Bəzi ittihamlara cavab
Şeyxul-islam Muhəmməd ibn ƏbdülVəhhaba və onun dəvətinə edilən ən böyük və ən təhlükəli ittihamlardan biri onun müsəlmanları təkfir etməsi və onlarla vuruşmasıdır. Müsəlmanların təkfiri və qanlarının axıdılması olduqca həssas məsələ olduğundan, tövhid dəvətinin düşmənləri bundan istifadə edərək elmsiz və şeyxin dəvəti barədə kifayət qədər məlumatı olmayan müsəlmanları bu şübhəyə asanlıqla salmağa nail olmuşlar. Və hətta əhli-sünnədən olan və tövhidə dəvət edən bəzi insanlarda bu şübhəyə düşərək şeyxi və dəvət imamlarını təkfirdə aşırılığa düşməkdə və sərtlikdə ittiham etmişlər.
Lakin sağlam niyyətlə məsələ barədə ən səthi araşdırma aparan hər kəs əmin olur ki, həqiqətdə, Muhəmməd ibn ƏbdülVəhhab müsəlmanları təkfir etməkdən uzaq olmuş və bu məsələdə əhli-sünnənin qoyduğu qaydalara riayət etmiş, şərtləri və maneələri nəzərə almışdır. O, hətta böyük şirkə düşən müsəlmanları cahil olduqlarına görə təkfir etməmiş və onlara hüccətin çatmasını şərt qoymuşdur. Həmçinin, müxaliflərlə özü hərb elan etməmiş, onların hücumlarına cavab vermiş və qurduğu şəriət dövlətinə qarşı edilən həmlələri dəf etmişdir. Və aydın olur ki, ona irad tutulan məsələlərin ya şeyxə nisbət edilməsi doğru deyil, ya da bunlar şəri əsasa arxalanan və qaçılmaz hərəkətlərdir.
Yazını oxuyan deyə bilər ki, bu müəllifin etdiyi təhlildir və bizimlə razı olmaya bilər, ona görə də, bu şübhələrə şeyxul-islam Muhəmməd ibn ƏbdülVəhhabın öz diliylə cavab vermək daha məqsədəuyğundur.
Şeyxin müsəlmanları təkfir etməsi, onlarla haqsız döyüşməsi və aşırı sərt olması şübhəsinə cavab bir neçə cəhətdən olacaq:
- Şeyx müsəlmanlara çoxsaylı nəsihətlər etməsiylə, onlar üçün daim dua etməsiylə, onların doğru yola dönməsinə hərisliyi və onlar üçün üzrlər axtarması ilə tanınır. Buna ən sadə misal onun risalələridir, həqiqətən onları oxuyan kəs tez-tez özünə ünvanlanmış “Allah sənə rəhm etsin” və s. dualara rast gəlir.
- Günahlara görə təkfir etmir və deyir:
“و لا أكفر أحدا من المسلمين بذنب و لا أخرجه من دائرة الإسلام”.
“Müsəlmanlardan heç kimi günaha görə təkfir etmirəm və islam dairəsindən çıxartmıram”. (Əd-durar əs-səniyyə, 1/32.)
Həmçinin, onu və ardıcıllarını ittiham edənlərə cavabında deyir:
“و قولكم إنا نكفر المسلمين…, فإنا لم نكفر المسلمين, بل ما كفرنا إلا المشركين”.
“Və sizin deməyiniz ki, biz müsəlmanları təkfir edirik…, həqiqətən, biz müsəlmanları təkfir etməmişik, yalnız müşrikləri təkfir etmişik”. (Şeyxin təlif etdiklərinin toplusu, 5ci qism, s. 189.)
İraq alimi İbn əs-Suveydiyə məktubunda yayılan şayə və böhtanlar barədə belə deyir:
“و منها ما ذكرتم: أني أكفر جميع الناس إلا من اتبعني, و أزعم أن أنكحتهم غير صحيحة, و يا عجبا كبف يدخل هذا في عقل عاقل…”
“Onlardan sizin zikr etdiyiniz: (guya) mənə tabe olanlardan başqa bütün insanları təkfir edirəm və onların nikahlarının düzgün olmadığını iddia edirəm, təəccüb edirəm ki, bu ağıllı insanın ağlına necə gələ bilər…” (Əd-durar əs-səniyyə, 1/80.)
- Ümumi (təfsilatsız) təkfir etmir. Onu və davamçılarını müsəlmanları ümumi təkfir etmələrini və onlara müxalif çıxan hər kəsi təkfir etmələrini iddia edənlərə belə cavab verir:
” و أما القول: أنا نكفر بالعموم فذلك من بهتان الأعداء الذين يصدون به عن هذا الدين, و نقول سبحانك هذا بهتان عظيم”.
“Bizim ümumi təkfir etməyimizi demək isə, bu düşmənlərin böhtanındandır, hansı ki, bununla (insanları) bu dindən (islamdan) döndərmək istəyirlər. Və deyirik: (Allahım!) Sən pak və nöqsansızsan, bu çox böyük bir böhtandır.” (Əd-durar əs-səniyyə, 1/100.)
- İnsanlarla zahirlərinə görə müamilə edir. Şeyx insanlarla zahirlərinə görə müamilə edir və kim ki, zahirən müsəlmandırsa, onunla müsəlman müamiləsini edir, sirrdə olanı isə Allaha buraxır. Necə ki, bidət əhli barədə belə deyir:
“و أحكم عليهم بالظاهر و أكل سرائرهم إلى الله تعالى”.
“Onlara zahirə görə hökm verirəm, gizlində olanları isə Allah Təalaya buraxıram”. (Əd-durar əs-səniyyə, 1/33.)
- Mücərrəd zənnə görə təkfir etmir.
- Cahili bilmədiyinə görə üzrlü bilir.
- Hüccət və açıq-aydın dəlil çatana qədər təkfir etmir.
Bu üç qaydanı iqrar etməsini öz sözləri sübut edir:
“و أما ما ذكر الأعداء عني أني أكفر بالظن و بالموالاة, أو أكفر الجاهل الذي لم تقم عليه الحجة فهذا بهتان عظيم يريدون به تنفير الناس عن دين الله و رسوله صلى الله عليه و سلم”.
“Düşmənlərin zikr etməsi ki, mən zənnlə və müvalətlə (dostluq və düşmənçilik) təkfir edirəm və ya hüccət çatmayan cahili təkfir edirəm, bu böyük bir böhtandır, bununla insanları Allahın və Rəsulunun (sallallahu aleyhi və səlləm) dinindən qaçırtmaq istəyirlər”. (Şeyxin təlif etdiklərinin toplusu, 5ci qism, s.25).
Şeyx və tövhid dəvətinin alimlərinin onlara müxalif olan bəzi şəxsləri yalnız dəlil əsasında, hallarını biləndən sonra və onlara hüccət qaldırandan sonra təkfir etmişlər. Lakin şirk içində olan cahilləri isə, təkfir etməmişlər.
Muhəmməd ibn ƏbdülVəhhabdan onun hansı əmələ görə insanlarla vuruşduğu və hansı əmələ görə insanı təkfir etməsini soruşduqda cavabı belə olur:
“و أركان الإسلام الخمسة, أولها الشهادتان, ثم الأركان الأربعة, فالأربعة: إذا أقر بها, و تركها تهاونا, فنحن و إن قاتلناه على فعلها, فلا نكفرها بتركها, و العلماء اختلفوا في كفر التارك لها كسلا من غير جحود, ولا نكفر إلا ما أجمع عليه العلماء كلهم, و هو: الشهادتان. و أيضا نكفره بعد التعريف إذا عرف و أنكر”.
“İslamın beş ərkanı, onlardan birincisi iki şəhadətdir, sonra isə (qalan) dörd ərkan. Və bu dörd ərkanı təsdiq edərsə və səhlənkarlıqla tərk edərsə, biz onunla bunu etdiyinə görə vuruşsaq da, bunları tərk etdiyinə görə onu təkfir etmirik. Alimlər bunları inkar etmədən, tənbəlliyə görə tərk edənin küfründə ixtilaf etmişdirlər. Biz də alimlərin hamısının icma etdiyindən başqa şeyə görə təkfir etmirik, bu da iki şəhadətdir. Həmçinin, ona bildirdikdən sonra, bilərsə və inkar edərsə, təkfir edirik”. (Əd-durar əs-səniyyə, 1/102.)
Davamında isə deyir:
“و أما الكذب و البهتان, فمثل قولهم: إنا نكفر بالعموم, و نوجب الهجرة إلينا على من قدر إظهار دينه, و إنا نكفر من لم يكفر, و من لم يقاتل, و مثل هذا و أضعاف أضعافه, فكل هذا من الكذب و البهتان, الذي يصدون به الناس عن دين الله و رسوله.
و إذا كنا لا نكفر من عبد الصنم, الذي على (قبر) عبد القادر و الصنم الذي على قبر أحمد البدوي, و أمثالهما, لأجل جهلهم, و عدم من ينبههم, فكيف نكفر من لم يشرك بالله؟! إذا لم يهاجر إلينا, أو لم يكفر و يقاتل (سبحانك هذا بهتان عظيم).
Yalan və böhtan isə, deməkləri ki, biz (guya) ümumi (təfsilatsız) təkfir edirik və dinini izhar etməyə qadir olanın yanımıza hicrət etməyini vacib görürük, təkfir etməyəni, döyüşməyəni təkfir edirik və buna bənzər və bundan dəfələrlə çox (yalanlar). Və bütün bunlar yalan və böhtandır, hansı ki, bununla insanları Allahın və Rəsulunun dinindən döndərməyə çalışırlar.
Və biz, əgər AbdulQadirin və Əhməd əl-Bədəvinin qəbrlərinin üstündəki bütə ibadət edəni və onların mislində olanları cahilliklərinə və onlara başa salanın olmadığına görə təkfir etmiriksə, Allaha şərik qoşmayanı, əgər bizim yanımıza hicrət etmirsə və ya təkfir etmir və döyüşmürsə, necə təkfir edə bilərik?! “Sən pak və nöqsansızsan! Bu böyük bir böhtandır”. (Əd-durar əs-səniyyə, 1/102-104.)
Şeyxin sonuncu sözləri onun cahilliyi üzr görməsində heç bir şəkk saxlamır və əgər şeyxin digər ümumi məna verən sözləri gətirilərsə, yuxarıda verdiyi təfsilat və çəkdiyi konkret məsəl həmin ümumi sözlərinə aydınlıq gətirir.
Həmçinin, şeyxin ümmətin çoxunu təkfir etməsi də həqiqətə uyğun deyildir:
” و أما التكفير: فأنا أكفر من عرف دليل الرسول صلى الله عليه و سلم, ثم بعدما عرف, سبه و نهى الناس عنه, و عادا من فعله فهذا هو الذي أكفره, و أكثر الأمة_و لله الحمد_ ليسوا كذلك”.
“Təkfirə gəldikdə isə, mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dəlilini bilən, bundan sonra ona söyər və insanları ondan çəkindirən, ona əməl edənə düşmənçilik edəni təkfir edirəm, ümmətin çoxu isə, Allaha həmd olsun, belə deyil”.
Sözünün davamında şeyx vuruşmaq mövzusuna toxunaraq deyir:
“و أما القتال: فلم نقاتل أحدا إلا دون النفس, و الحرمة, فإنا نقاتل على سبيل المقابلة ((و جزاؤا سيئة سيئة مثلها)) و كذلك من جاهر بسب دين الرسول, بعدما عرفه, و السلام”.
“Vuruşmağa gəldikdə isə, biz yalnız özümüzü və haramlarımızı (namusumuzu) qorumaq üçün və qarşılıq olaraq, bizimlə vuruşanlarla vuruşuruq. “Pisliyin cəzası özü kimi pislikdir” (Əş-Şura, 40). Həmçinin o kəslə (vuruşuruq) ki, Peyğəmbərin dinini bildikdən sonra, ona açıq-aydın söyərsə, vəssalam”. (Əd-durar əs-səniyyə, 1/83.)
Bu barədə daha geniş yazmaq və şeyx Muhəmməd ibn ƏbdülVəhhabın və digər dəvət imamlarının bir çox bu iftiraları boşa çıxaran sözlərini zikr etmək olar, lakin hesab edirəm ki, ağıl sahiblərinə bunlar kifayət edər. Allah daha yaxşı bilir! Muhəmməd peyğəmbərə, onun ailəsinə və səhabələrinə Allahın salamı və xeyir-duası olsun!
Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev.