Mərhəmətli və Rəhimli Allahın adı ilə.
3-CÜ HİSSƏ
Bəzi səhabələrin Həbəşistana hicrət etməsi
Həmd olsun aləmlərin rəbbi Allaha. Allahın salavatı və salamı olsun Muhəmmədin, onun ailəsinin, səhabələrinin və qiyamət gününə qədər onlara ən gözəl şəkildə tabe olanların üzərinə. Bundan sonra:
Müşriklər islamı qəbul edən müsəlmanlara o qədər əziyyət etdilər, onları o qədər incitdilər ki, artıq müsəlmanlar Məkkəni tərk etməyə məcbur oldular. Müşriklərin etdiyi zülmü görən Allah elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) müsəlmanlara Həbəşistana hicrət etmələrini əmr edir. Orada ədalətli bir hökmdarın olduğunu onlara bildirir. Beləcə, Osman ibn Affan həyat yoldaşı – Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) qızı Ruqeyyə ilə; Əbu Huzeyfə ibn Utbə öz həyat yoldaşı ilə; Səhlətu bintu Suheyl; Zubeyir ibn Avvam; Musab İbn Umeyr; Əbdür-Rəhman ibn Avf; Əbu Sələmə və həyat yoldaşı ummu Sələmə; Osman ibn Mazun; Amir ibn Rabia və başqa səhabələr (Allah onların hamısından razı olsun) həbəşilərin torpaqlarına hicrət edirlər. Beləcə, səksəndən çox səhabə Həbəşistana hicrət edir.
Bundan sonra Qüreyş Həbəşistana hicrət edənləri geri qaytarmaq üçün oraya adamlar yollayır.
O zaman ki, Qüreyş Allah elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrinin Həbəşistana hicrət edərək orada əmin-amanlıqda olduqlarını və orada məskunlaşdıqlarını görür, öz aralarında toplanaraq qərar verirlər ki, səhabələri geri qaytarmaq, onları dinlərindən döndərmək üçün Həbəş torpaqlarına öz adamlarını göndərsinlər. Beləcə, Qüreyşdən olan Abdullah[1] ibn əbi Rabianı və Amr ibnul-As ibn Vəili elçi olaraq çoxlu hədiyyələrlə Həbəşistana göndərirlər.
Ummu Sələmə bint Əbi Umeyyə ibnul-Muğira (Allah ondan razı olsun) rəvayət edir:
«O zaman ki, biz Həbəşistan torpaqlarına gəldik, Nəcaşi (Həbəşistan kralı) bizi çox gözəl şəkildə himayəsinə aldı, biz dinimizə görə əmin-amanlıqda olduq, biz heç bir əziyyət görmədən və pis söz eşitmədən Uca Allaha ibadət edirdik. O vaxt ki, bu xəbər Qüreyşə çatdı, öz aralarında toplantı keçirərək bizi geri qaytarmaları üçün Nəcaşinin yanına iki kişi göndərmək qərarına gəldilər. Onlar Nəcaşiyə Məkkənin gözoxşayan mallarından hədiyyələr toplamışdılar. Bu hədiyyələrin içində ən maraqlısı aşılanmış dərilər idi ki, bundan da çoxlu toplamışdılar. Onlar Nəcaşinin hər bir əyanı üçün hədiyyələr hazırlamışdılar. Abdullah ibn əbi Rabia və Amr ibnul-Ası bu hədiyyələrlə göndərirlər və onlara tapşırırlar ki, Nəcaşi öz əyanları ilə danışmamış, ilk öncə hər bir əyana bu hədiyyələrdən verin, sonra Nəcaşinin hədiyyələrini verin. Sonra Nəcaşi onlarla (səhabələrlə) danışmadan öncə onları sizə təslim etmələrini istəyin.
Beləliklə, bu ikisi Nəcaşinin yanına gəldilər. Biz isə, o zaman ən yaxşı yerdə, çox yaxşı himayə altında idik. Onlar Nəcaşi ilə danışmadan öncə hər bir əyana hədiyyələr vermişdilər və hər bir əyana deyirdilər ki, bizim bəzi səfeh gənclərimiz sizin krala sığınıblar. Onlar öz qövmlərinin dinini parçalayıb, sizin dininizə[2] də daxil olmayıblar. Nə bizim, nə də sizin bilmədiyiniz yeni bir din ortaya çıxarıblar. Bizi sizin kralınızın yanına onların qövmünün böyükləri göndəriblər ki, onları geri qaytarasınız. Biz sizin kral ilə onları qaytarması haqqında danışanda ona işarə edin ki, onlarla (səhabələrlə) danışmadan onları bizə təslim etsin… Əyanlar bununla razılaşdılar.
Daha sonra, bu ikili Nəcaşinin yanına gəlib ona hədiyyələrini təqdim etdilər. Nəcaşi hədiyyələri onlardan qəbul etdi. Sonra Nəcaşiyə dedilər:
“Ey kral, sənin ölkənə bizdən bəzi səfeh gənclər sığınıb. Onlar öz qövmünün dinini parçalayıb və sənin dininə də daxil olmayıblar. Onlar nə bizim, nə də ki, sənin bilmədiyin yeni bir din ortaya çıxarıblar. Bizi sənin yanına onların ataları, əmiləri, qəbilələrinin başçıları göndərib ki, onları geri qaytarasan. Həqiqətən, onların qövmü onları başqasından daha yaxşı görür və onların eyiblərini daha yaxşı bilir və onları buna görə qınayırlar”.
Abdullah ibn əbi Rabia və Amr ibnul-As istəmirdilər ki, Nəcaşi hicrət etmiş müsəlmanların sözlərini eşitsin. Nəcaşinin ətrafındakı əyanları dedilər: “Ey kral, onlar doğru deyirlər, onların qövmü onları başqasından daha yaxşı görür və onların eyiblərini daha yaxşı bilirlər. Onları bu ikisinə təslim et ki, onları öz ölkələrinə və qövmlərinə geri qaytarsınlar”.
Nəcaşi buna qəzəblənir və belə deyir:
“Xeyr! Allaha and olsun, mən onları o ikisinə təslim etməyəcəm. Onlar mənim himayəmə girdilər, mənim ölkəmə sığındılar, başqalarını deyil, məni seçdilər. Mən də onları dəvət edəcəm və onlardan bu ikisinin onların işləri haqqında dediklərini soruşacam. Əgər onlar bu ikisinin dediyi kimidirlərsə, onları bu ikisinə təslim edəcəm və öz qövmlərinə geri qaytaracam. Yox, əgər onlar bu ikisinin dediyi kimi deyillərsə, onları təslim etməyəcəm və onlar mənim ölkəmdə yaşadıqları müddətcə onlarla yaxşı davranacam”.
Sonra o, Allah elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrinə bir elçi göndərir. Nəcaşinin elçisi gəldiyi zaman səhabələr toplanırlar və bir-birinə belə deyirlər: “Siz bu kişinin yanına getdiyiniz zaman nə deyəcəksiniz?” Dedilər ki, deyərik: “Allaha and olsun ki, Allahın elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə əmr etdiyindən başqa bir şey bilmirik. Nə olursa, olsun. Onlar gəldikdə, Nəcaşi öz din adamlarını çağırdı, onlara səhifələri payladılar və o, müsəlmanlardan soruşdu:
“Sizin qövmünüzdən ayrılıb nə mənim, nə də başqa millətlərin dininə daxil olmadığınız din nədir?”
Bu zaman Cəfər ibn Əbu Talib (Allah ondan razı olsun) danışmağa başladı. O, belə dedi:
“Ey kral, biz cahillik dönəmində olan bir qövm idik. Bütlərə ibadət edir, ölü heyvan ətləri yeyir, pozğun işlər görür, qohumluq əlaqələrini kəsir, qonşularımıza pislik edirdik. İçimizdən güclü olan zəifin haqqını yeyirdi. Bax, biz bu hal üzərində ikən, Allah bizə özümüzdən olub, nəsəbini, dürüstlüyünü, namuslu olmasını, əmanət sahibi olmasını bildiyimiz bir elçi göndərdi. O, bizə Allahı təkləşdirməyə və yalnız Ona ibadət etməyə, bizim və atalarımızın Allahdan başqa ibadət etdiyimiz bütləri, daşları tərk etməyə dəvət etdi. Həmçinin, o, bizə doğru danışmağı, əmanəti sahibinə geri qaytarmağı, qohumluq əlaqələrini qorumağı və qonşularla yaxşı davranmağı əmr etdi. Həmçinin, bizi haramlardan, qan tökməkdən, yetim malını yeməkdən, pozğun işlərdən, yalan danışmaqdan, namuslu qadınlara böhtan atmaqdan çəkindirdi. Bizə ancaq Allaha ibadət etməyi və ona heç bir şeyi şərik qoşmamağı, həmçinin, namaz qılmağı, oruc tutmağı və zəkat verməyi əmr etdi. (O, Nəcaşiyə islamda olan əmrləri sadaladı.)
Biz də onu təsdiq etdik, ona iman etdik və onun Allahdan gətirdiklərinə tabe olduq. Yalnız Allaha ibadət etdik və ona heç bir şeyi şərik qoşmadıq. Onun bizə haram etdiklərini biz də haram etdik, onun bizə halal etdiklərini biz də halal etdik. Buna görə bizim qövmümüz bizə düşmənçilik etdi, bizə əzab verdi, bizi dinimizə görə fitnəyə sürüklədilər ki, Uca Allaha ibadət etməyi tərk edək və yenidən bütlərə ibadət edək. Əvvəllər halal bildiyimiz çirkin işləri yenə halal görək. O zaman ki, onlar bizə üstün gəldi, bizə zülm etdilər, bizi sıxışdırdılar və bizimlə dinimiz arasına daxil oldular, biz də sənin ölkənə gəldik. Başqasını deyil, səni seçdik, səninlə birgə yaşamaq istədik. Ey Kral, ümid etdik ki, sənin ölkəndə bizə zülm olunmaz”.
Nəcaşi ona dedi:
“Səndə onun Allahdan gətirdiyi nə isə var?”
Cəfər (Allah ondan razı olsun) ona dedi ki, bəli, var.
Nəcaşi dedi:
“Onu mənə oxu”.
Cəfər (Allah ondan razı olsun) ona Məryəm surəsinin birinci ayəsindən on doqquzuncu ayəsinə kimi oxudu. Bu zaman Nəcaşi saqqalı islanana qədər ağladı. Onun din adamları da Cəfərin (Allah ondan razı olsun) oxuduqlarını eşitdikləri zaman əllərindəki səhifələr islanana kimi ağladılar. Sonra Nəcaşi onlara dedi ki, bu, İsanın gətirdiyi ilə eyni çıraqdan çıxıb.
Onlara (Qüreyşlilərə) dedi ki, gedin! Allaha and olsun ki, onları sizə təslim etməyəcəm.
O zaman ki, o ikisi Nəcaşinin yanından çıxırlar, Amr ibnul-As deyir ki, Allaha and olsun ki, sabah onun yanına gələcəm və onları kökündən vuraraq ayıblayacam. Abdullah ibn əbi Rabia (O, bizə qarşı daha yumşaq idi) deyir ki, gəl bunu etməyək. Onlar bizə müxalif olsalar da, aramızda qohumluq əlaqələri var. O isə, deyir ki, Allaha and olsun ki, ona xəbər verəcəm ki, onlar Məryəmin oğlu İsaya qul deyirlər. Səhəri gün o Nəcaşiyə dedi:
“Ey kral, həqiqətən, onlar Məryəm oğlu İsa haqqında çox pis söz deyirlər. Onlara elçi göndər və onun haqqında nə dediklərini onlardan soruş”. Nəcaşi onlardan İsa haqqında soruşmaq üçün adam göndərir.
Hamı toplaşır və bir-birinə deyirlər: “Sizdən Məryəm oğlu İsa haqqında soruşduqda nə deyəcəksiniz? Cəfər İbn Əbi Talib (Allah ondan razı olsun) dedi ki, onun haqqında Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə gətirdiyi xəbəri deyəcəyik: o, Allahın qulu və elçisi, Onun Məryəmə göndərdiyi “Ol!” kəlməsi (ilə yaranmış) və Onun tərəfindən göndərilən bir ruhdur”.
Bu zaman Nəcaşi əlini torpağa vuraraq yerdən bir çöp götürdü və belə dedi:
“Allaha and olsun ki, sənin dediklərinlə Məryəm oğlu İsa arasında bu çöp qədər də fərq yoxdur”. Sonra dedi:
“Gedin, siz mənim torpaqlarımda əmin-amanlıqdasınız. Üç dəfə təkrar-təkrar deyir ki, kim sizə pis bir söz deyərsə, cəzalandırılacaq. Mən dağ boyda qızıl qarşılığında belə sizlərdən birinə əziyyət vermərəm. O ikisinin hədiyyələrini isə, özlərinə geri qaytarın. Mənim o hədiyyələrə ehtiyacım yoxdur. Allaha and olsun ki, Allah mənə mülkümü geri qaytararkən məndən rüşvət almayıb. İnsanlar da mənə rüşvət alaraq itaət etməyiblər ki, mən də onlara rüşvət alaraq itaət edim”.
Onlar gətirdikləri hədiyyələr özlərinə geri qaytarılmış və rəzil halda onun yanından çıxdılar. Biz isə, onun yanında ən yaxşı yerlərdə və ən yaxşı himayə altında qaldıq.» (“Siratu İbn Hişəm”)
Ardı var…
[1] O zaman onun adı Buheyra idi. İslamı qəbul etdikdə Allah elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) onu Abdullah adlandırdı.
[2] Həbəşilər xristian idilər.
Mədinə İslam Universitetinin məzunu, Elçin Şunqarov.