• Menyu
  • Menyu

Ramazan tövbə ayıdır

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Əziz müsəlmanlar! Ramazan ayı bizə qonaq gəlmiş, rəhmət və bağışlanma qapısı üzümüzə açılmışdır. Bu, bizim üçün bir fürsətdir! Müsəlman bu rəhmət ayında etdiyi günahlardan tövbə etməli, Rəbbindən çoxlu bağışlanma diləməlidir. Allah Təala buyurur:

“Ey iman gətirənlər! Allaha səmimi tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin”. (Ət-Təhrim surəsi, 8-ci ayə)

Bu və başqa ayələrdə Rəbbimiz bizi tövbə etməyə çağırır və tövbə ilə hər bir günahı, nə qədər böyük olsa belə, bağışlayacağını bildirir.

Həmçinin, Peyğəmbərimiz (Onun üzərinə Allahın salavatı və salamı olsun) belə buyurmuşdur:

“Ey insanlar, Allaha tövbə edin. Həqiqətən, mən gündə yüz dəfə Ona tövbə edirəm”. (“Səhih Muslim”, 2702)

Təsəvvür edin, əgər keçmiş və gələcək günahları bağışlanmış, bəşəriyyətin ən şərəflisi olan Muhəmməd (Onun üzərinə Allahın salavatı və salamı olsun) gündə yüz dəfə tövbə edirdisə, bizim tövbə etməyə nə qədər ehtiyacımız var?!

Tövbə Allahın sevdiyi bir əməldir, qul tövbə edəndə Allah Təala sevinir, görün Peyğəmbərimiz bunu bizə necə izah edir:

“Sizdən biriniz səhrada dəvəsinin üstündə olanda dəvə ondan qaçar və yemək-içməyi onun üstündə qalar. Artıq dəvəsini tapa bilməkdən ümidini üzərək bir ağacın kölgəsində uzanar. Bu halda olarkən birdən dəvənin onun yanında durduğunu görər. Tez onun yüyənindən tutar və sevincinin şiddətindən belə deyər: “Allahım Sən mənim qulumsan, mən sənin Rəbbin”, sevincinin gücündən səhv deyər. Həqiqətən, Allah bir qulunun tövbə etməsinə bu kəsdən daha çox sevinər”. (“Səhih Muslim”, 2747)

Müsəlman olan kəs gərək tövbənin əhəmiyyətini və ona olan ehtiyacını anlasın. Həmçinin, günahların təhlükəsini və dünya və axirətdə ona verən zərərini də dərk etsin. Allah Təala buyurur:

“Onun (Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (“Ən-Nur” surəsi, 63-cü ayə)

Dünya və axirətdə şərrin və bəlanın günahlardan və Allaha asilikdən başqa bir səbəbi varmı?! Nuhun zamanında yer üzündəki insanların suyun dağların başına çataraq boğulmasının səbəbi nə idi? Hud qövmünə həlakedici külək, Səmud qövmünə dəhşətli səs gələrək onları məhv etməsinin səbəbi nə idi? Lut qövmünün yaşadığı yerin üstünü altına, altını üstünə çevrilməsinin, onların üzərinə daşların yağmasının səbəbi nə idi? Bəs Fironu və qövmünü batıran, Qarunu, onun malını və ailəsini yerin altına salan nə idi?

Bunların hamısının səbəbi onların etdiyi günahlar və Allaha asi olmaları idi. Allah Təala buyurub:

“Biz onların hər birini öz günahı ilə yaxaladıq (hərəyə öz günahına görə cəza verdik). Kiminin başı üstünə (qasırğa ilə) qızmar daş yağdırdıq, kimini dəhşətli (tükürpədici) səs yaxaladı, kimini yerə gömdük, kimini də suya qərq etdik. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər.” (“Əl-Ənkəbut” surəsi, 40-cı ayə)

Bütün bunları xatırlayan kəs bundan sonra öz günahlarına tövbə etməyə bilərmi? Bu hədisi diqqətlə oxu və gör Rəbbin necə rəhimlidir! “Həqiqətən, Allah (Azzə və Cəllə) gecə əlini açar ki, gündüz pis əməl etmiş kəs tövbə etsin, gündüz də əlini açar ki, gecə pis əməl etmiş kəs tövbə etsin. Günəş qərbdən çıxana qədər…” (“Səhih Muslim”, 2759)

Günəşin adətinə müxalif olaraq şərqdən deyil, qərbdən çıxması Qiyamətin böyük əlamətlərindəndir, bu əlamət görülənə qədər, həmçinin, sənə ölüm anı gələnə qədər tövbə edə bilərsən. Gecikmə!

Bəs səmimi, düzgün tövbə necə olur? Tövbənin qəbul olunmasının bir neçə şərti var:

  1. Tövbə sırf Allah üçün, ixlaslı olmalıdır. Hansısa insana, vəzifəyə, mala və s. görə yox.
  2. Tövbə edən etdiyi günahdan peşman olmalıdır, ona görə hüzn hissi keçirməlidir.
  3. Etdiyi günahı dərhal tamamilə tərk etməlidir. Bu günah başqalarının haqları ilə bağlıdırsa, həmin haqqı sahibinə qaytarmalıdır, onunla halallaşmalıdır.
  4. Gələcəkdə bu günaha qayıtmamağında əzmkar olmalıdır, məsələn, “indi tövbə edim, ramazan qurtarandan sonra yenə edərəm” niyyəti ilə etməməlidir.
  5. Tövbə yuxarıda qeyd olunan iki vaxtdan: ölüm gələndən və günəşin qərbdən çıxmasından öncə olmalıdır.

Bu şərtləri yerinə yetirməklə Allaha tövbə etməyə tələs! Xüsusən də, mübarək Ramazan ayında. Çünki bu ayda tövbənin xüsusi bir yeri və faydası var, Peyğəmbərimiz (Onun üzərinə Allahın salavatı və salamı olsun) buyurub:

“Ramazan ayının ilk gecəsi olanda şeytanlar və tuğyan edən şərli cinlər zəncirlənər; cəhənnəmin qapıları bağlanar və onlardan heç biri açılmaz; cənnətin qapıları açılar və onlardan heç biri bağlanmaz və hər gecə bir carçı belə çağırar: Ey xeyir istəyən, (Allaha doğru, Onun itaətinə doğru) gəl! Ey şərr istəyən, (günah etməyi, asi olmağı) saxla! Allahın cəhənnəmdən azad etdiyi kəslər olar və bu, hər gecə baş verər”. (“Sünən Ət-Tirmizi”, 682)

Sonda isə, sizi Rəbbimizin bu çağırışı ilə başbaşa buraxıram:

“(Mənim adımdan qullarıma) de: ‘Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhm edəndir!” (“Əz-Zumər” surəsi, 53-cü ayə)


Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev.

tovhidinfo
Fərhad Adayev

Mədinə İslam Universitetinin hədis fakültəsinin məzunu, hazırda əqidə qismində magistratura təhsili alır.

Bütün materiallara bax