• Menyu
  • Menyu

Elmin və elm əhlinin fəziləti

tovhidinfo

Mərhəmətli və rəhmli Allahın adı ilə

Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Qulu və elçisi Muhəmmədə, onun ailəsinə, səhabələrinə və qiyamətə qədər yoluyla gedənlərin üzərinə Allahın xeyir-duası və salamı olsun!

Sonra isə:

Elmin və elm əhlinin fəziləti barədə Quran və Sünnədə bir çox dəlil varid olmuşdur. İbnul-Qeyyim (Allah ona rəhm etsin)  “Səadət evinin açarı” adlı kitabında elmin fəziləti barədə 153 dəlil, fayda zikr etmişdir ki, biz də bunlarin arasından 15-ini seçib sizə təqdim edirik.

1. Allah (subhənəhu və təalə) Özünü elmlə vəsf etmişdir və O, “alimul-ğeybi və-şəhədə” (qeybi və aşkarı bilən) və “alləmul-ğuyub”dur (qeybləri bilən). Allah Təala Qurani-kərimdə bir neçə yerdə buyurur:

“Həqiqətən, Allah hər şeyi biləndir”. (Əl-Ənfəl, 75).

Həmçinin, Logman surəsinin 34 -cü ayəsində belə buyurmuşdur:

“Həqiqətən, o Saat haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz, heç kəs harada öləcəyini də bilməz. Allah isə,şübhəsiz ki,biləndir xəbərdardır”.

Və onu da bilmək lazımdır ki, Allahın elmi məxluqatın elmi kimi deyildir, bu elmdən əvvəl cəhl, elimsizlik olmamış, ona qəflət üz verməmişdir. Allahın elmində unutqanlıq da mümkün deyildir.

2. Allah Təala alimləri ən əzəmətli, ən şərəfli şəhadətə – lə iləhə illəllah-a şahid gətirmiş və elm əhlinin şəhadətini Özünün və mələklərinin şəhadəti ilə birgə zikr etmişdir:

“Allah Özündən başqa ibadətə layiq olan məbudun olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də şahidlik etdilər. Allah əbədi olaraq ədalətli olmaqdadır. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Hikmət sahibidir”.  (Əli İmran, 18).

3. Elm peyğəmbərlərin mirasıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir:

“Həqiqətən, alimlər peyğəmbərlərin varisləridirlər. Həqiqətən, peyğəmbərlər nə dinar miras qoyarlar, nə də dirhəm. Onların miras qoyduqları yalnız elmdir və kim onu əldə edərsə, böyük bir pay əldə etmiş olar”. (Əhməd, Tirmizi və digərləri).

4. Elm təqvaya gedən yoldur. Allah Təalə buyurmuşdur:

“Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar”. (Fatir, 28).

5. Elm xeyir üzərində olmağın əlamətidir. Peygəmbər (salləllahu aleyhi və səlləm) demişdir:

“Allah kimə xeyir istəyərsə, onu dində fəqih edər (yəni ona dini öyrədər, anladar). (Buxari və Muslim).

6. Elm Cənnətə aparan yoldur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir:

“Kim elm tələb etmək yolunu tutarsa, Allah onun üçün Cənnətə gedən yolu asanlaşdırar”. (Muslim).

7. Mələklər elm tələbəsinin etdiyindən razı qalaraq qanadları ilə onu əhatə edərlər. Peyğəmbər (salləllahu və səlləm) belə buyurmuşdur:

“Həqiqətən, mələklər elm tələbəsinin tələb etdiyinə məhəbbətdən irəli gələrək onu qanadları ilə əhatə edər, sonra da bir-birinin üstünə çıxaraq  dünya səmasına qədər qalxarlar”. (Əhməd və digərləri).

8. Alimə Allah Təala, Onun mələkləri və bütün yaratdıqları, hətta yuvasında olan qarışqa, suda olan balıq belə salavat gətirər. Peyğəmbər (salləllahu və səlləm) demişdir:

“Həqiqətən, Allah  və Onun mələkləri, göy və yer əhli, hətta yuvasında olan qarışqa və hətta balıq, insanlara xeyir öyrədənə salavat gətirərlər”. (Tirmizi və digərləri).

9. Elm insanın özündən sonra qoyub getdiyi ən xeyirli şeydir. Peygəmbər (salləllahu aleyhi və səlləm) demişdir:

“İnsan ölərsə , onun əməli kəsilər, üç şeydən başqa: faydası davam edən sədəqə, fayda verən elm və onun üçün dua edən saleh övlad”. (Buxari və Muslim).

10. Allah (Subhənəhu və Təalə) Öz peygəmbərinə Ondan elmdə ziyadə istəməsini, elmini artırsın deyə Allaha dua etməsini əmr etmişdir:

“Və de: Ey Rəbbim! Elmimi artır”. (Tahə, 114).

11. Allah Təala Cənnət əhliylə Cəhənnəm əhlinin bərabərliyini inkar etdiyi kimi, alimlərlə cahillərin də bir olmasını inkar etmışdir. O, “əl-Həşr” surəsində buyurur: “Cəhənnəm əhli ilə Cənnət əhli eyni deyillər”. “Əz-Zumər” surəsində isə, belə buyurur: “De: Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?!”

12. Allah (Subhənəhu və Təalə) elm əhlindən soruşmağı və onların sözlərinə qayıtmağı əmr edərək buyurmuşdur:

“Bilmirsinizsə, zikr əhlindən soruşun”. (Ən-Nəhl, 43).

Və məlum olduğu kimi, zikr əhli deyildikdə elm əhli nəzərdə tutulur.

13. Uca Allah cahil köpəyin ovladığını murdar etmiş və yeyilməsini haram etmişdir. Öyrədilmiş köpəyin ovladığını isə bizə halal etmişdir:

“Səndən onlara nəyin halal edildiyini soruşurlar. De: “Təmiz nemətlər və Allahın sizə öyrətdiyindən öyrədib əhliləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları sizə halal edildi. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və ova göndərərkən onların üzərində Allahın adını çəkin. Allahdan qorxun! Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir”. (Əl-Məidə, 4).

Diqqət edin, elmin və təlimin şərəfi və üstünlüyü köpəklərdə belə aydın şəkildə görünür.

14. Allah Təala Öz əli ilə Tövratı onun üçün yazdığı və birbaşa sözlə danışdırdığı Musanın elm almaq üçün elmli bir insanın, Xıdırın, yanına səfər etdiyini, onunla birgə olub, ondan elm öyrənməsi üçün izn istədiyini bizə xəbər vermişdir. “Əl-Kəhf” surəsində keçən qissəni hamınız bilirsiniz…

15. Uca Allah bütün məxluqatı yaratmışdır ki, qulları Onun hər şeyi bildiyinii və hər şeyə qadir olduğunu bilsinlər:

“Yeddi göyü ve yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz”. (Ət-Taləq, 12).

Bu ayə ona dəlalət edir ki, yaradıldıqdan sonra bütün məxluqatdan  tələb olunan Rəbbləri barədə, Onun sifətləri barədə bilmək və tək Ona ibadət etməkdir.

Və sonda, aləmlərin Rəbbi olan Allaha həmd və sənalar olsun!


Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev.

tovhidinfo
Fərhad Adayev

Mədinə İslam Universitetinin hədis fakültəsinin məzunu, hazırda əqidə qismində magistratura təhsili alır.

Bütün materiallara bax