• Menyu
  • Menyu

Mələklər barədə nələri bilməliyik?

tovhidinfo

Mərhəmətli, Rəhimli Allahın adı ilə.

Birinci: Mələklərin tərifi, onlara iman etməyin vacibliyi və dində mələklərin yeri:

Ərəb dilində mələk sözünün mənası «əlukə» kəlməsindən götürülmüşdür. Mənası «risalə» və «elçi» deməkdir.

Termin olaraq mənası: Mələklər nurdan yaradılmış, ağla sahib olan, danışmağa qadir olan, gözəl surət verilmiş və məskənləri səma olan varlıqlardır.

Mələklər kainatda Allahın əmrini yerinə yetirən elçilərdir və, həmçinin, onlar yer üzündə peyğəmbərlərə vəhy çatdırırlar.

Allah Təala buyurur:

{Allah mələklərdən də elçilər seçir, insanlardan da} [Əl-Həcc:75]

Mələklər nurdan yaradılmış varlıqlardır:

Mələklərin nurdan yaradılması haqqında Aişənin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurmuşdur: «Mələklər nurdan yaradılmışlar». (Muslim, 2996).

Mələklərin insan surətində ola bilmələri haqqında Quranda və hədislərdə bildirilmişdir.

Allah Təala buyurur:

{İbrahimin möhtərəm qonaqlarının (mələklərin) əhvalatı sənə gəlib çatdımı?} [Əz-Zəriyət: 24]

Təfsir alimi Bəğəvi ayənin təfsirində demişdir:

“Möhtərəm adlandırılmışlar, çünki onlar Allah yanında hörmətə layiq mələklərdirlər».

Həmçinin, Cəbrail (Allahın salamı onun üzərinə olsun) Dihyə Əl-Kəlbi adlı səhabənin görünüşündə Peyğəmbərin yanına gəlmişdir. (Muslim, 167; Əhməd, 2/107; İbn Həcər [Əl-isabə], 1/473; Suyuti [Xasaisul Kubra], 1/121; Albani [Silsilə Səhihə], 1111).

Mələklərə iman etmək Quran, sünnət və saleh sələflərin icmasının isbatı ilə dinin rükunlarından  olan bir rükundur:

Allah Təala buyurur:

{Lakin yaxşı əməl sahibi Allaha, axirət gününə, mələklərə, kitablara və peyğəmbərlərə iman gətirəndir.} [Əl-Bəqərə: 177]

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Cəbrailin (Allahın salamı onun üzərinə olsun) ona iman haqqında verdiyi suala belə cavab vermişdir:

«İman: Allaha, Onun mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə və qədərin xeyrinə və şərrinə iman gətirməkdir». (Buxari, 50; Muslim, 8)

Mələklərə iman etmək onlar barədə Quran və Sünnətdə gələnləri doğrulamaqla həyata keçir:

Birinci: Mələklərin yaradılışını və onların mövcudluğunu, vəzifələrini və əməllərini gəlmiş dəlillər əsasında təsdiq etmək.

İkinci: Mələklərin vəhy yolu ilə bizə məlum olan adlarına təfsilatlı şəkildə,  adlarını bilmədiklərimizə isə, ümumi olaraq iman etmək.

Üçüncü: Mələklərin saylarının çox olmasına və onların sayının Allahdan başqa heç kəsin bilməməsinə iman etmək.

Allah Təala buyurur:

{Sənin Rəbbinin ordularını Özündən başqa heç kəs bilmir.} [Əl-Muddəssir: 31]

Ənəsin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurmuşdur:

«Sonra mən Beytul-Məmura qaldırıldım və  dedim ki, ey Cəbrail! Bura nədir? Dedi: Bura Beytul-Məmurdur. Hər gün ora yetmiş min mələk daxil olur, oradan çıxdıqlarında bir də geri qayıtmazlar. Bu, onların axır girişidir». (Buxari, 3207; Muslim, 164).

Dördüncü: Mələklərin Allah yanında böyük məqama və hörmətə layiq olmalarını təsdiq etmək, həmçinin, öz vəzifələrində fəzilətli olmalarına da etiqad etmək.

Beşinci: Mələkləri müşriklərin söylədiklərindən: onların Allahın qızları olmasından və ya Allah yanında Onun izni olmadan şəfaət edəcəklərindən və yaxud da, Allaha şərik qoşanlara da şəfaətçi olacaqlarından və s. bu kimi yalan iddialardan uzaq tutmaq.

 

İkinci: Mələklərin xüsusiyyətləri və sifətləri

 

Mələklərin insanlardan, cinlərdən və başqa məxluqlardan seçilən xüsusiyyətləri və vəsfləri vardır.

Mələklərin xüsusiyyətləri:

  1. Onların məskəni səmadır.

Allah Təala buyurur:

{Onun yanında olanlar Ona ibadət etməkdə nə təkəbbürlük etməzlər nə də yorulmazlar.} [Əl-Ənbiya:19]

  1. Mələklər müşriklərin iddia etdikləri kimi, qadın cinsində deyillər. Allah Təala buyurur:

{Həqiqətən, axirətə iman gətirməyən kəslər mələkləri qadın adları ilə adlandırırlar.} [Ən-Nəcm:27]

  1. Onlar daim Allaha itaət edər və Ona heç vaxt asi olmazlar.

Allah Təala buyurur:

{Allahın onlara verdiyi əmrlərinə asi olmazlar və əmr olunanları yerinə yetirərlər.} [Ət-Təhrim:6]

Mələklər davamlı olaraq Allaha ibadət etməkdə nə yorulmaz nə də bezməzlər. Allah Təala buyurur:

{Göylərdə və yerdə olan kəslər Ona məxsusdur. Onun yanında olanlar da Ona ibadət etməkdən təkəbbürlük etməz və yorulmazlar.} [Əl-Ənbiya:19-20].

Mələklərin sifətləri:

  1. Elmli, qüvvətli və güclü olmaları:

Allah Təala buyurur:

{Onu güclü qüvvətli olan öyrətdi}. [Ən-Nəcm:5]

Burada güclü qüvvətli deyiləndə Cəbrail nəzərdə tutulur. Başqa bir ayədə Allah Təala buyurur:

{Onun (odun) başı üzərində sərt və güclü mələklər vardır.} [Ət-Təhrim:6].

  1. Yaradılışlarının böyük olması:

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) mələk Cəbraili (Allahın salamı onun üzərinə olsun) öz surətində görmüşdür. Allah onu çox böyük surətdə yaratmışdır. Onun böyüklüyü göyün və yerin arasını tutmuşdur. Peyğəmbər onu gördü və onun altı yüz qanadı var idi.

Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, «Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Cəbraili (Allahın salamı onun üzərinə olsun) öz surətində görmüşdür. Onun yaradılışı üfüqün arasını tutmuşdur». (Buxari, 3234)

Aişənin (Allah ondan razı olsun) başqa rəvayətində Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:

«O, Cəbraildir. Mən Onu, öz yaradılış surətində iki dəfədən artıq görmədim. Onu səmadan enərkən gördüm. O, yaradılışının böyüklüyündən göyün və yerin arasını tutmuşdu». (Muslim, 177).

İbn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, «Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Cəbraili (Allahın salamı onun üzərinə olsun) gördü və onun altı yüz qanadı var idi». (Buxari, 3232, 4856, 4857; Muslim,174)

  1. Gözəl surətdə olmaları:

Allah Təala buyurur:

{Gözəl görünüşü ilə O (Cəbrail), yüksəldi.} [Ən-Nəcm: 6]

İbn Abbas və Qatədə (Allah ikisindən də razı olsun) ayənin təfsirində Cəbrailin «görünüşündə, yaradılışında və böyüklüyündə gözəl» olmasını demişlər.

Allah Təala belə buyurur:

{Bu, bəşər deyil. Bu, ancaq hörmətə layiq bir mələkdir.} [Yusuf:32].

  1. Onlar hörmətə layiq və itaətkardırlar.

Allah Təala buyurur:

{(Onlar) hörmətə layiq, itaətkardırlar.} [Abəsə:16].

  1. Onlar həyalıdırlar:

Səhih hədisdə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Osman (Allah ondan razı olsun) haqqında demişdir:

«Mələklər həya edən kişidən, mən necə həya etməyim?» (Muslim, 2401).

 

Üçüncü: Mələklərin vəzifələri və onların yaradılşındakı hikmət:

Quran və sünnədə gələn dəlillərlə mələklərin vəzifələri və əməlləri üç növdür. Bu, onların yaradılış hikmətindəndir:

Birinci: Mələklər yorulmadan, bezmədən Allaha ibadət edib, Ona həmd və səna edərək şəninə təriflər deyirlər.

Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edərək deyir: “Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurmuşdur:

«Mən sizin görmədiyinizi görürəm, eşitmədiyinizi eşidirəm. Göy cırıldadı və cırıldamağa haqqı da var, (çünki) göydə elə dörd barmaqlıq yer yoxdur ki, orada bir mələk alnını qoyaraq Allaha səcdə etməsin».”

(Tirmizi, 2312; Hədis həsəndir, bax: Albani [Sahihut-Tərğib vət-Tərhib], 3380.)

Başqa hədislərdə səmada mələklərin bəzilərinin qiyam, bəzilərinin rüku, bəzilərinin isə, səcdə halında olması qeyd olunur. (Bax: İbn Kəsirin “Saffət” surəsi 164-cü ayəsinə təfsiri, həmçinin, Albani [Silsilə Sahihə], 1060.)

İkinci: Mələklərin işi Allahın əmri ilə göydə, yerdə və onların arasında olanları,  məxluqları idarə etməkdir. Onlar müxtəlif növ qruplara ayrılır və hər qrupun da öz vəzifəsi var:

– Ərşi daşımaqla mükəlləf olan mələklər. Onların sayı səkkizdir. Allah Təala buyurur:

{Mələklər səmanın ətrafında olacaqlar. O gün sənin Rəbbinin ərşini səkkiz mələk daşıyacaqdır.} [Əl-Haqqa:17]

– Allahın vəhyini çatdırmaqla mükəlləf olan mələklər, başçıları Cəbraildir (Allahın salamı onun üzərinə olsun).

Allah Təala buyurur:

{De: Cəbrailə düşmən olan kəs bilsin ki, həqiqətən, Quranı Allahın izni ilə  özündən əvvəlkiləri də təsdiqləyən, möminlər üçün doğru yol göstərən və müjdə verən olaraq sənin qəlbinə o, nazil etmişdir.} [Əl-Bəqərə:97]

– Cənnətin keşikçiləri və onların başçıları Ridvandır.

Bu ad Quran və səhih hədislərdə varid olmamışdır. Lakin bəzi əsərlərdə varid olmuşdur.

İbn Kəsir “Əl-bidəyə Vən-nihəyə” kitabında demişdir:

“Cənnətin keşikçisi olan mələk Ridvan adlanır”. (1/53).

İbn Useymin demişdir ki, bu mələyin adının Ridvan olması səhih hədislərdə sabit olmasa da, bu ad elm əhli arasına məşhurdur. (Bax: “Məcmu Fətava”, 3/161)

– Cəhənnəmin keşikçiləri və onların başçıları Malikdir.

Allah Təala buyurur:

{Onlar (Cəhənnəm gözətçisinə) səslənəcəklər: Ey Malik! Rəbbin qoy bizim işimizi sona çatdırıb öldürsün. O, isə belə deyəcək: Siz ancaq (burada əbədi) qalacaqsınız.} [Əz-Zuxruf:77]

– Ruhları alan mələklərin başçısı ölüm mələyidir.

Allah təala buyurur:

{De: Sizə müvəkkil edilmiş ölüm mələyi, sizin canınızı alacaqdır.} [Əs-Səcdə: 11]

– Yağış və bitkilərlə mükəlləf olan mələklərin başcısı Mikaildır. (Allahın salamı onun üzərinə olsun.)

Allah təala buyurur:

{Kim Allaha, Onun mələklərinə, elçilərinə: Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir.} [Əl-Bəqərə: 98]

İbn Abbas (Allah ondan və atasından razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurmuşdur:

«Rad mələklərdən buludlarla müvəkkil olan bir mələkdir». (Tirmizi, 3117. İsnadı həsəndir.)

– Sura üfürən mələk İsrafildir (Allahın salamı onun üzərinə olsun).

– Dağlarla mükəlləf olan mələk.

Aişənin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:

«Cəbraili (Allahın salamı onun üzərinə olsun) buludun içində gördüm. O, mənə səslənərək belə dedi: “Allah qövmünün sənə dediklərini və sənə rəd cavabı verdiklərini eşitdi. O, sənə dağlar mələyini göndərdi ki, onlar haqqında istədiyin əmri verəsən”.» (Buxari, 3231; Muslim, 1795)

Üçüncü: Mələklərin işi Adəm övladlarının yaşayışında və ölümlərindən sonra onların işlərini idarə etməkdir. Bu işlər barədə varid olmuş dəlillərə əsasən, mələklərin vəzifələrindən bəziləri aşağıdakılardır:

– Adəm övladlarını qoruyan, onlara nəzarət edən mələklər.

Allah Təala buyurur:

{Allahın əmri ilə insanın önündə və arxasında onu daim qoruyan gözətçi mələklər vardır.}  [Ər-Rad: 11]

– Adəm övladlarının əməllərini qoruyan mələklər. Bu, əməlləri yazan möhtərəm mələklərdir.

Allah Təala buyurur:

{Həqiqətən, sizin üstünüzdə qoruyanlar vardır.} {(Əməlləri yazan) hörmətli mələklər.} {Onlar sizin nə etdiklərinizi bilirlər.}  [Əl-İnfitar: 10,11,12]

– Elm məclislərini gəzib-dolaşan mələklər.

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:

«Allahın yollarda gəzib-dolaşan, elm əhlini axtaran mələkləri vardır. Allahı xatırlayan bir toplum tapdıqlarında “haydı gəlin dilədiyinizə” – deyə səslənərlər». (Buxari, 6407; Muslim, 2689)

– Cümə günü məscidlərin qapılarında  durub birinci daxil olan insanları qeydə alan mələklər.

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edərək deyir ki, Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurmuşdur:

«Cümə günü olduqda mələklər bütün məscidlərin qapılarında durub birinci gələnləri yazarlar. İmam minbərə oturduqda səhifələri bağlayaraq gəlib xütbəni dinləyərlər». (Buxari, 3211; Muslim, 850)

– Məsciddə namazını qıldıqdan sonra oturub digər namazı gözləyən kəs mələklər dua edir.

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edərək deyir ki, Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun)  buyurmuşdur:

«Sizdən biriniz namaz qıldığı yerdə olduğu və dəstamazı pozulmadığı müddətdə mələklər onun üçün dua edərək deyərlər: “Allahım onu bağışla, Allahım ona rəhm et”.» (Buxari, 445)

– Qəbirdə sorğu-sual edən mələklər. İnsan öldükdə iki mələk gələr və ondan rəbbi, dini və peyğəmbəri barədə soruşarlar.

Bəra bin Azib (Allah ondan razı olsun) rəvayət etdiyi uzun hədisdə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) mömin qulun qəbirdəki sorğu-sual olunması barədə belə demişdir:

«Ona iki mələk gələr, onu otuzdurar və ona deyərlər: “Rəbbin kimdir?” O, deyər: “Rəbbim Allahdır”. Sonra ona deyərlər: “Dinin nədir?” O, deyər: “Dinim İslamdır”. Sonra ona deyərlər: “Sizə göndərilən o kişi kimdir?” O, deyər: “O, Allahın elçisidir”…».  (Əbu Davud, 4753. Səhihdir, bax: Albani [Əhkəmul Cənəiz], 108).


Mədinə İslam Universitetinin məzunu, Səid Ələkbərov.

tovhidinfo
Səid Ələkbərov

Mədinə İslam Universitetinin dəvət və dinin əsasları fakültəsinin məzunu.

Bütün materiallara bax