• Menyu
  • Menyu

Orucun növləri

tovhidinfo

Mərhəmətli, Rəhimli Allahın adı ilə.

Bizi Quranla şərəfləndirən və Muhəmməd peyğəmbəri bizə elçi olaraq göndərən Allaha həmd olsun. Onun, onun ailəsinin və səhabələrinin üzərinə Allahın salavatı və salamı olsun.

Sonra isə:

Şübhəsiz ki, oruc şərəfli bir ibadətdir. Allah onu Özünə nisbət edərək şərəfləndirmişdir: “Oruc mənim üçündür, onun mükafatını da Mən verirəm”. Oruc tutanlar üçün Allah Təala “Rəyyan” adlanan xüsusi Cənnət qapısı yaradıb ki, onlardan başqa heç kim o qapıdan girməyəcək[1]. Allah Təala oruc tutanın ağzından gələn qoxunu müşk ətrindən daha gözəl etmişdir[2]. Allah Təala Onun yolunda bir gün oruc tutmağı oruc tutanın Cəhənnəm odundan yetmiş payız, başqa rəvayətə görə isə, yüz il uzaq tutulması üçün səbəb etmişdir[3].

Oruc üç qismə bölünür:

  1. Vacib.
  2. Müstəhəb (bəyənilən).
  3. Qadağan olunmuş (haram və ya məkruh/bəyənilməyən).

Birinci növ: vacib oruc.

Birincisi: Ramazan orucu.

Ramazan orucu İslamın ərkanlarından bir rükundur. O, həddi-buluğa çatmış, ağlı olan, səfərdə olmayan, oruc tutmağa qüdrəti olan, oruca mane olan şeylərdən xali olan hər bir müsəlmana fərzdir.

Allah Təala buyurub: «İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran Quran ramazan ayında nazil edilmişdir. Sizdən kim bu aya yetişərsə, qoy onu oruc tutsun.» (Əl-Bəqərə, 185)

Başqa bir ayədə buyurub: «Ey iman edənlər! Sizdən öncəkilərə olduğu kimi sizə də oruc vacib qılındı ki, bəlkə təqvalı olasınız». (Əl-Bəqərə, 183)

Həmçinin, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir: “İslam beş şey üzərində qurulub” və onların birinin oruc olduğunu bildirmişdir[4].

Ramazan orucunun fəzilətləri çoxdur, onlardan biri, yuxarıdakı ayədən bilindiyi kimi, onun təqvanı qazanmağa səbəb olmasıdır. O, həmçinin, günahların silinməsinə də səbəbdir, necə ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) deyib:

“Kim Ramazan orucunu imanla və mükafatını Allahdan umaraq tutarsa, onun keçmiş günahları bağışlanar”.[5]

Həmçinin, belə deyib: “Beş namaz, cümədən cüməyə, ramazandan ramazana, aralarında işlənilmiş  günahlara kəffarədir, əgər böyük günahlardan uzaq durularsa”[6].

İkincisi: Ramazan orucunun qəzası.
Əgər xəstə, müsafir, həmçinin, (alimlərinin bir rəyinə görə) südverən və hamilə qadın[7] Ramazanda oruc tutmazlarsa, onlara orucu qəza etmək vacib olur. Çünki Allah Təala buyurub:

«Sizdən kim xəstə və ya səfərdə olarsa, digər günlərdə (ramazanda tutmadığı) günlərin sayı qədər oruc tutsun». (Əl-Bəqərə, 184)

Heyzli və nifaslı qadınlara isə, oruc tutmamaq və qəza etmək vacibdir.

Üçüncüsü: Nəzir orucu.

Kim qadağan olmayan günlərdə oruc tutacağını nəzir deyərsə, nəzrini yerinə yetirmək ona vacib olar. Allah Təala möminlərin tərifəlayiq vəsflərini sadaladıqda belə buyurub: «Onlar nəzirlərini yerinə yetirərlər». (Əl-İnsən, 7)

Həmçinin, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir:

“Kim Allaha itaət edəcəyini nəzir edibsə, qoy Allaha itaət etsin, Allaha asi olacağını nəzir edən isə, Allaha asi olmasın”[8].

Lakin Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) nəzir deməyin İslamda bəyənilməyən bir şey olduğunu bildirmişdir[9]: “Nəzir deməyin, çünki nəzir deməyin qədərə faydası yoxdur, onunla yalnız simicdən nə isə çıxarılır”[10].

Kim nəzrini yerinə yetirməyə aciz olarsa, andın kəffarəsi kimi kəffarə verir.

Andın kəffarəsi üç şeydən birini seçib yerinə yetirməkdir:

1) on kasıbı yedirtmək;

2) on kasıbı geyindirmək;

3) bir qul azad etmək.

Kim bunların heç birini edə bilmirsə, bacarırsa ard-arda, bacarmırsa isə, ayrı-ayrılıqda üç gün oruc tutmalıdır.

Dördüncüsü: Fidyə və kəffarə orucu.

Kim Ramazan orucunu gündüz vaxtı cinsi əlaqəyə girməklə pozarsa, bir mömin qul azad etmək ona vacib olar. Bunu bacarmırsa, Ramazandan sonra iki ay dalbadal oruc tutmaq ona vacib olar.

Həmçinin, “zihar”[11] etməyin kəffarəsi də belədir. Mövzumuz bu olmadığına görə, məsələdəki təfsilatlara girmirik.

İkinci növ: müstəhəb oruc.

Birincisi: bir gündən bir oruc tutmaq.

Abdullah ibn Amr ibnul-As (Allah ondan da, atasından da razı olsun) rəvayət edir ki, Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:

“Allaha ən sevimli oruc Davudun orucudur, Allaha ən sevimli namaz Davudun namazıdır, o, gecənin yarısını yatar, üçdə birini qiyamda (gecə namazında-tərc.) keçirər, qalan altıda birini isə, yenə yatardı. Bir gün oruc tutmazdı, bir gün tutardı”[12].

İkincisi: Hər həftənin birinci (bazar ertəsi) və dördüncü (cümə axşamı) günləri oruc tutmaq:

Əbu Hureyranın (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:

“Əməllər birinci və dördüncü günlər ərz olunur, mən əməlim ərz olunan zaman oruclu olmağı sevirəm”[13].

Əbu Hureyra yenə rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) birinci və dördüncü günlər oruc tutardı və ona deyildi: “Ey Allahın elçisi, sən birinci və dördüncü günlər oruc tutursan?” O, dedi:

“Həqiqətən, birinci və dördüncü günlərdə Allah hər bir müsəlmanı bağışlayar, yalnız küsülü olub bir-birini tərk edənlərdən başqa. Deyər: “Barışana qədər onları burax”.”[14]

Üçüncüsü: hər aydan üç gün, ələxsus, “ağ günlər”də[15] oruc tutmaq:

Əbu Hureyra (Allah ondan razı olsun) demişdir:

“Xəlilim[16] mənə üç şeyi tövsiyə edib, ölənə qədər onları tərk etmərəm: hər aydan üç gün oruc tutmaq, iki rükət duha namazı qılmaq və yatmadan öncə vitr namazı qılmaq”[17].

Abdullah ibn Amr ibnul-As rəvayət edir ki, Allah elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir:

“Hər aydan üç gün oruc tutmaq bir il oruc tutmaqdır”[18].

Əbu Zərr (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir:

“Ayda üç gün oruc tutsan, on üçüncü, on dördüncü və on beşinci günləri tut”[19].

Dördüncüsü: Məhərrəm ayında çox oruc tutmaq.

Əbu Hureyra Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir:

“Ramazandan sonra ən üstün oruc Allahın ayı Məhərrəmdədir. Fərz namazından sonra ən üstün namaz isə, gecə namazıdır”[20].

Beşincisi: Aşura orucu.

Əbu Qatədə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) Aşura orucu barədə soruşuldu və belə dedi:

“Ötən ilin günahlarına kəffarə olur[21][22].

İbn Abbas (Allah ondan da, atasından da razı olsun) rəvayət edir ki, Allah elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) Aşura günü oruc tutdu və o gün oruc tutmağı əmr etdi[23].

Altıncısı: Şaban ayında çox oruc tutmaq.

Aişə (Allah ondan razı olsun) demişdir:

“Allah elçisini (Allahın salavatı və salamı onun üzərinə olsun) Ramazan ayından başqa bir ayı tam olaraq oruc tutduğunu görmədim. Onu heç bir ayda Şaban ayından daha çox oruc tutan görmədim”[24].

Usəmə ibn Zeyd (Allah ondan razı olsun) demişdir:

 “Dedim: “Ey Allahın elçisi! Səni heç bir ayda Şabandakı qədər oruc tutan görmədim”. O, dedi:

“O, elə bir aydır ki, insanlar onu barədə qəflətdədirlər, Rəcəblə Ramazan arasındadır. O aydır ki, onda əməllər aləmlərin Rəbbinə qaldırılır, mən əməlim qaldırıldığı zaman oruclu olmağı sevirəm”.”[25]

Yeddincisi: Şəvval ayında altı gün oruc tutmaq.

Əbu Eyyub (Allah ondan razı olsun) Allah elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir:

“Kim Ramazanı oruc tutarsa, sonra ardıyca Şəvvaldan altı gün tutarsa, bir ilin orucu kimi olar”[26].

Buna Peyğmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) Sövbənin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə izah verib:

“Allah bir həsənəti on mislində edib[27]. Bir ay (yəni, Ramazan) on aya bərabərdir, bayramdan sonra altı gün oruc tutmaq isə, bir ilin tamamıdır”[28].[29]

Səkkizincisi: Həcdə olmayanlar üçün Arafa günü oruc tutmaq.

Əbu Qatədə rəvayət edir ki, Allah elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) Arafa gününün orucu barədə soruşuldu və belə dedi:

“Ötən və gələn ilin günahlarına kəffarə olur”[30].

Doqquzuncusu: Zilhiccə ayının ilk doqquz gününü oruc tutmaq.

İbn Abbas rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:

“Elə bir günlər yoxdur ki, saleh əməl o günlərdə bu on gündən[31] Allaha daha sevimli olsun”. Dedilər: “Ey Allahın elçisi! Hətta Allah yolunda cihad da?” Dedi: “Hətta Allah yolunda cihad da! Yalnız o kəsdən başqa ki, canı və malıyla çıxır və heç biriylə geri qayıtmır.[32]

Şəkk yoxdur ki, oruc saleh əməllərin içindədir, hətta Allaha yaxınlaşdıran ən saleh əməllərdən biridir. Ona görə də, imam Nəvəvi (Allah ona rəhmət etsin) zilhiccənin ilk doqquz günü barədə demişdir:

“O günlərdə oruc tutmaq şiddətli dərəcədə müstəhəbdir”[33].

Onuncusu: Mütləq olaraq (qeydsiz) oruc tutmaq.

Əbu Səidin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurmuşdur:

“Bir qul Allah Təalanın yolunda bir gün oruc tutarsa, o günə görə Allah onun üzünü Cəhənnəm odundan yetmiş payız[34] uzaqlaşdırar”[35].

Huzeyfə (Allah ondan razı olsun) isə, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir:

“Oruc tut, çünki onun misli yoxdur”[36].

On birincisi: Evlənməyə imkanı olmayan subay cavanın oruc tutması.

Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Allah elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurub:

“Ey cavanlar! Kim evlənməyi bacarırsa, evlənsin, çünki bu, baxmamaq[37] və cinsiyyət üzvünü qorumaq[38] üçün daha yaxşıdır. Kim bacarmırsa, qoy oruc tutsun, bu, onun üçün axtalanmadır”[39].

Üçüncü növ: Qadağan olunmuş oruc.

Birincisi: Ramazan və Qurban bayramlarının orucu.

Ömər ibnul-Xattab (Allah ondan razı olsun) bu iki gün barədə demişdir:

“İki gün var ki, Allah elçisi o günlərdə oruc tutmağı qadağan etmişdir: orucunuzu açdığınız gün və digər gün isə, qurbanlarınızdan yediyiniz gündür”[40].

Əbu Hureyra rəvayət edir ki, “Allah elçisi qurban və ramazan bayramı günlərində oruc tutmağı qadağan etmişdir”[41].

İkincisi: Qurban bayramından sonrakı “təşriq günləri”[42] adlanan üç günün orucu.

Nəbişə Əl-Huzəli (Allah ondan razı olsun) rəvayət edib ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir:

“Təşriq günləri yemək və içmək günləridir”[43].

Kəb ibn Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) təşriq günləri onu və Ovs ibn Hüzeyfəni göndərdi və onlar belə car çəkirdilər: “Şübhəsiz ki, cənnətə yalnız mömin girəcək, Mina günləri[44] yemək və içmək günləridir”[45].

Üçüncüsü: Heyzli və nifaslı qadınların orucu.

Müsəlmanlar icma etmişdirlər ki, heyzli və nifaslı qadınların orucu batildir, çünki Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) qadınlar barədə belə buyurmuşdur:

“Məgər onlar heyz olanda namazlarını və oruclarını tərk etmirlərmi? Bu da, onların dininin naqisliyindəndir”[46].

Dördüncüsü: Həlak olmaqdan qorxan xəstənin orucu.

Allah Təala buyurub:

«Özünüzü öldürməyin, həqiqətən, Allah sizə qarşı rəhimlidir». (Ən-Nisə, 29)

Beşincisi: Ərinin razılığı olmadan qadının nafilə oruc tutması.

Əbu Hureyra Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) belə rəvayət edib:

“Qadına halal deyil ki, əri yanında ola-ola, onun izni olmadan oruc tutsun və onun izni olmadan (evə girməyə) kiməsə izn versin”[47].

Amma əri səfərdə olarsa, onun izni olmadan oruc tuta bilər.

Altıncısı: Həlak olmaqdan qorxan müsafirin orucu.

Çünki Allah Təala buyurub:

«Özünüzü öldürməyin, həqiqətən, Allah sizə qarşı rəhimlidir». (Ən-Nisə, 29)

Əgər oruc müsafirlər üçün məşəqqətli olarsa və imam onları orucu açmağa çağırarsa, onlara oruc tutmaq icazəli deyildir. Cabir (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) “Fəth” ilində Ramazan ayında Məkkəyə yola çıxdı və “Kuraul-Ğamim”ə[48] çatana qədər oruclu oldu. İnsanlar da oruclu idilər. Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bir qədəh su gətirməyi tapşırdı və onu yuxarı qadırdı ki, insanlar görsün, sonra ondan içdi. Bundan sonra ona deyildi: “Bəzi insanlar orucludurlar!” O, dedi:

“Onlar asilərdir, onlar asilərdir”[49].

Yeddincisi: bütün ili oruc tutmaq.

Yəni, bütün ili oruc tutub, heç vaxt açmamaq, hətta qadağan olunmuş günləri belə oruclu olmaq haramdır. Çünki Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) İbn Ömərin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə demişdir:

“Bütün ili oruc tutan oruc tutmuş deyil. Hər aydan üç gün oruc tutmaq bütün ili oruc tutmaqdır”.[50]

Səkkizincisi: Həcdə olan üçün Arafa günü oruc tutmaq.

Məymunə (Allah ondan razı olsun) rəvayət edir ki, insanlar Allah elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) Arafa günü oruc tutmağı barədə şəkk etdilər. Bəziləri dedi ki, o, orucdur, bəziləri isə oruc deyil. (Məymunə) deyir:

“O, Arafatda ayaqüstə dayanarkən ona bir qab süd göndərdim, o ondan içdi, insanlar da baxırdılar”.[51]

Doqquzuncusu: Tək cümə gününü oruc tutmaq.

Əbu Hureyra (Allah ondan razı olsun) demişdir:

“Allah elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun)  belə dediyini eşitdim:

“Sizdən heç biriniz cümə günü oruc tutmasın, yalnız ondan əvvəl və ya sonra oruc tutandan başqa”.”[52]

Yenə də rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:

“Başqa gecələr içində cümə gecəsini qiyamla[53] xüsusiləşdirməyin, başqa günlər arasında cümə gününü orucla da xüsusiləşdirməyin, yalnız birinizin tutduğu orucun içində olarsa bu, istisnadır”[54].

Onuncusu: Tək şənbə gününü oruc tutmaq.

Sammə (Allah ondan razı olsun) Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir:

“Sizə fərz olunanlardan başqa şənbə günü oruc tutmayın, hətta üzümün qabığı, ağacın çubuğundan başqa bir şey tapmasa belə, qoy onu çeynəsin”.[55]

Bu hədisin zahirindən şənbə günü heç bir halda nafilə oruc tumağın icazəli olmadığı anlaşılsa da, Əbu Hureyranın yuxarıdakı hədisinə görə, qadağa məhz şənbə gününü tək olaraq oruc tutmağa aiddir. Həmçinin, buna Cuveyriyənin (Allah ondan razı olsun) hədisi də dəlalət edir:

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) cümə günü onun yanına girdi və o, (Cuveyriyə) oruclu idi.

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: “Dünən oruc tutmuşdun?”

O, dedi: “Xeyr”.

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi:

“Sabah oruc tutmaq istəyirsən?”

O, dedi: “Xeyr”.

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: “O zaman, orucunu aç”[56].

On birincisi: Ramazandan bir və ya iki gün əvvəl oruc tutmaq.

Əbu Hureyra Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edib:

“Heç biriniz Ramazandan bir və ya iki gün əvvəl oruc tutmayın, yalnız o kəs istisnadır ki, o günü oruc tuturdu, qoy o gün orucunu tutsun”[57].

Yəni, əgər qəza orucu tuturdusa, ya nəzri yerinə yetirirdisə və ya adəti üzrə tutduğu oruc (hər həftənin birinci və dördüncü günü, bir gündən bir oruc tutmaq və s.) bu günlərə təsadüf edibsə, bu oruclarını tuta bilər.

On ikincisi: Əgər çətinlik çəkirlərsə, müsafir və xəstənin oruc tutması.

Əgər oruc onlara çətinlik törədirsə, müsafirin və xəstənin oruc tutması məkruhdur, bəyənilmir. Cabir (Allah ondan razı olsun) demişdir:

“Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səfərdə idi və o, ətrafına insanlar toplaşan bir kişi gördü. Onlar onu kölgələndirirdilər. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: “Ona nə olub?” Dedilər: “Orucludur”. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi:

“Səfərdə oruc tutmaq “birr”-dən (itaətdən, xeyirdən) deyil”.”[58]

İbn Ömər (Allah ondan da, atasından da razı olsun) Allah elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir:

“Şübhəsiz, Allah (təbərakə və təalə) Ona asilik edilməsini sevmədiyi kimi, rüxsətlərinin[59] yerinə yetirilməsini sevir”[60].


Məqalədə əsasən “Dərul-Vatan” nəşriyyatının çap etdiyi “Ənvaus-sıyəm” broşüründən istifadə edilmişdir.

Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev.

 

[1] Buxari, Muslim.

[2] Buxari, Muslim.

[3] Buxari, Muslim. “Yüz il” rəvayətini isə Nəsəi nəql edib, Albani səhih olduğunu deyib.

[4] Buxari, Muslim.

[5] Buxari, Muslim.

[6] Muslim.

[7] O biri və daha düzgün görünən rəy isə, odur ki, hamiləlikdə və süd verdikdə özünə və ya övladına ziyan olmasından ehtiyat edərək Ramazan orucunu tutmayan qadınlar sonradan bu orucu qəza etmir, hər tutmadığı günə görə bir kasıb yedizdirir. Allah daha yaxşı bilir.

[8] Buxari.

[9] Yəni, nəzir demək bəyənilmir, lakin artıq deyibsə, onu yerinə yetirmək vacib olur.

[10] Muslim.

[11] Zihar – bir kişinin öz arvadına “Sən mənə anam kimi haramsan” və ya buna bənzər sözlər deməklə onu özünə haram etməsidir.

[12] Buxari, Muslim.

[13] Tirmizi rəvayət edib, Albani səhih olduğunu deyib.

[14] İbn Məcə rəvayət edib, Albani səhih olduğunu deyib.

[15] “Ağ günlər” hicri aylarının 13, 14 və 15-ci günlərinə deyilir. Bu günlərdə ay bədirlənmiş (tam) olub daha çox işıq saçdığına görə onlara “ağ günlər” deyilir.

[16] Peyğəmbəri qəsd edir. Xəlil ən yaxın və sevimli dosta deyilir.

[17] Buxari, Muslim.

[18] Buxari, Muslim.

[19] Əhməd, Tirmizi və Nəsəi rəvayət edib, Albani həsən-səhih olduğunu deyib.

[20] Muslim.

[21]  Yəni, bu ibadəti etdiyinə görə Allah Təala onun keçən il etdiyi kiçik günahlarını silir.

[22] Muslim.

[23] Buxari, Muslim.

[24] Buxari, Muslim.

[25] Nəsəi rəvayət edib, Albani həsən olduğunu deyib.

[26] Muslim.

[27] Yəni, bir yaxşı əmələ görə on savab yazılır.

[28] Bir yaxşı əməl on qat artılırsa, bir ay on aya bərabər olur, altı gün isə altmış günə, yəni iki aya. Beləliklə, Ramazan ayını, sonra da Şəvval ayından altı gün oruc tutan kəs tam bir il oruc tutmaq savabını qazanır.

[29] Nəsəi və İbn Məcə rəvayət edib, Albani səhih olduğunu deyib.

[30]  Muslim.

[31] Zilhiccə ayının ilk on günündən.

[32] Buxari və Tirmizi rəvayət edib, ləfz sonuncunundur.

[33] “Səhih Muslim”in şərhi.

[34] Yəni, yetmiş il.

[35] Buxari, Muslim.

[36] Nəsəi rəvayət etmiş, Albani səhih olduğunu demişdir.

[37] Harama baxmamaq, göz zinası etməmək.

[38] Zinaya düşməmək.

[39] Buxari, Muslim.

[40] Muslim.

[41] Muslim.

[42] “Təşriq” ərəbcə əti duzlayıb qurutmağa deyilir. Qurban bayramından sonrakı üç gün (zilhiccə ayının 11-i, 12-si və 13-ü) ona görə belə adlanıb ki, bu günlərdə kəsilən qurban ətlərini xarab olmasınlar deyə duza qoyaraq qurudurdular ki, sonradan yeyə bilsinlər.

[43] Muslim.

[44] Təşriq günləri Mina günləri də adlanır, çünki həcc edənlər o üç günü Minada gecələyirlər.

[45] Muslim.

[46] Buxari.

[47] Buxari.

[48] Məkkə ilə Mədinə arasında yerləşən vadi adıdır.

[49] Muslim.

[50] Buxari.

[51] Buxari, Muslim.

[52] Buxari, Muslim.

[53] Gecə namazı.

[54] Muslim.

[55] Nəsə və Tirmizi rəvayət edib, sonuncu həsən olduğunu deyib.

[56] Buxari.

[57] Buxari, Muslim.

[58] Buxari, Muslim.

[59] Qulları üçün asanlaşdırdığı şeylər, səfərdə oruc tutmamaq və s. kimi.

[60] Əhməd rəvayət edib, Munziri səhih olduğunu deyib.

tovhidinfo
Fərhad Adayev

Mədinə İslam Universitetinin hədis fakültəsinin məzunu, hazırda əqidə qismində magistratura təhsili alır.

Bütün materiallara bax