• Menyu
  • Menyu

Möminlərin dayısı Müaviyənin fəziləti barədə bəzi hədis və əsərlər

tovhidinfo
  1. Müaviyə (Allah ondan razı olsun) Rəsulullahın ﷺ vəhy katiblərindən biri olmuşdur.

(Bax: “Səhih Muslim, 2604” və Təbərani, “Əl-Mu’cəmul-Kəbir”, 14446)

Şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) Müaviyə barəsində demişdir: “Rəsulullah ﷺ onu təcrübəli və sədaqətli olduğuna görə özünə katib seçdi”. (“Minhəcus-Sunnə”, 4/439)

2. Müaviyə (Allah ondan razı olsun) möminlərin dayısıdır.

O, möminlərin anası olan Ummu Həbibə Ramlə bint Əbi Sufyanın (Allah onların hamısından razı olsun) qardaşıdır. Buna görə də imam Əhməd (Allah ona rəhmət etsin) demişdir: “Mən deyirəm ki, Müaviyə və İbn Ömər möminlərin dayısıdır”. (Əl-Xalləl, “Əs-Sunnə”, 657)

AbdulMəlik ibn AbdulHəmid əl-Məymunidən (Allah ona rəhmət etsin) rəvayət edilir ki, o dedi:

“Əhməd ibn Hənbələ dedim ki, məgər Rəsulullah:ﷺ  «(Qiyamət günü – tərc.) həm nəsəb, həm də evlilik səbəbi ilə olan hər bir qohumluq kəsiləcək, yalnız mənimkilərdən başqa»,  ̶  deməmişdirmi?

İmam Əhməd dedi: “Elədir”.

Dedim: “Bu, Müaviyəyə də aiddir?”

Dedi: “Bəli, onun (Peyğəmbərlə  ̶  tərc.) həm evlilik səbəbi ilə, həm də nəsəb ilə qohumluğu vardır”. (Əl-Xalləl, “Əs-Sunnə”, 654)

3. Rəsulullah ﷺ Müaviyə üçün dua edərək belə demişdir:

“Ya Allah! Müaviyəyə Kitabı və hesabı öyrət, onu əzabdan qoru”. (Əs-Silsilətus-Sahihə, 3227)

Həmçinin belə də demişdir:

“Ya Allah! Onu doğru yol göstərən və doğru yolda olan et, həm ona hidayət ver, həm də onun səbəbi ilə başqalarına”. (Əs-Silsilətus-Sahihə, 1969)

4. Rəsulullah ﷺ onun hakimiyyətini rəhmət ilə vəsf etmişdir:

Rəsulullah ﷺ bu barədə belə buyurmuşdur: “Bu işin əvvəli peyğəmbərlik və rəhmətdir. Sonra xilafət və rəhmət olacaqdır. Sonra hökmdarlıq və rəhmət olacaqdır“. (“Əs-Silsilətus-Sahihə”, 3270)

Şeyxülislam ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: “Müaviyənin əmirliyi hökmdarlıq və rəhmət idi”. (Cə’miul-Məsəil”, 5/154)

5. O, Rəsulullahın ﷺ dili ilə cənnət ilə müjdələnmişdir.

Rəsulullah ﷺ belə buyurmuşdur: Ümmətimdən dənizdə (dəniz donanması – tərc.) hərb edən ilk orduya cənnət vacib olmuşdur“.

Həmçinin buyurmuşdur: “Ümmətimdən Qeysərin şəhərində (Konstantinopol – tərc.) hərb edən ilk ordu bağışlanmışdır”. (Buxari, 2924)

6. Əhli-beyt alimlərindən biri olan Abdullah ibn Abbas (Allah onların hər ikisindən razı olsun) Müaviyə barəsində demişdir: “Həqiqətən, o, fəqihdir”. (Buxari, 3765)

Hafiz ibn Həcər əl-Əsqalani (Allah ona rəhmət etsin) demişdir: “İbn Abbasın onun fiqhi barəsində olan şahidliyinin zahiri və onunla yoldaşlığı onun fəzilətinin çoxluğuna dəlalət edir”. (“Fəthul-Bəri”, 7/104)

Abdullah ibn Abbas (Allah onların hər ikisindən razı olsun) Müaviyə barəsində həmçinin belə demişdir: “Hakimliyə Müaviyədən daha layiqli birisini görmədim”. (AbdurRazzaq, “Əl-Musannəf”, 20985)

7. Abdullah ibn Mubarakdan (Allah ona rəhmət etsin): “Ömər ibn AbdulAziz daha xeyirlidir, yoxsa Müaviyə?”  ̶  soruşulduqda o dedi:

“Allaha and olsun ki, Müaviyənin Rəsulullahla ﷺ birgə burnuna daxil olduğu toz dənəcikləri Ömər ibn AbdulAzizdən min dəfə daha xeyirlidir”. (İbnu Xallikən, “Vafəyətul-Əyən”, 3/33)

8. A’məşin (Allah ona rəhmət etsin) yanında Ömər ibn AbdulAziz və onun ədaləti barədə danışırlar, o isə belə deyir:

“Siz hələ Muaviyəni görsəydiniz!”

Deyirlər: “Ey Muhəmmədin atası, yəni ağlına görə?”

Dedi: “Yox, vallah, elə ədalətinə görə!” (Əl-Xalləl, “Əs-Sunnə”, 1/437)

9. Ömər ibn Xəttab xilafəti dövründə Müaviyəni Şam bölgəsinə əmir təyin etmişdir, o həmçinin Osman ibn Affanın (Allah onların hər ikisindən razı olsun) xilafəti zamanında da əmir olmuşdur.

10. Əbu İshaq əs-Səbii əl-Kufi (Allah ona rəhmət etsin) Müaviyə barəsində demişdir:

“Müaviyə elə idi, belə idi… Ondan sonra özü kimisini görmədik!” (“Tabaqat ibn Səad”, 47)

11. Mucahid (Allah ona rəhmət etsin) demişdir:

“Əgər Müaviyəni görsəydiniz, deyərdiniz ki, bu, Mehdidir!” (“Əs-Sunnə”, 669)

12. Qatədə (Allah ona rəhmət etsin) demişdir:

“Müaviyənin hakimiyyəti dövrünə düşsəydiniz, çoxunuz: “Bu, Mehdidir!”  ̶  deyərdiniz”. (“Əs-Sunnə”, 668)

13. Həsən əl-Bəsriyə (Allah ona rəhmət etsin) deyildi:

“Ey Səidin atası! Burada bir camaat vardır ki, Müaviyəni və ibn Zubeyri söyürlər (yaxud lənət edirlər)”.

Həsən əl-Bəsri dedi: “Allahın lənəti onlara lənət oxuyanların üzərinə olsun”. (“Tərixu Diməşq”, 59/206)

Sonda: həmd və səna yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur, Allahın elçisi Muhəmmədə və onun ailəsinə Allahın salamı və salavatı olsun.


Mədinə İslam Universitetinin tələbəsi, Nail Paşayev.

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax