• Menyu
  • Menyu

Müəyyən məzhəblə getmək olarmı?

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Məşhur islam alimlərindən olmuş İbn Qeyyimil-Cəuziyyə (Allah ona rəhmət etsin) belə demişdir:

“Sıravi (ərəb. avam) insanın məlum məzhəblərdən biri ilə getməsi mütləqdir, yoxsa yox?
Bu barədə iki rəy vardır.
Birinci: Bu mütləq deyildir. Doğru olan da budur. Çünki Allahın və rəsulunun vacib etmədiyindən başqa vacib yoxdur. Nə Allah, nə də Rəsulu kiməsə ümmət kişilərindən kiminsə məzhəbini tutub getməyi, dinində başqasına deyil, yalnız ona təqlid etməyi vacib etməmişdir.

Fəzilətli əsrlərdə insanlar bu kimi nisbətlərdən uzaq olmuşlar.
Əslində, sıravi (ərəb. avam) insan üçün müəyyən məzhəb tutmaq doğru deyil. Hətta o, müəyyən məzhəbə bağlansa da, sıravinin məzhəbi yox sayılır. Çünki məzhəb müəyyən qədər araşdırma və dəlil-sübut gətirmə bacarığı olan, həmçinin, özünə görə məzhəblərdən anlayışı olan insan üçündür. Yaxud, həmin məzhəbin “furu”sunda kitab oxuyan və imamının fətvalarını və rəylərini bilən üçündür.
Amma bu işdə ümumiyyətlə anlayışı olmayıb, mücərrəd söz olaraq “mən fəqihəm”, “nəhv alimiyəm”, “yazıçıyam” deməklə boş iddia ilə iş olmadığı kimi, “mən şafiiyəm”, “mən hənbəliyəm” deməklə də iş olmur.

Bunu açıqlayan məsələ budur ki, kiminsə özünə şafii, maliki, yaxud hənəfi deməsi və bu imama ittiba etməsini, onun yolu ilə getdiyini iddia etməsi o zaman doğru olar ki, o da elmdə, düşüncədə, “istidlal”da (dəlillərdən hökm çıxarmaqda) həmin alimin yolu ilə getsin. Amma onun həmin alimin həyatından, elmindən və yolundan bixəbər olduğu halda tam mənası ilə mücərrəd iddia və quru sözlə özünü o imama nisbət etməsi nə qədər doğrudur?!

Sıravi insanın məzhəbi olması təsəvvür edilmir. Əgər təsəvvür edilsə də, nə həmin adama, nə də başqasına, ümumiyyətlə heç kəsə ümmətdən kiminsə məzhəbinə tutunmaq: yalnız onun sözünü götürüb başqasının sözünü tərk etmək, vacib deyil.
BU, ÜMMƏTİN ÜZLƏŞDİYİ QƏBAHƏTLİ BİDƏTDİR. Heç bir islam imamı belə bir iddia etməmişdir. İslam imamları rütbə və qədir-hörmət, Allah və Peyğəmbəri haqda yüksək elmə sahib olmaq etibarı ilə, əsla insanları belə bir işə məcbur etməzdilər.
Kiminsə “bir alimin məzhəbini tutub getmək vacibdir” deməsi, daha uzaq iddiadır. Bundan da uzaq iddia, “kiminsə dörd məzhəbdən birini tutub getməsi vacibdir” deməkdir.

Aman Allah, necə də qəribədir! Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əshabələrinin, tabiinlərin, ətba ət-tabiinlərin və digər islam alimlərinin məzhəbi məhv olmuş və heçə çıxmış, bu qədər fəqih və ümmət arasında yalnız dörd nəfərin məzhəbi yaşamışdır!? Heç bu imamlardan hansısa bunu iddia edib, yaxud buna çağırıb, ya da buna eyham edəcək söz deyibmi?!

Allah və Rəsulu səhabələrə, tabiinlərə və ətba ət-tabiinə vacib etdiyini, onlardan sonra qiyamətə qədər yaşayacaq insanlara də vacib etmişdir.
Vacibin keyfiyyəti və miqdarı insanın bacarığı və acizliyinə, zaman, məkan və vəziyyətə görə dəyişsə də, öz-özlüyündə dəyişməz və əvəzedilməzdir. Bu da, Allah və rəsulunun vacib etdiyinə tabedir.

Kim sıravi insanın məzhəb tutmasını doğru sayırsa, o, belə bir idda edir: “sıravi adam etiqad edir ki, onun mənsub olduğu məzhəb haqdır və bu etiqadının tələb etdiyi, vacib etdiyi şeyə vəfalı olmalıdır, xilaf çıxmamalıdır.”
Onların bu dedikləri doğrudursa, o zaman həmin adamın başqa məzhəb nümayəndəsindən fitva alması haram sayılır. Həmçinin, məzhəb imamının məzhəbinə oxşar, yaxud ondan daha üstün olan məzhəbə bağlanması haram olur.
Məzhəbçilik iddiasından irəli gələn bu və digər fəsadlı məcburiyyətlər, bu fəsadı gətirən səbəbin fəsadlı olmasını bildirir.

Hətta bu, o deməkdir ki, məzhəbçi Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun), yaxud dörd xəlifənin sözünü imamının sözünə uyğun olmadığını gördükdə, şəriət dəlilini və səhabələrin sözünü tərk edib, mənsub olduğu imamın sözünü daha üstün tutmalıdır.

Bütün bunlardan sonra demək olar ki, insan istənilən dörd məzhəb imamından və digər alimlərdən fitva ala bilər. Ümmətin ittifaqına görə, nə ona, nə də müftiyə dörd məzhəb imamından hansınasa bağlı qalmaq vacib deyil. Necə ki, alimin öz ölkəsinin, yaxud hansısa ölkənin hədisinə bağlı olması vacib deyil. İstər Hicaz, istər İraq, istər Şam, istər Misir, istərsə Yəməndən nəql olunan rəvayət olsun, fərq etməz, əgər hədis səhihdirsə, ona əməl etmək vacibdir.”

“İləm əl-Muvəqqiin An Rabbil Aləmin”, 4/288-290.


Mədinə İslam Universitetinin məzunu, AbdurRahim Muradlı.

tovhidinfo
AbdurRahim Muradlı

Mədinə İslam Universitetinin hədis fakültəsinin məzunu.

Bütün materiallara bax