• Menyu
  • Menyu

Müsibət zamanı Quran bizə nə öyrədir?

tovhidinfo
  • Mərhəmətli, Rəhmli Allahın adı ilə.

 

Əziz müsəlmanlar, bilirsiniz ki, Allahın kitabı olan Qurani Kərim hidayət yoludur. İnsanların faydalanması üçün bir moizə, qəlbləri üçün şəfa və möminlər üçün bir mərhəmətdir.

يَٰٓأَيُّهَا ٱلنَّاسُ قَدۡ جَآءَتۡكُم مَّوۡعِظَةٞ مِّن رَّبِّكُمۡ وَشِفَآءٞ لِّمَا فِي ٱلصُّدُورِ وَهُدٗى وَرَحۡمَةٞ لِّلۡمُؤۡمِنِينَ

Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir.

إِنَّ هَٰذَا ٱلۡقُرۡءَانَ يَهۡدِي لِلَّتِي هِيَ أَقۡوَمُ

Həqiqətən, bu Quran (insanları) ən doğru yola yönəldir.

Bu Quran Allah tərəfindən peyğəmbəri və rəsulu olan Muhəmmədə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) nazil olan mübarək bir kitabdır. İnsanların Allahın ayələri haqqında tədəbbür edib, öyüd-nəsihət alması üçün nazil olub.

كِتَٰبٌ أَنزَلۡنَٰهُ إِلَيۡكَ مُبَٰرَكٞ لِّيَدَّبَّرُوٓاْ ءَايَٰتِهِۦ وَلِيَتَذَكَّرَ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ

“(Bu) mübarək Kitabı, (insanların) onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik.”

Beləliklə, qısa da olsa, gəlin baxaq görək müsibət və bəla nazil olanda Quranın hidayət yolu nədir? Bizi nəyə yönəldir?

1– Quran göstərir ki, hər bir gələn müsibəti Allah qabaqcadan yazıb, bu Allahın təqdiri ilə baş verir. Allah buyurur:

قُل لَّن يُصِيبَنَآ إِلَّا مَا كَتَبَ ٱللَّهُ لَنَا هُوَ مَوۡلَىٰنَاۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ

De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər!”

2–Mömin bilir ki, zərəri qaldırmaq Allahın əlindədir. Bəlanı ancaq Allah dəf edir, verən də, alan da Allahdır. Allah buyurur:

أَمَّن يُجِيبُ ٱلۡمُضۡطَرَّ إِذَا دَعَاهُ وَيَكۡشِفُ ٱلسُّوٓءَ وَيَجۡعَلُكُمۡ خُلَفَآءَ ٱلۡأَرۡضِۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ قَلِيلٗا مَّا تَذَكَّرُونَ

Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?”

وَإِن يَمۡسَسۡكَ ٱللَّهُ بِضُرّٖ فَلَا كَاشِفَ لَهُۥٓ إِلَّا هُوَۖ وَإِن يَمۡسَسۡكَ بِخَيۡرٖ فَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ

Əgər Allah sənə bir zərər vurmaq istəsə, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz. Əgər sənə bir xeyir toxundursa, (heç kəs Ona mane ola bilməz). O, hər şeyə qadirdir.

قُلِ ٱدۡعُواْ ٱلَّذِينَ زَعَمۡتُم مِّن دُونِهِۦ فَلَا يَمۡلِكُونَ كَشۡفَ ٱلضُّرِّ عَنكُمۡ وَلَا تَحۡوِيلًا

De: Allahdan başqa tanrı saydıqlarınızı çağırın. Onlar bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də (onu başqasına) yönəltməyə qadir deyillər.”

3– Bunu da biləndən sonra səndən tələb olunan Allaha təvəkkül etmək, işləri ona həvalə etmək və Allaha sadiq bir şəkildə pənah aparmaqdır. Allah buyurur:

وَ مَن يَتَوَكَّلۡ عَلَى ٱللَّهِ فَهُوَ حَسۡبُهُۥٓۚ إِنَّ ٱللَّهَ بَٰلِغُ أَمۡرِهِۦۚ قَدۡ جَعَلَ ٱللَّهُ لِكُلِّ شَيۡءٖ قَدۡرٗا

“Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur.”

 وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ لَيَقُولُنَّ ٱللَّهُۚ قُلۡ أَفَرَءَيۡتُم مَّا تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ إِنۡ أَرَادَنِيَ ٱللَّهُ بِضُرٍّ هَلۡ هُنَّ كَٰشِفَٰتُ ضُرِّهِۦٓ أَوۡ أَرَادَنِي بِرَحۡمَةٍ هَلۡ هُنَّ مُمۡسِكَٰتُ رَحۡمَتِهِۦۚ قُلۡ حَسۡبِيَ ٱللَّهُۖ عَلَيۡهِ يَتَوَكَّلُ ٱلۡمُتَوَكِّلُونَ 

Əgər sən onlardan: Göyləri və yeri kim yaratmışdır?– deyə soruşsan, onlar mütləq: Allah!– deyəcəklər. De: Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi? De: Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!”

4– Həmçinin Quran bizə dua etməyi buyurur. Dua bütün xeyirlərin açarı, hər bir üzüntünün çarəsi, hər bir qorxan kəsin nicatı, qurtuluşudur. Möminin silahı olan dua bəlanın dəf olunmasında və aradan qalxmasında çox faydalıdır. Necə deyərlər, dua bəlanın düşmənidir. Bəlanı dəf edir, geri çevirir. Dua müsəlmanı bəladan qoruyan səbəbdir. Allah buyurur:

وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌۖ أُجِيبُ دَعۡوَةَ ٱلدَّاعِ إِذَا دَعَانِۖ فَلۡيَسۡتَجِيبُواْ لِي وَلۡيُؤۡمِنُواْ بِي لَعَلَّهُمۡ يَرۡشُدُونَ 

Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın dua-sını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər.”

 

5– Həmçinin Quran bildirir ki, bu dünya həyatımız sınaq meydanıdır, imtahan diyarıdır. Allah buyurur:

ٱلَّذِي خَلَقَ ٱلۡمَوۡتَ وَٱلۡحَيَوٰةَ لِيَبۡلُوَكُمۡ أَيُّكُمۡ أَحۡسَنُ عَمَلٗاۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡغَفُورُ

“Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.”

 

وَلَنَبۡلُوَنَّكُم بِشَيۡءٖ مِّنَ ٱلۡخَوۡفِ وَٱلۡجُوعِ وَنَقۡصٖ مِّنَ ٱلۡأَمۡوَٰلِ وَٱلۡأَنفُسِ وَٱلثَّمَرَٰتِۗ وَبَشِّرِ ٱلصَّٰبِرِينَ

“Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver.”

Buna görə də ey Allahın qulları bilməniz vacibdir ki, dünyanın ləzzəti ağrı acılarla qarışıqdır, sevinci qəm kədərlə qarışıqdır, sağlamlığı xəstəliklə, varlığı da kasıbçılıqla qarışıqdır.

6– Quranın hidayət yolu sayəsində bilirik ki, şəfa verən, qullarına yetərli olan Allahdır ki, Onun heç bir şəriki yoxdur. Ona görə də belə məqamda Allahın xəlili olan İbrahimin sözünə diqqət elə:

وَإِذَا مَرِضۡتُ فَهُوَ يَشۡفِينِ

“Xəstələndiyim zaman mənə şəfa verən Odur.”

7– Son olaraq demək istəyirəm ki, belə anlar da üzərimizə düşən çoxlu istiğfar edib, tövbə etməkdir. Görünən odur ki, Allaha az tövbə etdiyimiz üçün, az istiğfar etdiyimiz üçün, günahlara qərq olduğumuz üçün bu bəlalar üzərimizə nazil olub.

وَمَا كَانَ ٱللَّهُ مُعَذِّبَهُمۡ وَهُمۡ يَسۡتَغۡفِرُونَ

Bağışlanmalarını dilədikləri zaman da Allah onlara əzab verən deyildir.

 

وَلَوۡ أَنَّ أَهۡلَ ٱلۡقُرَىٰٓ ءَامَنُواْ وَٱتَّقَوۡاْ لَفَتَحۡنَا عَلَيۡهِم بَرَكَٰتٖ مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ وَلَٰكِن كَذَّبُواْ فَأَخَذۡنَٰهُم بِمَا كَانُواْ يَكۡسِبُونَ 

Əgər o ölkələrin əhalisi iman gətirib (Allahdan) qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət (qapı-larını) açardıq. Lakin onlar (peyğəmbərləri) yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə (əzabla) yaxaladıq.

Alladan istəyirəm ki, xəstələrimizə şəfa versin, sıxıntıda olanların sıxıntısını aradan qaldırsın, üzərimizə düşən bu bəlanı bizdən sovuşdursun. Amin!


Mədinə İslam Universitetinin məzunu, Vüqar Qurbanov.

tovhidinfo
Vüqar Qurbanov

Mədinə İslam Universitetinin dəvət və dinin əsasları fakültəsinin məzunu.

Bütün materiallara bax