• Menyu
  • Menyu

Ramazan ayını necə qarşılayaq?

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Allahın qullarına olan böyük nemətlərindən biri də, onlar üçün bir neçə ibadət mövsümü yaratmasıdır. Bu mövsümlərdə itaətlər çoxalır, xətalardan keçilir, günahlar və pis əməllər bağışlanır, yaxşı əməllərin savabı artırılır, (yer üzünə) çoxlu rəhmət enir və Allahın qullarına bəxşişləri çoxalır.

Bu mövsümlərin ən əzəmətlilərindən və Allah qatında ən hörmətlilərindən biri mübarək Ramazan ayıdır. Allah Təala buyurur:

“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran Quran ramazan ayında nazil edilmişdir.” (“Əl-Bəqərə” surəsi, 185)

O, necə də hörmətli bir ay və əzəmətli bir mövsümdür! Bərəkət və xeyir ayı, oruc və namaz ayı, rəhmət, məğfirət və Oddan qurtulma ayı, comərdlik, səxavətlilik, əliaçıqlılıq və yaxşılıq ayı!

Peyğəmbərimiz (Onun üzərinə Allahın salavatı və salamı olsun) bu əzəmətli ayın gəlişi ilə səhabələrini müjdələyər və onları vacib və müstəhəb saleh əməllər etməyə: namazlar qılıb oruclar tutmağa, yaxşılıqlar etməyə, Allaha itaətdə səbr etməyə, gündüzü orucda, gecəni isə, namazda keçirməyə, mübarək vaxtlarını zikr, şükür, “subhənAllah”, “lə iləhə illəllah” kimi zikrləri demək və Quran oxumaq ilə keçirməyə çalışmağa sövq etmişdir.

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir:

“Ramazan gəldikdə Allah elçisi (Onun üzərinə Allahın salavatı və salamı olsun) belə dedi:

“Artıq sizə Ramazan gəlmiş, mübarək bir ay, Allah onu oruclu keçirməyi sizə vacib edib, bu ayda Cənnətin qapıları açılar, Cəhənnəmin qapıları bağlanar, şeytanlar isə, zəncirlənər. Bu ayda bir gecə vardır ki, o, min gecədən daha xeyirlidir, kim onun xeyrindən məhrum olarsa, o, (doğurdan da,) məhrum biridir”.” (“Müsnəd Əhməd”, 9497)

Rəsulullah (Onun üzərinə Allahın salavatı və salamı olsun) Ramazan ayına “mübarək ay” vəsfini verdi, o, haqqı ilə mübarək bir aydır, bu ayın hər bir anında bərəkət vardır: vaxtda bərəkət, əməldə bərəkət, mükafat və savabda bərəkət və min aydan xeyirli olan mübarək Qədr gecəsi.

Bu ayın bərəkətindəndir ki, savablar artırılır, Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır, şeytanlar zəncirlənir və Allahın Cəhənnəmdən xilas etdiyi qullarının sayı çoxalır.

Peyğəmbərimiz (Onun üzərinə Allahın salavatı və salamı olsun) buyurmuşdur:

“Kim Ramazan boyu imanla və mükafatını Allahdan umaraq oruc tutarsa, keçmiş günahları bağışlanar və kim Qədr gecəsini imanla və mükafatını Allahdan umaraq namazda keçirərsə, keçmiş günahları bağışlanar.” (Buxari, 2014; Muslim 760)

Bir kəsin bu mübarək aya, məğfirət ayına çatması, lakin çoxlu israf etdiyinə, tövbə etmədiyinə görə, Allaha qayıdıb Ondan bağışlanma diləmədiyinə, Ona boyun əymədiyinə görə günahlarının bağışlanmaması – bu, ən böyük xüsran və məhrumiyyətdir. Bu səxavətli ay girir və çıxır, o isə, öz günahlarında qalır, xətalarında israr edir  və azğınlığına davam edir…

Peyğəmbərimiz (Onun üzərinə Allahın salavatı və salamı olsun) buyurmuşdur:

“Mənim adım yanında çəkilən və mənə salavat deməyən kəsin burnu yerlə sürünsün; Ramazana çatan və o çıxana qədər bağışlanmayan kəsin burnu yerlə sürünsün; valideynləri yaşa dolan, lakin onu Cənnətə salmayan kəsin (yəni, onlara yaxşı rəftar etmək səbəbi ilə Cənnəti qazanmayan – tərc.) kəsin burnu yerlə sürünsün!” (Tirmizi, 3545)

Həqiqətən, Ramazan ayı müsəlmanlar üçün əziz və hörmətli bir qonaqdır, onu gözəl şəkildə, layiq olduğu kimi – sevinc və hörmət ilə, qarşılamalıdırlar. Necə ki, bir hörmətli qonaq gələrsə, onun gəlməyinə görə sevinərlər və onun üçün ən qiymətli şeylərini sərf edərlər. Ramazan ayı isə, ən hörmətli, ən şərəfli və ən pak qonaqdır, sevinək ki, ona çatmışıq, Allah bizi ona qovuşdurub. Neçə-neçə qohumlar, dostlar, qonşular oldu ki, keçən Ramazanı bizimlə keçirdi, sonra isə, ölüm onları haqladı və bu Ramazana çata bilmədilər!..

Allaha şükür edək ki, bu aya çatmaq nemətini bizə bəxş edib və buna şükrümüz isə, bu ayın mübarək vaxtlarını Allaha yaxınlaşdıran şeylər etmək, faydalı əməllər, səmimi tövbə və yaxşılıqlar edərək səmərəli keçirməklə olsun! Allah Təala buyurub:

De: Allahın neməti və mərhəməti ilə – ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!” (“Yunus” surəsi, 58)

Ramazan orucu İslamın əzəmətli əsaslarından və rükunlarından biridir və bu ayda Allahın qullarına olan rəhməti – Quran nazil olmuşdur. Ona görə də, bu aya görə sevinmək, Allaha şükür etmək və onu Allahın bizdən istədiyi və əmr etdiyi şeylərlə: gündüz oruc tutub bütün xeyir qapılarında yarışmaqla, gecə isə, namaz qılmaq, Quran oxumaq, zikr və yaxşılıq etməklə keçirməliyik.

Ey Allahım! Bizi Sənə itaət etməyə müvəffəq et, bizə Səni zikr etməkdə, Sənə şükür etməkdə və Sənə gözəl şəkildə ibadət etməkdə yardım et və bu hörmətli qonağın haqqını verməyi bizim üçün asanlaşdır, ey aləmlərin Rəbbi!

Şeyx Abdur-Razzəq Əl-Bədrin rəsmi saytından kiçik ixtisar ilə.


Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev.

tovhidinfo
Fərhad Adayev

Mədinə İslam Universitetinin hədis fakültəsinin məzunu, hazırda əqidə qismində magistratura təhsili alır.

Bütün materiallara bax