• Menyu
  • Menyu

Rafizilərdə Quranın təhrif olunması əqidəsi

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə.

Əslində, “Quranın təhrif olunması” fikri rafizi məzhəbinin təməl prinsiplərindən və əqidə əsaslarından biridir. Hətta bəzi rafizi alimləri təkcə bu etiqadla kifayətlənməmiş, üstəlik Quranın dəyişdirildiyini isbat etməkdən ötrü müstəqil kitablar belə təlif etmişlər. Sadəcə olaraq, bir çox rafizi alimi özlərini əhli sünnətin qınağından qorumaq üçün, bu əqidəni gizlətmiş və izhar etməkdən çəkinmişlər. Bu səbəbdən də, öz kitablarından və məzhəblərinin alimlərindən bixəbər olan bir çox sıravi şiə, bu acı həqiqətdən qafil qalmışlar.

Bu qısa məqalədə siz bu “acı həqiqəti” dilə gətirən böyük rafizi alimləri və bu məzhəbin “dühalar”ı ilə tanış olacaqsınız:

— Hicrətin 307-ci ildə vəfat etmiş, ən qədim və ən böyük şiə təfsirçilərindən sayılan və “Təfsirul-Qummi” adı ilə məhşurlaşan təfsirin müəllifi Əli ibn İbrahim əl-Qummi.

Əli ibn İbrahim əl-Qummi öz təfsirində bu etiqadını belə açıqlayır: “Quranda dəyişdirilmiş və Allahın nazil etdiklərinin əksinə olan ayələr var.” (“Təfsirul-Qummi”nin müqəddiməsi: 1-ci cild, 24-cü səh.)

Daha sonra əl-Qummi dəyişdirilmiş və Allahın nazil etdiyi əsl Qurana muxalif olduğunu iddia etdiyi çoxlu sayda ayəni və buna dair “məsum imamlardan” nəql etdiyi hədisləri misal göstərir.

— Şiə məzhəbinin ən böyük hədis alimi, məzhəbin ən dəyərli və ən etibarlı hədis kitabı olan “əl-Kəfi”nin müəllifi, Əli ibn İbrahim əl-Qumminin tələbəsi Muhəmməd ibn Yaqub əl-Kuleyni.

O, öz etiqadını bu barədə olan hədisləri kitabında rəvayət etməsi ilə bəyan etmişdir. Həmin rəvayətlərdən birini sizlərə təqdim edirik:

Cəfər əs-Sadiq deyir: “Həqiqətən, Cəbrayılın Muhəmmədə gətirdiyi Quran on yeddi min ayə idi.” (“Kitab-Kəfi” cild 2, səh.350, hədis no: 29. Kitabul-Kəfini şərh edən şiə alimi Məclisi “Miratul-Uqul”12/525-də bu hədisin etibarlı bir hədis olduğunu vurğulayır.)

Diqqət edin! Rafizi alimi əl-Kuleyni iddia edir ki, guya Cəfər əs-Sadiq demişdir ki, Məhəmməd Peyğəmbərə nazil olan Quranın ayə sayısı 17 min ayə olubmuş. Halbuki, hal-hazırda müsəlmanların əlində olan Quranın ayələrinin sayı 6236 ayədir. Yəni heç 7 minə çatmır, qaldıkı 17 min ola. Deməli, əl-Kuleyninin iddiasına görə günümüzdə müsəlmanların əlində olan Quran Muhəmmədə nazil olan əsl Quranın yalnız və yalnız 1/3-idir.

— Səfəvi dövlətinin və öz zamanının ən böyük şiə alimi olan, məşhur “Biharul-Ənvər” kitabının müəllifi Muhəmməd Bəqir əl-Məclisi.

O da, özündə “cürət” tapıb “Quranın Təhrif olunması” əqidəsini izhar edən rafizi alimlərindən biridir. Belə ki, o, bayaq qeyd etdiyimiz “on yeddi min ayə” hədisini şərh edərkən, ilk növbədə həmin hədisin “etibarlı” olduğunu qeyd etmiş və daha sonra belə demişdir: “Heç də gizli deyildir ki, bu və digər çox saylı səhih hədislər, Quranın naqis və dəyişdirilmiş olduğunu açıq bir şəkildə göstərir. Bu barədə olan hədislər mənə görə mənaca mütəvatir dərəcəsindədir (yəni çoxsaylı və inkarolunmazdır). Quranın təhrifi barədə olan hədislərin hamısını rədd etmək və inkar etməyə çalışmaq birbaşa hədislərə olan etimadı aradan qaldırmağı labüd edir. Mənim zənnimcə, bu barədə (yəni, Quranın təhrifi barədə) olan hədislər, heç də imamət barədə olan hədislərdən az deyil. Bəs onlar (yəni, Quranın təhrifini qəbul etməyən alimlər) imaməti hədislər ilə necə isbat edirlər?! (Yəni, bu qədər açıq və çoxsaylı hədislərin mövcudluğuna rəğmən, Quranın təhrifini qəbul etmədikləri halda, bəs bu hədislər ilə imaməti necə isbat edirlər?!)” (“Miratul-Uqul”12/525 və bəzi nüsxələrdə səh. 536).

— Zamanının ən böyük şiə fəqihlərindən olan, “Təfsirul-Burhan” adı ilə məşhur olan “Miratul-Ənvar” adlı təfsirin müəllifi Əbul-Həsən əl-Amili.

O da, əl-Məclisi kimi Quranın təhrifinə dair imamlardan rəvayət olunmuş hədislərin mütəvatir dərəcəsində (yəni çoxsaylı və inkarolunmaz) olduğunu qeyd edərək demişdir: “Bil ki, inkar olunmaz həqiqətdir ki, mütəvatir (yəni çoxsaylı və inkarolunmaz) və digər xəbərlərə əsasən, həqiqətən, Peyğəmbərin vəfatından sonra Quranda dəyişikliklər baş vermişdir. (Səhabələr) Quranı topladıqdan sonra bir çox kəlməni və ayəni çıxartmışlar.”

Daha sonra o, təhrif olunmamış, əsil Quranın Mehdidə olduğunu qeyd edir. Sonra bu əqidəyə sahib olan böyük rafizi alimlərindən Kuleyninin, onun ustadı Qumminin, Əyyaşinin, Numaninin, Əbu Talib ət-Təbərsinin və Məclisinin adını qeyd edərək sözünü belə tamamlayır: “Demək olar ki, bu əqidə bizim məzhəbin (şiəliyin) zəruriyyətlərindəndir.” (“Təfsir əl-Burhan”, müqəddiməsi 62-ci və ondan sonrakı səhifələrə bax!).

Hörmətli oxucu! Təbii ki, bu siyahını çox uzatmaq və Quranın təhrif olunduğunu etiraf edən onlarla rafizi alimini misal göstərmək olar. Onlardan:

– Muhəmməd ibn Xalid əl-Bərqi,

– əl-Fəzl ibn Şazan,

– Məhəmməd ibn Həsən əs-Sayrafi,

– Səd ibn Abdullah əl-Qummi,

– Əyyaşi,

– Əbul-Qasim əl-Kufi,

– Şeyx Adnan əl-Bəhrani,

– Yusif əl-Bəhrani,

– Kəmaləddin Meysəm əl-Bəhrani,

– Şeyx Muhsin əl-Kaşani,

– Əhməd ibn Əbi Talib ət-Təbərsi,

– Nemətullah əl-Cəzairi,

– Məzəndarani,

– ən-Nuri ət-Təbərsi,

– Abbas əl-Qummi və digərlərinin adlarını qeyd etmək olar.

İndi sizə demək olar ki, hər bir şiənin evində olan dua və zikr kitabı “Məfətihul-Cinan” kitabından Quranın təhrifinə dair bir nümunəni təqdim edirik.

Kitabın müəllifi, məşhur şiə alimi Abbas əl-Qummi “Cümə gününün əməlləri” bölümündə səh. 63-də belə yazır: “Həqiqətən də, cümə günü Ayətul-Kürsini nazil olduğu kimi oxumağın böyük savabı vardır”.

Abbas Qummi demək istəyir ki, ey şiə, əgər sən cümə günləri Ayətül-Kürsini hal-hazırda əlimizdə olan Qurana görə deyil, məhz nazil olduğu kimi, yəni, təhrif olunmamış, dəyişdirilməmiş formada oxusan, o zaman bunun böyük əcri olar.  Elə, həmin səhifədə də haşiyədə iddia olunan “Ayətul-Kürsi” qeyd olunmuşdur.

 

Hörmətli oxucu! Quranın dəyişdirildiyi etiqadı, əslində rafizilərin əsas etiqadlarından biridir. Sadəcə olaraq onlar bu etiqada sahib olduqlarından ötrü tarix boyu bütün müsəlmanlar tərəfindən tənqid edildiklərinə görə, “Bu, bizə qarşı böhtan və yalandır”– deməyə məcbur oldular.

Əvvəldə də qeyd etdiyimiz kimi, bir çox rafizi alimi özlərini əhli sünnətin qınağından qorumaq üçün, məhz təqiyyə ilə bu əqidəni gizlətmiş və izhar etməkdən çəkinmişlər. Bu səbəbdən də, öz kitablarından və məzhəblərinin alimlərindən bixəbər olan bir çox sıravi şiə bu acı həqiqətdən qafil qalmışlar.

Bu acı həqiqət barədə görün böyük rafizi alimi Nemətullah əl-Cəzairi nə deyir:

“Bizim əshabımız (yəni şiə alimləri) açıq aydın Quranın təhrif olunduğuna dəlalət edən bu qədər mütəvatir (inkar olunmaz və çoxsaylı) hədislərin etibarlılığını təsdiq ediblər. Bəli, bu məsələdə Mürtəza, Saduq və Şeyx Təbərsi şiə alimlərinə muxalif olmuşdur. Onlar belə hökm vermişdilər ki, iki üzlük arasında olan Quran, təhrif edilmədən və dəyişdirilmədən nazil olmuş Qurandır. Görünən budur ki, onlar, bunu (yəni, Quranın təhrif olunmadığını) bir çox məsləhət və səbəbdən  ötrü demişlər. Bu məsləhət/səbəblərdən biri də – Qurana tənə etmək qapısını bağlamaq olmuşdur. Çünki Quranın təhrif edilməsi mümkün olsaydı, onun hökm və qaydalarına necə əməl etmək olardı?….Onlar müəyyən məsləhət və səbəblərdən ötrü (zahirdə) bunu inkar etsələrdə, öz kitablarında Quranın təhrif edildiyinə dair çoxsaylı hədislər rəvayət etmişlər.” (Nemətullah əl-Cəzairi “Əl-Ənvərun-Numaniyyə” 2/357-359).”

Eyni mənbədə, bir sonrakı səhifələrdə Nemətullah əl-Cəzairi bir çox şiəni maraqlandıran bir sualı belə cavablandırır:

“Əgər deyilsə ki, Quranın dəyişdirilməsi ilə birgə, onu oxumaq və onunla əməl etmək necə mümkün olur? Cavabında deyirəm: Artıq hədislərdə məsum imamlardan rəvayət olunmuşdur ki, onlar öz şiələrinə əldə mövcud olan Quranı namazda və başqa  ibadətlərdə oxumağı və onun hökmləri ilə əməl etməyi əmr etmişdilər. O vaxtacan ki, ağamız Sahib əz-Zaman zühur edəcək və insanların əllərində olan Quranı səmaya qaldıracaq, əmirul-mumininin (yəni, Əlinin) yazdığı əsl Quranı ortaya çıxaracaq, onu oxuyacaq və onun hökmləri ilə əməl edəcək.” (“Ənvərun-Numaniyyə”2/363).

Hörmətli Oxucu! İndi səni təsəvvür edə bilməyəcəyin bir faktla üzbəüz qoyacağıq. Rafizi alimləri tərəfindən bütün bu deyilənlər azmış kimi, təxminən əsr yarım bundan öncə yaşamış məşhur şiə alimi ən-Nuri ət-Təbərsi özündə bir az da “cürət” taparaq, Quranın təhrifini isbat etməkdən ötrü “Fəsl əl-Xitab fi isbat təhrif kitab rabb əl-ərbab” adlı müstəqil bir kitab qələmə almışdır. O, bu kitabında Quranın təhrifinə dair “məsum imamlar”dan nəql olunmuş və şiənin hədis elmindəki qaydalarına uyğun  yüzlərlə “səhih” hədisi dəlil gətirir. Şübhəsiz ki, o, bu hədislərin səhihliyini, bunları inkar edən başqa şiə alimlərindən daha yaxşı bilirdi. Unutmaq lazım deyil ki, Nuri ət-Təbərsi Şiə məzhəbinin ən sonuncu və ən böyük mühəddislərindəndir. Hətta daha sonralar o, bu kitabına irad tutanlara qarşı “Rədd bəd əş-şubuhat ən Fəsl əl-Xitab” adlı bir kitab da yazmışdır. Onu da qeyd edək ki, ən-Nuri ət-Təbərsi Şiə məzhəbinin səkkiz ən mötəbər kitabından biri olan “Müstədrək əl-Vəsail” adlı kitabın da müəllifidir.

 

Ey Şiə həmvətənim! Sənə təqdim etdiyim bu həqiqətlərin necə acı bir həqiqət olduğunu çox gözəl bilirəm. Acı da olsa, həqiqət bundan ibarətdir. Əslində burada təəccüblənəsi bir hal da yoxdur. Çünki şiə məzhəbinə görə, beş-on səhabədən başqa Allah Rəsulunun bütün səhabələri onun sağlığında münafiq, vəfatından sonra isə mürtəd (yəni kafir) olmuşlar. Quranı öz sinələrində hifz edən, onu bir kitab halına salıb toplayan və sonrakı nəsillərə nəql edən isə, məhz Allah Rəsulunun səhabələri olmuşdur. Bəs nəql edənə (yəni, səhabələrə) dil uzatmaq, nəql olunana (yəni, Qurana) dil uzatmağı vacib etmirmi?! Elə isə, bu barədə düşün!

Onu da qeyd edək ki, rafizi hədis kitablarında məsum saydıqları imamların adından 2 mindən artıq hədis rəvayət olunmuşdur. Heç şübhəsiz ki, bu hədislərin hamısı uydurmadır və Uca Allahın bu ayəsinə də müxalifdir: Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq. (əl-Hicr, 9)

Lakin burada önəmli bir sual ortaya çıxır: Bir, cəmi bir mövzu ilə əlaqəli bu qədər hədis necə uyduruldu? Nəticə etibari ilə deyirik: demək, əgər bir məzhəbdə ki, bir, cəmi bir mövzuda, həm də bu cür əhəmiyyətli bir mövzuda məsum saydıqları imamların adından bu qədər yalan hədis uydurula bilinirsə, deməli, bu yolun, bu məzhəbin Əhli-Beyt məzhəbi olmasından söhbət belə gedə bilməz.

 

Amma Əhli-Sünnətin əqidəsinə gəldikdə isə, onlara görə Quranın təhrif olunduğuna etiqad etmək küfrdür. Misal üçün, Əhli-sünnət alimlərindən olan İbn Qudamə demişdir: “Heç bir ixtilaf yoxdur ki, əgər bir şəxs Qurandan bir surəni və ya bir ayəni, yaxud bir kəlməni və ya bir hərfi belə inkar etsə, o, ittifaqla kafirdir.” (“Lumatul-Etiqad” səh. 19).

Başqa bir sünni alimi Qazi İyad isə, “əş-Şifa” adlı kitabında belə deyir: “Bil ki, kim Quranın, yaxud müshəfin nəyinəsə qiymətsiz bir şey kimi baxsa, yaxud onu söysə, ya da ki, onu və ya ondan bir şeyi, yaxud onda göstərilən bir hökmü və ya xəbəri yalan saysa, yaxud onun (yəni, Quranın) inkar etdiyini isbat etsə və ya onun isbat etdiyini bilə-bilə inkar etsə, yaxud ondan bir surəyə və ya ayəyə şəkk etsə, o şəxs, bütünlüklə elm əhlinin nəzərində kafir sayılar.”


Müəllif: Əbu Zeyd Həbibli.

 

tovhidinfo
Əbu Zeyd Həbibli

Ər-Riyad şəhəri İmam Muhəmməd ibn Suud adına İslam Universitetinin şəriət fakültəsinin tələbəsi.

Bütün materiallara bax