• Menyu
  • Menyu

Şeyx Fovzanın fitnələr barədə nəsihəti

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Əsrimizin böyük alimlərindən olan, daimi fətvalar komitəsinin üzvü, şeyx Saleh ibn Fovzan Əl-Fovzan müsəlmanlara nəsihət edərək buyurur:

“Sizə Allahdan qorxmağı, elm tələb etməkdə davamlı olmağı, buna həris olmağı, Allahın sizə öyrətdiyi elmə əməl etməyi, Qüdrətli, Böyük Allahın dininə dəvət etməyi, öyrəndiyinizi insanlara öyrətməyi tovsiyə edirəm. Elm tələbələrinin arasında baş verən və günümüzdə yayılan söz-söhbəti, bir-birinizə nifrət bəsləməyi tərk edin. Aralarında baş verən dava-dalaşla, bir-birini təhqir etməklə, bir-birini qızışdırmaqla bu ümməti parçalayıb, elm tələbələrinin arasına ixtilaf salıblar. Dedikləri ancaq: “filankəsdən çəkinin”, “filankəslə oturmayın”, “filankəsdən dərs almayın”. Belə şeylər icazəli deyil. Əgər bir adamın xətası olsa, xəlvətdə, ikinizin arasında ona nəsihət et. Amma sənin bu şeyi insanlar arasında yaymağın, əgər o kəs alim və ya elm tələbəsi və ya saleh bir insandırsa,  hər hansı bir xətanı edibsə, vacib deyil ki sən o xətanı yayasan. Allah Təalə buyurub:

“Möminlər barəsində iyrənc şayiələrin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah bilir, siz isə bilmirsiniz.” (Ən-Nur, 19).

Vacib olan budur ki, müsəlmanlar arasında, xüsusən də elm tələbələri arasında sevgi, bağlılıq olsun. Xüsusən də alimləri sevməlidirlər, onlara hörmət etməlidirlər. Amma müsəlmanların bir-birinə tövsiyə etməmələri, bir-birindən çəkindirmələri bir çox şərə, bir-birinə nifrət etməyə, kin-küdurətə, fitnə-fəsada səbəb olmuşdur. Belə şeylərdən çəkinin! Allah sizi xeyirlə mükafatlandırsın. Allah Təalə sizi necə görmək istəyirsə, elə olun!

“Həqiqətən, bu, vahid bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Məndən qorxun.” (Muminun 52).

“Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir.” (Əli İmran, 105).

Bir-birinizi başa düşməyə çalışın, bir-birinizə nəsihət etməyə həris olun. Yaxşı işlərdə, əmrləri yerinə yetirib, qadağalardan çəkinməkdə bir-birinizə yardım edin. Müsəlmanları parçalamaqdan çəkinin, xüsusən də bu zəmanədə. Müsəlmanların indi birləşməyə ehtiyacları var. Aralarında baş verən mübahisəni tərk etməyə ehtiyacları var. Yaxşılıq və təqva üzərində bir-birinə yardım etmələrinə ehtiyacları var. Müsəlmanları pərən-pərən etməkdə, müsəlmanları parçalamaqda düşmənə yardım etməyin. Alimlər arasında, elm tələbələri arasında parçalanma olsa, bəs bu ümmət üçün kim qalacaq? Şəriətdən danışmaq avam insanların işi deyil. Şəriətdən danışmaq elm tələbələrinə aiddir. Onlar insanların arasını düzəldir, insanları öyrədirlər. Belə şeyləri tərk edin. Aranızdakı ədavəti, söz-söhbətləri tərk edin. Bu məzəmmət olunan xasiyyəti tərk edin.

 “Bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi?” (Əl-Hucurat, 12).

“İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə, dedi-qodu yayana, xeyrə mane olana, həddi aşana, günahkara”. (Əl-Qələm, 10-12).

Onların sözünə qulaq asıb, ümməti parçalamaqda, ümməti zəiflətməkdə şeytana yardım etməyin. Əgər onda hər hansı bir xəta görsəniz, doğrudan da xətası sübut olunarsa, ona nəsihət edin. Şaiyələrin ardınca getməyin.

 “Ey iman gətirənlər! Əgər bir fəsadçı sizə bir xəbər gətirsə, onu araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz.” (Əl-Hucurat, 6).

 “Ey iman gətirənlər! Allah yolunda döyüşə çıxdığınız zaman kiminlə vuruşacağınızı yəqin edin və sizə salam verən şəxsə, dünya həyatının fani mənfəətinə can ataraq: “Sən mömin deyilsən!”– deməyin.” (Ən-Nisə, 94).

Böyük və Uca Allah müsəlmanları bir olmağa, sözlərinin bir olmasına, bir-birinə yardım etməyə, bir-birinə nəsihət etməyə həvəsləndirib. Biz demirik ki, xətanı tərk edin. Xeyr!  Xətanı islah edin. Deyirik ki, xətanı düzəldin. Xətanı tərk etməməlisiniz, lakin onu Şəriətdə gələn yollarla islah etməlisiniz.

Allah Təalə hamımızı sevdiyi və razı qaldığı əməllərə müvəffəq etsin. Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun.”

Şeyxin Ciddə şəhərində “Kral Suud” məscidində “Dəlilut-talib” kitabını şərh etdiyi zaman tələbənin verdiyi suala cavabı.
Tarix: 03/07/2013.Yazının orijinalını bu keçiddən dinləyə biləsiniz.


Tovhid.info heyəti

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax