• Menyu
  • Menyu

İslam asanlıq dinidir

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Əziz müsəlmanlar! Bilin ki, İslam dini rahatlıq və asanlıq üzərində qurulub və çətinliyi aradan qaldırıb. Uca Allah belə buyurur: “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər”. (Əl-Bəqərə, 286).
Həmçinin, Uca Allah belə buyurur: “Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir”. (Əl-Bəqərə,185).
Həmçinin, Uca Allah buyurur: “Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?” ( Qəmər, 17).
İslam dinində hər bir iş asandır. İslamda əqidə, hökmlər, əmrlər və qadağalar ‒ hamısı rahatlıq üzərində qurulub. İslam əqidəsi ən doğru, ən gözəl əqidədir. İslam əxlaqı isə, ən gözəl əxlaqdır. Həmçinin, İslamda olan əhkamlar və əməllər də çox ədalətli və gözəldir.
Əbu Hureyra (Allah ondan razı olsun) Allah Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: “Həqiqətən, din asandır”. (Buxari,39).
Bu hədisin mənasına gəldikdə, yəni İslam dininin əqidəsi, əxlaqı, əməlləri, əmrləri və  qadağaları ‒ hamısı Uca Allah tərəfindən asanlaşdırılmışdır. İslam dininin əqidəsi Allaha, mələklərə, kitablara, elçilərə, axirət gününə və qədərin xeyrinə və şərinə iman etməyə qayıdır. Bu isə qəlbləri rahatlaşdıran, düzgün bir əqidədir. İslam dininin əxlaqı ən kamil əxlaq, əməlləri isə, ən doğru əməllərdir. Bununla, insanın dini, dünyası və axirəti salamat olur. Bütün bunların hamısı çox rahat və asan işlərdir. Hər bir mükəlləf şəxs, bu əməlləri etməkdə heç bir çətinlik çəkmir, əksinə özünü bu işlərə qadir görür və asanlıqla yerinə yetirir. Çünki, islam əqidəsi çox sadə və asandır. Hər bir salamat ağıl və fitrət sahibi bunu dərk edir və qəbul edir. İslam dinində olan vaciblər də çox asandır.
Beş vaxt qılınan namaz. Bu, münasib vaxtlarda hər gün beş dəfə təkrarlanan əməldir. Hansı ki, insanın çox az bir vaxtını alır, günahlardan və pis əməllərdən təmizləyir.
Zəkat. Bu, malı zəkat miqdarına çatmamış kasıb müsəlmanlara vacib deyil, zəngin olan müsəlmanlara vacibdir ki, bununla da, onlar dinlərini tamamlayır, mallarını və canlarını zərərlərdən qoruyur, günahlardan təmizləyirlər. Kasıb müsəlmanların isə, ehtiyacları aradan qaldırılır. Bu isə Allahın onlara verdiyi mala və ruziyə nisbətdə çox az bir miqdardır.
Oruc. Bu, yalnız ilin bir ayı vacibdir. Bu əməldə bütün müsəlmanlar cəm olur, şəhvətləri, yeməyi, içməyi, nikahı gündüzlər Allah üçün tərk edirlər. Bununla da, Uca Allah onlara öz nemətini verir, onların dinlərini və imanlarını kamilləşdirir və onlara çox böyük əcr verir. Həmçinin, oruc  bir çox xeyirləri sahibinə cəlb edir. Bunlardan ən asası  təqvaya səbəb olmasıdır ki, onun vasitəsi ilə qul xeyir işlər görür və günahlardan çəkinir.
Həcc. Uca Allah həcci yalnız qadir olan insanlara, həyatlarında cəmi bir dəfə vacib buyurmuşdur. Həccdə də saysız hesabsız dünya və axirət faydaları var. Uca Allah belə buyurur: “Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar”.  ( Həcc, 28).
Eləcə də, bütün geri qalan islam əhkamlarının hamısı çox rahatdır və mükəlləf olunanlar üçün heç bir məşəqqət və çətinliyi yoxdur. Uca Allah belə buyurur: “Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər”. (Maidə, 6).
İslam dini əzəmətli bir dindir. Uca Allah islamın kamilliyinə və doğruluğuna özü şahidlik edir və belə buyurur: “Allah Özündən başqa ibadətə layiq olan məbudun olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də şahidlik etdilər. Allah əbədi olaraq ədalətli olmaqdadır. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Hikmətlidir. Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır!”. (Əli-İmran 18-19)
İslam elə bir dindir ki, kim ona əməl edərsə, Uca Allah onda bütün zahiri və batini gözəllikləri cəm edər və onun əxlaqını və əməllərini kamilləşdirər. Uca Allah belə buyurur: “Yaxşı işlər görərək Allaha təslim olan və hənif olaraq İbrahim dininin ardınca gedən şəxsdən din baxımından daha gözəl kim ola bilər?”. (Nisa, 125).
Bu elə bir dindir ki, bununla Uca Allah insanların əqidələrini, əxlaqlarını, dünya və axirət həyatlarını səhmana salır. Onunla bir birindən ayrı düşmüş qəlbləri birləşdirir, onlardan batil inancları təmizləyir və haqqa yönəldir.
Bu elə bir dindir ki, onun bütün əhkamları çox güclü, xəbərləri isə, çox doğrudur. Elə bir düzgün elm yoxdur ki, islamın gətirdiyi hər hansı bir xəbəri yalanlasın və elə bir hökm yoxdur ki, onun hökmlərindən daha yaxşı olsun.
Bu elə bir əzəmətli dindir ki, ancaq və ancaq haqqa və doğru yola yönəldir. Doğruluq onun şüarıdır, adillik onun çevrəsidir, haqq onun gücüdür, rəhmət onun ruhu və qayəsidir, xeyir onun yoldaşıdır, yaxşılıq onun gözəlliyidir, islah onun əməlidir, doğru yol və kamillik onun meyvəsidir. Cəhənnəmdən qurtulub cənnətə daxil ola bilmək üçün, islamın yönəltdiyi yola tabe olmaqdan  başqa bir yol yoxdur.
Biz, müsəlmanların, üzərinə vacibdir ki, Uca Allahın bizi bu haqq yola yönəltdiyi və bizə bu əzəmətli neməti vediyi üçün, ona daim şükür  edək. Uca Allah belə buyurur: “Onlar müsəlman olduqlarına görə sənə minnət qoyurlar. De: “Müsəlman olmusunuz deyə mənə minnət qoymayın! Əgər doğru danışanlarsınızsa, bilin ki, əslində Allah sizi imana gətirməklə sizə mərhəmət göstərmişdir!”” (Hucurat, 17).
Gəlin bu gözəl və mükəmməl dinimizi ona yaraşan şəkildə yaşayaq. Ona səmimi qəlbdən ixlasla tabe olaq, əqidəsini, əhkamlarını, ədəblərini düzgün və gözəl bir şəkildə heç bir ifrata və təfritə yol vermədən, ona heç bir şey artırmadan və əksiltmədən öyrənək və bunları öz həyatımıza tətbiq etmək üçün hər bir şeyə qadir olan Rəbbimizdən yardım diləyək.
Allahım! Bizə imanı sevdir və onunla qəlbimizi zinətləndir, bizə küfrü, günahları və üsyanı nifrət elətdir. Allahım bizləri, valideynlərimizi və bütün müsəlmanları doğru yola yönəlt və bizi bağışla, həqiqətən sən rəhimli və bağışlayansan.
Sonda Aləmlərin Rəbbi olan Allaha həmd olsun.

(İstifadə olunan mənbə: şeyx Abdurrazzaq Əl-Bədrin “Əl-fəvəid əl-mənsura” kitabı).


Mədinə İslam Universitetinin tələbəsi, Elçin Şunqarov.

tovhidinfo
Elçin Şunqarov

Mədinə İslam Universitetinin dəvət və dinin əsasları fakültəsinin məzunu.

Bütün materiallara bax