• Menyu
  • Menyu

İnsanların əziyyətinə səbr etməyə kömək edən şeylər (2ci hissə)

tovhidinfo

Mərhəmətli və rəhmli Allahın adı ilə

On birinci: Bil ki, səbr imanın yarısıdır və imanını intiqamına dəyişmə. Səbr edərsənsə, imanını naqislikdən qorumuş olarsan. Allah iman gətirənləri müdafiə edər.

On ikinci: Xatırla ki, səbr etmək öz nəfsinə hökm etmək, ona qalib gəlmək, onu ram etmək deməkdir. Lakin insan öz nəfsinə daim itaət etsə, ona qulaq assa, nəfsinə tabe olsa, nəfsi onu həlaka aparar.

On üçüncü: Bil ki, səbr etsən, Allah sənə kömək edər, Allah səbr edənin vəkilidir, bu halda zalımı Allaha tapşırmış olar. Lakin özün öz nəfsinə kömək etməyə çalışsan, Allah səni özünə buraxar və özün öz nəfsinin köməkçisi olarsan. Allahın – kömək edənlərin ən yaxşısının – köməyi hara, kömək edənlərin ən acizi və zəifi olan nəfsin köməyi hara?!

On dördüncü: Səbr edib cavab verməsən, sənə zülm edən etdiyindən peşman olar, zülmündən qayıdar, üzr istəyər, hətta sənin dostuna da çevrilə bilər. Allah Təala buyurur:
“Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbr edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur”. (Fussılət, 34-35)

On beşinci: Əgər intiqam alsan, ola bilər ki, zalımın zülmü sənə qarşı daha da çoxalsın, çox vaxt belə də olur. Ağıllı insan kiçik zərəri dəf etmək üçün böyük zərərə girməz. Neçə-neçə insanlar olub ki, canları, malları, vəzifələri intiqama görə tələf olub, lakin səbr edib əfv etsəydilər, bunlar hamısı özlərində qalardı.

On altıncı: Kim intiqam almağa adət edərsə, özünün zülmə düşməyi, zülm etməyi labüddür. Çünki qəzəb insanı elə həddə çatdırır ki, insan nə etdiyini və nə dediyini bilmir. Və insan məzlum olduğu halda özü də bilmədən zalıma çevrilə bilər.

On yeddinci: Məruz qaldığın zülm sənin üçün ya günahlarına kəffarədir, ya da dərəcənin yüksəlməsidir. Lakin əgər səbr etməyib intiqam alsan, bundan məhrum olarsan.

On səkkizinci: Sənin səbr etmən, əfv etmən sənə zülm edənə qarşı ən böyük ordundur, düşmənini zəlil edər, onun səndən və insanlardan qorxmasına səbəb olar. Çünki sən sussan da, insanlar onun zülmünə susan deyil. Lakin intiqam alsan, bunlar heç biri baş verməyəcək.

On doqquzuncu: Əgər düşmənini bağışlasan, düşmən özünü səndən aşağı hiss edəcək və məğlub olduğunu başa düşəcək. Bu da əfv etməyə fəzilət və şərəf olaraq kifayət edər.
İyirminci: Əgər bağışlasan, bu sənin üçün həsənət sayılar. Və bu həsənət də başqa həsənəti doğar və bu da başqasını və beləcə, həsənətləri getdikcə artar, çünki yaxşı əməlin mükafatı ardıyca gələn başqa yaxşı əməldir. Və ola bilər ki, məhz bu, sənin əbədi səadətinə səbəb olsun. Lakin intiqam alsan, bunlardan məhrum olmuş olarsan.

Allah Təaladan istəyirəm bizi müsibət gələn zaman, zülm olunduqda ən gözəl şəkildə səbr edən qullarından etsin. Amin.

(İstifadə edilmiş mənbə: Cəmiul-məsəil lişeyxil-isləm İbn Teymiyyə 1/168-174)


Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev.

 

tovhidinfo
Fərhad Adayev

Mədinə İslam Universitetinin hədis fakültəsinin məzunu, hazırda əqidə qismində magistratura təhsili alır.

Bütün materiallara bax