Mərhəmətli və Rəhimli Allahın adı ilə.
Bir sual var ki, demək olar, bütün insanların ağlına gəlir:
“Allah insanı niyə yaradıb? Yaradılmağımızın hikməti nədir?”
Bu sualın cavabının axtarışında neçə-neçə ağıl heyrət içində qalıb, neçə-neçə ağıl azıbdır. İnsanların səfehləri bir kənara, hətta bir çox alimin, müdrik insanların, filosofların və digər ağıl gücüylə tanınan insanların dərrakələri bu sualın qarşısında aciz qalaraq zəlalətə düşüblər.
Çünki bu sualın cavabını yalnız Allah verə bilər! Ona görə də, düzgün cavabı yalnız Allahın vəhyi ilə işıqlanan, Onun hidayətini seçən, Onun elçilərinə tabe olan ağıllar bilər.
Və buradan başa düşürük ki, ağıl etiqad elmində təkbaşına baş çıxara bilməz, çünki bu elm qeyblə əlaqəli bir elmdir. Qeybi məsələlər isə elədir ki, əgər ağıl vəhy olmadan onları bilmək istəyərsə, yolunu azar, məsələləri əcaib şəkildə təsəvvür edər və gülünc nəticələrə gələr. Nə çoxdur dünyada heyvanlara, bədən üzvlərinə ibadət edən və ya insanların ruhlarının heyvanlara keçdiyini iddia edən, ya da ki, Allahı dildə isbat edib, lakin Onun heç bir vəsfinin olmamasını iddia edən, Onu yalnız zehində mövcud olan bir varlıq kimi qələmə verənlər və s.!
Ona görə də, bilmək lazımdır ki, ağıl yalnız hissiyat orqanları ilə ona gəlib çatan məlumatları təsəvvür etmək üçün bir alətdir, hissiyat orqanlarının əhatə etdiyi şeylərdən kənar çıxarsa, düzgün işləməz və təhlükəli nəticələrə gələr.
Allah Təala buyurmuşdur:
«Məgər ölü olandan sonra onu diriltdiyimiz və ona, insanlar arasında gəzsin deyə, nur verdiyimiz bir kəs zülmətlər içində olan, oradan çıxa bilməyən bir kəs kimidirmi?» (Əl-Ənam, 122)
Yəni, əvvəlcə küfr, zəlalət üzərində ölü kimi olan, sonra Allahın hidayət, iman ilə diriltdiyi və yolunu vəhyin nuru ilə işıqlandırdığı bir kəs küfrün, cəhalətin zülmətlərində dolaşan, oradan çıxa bilməyən bir kəs kimi ola bilərmi?
Ağlın təkbaşına yaradılış hikmətimizi bilməyə aciz olduğunu öyrəndikdən sonra, üz tuturuq Allahın bizə göndərdiyi, heç bir tərəfdən batilə bulaşmayan Allahın nuruna – Qurani-Kərimə, çünki:
«Biz Kitabda heç nəyi ehmal etmədik». (Əl-Ənam, 38)
Və görürük ki, Allah Təala “Əz-Zəriyət” surəsi, 56-cı ayədə belə buyurub:
«Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım».
“Əl-mulk” surəsi, 2-ci ayədə isə belə buyurub:
«Hansı ki, ölümü də, həyatı da yaradıb ki, sizi imtahana çəksin – hansınızın əməli daha yaxşı olacaq?»
Bu ayələrdən başa düşürük ki, Allah Təala cinləri və insanları ibadət üçün yaradıb, onları bu dünyaya çıxarıb, onlara əmrlər və qadağalar qoyub və onları imtahan edib. Məhz bu səbəbdən də, doğru yolu göstərən elçilər və kitablar endirib.
Demək, bizim yaradılmağımızınn hikməti, qayəsi ibadətdir.
İndi isə, növbəti sual gəlir: “İbadət nədir?”
İbadət – Allahın qullarına tapşırdığı, onları sorumlu, mükəlləf etdiyi şəri əməllər toplusudur. Bunların bəzisi Allahın haqqıdır: Ona şərik qoşmamaq, namaz qılmaq, oruc tutmaq kimi; bəzisi başqa qulların haqqıdır: valideynlərə yaxşılıq etmək, insanlara zülm etməmək kimi; bəziləri isə, qulun özündə etməli olduğu şeylərdir: şərab içməmək, saqqalı uzadıb bığı qısaltmaq kimi.
Bəzi elm əhli ibadətə bu tərifi vermişdir:
“İbadət – Allahın sevib və razı qaldığı zahiri və batini hər bir söz və əmələ deyilir”.
İbadət – itaətdir, Allahı sevərək, əzəmətləndirərək Ona tabe olub, boyun əyməkdir.
İbadət yalnız xalis Allah üçün olduqda ibadət sayılır, ona hər hansı bir şirk qarışarsa, artıq Allaha ibadət sayılmaz. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) Rəbbinin belə buyurduğunu demişdir:
“Mənim şəriklərə ehtiyacım yoxdur, kim bir əməl edərsə və onda Mənimlə bərabər kimisə şərik qoşarsa, onu da, onun şirkini də tərk edərəm”. (Muslim, 2985)
İndi isə, növbəti sualın zamanı yetişdi: “Bu ibadəti bizə öyrədən, doğru yola yönləndirən, kimdir?”
Bunu bilmək üçün qayıdaq Allah Təalanın bu dünyaya ilk dəfə ayaq basmaq ərəfəsində olan atamız Adəmə və anamız Həvvaya buyurduğuna:
«Dedik: “Hamınız oradan (yəni, Cənnətdən yerə) düşün. Nə zaman Məndən sizə hidayət gələrsə, hidayətimin ardıyca gedənlər üçün nə bir qorxu olar, nə də kədərlənərlər”». (Əl-Bəqərə, 38)
Ayədəki “hudə” (hidayət) – peyğəmbərlər, elçilər və kitablardır”. (Bax: İbn Kəsir, bu ayənin təfsiri.)
Bu ayədən və digər bir çox ayələrdən bizə aydın olur ki, bu dünyada bizə doğru yol göstərənlər məhz Allahın bizə göndərdiyi peyğəmbərlərdir.
Muhəmməd peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir:
“Həqiqətən, məndən əvvəl elə bir peyğəmbər olmayıb ki, ümmətini onlar üçün bildiyinin ən yaxşısına yönəltmək və ən pisindən onları çəkindirmək ona vacib olmasın”. (Muslim, 1488)
Peyğəmbərlərin Allaha dəvətlərində tutduğu yol, mənhəc nədir?
Bu sualın cavabını Allah Təala Qurani-Kərimdə çox gözəl və aydın şəkildə verib. O, bildirib ki, peyğəmbərlər öz dəvətlərində üç şeydən başlayıblar və bu üç şey əqidənin əsaslarıdır:
Birinci əsas: Tövhid – ibadəti yalnız Allaha etmək, Ona heç bir şeyi şərik qoşmamaq.
İkinci əsas: “Məad” (dönüş) – axirət gününə və onun əhatə etdiyi məsələlərə: hesaba, cəzaya, cənnətə, cəhənnəmə və s. iman etmək.
Üçüncü əsas: Səmavi risalətlərə, peyğəmbərlərin doğru yol göstərən olmasına iman etmək.
Hər üç əsasa aid Quran və Sünnədə dəlillər çoxdur, onların az bir qismi ilə tanış olaq.
Birinci əsasa aid dəlillər:
1. Elçilərin birincisi olan Nuh (aleyhis-sələm) barədə Allah Təala buyurur:
«Nuhu qövmünə elçi göndərdik və o, dedi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin ondan başqa ilahınız yoxdur. Həqiqətən, mən əzəmətli günün əzabından sizin üçün qorxuram”». (Əl-Əraf, 59)
Eyni şeyi – “Ey qövmüm, Allaha ibadət edin! Sizin ondan başqa ilahınız yoxdur” sözlərini Hud da, Saleh də, Şueyb də öz qövmlərinə demişdilər. (Bax: “Əl-Əraf”, 65, 73, 85.)
2. İbrahim (əleyhis-sələm) barədə Allaha Təala belə buyurmuşdur:
«O zaman ki, İbrahim atası Azərə dedi: “Bütləri ilahlar götürürsən? Həqiqətən, görürəm ki, sən də, qövmün də açıq-aşkar zəlalət içindəsiniz”». (Əl-Ənam, 74)
3. İsa (əleyhis-sələm) barədə:
«Məsih dedi: “Ey İsrail oğulları, rəbbim və rəbbiniz olan Allaha ibadət edin! Həqiqətən, kim Allaha şərik qoşarsa, Allah ona cənnəti haram edər və onun sığınacağı od (cəhənnəm) olar. Zalımların heç bir köməkçisi olmaz”». (Əl-Məidə, 72)
4. Muhəmməd (Ona Allahın salavatı və salamı olsun) barədə:
«De: “Həqiqətən, mən ona dini xalis tutaraq Allaha ibadət etməyə əmr olundum”». (Əz-Zumər, 11)
5. Ümumən, bütün peyğəmbərlər öz qövmlərinə birinci növbədə yalnız Allaha ibadət etməyi və Ona şərik qoşmamağı əmr ediblər:
«Biz səndən əvvəl elə bir elçi göndərmədik ki, ona “Məndən başqa haqq məbud yoxdur, Mənə ibadət edin” deyə vəhy etməyək». (Əl-Ənbiyə, 25)
«Biz hər bir ümmətə “Allaha ibadət edin, tağutdan uzaq durun” deyə elçi göndərdik». (Ən-Nəhl, 36)
6. Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) sünnətində və sirasında onlarla dəlillər var ki, o, dəvətini ilk olaraq tövhidlə, bütlərə qarşı müharibə etməklə başlayıb.
Bu hədislərdən biri:
Amr ibn Abəsə adlı səhabi Peyğəmbərlə ilk görüşündə onların arasında baş vermiş dialoqu belə rəvayət edir:
«- Sən nəsən?
– Mən peyğəmbərəm.
– Peyğəmbər nədir?
– Məni Allah elçi olaraq göndərib.
– Səni nə ilə göndərib?
– Məni qohumluq bağlarını möhkəmləndirməklə, bütləri sındırmaqla, Allahı təkləşdirilmək və Ona heç bir şeyi şərik qoşmamaqla göndərib.»
7. Sonuncu dəlil isə, odur ki, Peyğəmbərimiz (Ona Allahın salavatı və salamı olsun) səhabələrini İslama dəvət etməyə göndərərdisə, onlara ilk olaraq tövhiddən başlamağı əmr edərdi. Muazı (Allah ondan razı olsun) Yəmənə göndərdikdə ona belə tapşırmışdı:
«Həqiqətən, sən kitab əhlindən olan bir qövmə gəlirsən, onları ilk dəvət etdiyin şey Allah Təalanı təkləşdirməkləri olsun. Bunu bilərlərsə, onlara xəbər ver ki, Allah onlara gündüzləri və gecələri ərzində beş namaz fərz etmişdir…» (Əl-Buxari, 2937)
İkinci əsasa aid dəlillər:
1. Allah Təala kafirlərin axirəti inkar etməklərini qeyd edir və onlara rədd verir:
«Kafirlər iddia etdi ki, onlar dirildilməyəcəklər. De: “Əksinə, Rəbbimə and olsun ki, dirildiləcəksiniz, sonra etdikləriniz barədə sizə xəbər veriləcək. Bu, Allah üçün asandır”». (Ət-Təğabun, 7)
2. Allah Təala insanı ilk dəfə Onun yaratdığını xatırladır və bildirir ki, bu, onu qaytarmaqdan daha asandır:
«Məxluqatı ilk dəfə (yəni, heç nədən) yaradan, sonra onları qaytaran (yəni, öldükdən sonra dirildən, yenidən yaradan) da Odur və bu, Onun üçün daha asandır». (Ər-Rum, 27)
3. Allah Təala insanlara onların gözləri önündə ölü olan yeri necə diriltdiyini xadırladır:
«Onun ayətlərindəndir ki, yerin quru, cansız olduğunu görürsən, biz onun üzərinə su endirdikdə isə, hərəkətlənir və (bitkilərlə) qalxır. Şübhəsiz ki, onu dirildən ölüləri də dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir». (Fussılət, 39)
Üçüncü əsasa aid dəlillər:
1. Allah Təala Qurani-Kərimdə iman və itaət barədə danışanda bir çox hallarda Özündən sonra peyğəmbərləri də qeyd edir və Allaha və peyğəmbərinə itaət edənlərin uğur qazanacağını, cənnətə girəcəyini vəd edir:
«Kim Allaha və elçisinə itaət edərsə, artıq böyük bir uğur qazanmışdır». (Əl-Əhzəb, 71)
«Kim Allaha və Onun elçisinə itaət edərsə, onu altlarından çaylar axan cənnətlərə daxil edər». (Əl-Fəth, 17)
2. Uca Allah qullarına Ona və peyğəmbərinə iman etməyi əmr edir:
«Ey iman gətirənlər, Allaha və elçisinə iman edin!». (Ən-Nisə, 136)
3. Allah Təala bizə xəbər verir ki, Allaha və rəsuluna asi olmaq insanı Cəhənnəmə salır:
«Kim Allaha və onun elçisinə asi olar və Onun hüdudlarını aşarsa, onu oda (Cəhənnəmə) salar və o, orada qalar». (Ən-Nisə, 14)
Peyğəmbərlərin mənhəcindən dönmək Allahın əmr etdiyi “siratul-mustəqim”i (düz yolu) tərk etmək deməkdir:
Uca Allah bizə peyğəmbərlərin yoluyla getməyi, onları özümüzə örnək götürməyi əmr edib və doğru yolun yalnız onların dəvət etdiyi yol olduğunu bildirib.
“Əl-Ənam” surəsində on yeddi ədəd peyğəmbəri zikr etdikdən sonra Rəbbimiz belə buyurmuşdur:
«Onlar Allahın hidayət verdiyi kəslərdir. Onların hidayət yoluyla get!» (Əl-Ənam, 90)
Başqa ayələrdə isə, belə buyurmuşdur:
«Allahın elçisində sizin üçün gözəl örnək vardır». (Əl-Əhzəb, 21)
«İbrahimdə və onunla bərabər olanlarda sizin üçün gözəl örnək vardır». (Əl-Mumtəhinə, 4)
Bu və digər çoxsaylı ayə-hədislərdən açıq-aydın görünür ki, Allah bizə qəti şəkildə peyğəmbərinə tabe olmağı, onun yolu ilə getməyi əmr edib – ibadətimizdə, dəvətimizdə, başqalarıyla rəftarımızda, əxlaqımızda, geyim-keçimimizdə, ruzi qazanmağımızda və s.
Bu sadaladıqlarımın arasında xüsusi diqqəti dəvətə yönəltməliyik. Allaha dəvət yolumuz məhz peyğəmbərlərin yolu olmalıdır, ondan qırağa çıxmamalıyıq. Çünki Allah Təala Peyğəmbərimizə (Ona Allahın salavatı və salamı olsun) belə buyurub:
«De: “Bu, mənim yolumdur, mən və mənim ardımca gedənlər Allaha bəsirət üzərində dəvət edirik». (Yusuf, 108)
Ona görə də, kim Allaha dəvət etdikdə bu əsaslardan başlamazsa, onlara diqqət yetirməzsə, elçilərin hamısına – birinciləri olan Nuhdan (əleyhis-sələm) başlayaraq sonuncuları Muhəmmədə (Ona Allahın salavatı və salamı olsun) müxalif olmuş olar və onların yolundan dönmüş sayılar. Bu, bir kəsin ev tikmək istədikdə, evin özəyini qoymadan onun bər-bəzəyini vurmaqla məşğul olmasına bənzəyir.
Təəssüflə qeyd etmək lazımdır ki, günümüzdə bir çox dəvətçi kimi çıxış edən şəxslər yaşadıqları yerlərdə insanların Allahdan qeyrisinə dua, səcdə etməsinə, nəzir verib, qurban kəsməsinə və digər ibadətləri onlara sərf etməsinə baxmayaraq, buna susurlar və dəvətlərini tövhid üzərində qurmurlar. Onların hədəfi müsəlman adlanan hər kəsi bir yerə cəm etməkdir, əqidəsindən asılı olmayaraq, hətta böyük şirk sahibi olsalar belə!
Allah Təala İsa peyğəmbərin (aleyhis-sələm) belə dediyini buyurmuşdur:
«Şübhəsiz ki, mənim də rəbbim, sizin də rəbbiniz Allahdır, belə isə, Ona ibadət edin! Bu, düz yoldur». (Məryəm, 36)
Yəni, bir tək rəbbimiz Allaha ibadət etmək, Ona şərik qoşmamaq və buna dəvət etmək – düz yol yalnız budur!
Bu ayədən və əvvəlki dəlillərdən aydın olur ki, bütün peyğəmbərlərin dəvətdə mənhəci eyni idi, onlar ilk növbədə tövhiddən başlayardılar. Doğru, düz yol da məhz budur! Kim bu mənhəci tərk edib, özünə başqa bir dəvət mənhəci seçərsə, düz yolu, “sıratul-mustəqim”i tərk etmiş olar.
Sonda, həmd aləmlərin rəbbi Allaha məxsusdur!
Yazıda, əsasən, şeyx Əhməd Ən-Nəcminin (Allah ona rəhmət etsin) “Əl-məurid əl-əzb əz-zuləl” kitabından istifadə olunmuşdur.
Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev.