaq sahibi idi”.[5]

Şəkk yoxdur ki, gözəl ədəb-əxlaqa yiyələnməyə can atan müsəlman Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) davamçısıdır. Ona görə də, gözəl əxlaq sahibi Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) sevimlisi idi. O, buyurub: “Sizdən mənə ən sevimli olanlarınız və Qiyamət günü mənə ən yaxın olanlarınız ən gözəl əxlaq sahibləri olanlarınızdır”.[6]

Bundan sonra təəccüblü də deyil ki, gözəl əxlaq sahibi insanların ən kamil imanı olanıdır, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: “Möminlərin ən kamil imanı olanı ən gözəl əxlaqı olanıdır”.[7]

Həqiqətən, gözəl əxlaq yaxşılıqdır (ərəbcə: birr – tərc.) və o, xeyirliliyin meyarıdır, Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) buyurub: “Həqiqətən, sizin ən xeyirliləriniz ən gözəl əxlaqı olanlardır”[8], “Yaxşılıq gözəl əxlaqdır”.[9]

Yüksək ədəb və gözəl əxlaq böyük əməldir, oruc və namaza bərabərdir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: “Həqiqətən, mömin gözəl əxlaq ilə oruc tutub namaz qılanın dərəcəsinə çatır”.[10]

Həmçinin, o, tərəzidə ən ağır gələn əməllərdəndir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: “Qiyamət günü qulun tərəzisində gözəl əxlaqdan ağır şey yoxdur”.[11]

Gözəl əxlaq cənnətə girməyin ən böyük səbəblərindəndir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) insanları ən çox cənnətə salan şeydən soruşuldu və belə dedi: “Allah təqvası və gözəl əxlaq”.[12]

Gözəl əxlaqın fəzilətindəndir ki, onun sahibinə cənnətin ən yüksək yerində ev vəd edilib, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: “Mən haqlı olsa belə mübahisəni tərk edənə cənnətin kənarında, zarafatca olsa belə yalanı tərk edənə cənnətin ortasında, əxlaqı gözəl olana isə, cənnətin ən yuxarısında evinin olacağına zamin dururam”.[13]

Ədəbin dinimizdəki əhəmiyyətini və şəninin uca olmasını göstərən şeylərdən odur ki, keçmiş və onlardan sonra gələn elm əhli insanları gözəl ədəbə yiyələnməyə daim təşviq etmişdir. Onlar elm öyrəndikləri kimi, ədəb də öyrənirdilər, hətta ədəbi elmdən və ya elmin çox hissəsindən irəli də çəkərdilər. Mucəhid (Allah ona rəhmət etsin) demişdir: “Məxləd ibnul-Hüseyn mənə belə dedi: “Bizim ədəbin çoxluğuna ehtiyacımız hədisin çoxluğuna (yəni: çox hədis öyrənməyə – tərc.) ehtiyacımızdan daha şiddətlidir”.”[14]

İbn Sirin (Allah ona rəhmət etsin) isə, belə demişdir: “Onlar (sələfləri nəzərdə tutur – tərc.) elm öyrəndikləri kimi əxlaq da öyrənərdilər”.[15]

İbrahim ibn Həbib ibn əş-Şəhid demişdir: “Atam mənə dedi: “Oğlum, fəqihlərin, alimlərin yanına get və onlardan öyrən, onların ədəbindən və əxlaqından götür, bu, mənə hədisin çoxluğundan daha sevimlidir”.”[16]

Əl-Qarafi (Allah ona rəhmət etsin) demişdir: “Ruveym oğluna dedi: “Ey oğlum! Əməlini duz, ədəbini isə, un et”, yəni, ədəbini o qədər çoxalt ki, onun nisbəti unun duza nisbəti kimi olsun. Az saleh əməllə birgə ədəbin çox olması çox əməllə birgə az ədəbin olmasından daha yaxşıdır”.[17]

(Şeyximiz Saleh ibn Əbdul-Əziz Sindinin “Ədəb səadətin ünvanıdır” kitabçasından kiçik dəyişikliklər ilə.


Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev.

[1] Müsnəd Əhməd (8952), Əl-Ədəb əl-mufrad (273).
[2] Əs-sünən əl-kubra, Əl-Beyhəqi (20782).
[3] Əl-Qaləm sur., 4.
[4] Səhih Muslim (771).
[5] Səhih əl-Buxari (6203), Səhih Muslim (659).
[6] Sünən ət-Tirmizi (2018).
[7] Sünən ət-Tirmizi (1162, 2612), Sünən Əbi Dəvud (4682).
[8] Səhih əl-Buxari (6035), Səhih Muslim (2321).
[9] Səhih Muslim (2553).
[10] Sünən Əbi Dəvud (4798).
[11] Sünən ət-Tirmizi (2002, 2003), Sünən Əbi Dəvud (4799).
[12] Sünən ət-Tirmizi (2004).
[13] Sünən ət-Tirmizi (1993), Sünən Əbi Dəvud (4800), Sünən İbn Məcə (51).
[14] Əl-cəmiu liəxləq ər-ravi və ədəb əs-səmi (1/80).
[15] Öncəki məsdər (1/79).
[16] Öncəki məsdər (1/80).
[17] Ənvərul-buruq fi ənvəil-furuq (3/96).

tovhidinfo
Fərhad Adayev

Mədinə İslam Universitetinin hədis fakültəsinin məzunu, hazırda əqidə qismində magistratura təhsili alır.

Bütün materiallara bax