• Menyu
  • Menyu

Hənəfi adı altında gizlənən sünnə düşmənlərinə rədd

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Aləmlərin rəbbi olan Allaha həmd və sənalar olsun. Onun qulu və elçisi olan peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə, səhabələrinin və onların yoluyla gedən hər kəsin üzərinə Allahın salavatı və salamı olsun.

Sonra isə:

Son zamanlar vətənimizdə İslam dininə, ələxsus da, əhli sünnə etiqadına qarşı bir neçə istiqamətdə ideoloji hücumların təşkil olunduğu heç kimin gözündən qaçmır. Ağıl sahibləri dərk edir ki, bu hücumlar müsəlmanların fiziki qətliamından daha ağır və dözülməzdir, çünki bu zərbələr müsəlmanın dünya həyatına, malına və canına deyil, onun əqidəsinə və axirətinə dəyir. Bununla da, gələcək nəsillərimiz düzgün əqidədən kənar qalmaq, ateizm, hədis inkarçılığı, Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) toxunulmaz olan əshabına qarşı nifrət və s. bu kimi böyük təhlükələr ilə üz-üzə qalmış olurlar. İslam düşmənləri haqq əhlinin sıralarına əsassız ixtilaflar salmaqla onları zəiflətməyə və bundan istifadə edərək öz batil fikirlərini boş qalmış meydanlarda yaymağa nail olmuşdurlar. Ən böyük meydan isə, bugünki gündə, əlbəttə ki, internet və sosial şəbəkələrdir. Və bu meydanda illərdir ki, sünnəyə qarşı mübarizə aparan və tez-tez dondan-dona keçən bir dəstə vardır ki, hər dəfə bir yeni bidətlə ortaya girər, məqsədlərinə çatmadıqda bir müddət dibə çökər, sonra isə, başqa bir yeni zəlalət ilə yenidən meydana çıxarlar. Bu dəfə də, son vaxtlar köhnə “silahdaşları” tərəfindən məzhəbçiliyin fəal təbliğ olunduğunu görən bu şəxslər “hənəfi” maskası altında sünnə düşmənçiliyinə başlamış, səhabələri, xüsusən də, Müaviyə ibn Əbi Sufyanı təhqir edərək, onların ədalətli[1] olmaqlarını şübhə altına salmağa çalışırlar. Bununla onlar əhli sünnənin və həqiqi hənəfilərin icmasına müxalif olmuşdurlar.

Qeyd etmək lazımdır ki, hənəfi məzhəbi əhli sünnənin daxilində mötəbər olan fiqhi məzhəblərdən biridir. Lakin o demək deyil ki, fiqhdə hənəfi məzhəbi ilə gedən hər bir kəsin əqidəsi Əbu Hənifənin əqidəsi kimidir. Əfsuslar olsun ki, bugün özünə hənəfi deyən, lakin əhli sünnənin əqidəsindən uzaq olan bir çox insanlar mövcuddur.

Səhabələr mövzusu əhli sünnədə açıq-aydın, heç bir şübhə olmayan mövzulardandır. Əhli sünnə səhabələrin hamısının ədalətli olduğuna, onların ümumi şəkildə cənnətdə olduqlarına etiqad edir və cənnətdə olduqları hədislərdə sabit olanların cənnət əhli olduqlarına tək-tək şahidlik edir. Əhli sünnə səhabələri, onları sevənləri sevir, onların yoluna tabe olur, onlara nifrət edənlərə nifrət edir, onları söyməyi böyük günah hesab edir. Onların aralarında baş verən ixtilaf və döyüşlər barədə susur, bunların ictihad nəticəsində baş verdiyinə inanır, onlar üçün dua edir və adları çəkiləndə onlar üçün Allahın razılığını istəyirlər.

Özünə “hənəfi” ləqəbi götürən bu insanlar isə, Əbu Hənifənin (Allah ona rəhmət etsin) və hənəfi alimlərinin yolundan azaraq səhabələrin ədalətli olmasını inkar etmiş, onlardan bəzilərini söymüşdürlər. Bu azmış kimi, əhli sünnənin Əhməd ibn Hənbəl, Əbu Hətim Ər-Razi, Muslim ibnul-Həccəc, İbn Kəsir və s. kimi imamlarına bu məsələyə görə tən etmişdirlər. Beləliklə də, onlar özlərinin əhli sünnədən olmadıqlarını, əslində, mötəzilə əqidəsinin müasir daşıyıcıları və bəlkə də, özlərini gizlətməyə çalışan rafizi olduqlarını büruzə vermiş olurlar.

Hənəfi alimlərinin bu batil etiqaddan çox uzaq olduqlarını isbat etmək üçün onların səhabələrin ədalətli olmaları barədə olan sözləri ilə və bunun əksini iddia edənlər barədə kəskin ifadələri ilə tanış olaq. Müvəffəqiyyət Allahdandır.

  1. İmam Əbu Hənifə:

“Peyğəmbərlərdən (aleyhimus-salətu vəs-sələm) sonra ən əfzəl insan Əbu Bəkr Əs-Siddiqdir, sonra  Ömər ibnul-Xattab Əl-Fəruq, sonra Osman ibn Affən Zun-Nureyn, sonra isə, Əli ibn Əbi Talib Murtəzadır. Allah hamısından razı olsun. Onlar abid idilər, haqq üzərində və haqq ilə idilər. Onların hamısını sevirik və Rasulullahın (salləllahu aleyhi və səlləm) əshabından heç birini xeyirdən başqa bir şeylə zikr etmirik.”[2]

  1. İmam Ət-Tahavi:

“Biz Rasulullahın (salləllahu aleyhi və səlləm) əshabını sevirik, onların heç birini sevməkdə ifrata varmırık, həmçinin, onların heç birindən “təbərru” etmirik (yəni, “biz ondan uzaqıq” demirik). Onlara nifrət edənə və pisləyənə nifrət edirik və onları yalnız xeyir ilə yad edirik. Onları sevmək din, iman və ehsandır, onlara nifrət etmək isə, küfr, nifaq və tüğyandır (həddi aşmaq)“.[3]

  1. Cəməluddin Əl-Ğaznəvi:

“Biz Rasulullahın (salləllahu-aleyhi və səlləm) əhli beytini, zövcələrini, zürriyətini, qohumlarını və bütün səhabələrini sevirik, onları xeyirlə yad edir, tərifləyirik, onlar üçün xeyir-dua edir və onlara rəhmət diləyirik. Onlardan heç birinin məhəbbətində ifrata varmırıq və heç birindən “təbərru” də etmirik. Onları sevəni sevir, onlara nifrət edənə isə, nifrət edirik. Onları pisləyən düzgün yolda deyildir. Onları sevmək din və iman, onlara nifrət etmək isə, küfr və tüğyandır. Onlar barədə gözəl sözlər deyir, aralarında baş verənlər (yəni, ixtilaflar, döyüşlər) barədə isə, susuruq. Allah onların hamısından razı olsun”.[4]

  1. Muhəmməd Əl-Qunəvi:

“Əhli sünnə vəl-cəmaanın məzhəbinin (qeyd: adətən məturidilər əhli sünnə vəl-cəmaa deyəndə özlərini qəsd edirlər) üsullarındandır ki, səhabələri pisləməkdən dilini saxlayasan. Onların məsələsini onlara təni dəf edəcək şəkildə yozmaq və onlar barədə pis zənn etməmək vacibdir. Onlar barəsində yaxşı zənnə uyğun olmayan rəvayətlərə gəldikdə isə, nəql olunanlaarın çoxu  təəssübkeşliklə uydurulmuş, əsli olmayan şeylərdir. Nəqli sabit olanlar isə, yozula bilir. Aişə (Allah ondan razı olsun) barədə yaxşı zənn etmək lazımdır ki, o, fitnənin söndürülməsini tələb edirdi, lakin iş öz düzəmindən çıxdı və işlərin axırı əvvəlində tələb olunduğu kimi qalmadı. Həmçinin, Müaviyə də etdiyini təvil və zənn ilə etmişdi. Çünki onlar dini onlardan sonrakılara nəql edənlər, bəşərin ən xeyirlisinin yoldaşlığı ilə ikram olunanlar, canlarını və mallarını Allah yolunda xərcləyənlərdir”.[5]

  1. İbn Əbil-İzz:

“Qəlbində peyğəmbərlərdən sonra möminlərin ən xeyirlilərinə, Allah Təalanın övliyalarının ağalarına qarşı kin olan kəsdən daha azmış kim ola bilər?! Yəhudilər və nəsranilər belə, onları bir xüsusiyyətlərinə görə ən üstün sayıblar. Yəhudilərə deyildi: “Ümmətinizin ən xeyirliləri kimdir?” Dedilər: “Musanın əshabı”. Xristianlara deyildi: “Ümmətinizin ən xeyirliləri kimdir?” Dedilər: “İsanın əshabı”. Rafizilərə deyildi: “Ümmətinizin ən şərliləri kimdir?” Dedilər: “Muhəmmədin əshabı” və onlardan yalnız az bir qismini istisna etdilər…”[6]

  1. İbnul-Huməm:

“Əhli sünnə vəl-cəmaanın etiqadı səhabələrin hamısını təzkiyyə etmək (təmiz, düzgün olduqlarına şahidlik etmək) və onları tərifləməkdir, necə ki, Allah və Rəsulu (salləllahu aleyhi və səlləm) onları tərifləyib… Əli və Muaviyə (Allah hər ikisindən razı olsun) arasında baş verən isə, ictihad idi, Muaviyə tərəfindən Əlinin xilafəti ilə razılaşmamaq deyil idi…[7]

  1. Mirzə Məxdum Əl-Huseyni (rafizilərə xitab edərək):

“Sən Peyğəmbərə (salləllahu aleyhi və səlləm) uzun müddət yoldaşlıq edən, dünyaya qarşı zahidlik edərək ondan üz döndərən, hansı ki, dünya onların gözlərində ağcıqanadın qanadı qədər də deyil, haqq harada olsa, onunla birlikdə olan bir camaat barədə nə zənn edirsən?! Sən, ey rafizi, batilə girmisən, onlara tən edərək özünü həlak etmisən; sənin tən etməyin yalnız onların savabını və  bağışlanmaqlarını, sənin isə, yalnız küfrünü və tüğyanını artırır…”[8]

  1. Mullə Əli Əl-Qari:

“Quranın, sünnənin və sözünə etibar olunan alimlərin icmasına görə səhabələrin hamısı mütləq olaraq ədalətlidirlər”.

Sonra, sözünün davamında deyir:

“Müaviyə isə, ədalətlilərdən, fəzilətlilərdən və seçilmiş səhabələrdəndir. Onların arasında baş verən döyüşlərdə hər iki tayfanın şübhəsi var idi və bu şübhənin səbəbi ilə özlərini düzgün görürdülər. Onların hamısı döyüşlərdə təvil ediblər (ictihad edərək məsələni başqa cür başa düşüblər) və heç biri bununla ədalətdən çıxmayıblar, çünki onlar müctəhidlərdir, bəzi məsələlərdə ixtilaf ediblər, necə ki, onlardan sonra gələn müctəhidlər bəzi məsələlərdə ixtilaf ediblər. Və buna görə onlardan heç biri nöqsanlı sayılmır”.[9]

  1. İbn Abidin:

“Bil ki, Allah məni də, səni də (haqqa) irşad etsin, ümmətin peyğəmbərindən (salləllahu aleyhi və səlləm) sonra ən xeyirliləri, Onun səhabələridir. O kəslər ki, Ona kömək edib və Onun razılığı üçün canlarını qoyublar. Elə bir mömin və möminə yoxdur ki, boynunda onların böyük bir minnəti olmasın. Onları əzəmətləndirmək, onlara hörmət etmək vacib, onları söymək və onlara tən etmək isə, haramdır. Onların arasında baş verən döyüşlər barədə susmaq lazımdır, çünki bunlar ictihaddan baş vermişdir… Və bu yoldan çıxan kəs azmış bidətçi və ya kafirdir”.[10]

  1. Əbus-Sənə Əl-Əlusi:

“Bil ki, əhli sünnə icma etmişdir ki, bütün səhabələr ədalətlidir, onları əzəmətləndirmək ümmətə vacibdir…”

Sonra isə, Əl-Xatib Əl-Bəğdədidən nəql edir:

“Səhabələrin ədaləti sabit və məlumdur, çünki Allah Təala onları “tədil” edib (ədalətli olduqlarını bildirib), onların təmiz olması barədə xəbər verib və onları seçib”.[11]

  1. Əbul-Hudə Əl-Bəndənici:

“Onların (səhabələrin) ədalətli olmaqları o demək deyil ki, onlardan heç biri günahlardan nəyisə etməyib.., çünki bu, məsumluğun lazım etdiyi şeylərdəndir ki, biz onların məsum olduğunu iddia etmirik. Məqsəd odur ki, onlar fasiq kimi ölməyiblər, əksinə, tövbə üzərində, bağışlanmış halda ölüblər, onlar indi ədalətlidirlər… Əgər səhabələrdən (Allah onlardan razı olsun) biri günah edərsə, sonra isə, (bu günah) tövbə, istiğfar və Allaha dönməyin təmizliyi ilə silinər və yuyularsa, ona tən edilməz və burada təəccüblü bir şey yoxdur, çünki onlar icma ilə məsum deyillər. Onların fəzilətlərinə göz yumub, hansıları ki ayələr bizə danışır – ən xeyirli olmaları, insanlar üçün çıxarılmış ən xeyirli ümmət olmaları, onlara “hüsnə” (cənnət) vəd olunması və s., onların nadir olan eyiblərini güdmək, hansılar ki, Allah Təalanın vədinə görə bağışlanmışdır, – bu, iman əhlinin düşüncəsindən deyildir. Onları (Allah onlardan razı olsun) əzəmətləndirmək, onlara hörmət etmək, səna etmək, onları sevmək, özünə dost tutmaq, onların arasında baş verənlər barədə susmaq ittifaq ilə vacibdir. Onları aşağılamaq və onlara tən etmək şiddətli şəkildə haramdır və kim bundan nəyisə edərsə, o lənətlənmişdir, qorxulur ki, küfrə düşə”.[12]

Sonda, qeyd etmək lazımdır ki, bu yazıda zikr olunan yalnız bir neçə hənəfi aliminin bəzi sözləridir, əgər hamısını qeyd etməyə qalxsaq, gərək cildlərlə kitablar yazılsın.

Yazıdan çıxarılan nəticə isə, odur ki, əsrlər boyu hənəfi alimləri, əhli sünnənin digər məzhəbləri kimi, bütün səhabələrin ədalətli olduğu görüşündə olmuş və onların ədalətli olmadığını iddia edənlərə, onları aşağılayanlara qarşı çox sərt mövqe sərgiləmişdirlər. Bunun əksini hənəfilərə nisbət edənlər isə, onlara iftira atır və onların adından yalan danışırlar.

Əhli sünnənin məşhur imamı Əbu Zura Ər-Razi gözəl demişdir:

“Əgər bir kəsi Allah rəsulunun (salləllahu aleyhi və səlləm) səhabələrindən birini aşağılayan görsən, bil ki, o kəs zındıqdır. Çünki Peyğəmbər də, Quran da bizdə haqdır, bu Quranı və hədisləri bizə çatdıranlar isə, Allah rəsulunun (salləllahu aleyhi və səlləm) əshabıdır. Onlar (səhabələri aşağılayanlar) bizim şahidlərimizi cərh etmək istəyirlər ki, bununla Kitab və Sünnəni batil etsinlər, cərhə layiq olanlar isə, elə onlardır və onlar zındıqlardır”. (“Əl-kifəyə”, s. 49)

Sonda, Uca Allaha möminlərin səhabələr üçün etdiyi duanı edirəm:

“Ey Rəbbimiz, bizi və bizdən öncəki iman etmiş qardaşlarımızı bağışla və iman edənlərə qarşı qəlbimizdə kin-küdurət yaratma. Ey Rəbbimiz, həqiqətən, Sən Şəfqətli və Rəhimlisən”.[13]

[1] Səhabələr və digər hədis raviləri barədə “ədalətli” deyildikdə, onların etibarlı, düzgün din, əxlaq üzərində olmaları, yalandan, böyük günah sahibi və kiçik günahlarda israr edən biri kimi tanınmaqdan uzaq olmaları və onlardan din, hədis götürülməyə layiq olan biriləri olduqları nəzərdə tutulur.

[2] “Əl-Fiqh əl-əkbər”, Muhəmməd Əl-Xamisin şərhi ilə olan çap, s. 41-43.

[3] “Əl-aqidə ət-tahaviyyə”, İbn Əbil-İzzin şərhi ilə olan çap, 2/217.

[4] “Usulud-din”, s. 289-292.

[5] “Əl-Qaləid fi şərhil-aqaid”, əlyazma, s. 184-185.

[6] “Şərh əl-aqidə ət-tahaviyyə”, 2/221-222

[7] “Əl-Musəyəra”, şərhi “Əl-Musəməra” və “Həşiyə” ilə birlikdə olan çap, 2/158-159.

[8] “Ən-Nəvaqid lizuhurir-ravafid” Əhməd Əl-Qahtaninin təhqiqi ilə, s. 262.

[9] “Mirqatul-məfətih” – “Dərul-kutubil-ilmiyyə” çapı, 11/151.

[10] “Tənbihul-vuləti vəl-hukkəm”, s. 357.

[11] “Əl-əcvibə əl-iraqiyyə alə əl-əs’ilə əl-ləhuriyyə”, s. 68.

[12] “Əl-əcvibə əl-bəndəniciyyə alə əl-əs’ilə əl-ləhuriyyə”, s. 39-40.

[13] “Əl-Həşr” surəsi, 10-cu ayə.


Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev.

tovhidinfo
Fərhad Adayev

Mədinə İslam Universitetinin hədis fakültəsinin məzunu, hazırda əqidə qismində magistratura təhsili alır.

Bütün materiallara bax