Mərhəmətli və Rəhimli Allahın adı ilə
Həmd aləmlərin rəbbi olan Allaha məxsusdur. Şahidlik edirəm ki, Allahdan başqa haqq məbud yoxdur, O, təkdir və heç bir şəriki yoxdur. Şahidlik edirəm ki, Muhəmməd Allahın qulu və elçisidir. Allahın salavatı və salamı onun, ailəsinin, əshabının və davamçılarının üzərinə olsun.
Sonra isə:
Özündənrazılıq insanın niyyətinə, ixlasına xələl gətirən böyük və təhlükəli bir xəstəlikdir. O həmçinin müsəlmana yaraşmayan, onun yaxşılıqlarını, ibadətini puç edən, onu gözdən salan və Allahdan uzaq salan pis bir əxlaqdır. Özündənrazılıq insanın ağlının zəifliyinə dəlalət edən bir əlamətdir.
Əbu Hureyranın (رضي الله عنه) rəvayət etdiyi hədisdə Rəsulullah ﷺ buyurmuşdur:
“Üç şey xilas edir, üç şey isə həlak. Xilas edənlər bunlardır: gizlidə də, aşkarda da Allahdan qorxmaq; razı oland da, qəzəblənəndə də haqq söz demək; varlı olanda da, kasıb olanda da qənaət etmək. Həlak edənlər isə bunlardır: insanın öz havasına tabe olması; öz xəsisliyinə boyun əyməsi; özündənrazı olması və bu ən şiddətlisidir”.[1]
Abdullah ibn Məsud (رضي الله عنه) demişdir:
“İki şey həlakedicidir: özündənrazı olmaq və (Allahın rəhmətindən) ümidini üzmək”.[2]
Ümidsiz olan kəs ruhdan düşdüyünə görə səadəti qazanmağa çalışmır, özündənrazı olan kəs də həmçinin, çünki zənn edir ki artıq onu qazanıb. Ona görə də hər iki xüsusiyyət həlakedicidir.
Ömər ibnul-Xattabın (رضي الله عنه) rəvayət etdiyi hədisdə Peyğəmbər ﷺ buyurmuşdur:
“… Sonra bir toplum olacaq ki, Quran oxuyacaqlar və: “Bizdən yaxşı oxuyan var?! Bizdən çox bilən var?! Bizdən yaxşı anlayan var?!” – deyəcəklər.”
Sonra Peyğəmbər ﷺ onlar barədə belə deyir:
“Onlar sizdən, bu ümmətdəndir, Cəhənnəmin odunları onlardır”.[3]
Özündənrazılıq insanı həm də təkəbbürlü olmağa, özünü digərlərindən üstün tutmağa aparıb çıxarır. Bu barədə isə Peyğəmbərimiz ﷺ belə buyurub:
“Qəlbində zərrə qədər təkəbbür olan kəs Cənnətə girməz”.[4]
Bir çox bidət və zəlalətlərin meydana çıxmasına da insanların özlərindən razı olması bais olmuşdur. Kəab[5] (Allah ona rəhmət etsin) demişdir:
“Bəzi insanlar[6] oldu ki, özlərindən razı olduqlarına görə yığışıb camaatdan üz döndərdilər, onlara tən edərək onlardan ayrıldılar. Özündənrazı olmaqdan çəkinin, çünki o, ölümdür, həlakdır”.[7]
Özündənrazılıq insanı başqalarını alçaltmağa, onları günahlarına görə ayıblamağa da sövq edə bilər. İbn Qeyyim (Allah ona rəhmət etsin) demişdir:
“Qardaşını etdiyi günaha görə ayıblamaq onun günahından da böyük bir günahdır… Günahkarların ah-naləsi[8] Allaha özündənrazı olanların zikretmə səslərindən daha sevimlidir. Ola bilsin ki, Allah ona bu günahı dərman kimi içirib və onda olan, lakin özünün də hiss etmədiyi öldürücü bir xəstəliyi ondan çıxarıb”.[9]
Bəzən də olur ki, insan bir əməlindən razı olur, lakin, əslində, o əməli düzgün deyildir, bidət əhlinin başçılarının özlərindən razı olmaqları buna bir misaldır. Allah Təala buyurub:
“De: «Sənə əməllərində ən çox ziyana uğrayanlardan xəbər verimmi? O kəslər ki, dünya həyatındakı səyləri boşa çıxdı, halbuki onlar yaxşı iş gördüklərini hesab edirdilər».”[10]
Özündənrazılıq insana günahlarını unutdurur, çünki o düşünür ki, günahları barədə düşünüb onları özü üçün aşkar etməyə ehtiyacı yoxdur. Xatırladığı günahlarını isə kiçik görür, onlara görə tövbə etməyə çalışmır. Öz ibadətlərini isə, əksinə, böyük görür, onları ən yaxşı, ən kamil əməllər hesab edir. Onları etməklə Allaha minnət edir, lakin unudur ki, ona bu əməlləri görmək üçün hidayət, müvəffəqiyyət nemətini verən də Allahdır.
Kəab demişdir:
“Elmin göylə yerin arasını doldursa belə, özündənrazı olsan, Allah səndə alçaqlıq və naqislikdən başqa heç bir şey artırmaz”. [11]
Əbu Vəhv Əl-Mərvəzi demişdir:
“İbn Əl-Mubərakdan (Allah ona rəhmət etsin) özündənrazılıq barədə soruşdum və o dedi:
«Bu, hesab etməyindir ki, səndə elə bir şey var ki, başqasında yoxdur. Namazqılanlarda özündənrazılıqdan pis bir şey görmədim».”[12]
Abdullah ibn Mutəz demişdir:
“Özündənrazılıq əqli xəstəliklərin ən pisidir”.[13]
Məsruq (Allah ona rəhmət etsin) demişdir:
“Elmli olmaq üçün insana Allahdan qorxması kifayətdir, cahil olmaq üçün isə özündənrazı olması kifayətdir”.[14]
Müsəlmana vacibdir ki, özünü aşağı tutsun, nəfsini təqsirkar hesab etsin, özündənrazı və qürurlu olmaqdan çəkinsin ki, bu onu həlak etməsin.
Əgər etdiyin bir yaxşı əməldən xoşlanırsansa, bu üç şeyi xatırla:
Birincisi: Günahlarını yadına sal. İnsan günahlarını və Rəbbinə qarşı təqsirlərini xatırlayanda özündənrazılığı keçib gedir. İbn Rəcəb (Allah ona rəhmət etsin) günahları etiraf edib onlar barədə düşünmək haqqında demişdir:
“Bu, Allaha bir çox ibadətlərdən daha sevimlidir. Çünki davamlı şəkildə ibadət etmək insanın özünü bəyənməsinə gətirib çıxara bilər. Ənəsin (رضي الله عنه) hədisində Peyğəmbər ﷺ buyurmuşdur:
«Günah etməsəydiniz, sizə görə bundan daha böyük bir şeydən qorxardım – özündənrazılıqdan».[15]
Həsən[16] isə belə demişdir:
«Adəm övladı hər dediyində doğruya isabət etsəydi və hər əməl etdiyində onu yaxşı etsəydi, özündənrazılıqdan az qalardı dəli olsun».[17]
Mutarrif ibn Abdullah (Allah ona rəhmət etsin) demişdir:
“Gecəni yatıb, səhərə peşman olmuş halda çıxmağım mənə gecəni namazda keçirib, səhərə özündənrazı halda çıxmağımdan daha sevimlidir”.[18]
İkincisi: Xatırla ki, hətta sənə xoş gələn bu əməlində belə nöqsanın var, çünki bir əməli nə qədər kamil yerinə yetirməyə çalışsan da, yenə də o, nöqsansız olmayacaq. Heç kim əminliklə deyə bilməz ki, onun filan əməli qəbul olunub. Allah Təala kamil imanlı möminlər barədə belə buyurmuşdur:
“O kəslər ki, etdiklərini (yaxşı əməllərini) edərlər, qəlbləri isə rəblərinə qayıdacaqlarına görə qorxu içində olar”.[19]
Səhih hədisdə sabit olub ki, Aişə (Allah ondan razı olsun) Peyğəmbərdən ﷺ bu kəslər barədə soruşmuşdur: “Bu, zina edən, oğurluq edən və içki içən kəs barədədir?” Cavabında Peyğəmbər ﷺ belə buyurmuşdur:
“Xeyr, ey Əbu Bəkrin qızı (və ya Siddiqin qızı), bu o kəsdir ki, oruc tutur, namaz qılır, sədəqə verir və qorxur ki, birdən ondan qəbul olunmaz”.[20]
Allah Təala buyurmuşdur:
“İbrahim və İsmayıl Evin (Kəbənin) bünövrəsini qaldırarkən belə demişdilər: «Ey Rəbbimiz, bizdən qəbul et, şübhəsiz ki, sən Eşidənsən, Bilənsən».”[21]
Vuheyb ibn Əl-Vərd (Allah ona rəhmət etsin) bu ayəni oxuyarkən ağlayardı və belə deyərdi:
“Ey Xəlilür-Rahmən, Ər-Rahmənin evinin bünövrəsini qaldırırsan və qorxursan ki, səndən qəbul olunmaz?!”.[22]
Üçüncüsü: Xatırla ki, Allahın sənə verdiyi nemətləri sayı-hesabı yoxdur, etdiyin saleh əməllər də bu nemətlərdəndir, onları yalnız Allahın lütfü və müvəffəqiyyəti sayəsində edə bilirsən. Bunu Əbu Hureyranın (رضي الله عنه) rəvayət etdiyi aşağıdakı hədis gözəl açıqlayır.
Rəsulullah ﷺ buyurdu: “Heç birinizin əməli onu (oddan) xilas etməyəcək”. Dedilər: “Səni də, ya Rəsulullah?” Dedi: “Məni də. Yalnız əgər Allah məni rəhməti ilə bürüyərsə (Cənnətə düşərəm)”.[23]
Bunu əgər Allahdan ən çox qorxan, ibadətdə ən kamil olan Peyğəmbər ﷺ deyirsə, gör başqası necə?!
Özündənrazılığın dərmanı Quranda qeyd olunduğu kimi: “Mə şə Allah, lə quvvətə illə billəh (Allah belə istəyib, güc-qüvvət yalnız Allahdandır)”, – deməkdir.[24]
Həmçinin Allahın sənə verdiyi nemətləri xatırlamaq. Bütün işlərin yalnız Allahın istəyi ilə baş verməsini, səndə olan gücün yalnız Allahdan olmasını yada salmaq. Unutmamaq ki, verən də, alan da; ucaldan da, alçaldan da Allah Təaladır və hər şey Onun tədbiri və lütfü ilədir.
İnsan yuxarıdakı üç şey barədə düşünsə, Allahın izni ilə özündənrazılıqdan ondan keçib gedər.
İmam Şafii (Allah ona rəhmət etsin) demişdir:
“Hansısa əməlinə görə özünü bəyənməkdən qorxsan, xatırla ki, kimin razılığını istəyirsən, hansı nemətləri arzu edirsən və hansı cəzadan qorxursan. Kim bu barədə düşünsə, əməli ona kiçik görünər”.[25]
Sonda isə onu qeyd etmək lazımdır ki, dua hər bir xeyrin açarıdır, o həmçinin hər bir şərdən də qoruyandır. İnsan Rəbbinə davamlı şəkildə, qarşısında boyun əyərək yalvarmalıdır ki, onu pis əxlaqdan, münkər əməllərdən, bidətlərdən və xəstəliklərdən qorusun. Çünki müvəffəq edən yalnız Odur, Onun heç bir şəriki yoxdur. Allahın salavatı və salamı peyğəmbərimiz Muhəmmədin, onun ailəsinin, əshabının və davamçılarının üzərinə olsun.
[1] Beyhəqi, “Şuəbu-imən”, 9/396. Albani hədisə “həsən” hökmü vermişdir. Bax: “Silsilətus-sahihə”, № 1802.
[2] “Hilyətul-əvliyə”, 7/298.
[3] “Əl-mucəm əl-əvsat”, 6/221; Albani “həsən” hökmü vermişdir. Bax: “Səhih ət-tərğib”, № 135.
[4] Muslim, № 91.
[5] Kəabul-əhbər məşhur tabeinlərdəndir.
[6] Xavaricləri nəzərdə tutur.
[7] “Hilyətul-əvliyə”, 5/376.
[8] Günahlarından peşman olub Allaha ağlayaraq tövbə edərkən, bağışlanma diləyərkən çıxardıqları səslər.
[9] “Mədəricus-səlikin”, 1/195.
[10] Əl-Kəhf surəsi, 103-104.
[11] “Cəmiu bəyənil-elmi və fədlih”, 1/567.
[12] “Siyər ələmin-nubələ”, 8/407.
[13] “Əl-fəqih vəl-mutəfəqqih”, 2/58.
[14] “Sünən Əd-Dərimi”, № 322 və 395.
[15] Bəzzər, 3633; Beyhəqi, “Şuəbul-imən”, 9/399. Albani hədisə “həsən” hökmünü vermişdir. Bax: “Silsilətus-sahihə”, № 658.
[16] Əl-Bəsri, böyük tabeinlərdəndir.
[17] “Lətaiful-məarif”, s. 20-21.
[18] İbn Əl-Mubərak, “Əz-zühd”, s. 151.
[19] Əl-Muminun surəsi, 60.
[20] Tirmizi, № 3175; İbn Məcə, № 4198. Albani hədisə “həsən” hökmünü vermişdir. Bax: “Silsilətus-sahihə”, № 162.
[21] Əl-Bəqərə surəsi, 127.
[22] “Təfsir İbn Əbi Hətim”, 1/233.
[23] Buxari, № 6463; Muslim, № 2816.
[24] Bax: Əl-Kəhf surəsi, 39.
[25] Bax: “Tərix İbn Əsəkir”, 51/413.
Aləmlərin Rəbbi Allaha həmd olsun!
Müəllif: Şeyx Abdur-Razzəq Əl-Bədr.
Kiçik ixtisarla tərcümə və təxric:
Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev