Mərhəmətli və Rəhimli Allahın adı ilə
Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Onun elçisi Muhəmmədə salavat və salam olsun!
Niyyətin əhəmiyyəti
Niyyət dedikdə ilk yada düşən, Ömərin (Allah ondan razı olsun) Peyğəmbərimizdən (sallallahu aleyhi və səlləm) eşitdiyi bir hədisdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu hədisdə buyurmuşdur :
”Əməllər yalnız niyyətlərlədir. Hər kəsə də, niyyət etdiyi vardır. Kimin hicrəti Allah və rəsulu üçündürsə, onun hicrəti Allah və rəsulu üçündür. Kimin də hicrəti əldə edəcəyi dünya malı və yaxud evlənəcəyi qadın üçündürsə, onun hicrəti elə ona görədir.” (Buxari və Muslim) .
Bu hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) bizə eyni mühüm, əzəmətli bir əməli edən iki nəfəri misal çəkir. Onların ikisi də hicrətin çətinliyini, ağırlığını çəkir. Lakin, onlardan biri Allah və rəsulunu, digəri isə, hicrət etdiyi şeyi qazanır. Bu da, niyyətin nə dərəcədə mühüm olmasını göstərir. Həqiqətən də, niyyət müvəffəqiyyətin əsası, səadətin ünvanıdır.
Niyyətin yeri qəlbdir. Qəlb isə, Allahın nəzər etdiyi yerdir. Necə ki, səhih hədislərin birində Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur:
”Həqiqətən, Allah sizin nə cəsədlərinizə, nədə ki, surətlərinizə baxmaz, qəlblərinizə və əməllərinizə baxar.” (Muslim, 2564).
Müsəlman olan kəs bu hədisi əsas tutaraq qəlbində olan kini, küdurəti, xüsusən də, niyyətinə bulaşmış çirkinlikləri təmizləməlidir.
Niyyətin fəziləti
Niyyətin fəziləti barəsində Peyğəmbərin (sallallahu aleyhi və səlləm) – ”Kim bir yaxşı əməli etməyi niyyət edərsə və onu etməzsə, etdiyi niyyəti ona həsənə (savab) olaraq yazılar” (Muslim, 130) – hədisindən başqa hədis olmasaydı, bu hədis niyyətin fəzilətinə kifayət edərdi.
Halbuki, niyyətin fəzilətinə aid hədislər olduqca çoxdur. Niyyətin fəzilətindəndir ki, insan niyyəti ilə mübah əməlləri ibadətə çevirə bilir. Həmçinin, niyyətin fəzilətindəndir ki, insan niyyəti ilə bir əməllə bir neçə ibadəti cəm edə bilir. Məsələn, kim məscidə daxil olub, həm fərz namazını, həmdə, məscidi salamlama namazını qılmaq niyyəti ilə yalnız fərz namazını qılarsa, onun üçün iki namazın da savabı yazılar.
Niyyətin mühümlüyünü və fəzilətini bildikdən sonra, gəlin niyyətin lüğətdə və şəriətdə nə məna daşıdığını, müsəlmanın nəcə niyyət etməli olduğunu öyrənək.
Niyyət sözünün lüğətdəki mənası qəsd və iradədir.
Şəriətdə isə, niyyət: “qəlbin Allaha yaxınlaşmaq qəsdi ilə ibadətin üzərində əzimkarlığıdır”. (“Kəşşəful-qinəi an mətnil-iqnə” 1/375)
Daha sonra, alimlər niyyəti iki növə ayırmışlar.
Birinci: Fərz olan niyyət. Bu, o niyyətdir ki, onsuz heç bir əməl qəbul deyil və bu növ niyyət bütün əməllər üçün şərtdir.
İkinci: Mübah olan niyyət. Bu, o niyyətdir ki, onun vasitəsi ilə insan etdiyi mübah əməlləri ibadətə çevirir. Məsələn, insan yeyir, içir, yatır ki, ibadətlərdə fəal olsun. Məhz bu niyyət barəsində Muaz bin Cəbəl (Allah ondan razı olsun) buyurmuşdur:
“Mənə gəldikdə isə, mən yatıram, dururam və namazlarımla Allahdan savab umduğum kimi, öz yuxumla da Allahdan savab umuram ”. (Buxari, 4344).
Niyyətin yeri qəlbdir və onu tələffüz etmək bidətdir. (Həcc və ümrə ibadətinə başlayarkən edilən niyyətdən başqa.) Niyyətin tələffüz olunmasının icazəli olmaması barədə imam İbn Qeyyim (Allah ona rəhmət etsin) özünün “Zədul-Məad” adlı kitabının “Namazda Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yolu” fəslində belə deyir:
“Nə Peyğəmbərdən (sallallahu aleyhi və səlləm), nə də onun sahabələrindən (Allah onlardan razı olsun) niyyətin tələffüzü barədə heç nə varid olmamışdır. Nə də ki, tabiinlərdən kimsə niyyətin tələffüz olunmasını gözəl görüb, bəyənməmişdir. Nə də ki, dörd imam… Yalnız bəzi sonrakı alimləri imam Şafiinin “namaz oruc deyil, namaza heç kəs zikrsiz daxil olmasın” – sözü çaşdırmışdır. Amma imam Şafi (Allah ona rəhmət etsin) bu sözü ilə yalnız təkbirətul-ihramı (namaza giriş təkbiri – Allahu əkbər deməyi) qəsd etmişdir.”
Sözünü sonunda İbn Qeyyim deyir:
“Əgər kimsə bizə Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) və yaxud onun sahabələrindən niyyəti tələffüz etməyin müstəhəb olması barədə bircə dəlil gətirsəydi, biz onu qəbul edər, təslim və qəbulla qarşılayardıq. Çünki, səhabələrin yolundan daha kamil yol yoxdur. Elə bir sünnət yoxdur ki, onlar onu Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) öyrənməsinlər”.
Son olaraq, demək istəyirik ki, əməllərdə niyyətin ixlaslı olmasına diqqət etmək lazımdır.
Xüsusən də, elm tələb etməkdə və başqa mühüm məsələlərdə. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, Allahın razılığı tələb olunan elmdə ixlası xüsusi vurğulayaraq belə buyurmuşdur:
“Kim Allahın üzü istənilərək tələb olunası elmi yalnız dünyadan bir pay əldə etmək üçün öyrənərsə, Qiyamət günü Cənnətin iyini belə duymaz”. (Əbu Davud, 3664).
Allah (subhənəhu və təalə) bizim əməllərimizi ixlaslı olan əməllərdən etsin.
Allah daha yaxşı bilir. Onun elçisi Muhəmmədə salavat və salam olsun!
Mədinə İslam Universitetinin tələbəsi, İlham Vəlimətov.