Mərhəmətli və rəhmli Allahın adı ilə
Həmd və səna aləmlərin rəbbi Allaha məxsusdur. Allahın elçisi Muhəmmədə, onun ailəsinə və səhabələrinə və qiyamət gününəcən onun sünnəsi üzərində olanlara Allahın xeyir-duası və salamı olsun.
Sonra isə:
Əziz müsəlmanlar! Rəbbimiz İslam dinini bizim üçün seçmiş, onu kamilləşdirmişdir. Və bu kamil dini bizə iki şərəfli vasitə ilə çatdırmışdır: Quran və Muhəmməd peyğəmbərin(salləllahu aleyhi və səlləm) sünnəsi. Belə ki, Quran sonuncu kitab, Muhəmməd (salləllahu aleyhi və səlləm) sonuncu peyğəmbər, islam isə sonuncu dindir və qiyamətə qədər bütün insanlar üçün vacib olan din islam dinidir. Allah Təala bu dini qoruyacağına dair bizə vəd verərək buyurmuşdur:
“Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq”. (Əl-Hicr, 9).
Allah Təala vədinə xilaf çıxan deyildir və Quran-Kərim müsəlmanların sinəsində və mushaflarda qorunur və unutmayaq ki, Quran mushaf halında yalnız Əbubəkrin (Allah ondan razı olsun) xilafəti zamanında salınmış və Osmanın (Allah ondan razı olsun) xilafəti zamanında isə çoxaldılaraq bütün bölgələrə göndərilmişdir.
Bilirik ki, İslam dininin məsdəri Quran və Sünnədir. Quran əgər qorunursa, bəs sünnə necə?
Əvvəlcə bilmək lazımdır ki, Sünnə də Quran kimi Allahdan olan vəhydir. Bunu bizə Allah Təala elə Qurandaca bildirib:
“O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.” (Ən-Nəcm, 3-4). Bu ayədə Allah Təala açıq-aydın sünnəni vəhy adlandırır.
“Allahın evlərinizdə oxunan ayələrini (Quranı) və hikməti (Peyğəmbərin qoyduğu qayda-qanunu) xatırlayın. Allah (möminlərə) lütfkardır, (bəndələrinin bütün əməllərindən) xəbərdardır!”. (Əl-Əhzəb, 34).
“Allah sənə Kitabı və hikməti (Quranı və Sünnəni) nazil etdi və bilmədiyin şeyləri sənə öyrətdi. Allahın sənə olan lütfü böyükdür”. (Ən-Nisə, 113).
İmam Şafii (Allah ona rəhm etsin) bu ayələr barədə buyurmuşdur:
“Allah Təala kitabı zikr etmişdir və o, Qurandır. Həmçinin, hikməti zikr etmişdir və Quran elminin əhlindən razı olduqlarımın belə dediklərini eşitmişəm: “hikmət Allah elçisinin (salləllahu aleyhi və səlləm) sünnəsidir”.” (“Ər-Risələ”, 111).
Allah Təala, həmçinin, buyurub:
“Sənə də zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr.” (Ən-Nəhl, 44).
Sünnənin Quran kimi vəhy olmasına aid sünnənin özündə də saysız-hesabsız dəlillər vardır, lakin sünnəni inkar edənlərə qarşı elə Quranın özündən dəlil gətirmək daha məqsədəuyğundur.
Quranı hifz edən Sünnəni də hifz edir, çünki Allah Təala Quranın həm ləfzini, həm də mənasını qoruyur, Quranın mənasının təfsilatı isə Sünnədədir. Allah Təala buyurur:
“Sonra, sözsüz ki, onu (Quranı) izah etmək də Bizə aiddir.” (Əl-Qiyəmə, 19).
Demək, sünnəni qorumaq elə Quranı qorumaq deməkdir.
Sünnə vəhy olsa da, Quran ondan bir neçə xüsusiyyəti ilə seçilir: Quranın ləfzi Allah tərəfindəndir, Onun kəlamıdır, Quranı oxumaq ibadətdir, namazda Quran oxumaq vacibdir, o, bəşəriyyət üçün möcüzədir və heç kim onun mislində bir şey gətirə bilməz.
Lakin hüccət baxımından sünnə Quran ilə eyni dərəcədədir, baxmayaraq ki, bəzi alimlər hüccət baxımından Quranı sünnədən önə çəkmişdir. Lakin hətta onların dediyi kimi olsa belə, bu, yalnız Quranla sünnənin bir-birinə zidd gəlməsi zamanı ortaya çıxa bilər, hansı ki, mümkün deyildir. Çünki səhih sünnə heç zaman Qurana ziddiyat təşkil etmir və hansısa ayə ilə səhih hədis arasında zahirən ziddiyat görünsə də, əslində ziddiyat insanların ağıllarının naqisliyindəndir. Məsələni dərindən araşdırandan sonra məlum olur ki, bunların arasında ziddiyat ola bilməz. İkisi də Allah tərəfindən göndərilən vəhydir, ikisi də haqqdır, onların arasında necə ziddiyat ola bilər?!
Sünnənin Quranla əlaqəsi üç növdür:
- Quranda gələni təsdiq edir.
- Quranda gələni təfsir edir, açıqlayır, ümumi gəlmiş hökmü xüsusiləşdirir və s.
- Quranda gəlməyən bir şeyi (hökmü və ya xəbəri) bəyan edir.
İbn Qeyyim (Allah ona rəhm etsin) bu üç növü zikr edəndən sonra demişdir:
“Və bu üç qismdən heç birini rədd etmək caiz deyildir…” (İ’ləmul-muvaqiin, 2/323).
Alimlərdən bəziləri isə demişlər ki, sünnədə olan hər bir şeyin əsli Quranda var, beləliklə, onlar yuxarıdakı üçüncü qismi də ikinci qismə daxil etmiş olurlar.
Birinci qismə aid misal:
Allah Təala Quranda namazı, zəkatı, orucu, həcci əmr edir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) də səhih hədisdə belə buyurur:
“İslam beş şey üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Muhəmməd Onun elçisidir şəhadəti, namaz qılmaq, zəkat vermək, ramazan orucu tutmaq və bacarırsansa, həcc etmək”. (Buxari, Muslim).
İkinci qismə aid misal:
Allah Təala buyurur:
“Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacibdir”. (Ən-Nisə, 103).
Allah Təala Qurani-Kərimdə namazı əmr etmişdir, onun müəyyən vaxtlarda qılınmasının vacib olduğunu zikr etmişdir. Lakin namazların sayı, vaxtları, rükətlərinin sayı, səcdə və rükuların sayı və digər təfsilatı zikr etməmişdir. Bunlar hamısı haradan götürülür? Sünnədən! Maraqlıdır, görəsən sünnəni, hədisləri inkar edənlər necə namaz qılırlar?.. Bir insan gəlib onlara desə ki, mən sübh namazını yeddi rükət qılıram, ona necə inkar edəcəklər?!
Zəkat da, həmçinin, bu qəbildəndir. Vacibliyini Qurandan bilsək də, hansı maldan və nə qədər çıxarıldığını sünnədən öyrənirik.
Üçüncü qismə misal:
Bir kişinin eyni vaxtda bir qadınla və qadının bibisiylə və ya xalasıyla evli olmasına aid Quranda heç bir qadağa yoxdur, lakin sünnədən biz bilirik ki, bu haramdır. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) qadını bibisinin üstünə və qadını xalasının üstünə almağı qadağan etdi. (Buxari, Muslim).
Həmçinin, İbn Abbas (Allah hər ikisindən razı olsun) rəvayət etmişdir:
“Allah elçisi (salləllahu aleyhi və səlləm) köpək dişi olan hər bir vəhşi heyvanı və caynağı olan hər bir quşu (yeməyi) qadağan etdi”. (Muslim).
Lakin Qurani-Kərimdə bu barədə heç nə varid olmayıb.
Belə olduğu halda, Allah Təala birinci vəhyi (Quranı) hifz etdiyi kimi ikinci vəhyi (Sünnəni) də hifz etməyə qadir deyilmi?! Əgər sünnəyə zamanımızda ehtiyac yoxdursa, onda Allah Təala Peyğəmbəri niyə göndərib? Yəni Peyğəmbərə itaət yalnız onu görənlərəmi vacibdir?!
Həmçinin, bilmək lazımdır ki, sünnəni inkar edən Quranı da inkar etmiş olur. Çünki Allah Təala Quranda bir çox ayədə bizə Peyğəmbərə, onun sünnəsinə tabe olmağımızı, onun əmrlərini yerinə yetirməyimizi əmr edib. Və sünnəni inkar edən kəs Quranın bu ayələrini də inkar etmiş olur. Həmçinin, iddia etmiş olur ki, ya Allah Təala Quranı bütün bəşəriyyət üçün göndərməyib, ya da bu ayələri boş-boşuna, əbəs yerə nazil edib.
İmam Əhməd (Allah ona rəhm etsin) demişdir:
“Mushafa (Qurana) nəzər yetirdim və orada Allah rəsuluna itaəti otuz üç yerdə tapdım…” (İbn Batta, “Əl-İbənə” , 1/260).
İbn Teymiyyə (Allah ona rəhm etsin) isə belə demişdir:
“Allah Təala bütün insanlara Peyğəmbərə itaət etməyi Quranın qırxa yaxın yerində vacib etmişdir”. (“Məcmuul-fətəva” , 19/261).
Bu ayələrdən bəziləri artıq yuxarıda qeyd olunub, bəzilərini isə burada zikr edirik:
- “(Ya Rəsulum!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa ibadətə layiq heç bir məbud yoxdur. O dirildir və öldürür. Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!”” (Əl-Əraf, 158).
- “Allahın sizə olan nemətlərini, öyüd-nəsihət vermək üçün nazil etdiyi Kitab və hikməti (Sünnəni) yadınıza salın. Allahdan qorxun və bilin ki, Allah hər şeyi bilir.” (Əl-Bəqərə, 231).
- “(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!”” (Əli İmran, 31).
- “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin). Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, o şeydə Allaha və (Onun) Elçisinə qayıdın.” (Ən-Nisə, 59).
- “Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar.” (Ən-Nisə, 65).
Təfsir alimləri ittifaq etmişlər ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) ölümündən sonra ona qayıtmaq, onu hakim tutmaq sünnəsinə qayıtmaqla, sünnəsini hakim tutmaqla olur.
- “De: “Allaha və (göndərdiyi )Elçiyə itaət edin!” Əgər üz döndərərlərsə, şübhəsiz ki, Allah kafirləri sevməz.” (Əli İmran, 32).
- “Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.” (Əl-Həşr, 7).
- “Qoy onun (Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə sarsıdıcı bir əzab üz verməsindən qorxsunlar.” (Ən-Nur, 63).
- “Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir.” (Ən-Nisə, 115).
- “Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir.” (Əl-Əhzəb, 21).
Əgər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sünnəsi bizə gəlib çıxmayıbsa, biz ondan necə örnək, nümunə götürək, necə onun yoluyla gedək, ona itaət edək, necə onun bizə verdiklərini götürüb qadağan etdiklərindən çəkinək?!
Sünnədə bu barədə hədislər daha çoxdur, bir neçəsini ixtisarla zikr edək:
- “Məndən sonra sizdən kim yaşayacaqsa, çoxsaylı ixtilaflar görəcək, (bu zaman) sizə mənim sünnətim və raşidi xəlifələrinin sünnətiylə getmək vacibdir, ondan azı dişlərinizlə yapışın, (dində) yeniliklərdən çəkinin, çünki hər bir yenilik zəlalətdir.” (Hədis həsəndir. Əhməd, Əbu Dəvud, Tirmizi, İbn Məcə rəvayət edib).
- “Sizə iki şey buraxdım ki, onlardan sonra azmazsınız: Allahın kitabı və mənim sünnətim və bu ikisi hovuza gələnə qədər (Peyğəmbərin, salləllahu aleyhi və səlləm, məhşərdəki hovuzu) bir-birindən ayrılmayacaqdır”. (Həsən hədisdir, Hakim rəvayət edib).
- “Kim sünnətimdən üz döndərərsə, məndən deyildir”. (Buxari, Muslim).
- “Mənə Quran və onunla bərabər onun misli (sünnət) verilib, az qalıb ki, tox biri taxtında oturaraq desin: “Bu Qurandan yapışın, onda nəyi halal tapsanız halallaşdırın, nəyi haram tapsanız haramlaşdırın”. Həqiqətən, rəsulullahın haram etməsi Allahın haram etməsi kimidir”. (Əbu Dəvud, Tirmizi).
Artıq bilirik ki, sünnə Allahdan olan vəhydir və Allah tərəfindən qorunur. Sual çıxa bilər ki, bu qorunma necə baş verib və necə ola bilər ki, min dörd yüz il öncə deyilmiş hədislər indiyə qədər olduğu kimi qalıb?
Cavab: Allah Təala sünnəni qorumaq üçün bu ümmətə heç bir ümmətə vermədiyi bir elmi – isnad elmini vermiş və sünnəni qorumaq üçün ağlasığmaz istedada, hafizəyə malik olan, dinlərində dağlardan möhkəm olan alimlər göndərmişdir. Bu alimlər elə bir yolla sünnəni qorumuşlar ki, bu yola, bu metoda nə onlardan əvvəl, nə də sonra heç bir başqa elmin sahibləri nail ola bilməmişdir. Buna həmin ümmətlərin və mədəniyyətlərin təmsilçiləri də şahidlik edirlər. Hədisləri belə cəm etmək, kitablar təsnif etmək, səhihi zəifdən seçmək – bunlar yalnız bizim ümmətə məxsusdur və bu, Allahın öz dinini qorumasındandır. Bu, Allah tərəfindən verilmiş müvəffəqiyyət, hidayət, irşad və köməkdir.
İbnul-Mubərak (Allah ona rəhm etsin) demişdir: “İsnad dindəndir, isnad olmasaydı kim nə istəsəydi danışardı”. (Muslim, “Muqaddimətus-sahih”).
Əbu Hətim Ər-Razi (Allah ona rəhm etsin) demişdir: “Allahın Adəmi yaratmasından bu tərəfə bu ümmətdən başqa ümmətlərin heç birində peyğəmbərin əsərlərini (hədislərini) qoruyan, əmin (etibarlı, əmanətə sadiq olan) insanlar olmamışdır”. (“Şərafu əshabil-hədis”, 87-88).
İbn Həzm (Allah ona rəhm etsin) isə belə demişdir: “Siqanın (ədalətində və yaddaşında güclü olan ravinin) siqadan bu zəncir heç bir yerdə qırılmadan Peyğəmbərə (salləllahu aleyhi və səlləm) çatmasıyla nəql – Allah Təala bu nəqli müsəlmanlar üçün xas etmiş və bu heç bir başqa dində olmamışdır”. (“Əl-Fəsl”, 2/219).
Bəziləri demişdir ki, hədislər bir-birinə qarışıb, səhih hədislərlə uydurma hədisləri bilmək, ayırmaq olmur. Deyirik ki, bu, yalan, iftira və Allah barədə pis zənn etməkdir. Ən az ağlı və sünnədən, hədis elmindən ən az xəbəri olan insanı hədis kitablarının cəm olduğu kitabxanaya aparsan, o, bu kitabların növlərinə, başlıqlarına və içindəkilərin bəzisinə baxsa, başa düşər ki, bu iddia yalan və elmsizlikdən başqa bir şey deyildir. Səhih hədis kitabları, sünən kitabları və s. Allaha həmd olsun ki, mövcuddur və sünnə düşmənləri istəməsə də, müsəlmanlar bunlardan əsrlər boyu dinlərini öyrənir, faydalanırlar.
Bəli, hədislərin ləfzləri Quranın ləfzi qorunduğu kimi qorunmur deyilə bilər, mühəddislər hədisləri məna ilə rəvayət etməyi icazəli biliblər. Lakin bu o demək deyil ki, heç bir şərtsiz, qeydsiz hər kəsə hədisi mənası ilə rəvayət etməyə icazə verilib. Əksinə, mənaca rəvayəti yalnız ərəb dilini yaxşı bilən, onun ləfzlərini, dəlalət etdiyi mənaları, sözlərin bir-biriylə əlaqələrini yaxşı bilən raviyə icazəli görüblər. Bu şərtə uyğun gəlməyən ravilərin isə mənaca rəvayət etdiyi hədisləri qəbul etməyiblər.
Bundan əlavə, mühəddislərin şərtlərinə və qaydalarına səthi nəzər salan hər kəs bilər ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sünnəsinə heç bir yalan daxil olub qərar tuta bilməz. Əgər ravi ömründə bir dəfə yalan danışıbsa, əxlaqında xələl aşkar olunubsa, unutqanlığı ilə tanınıbsa və s., bu ravidən hədis qəbul etməyiblər. Hər hansı bir ravidən hədis qəbul edilməsi üçün başqa böyük alimlərin onu tanıyıb tərifləməsi şərtdir, tanınmayan ravidən hədis qəbul edilmir və s. bu kimi şərtləri olan elmin, cərh və tədil elminin, hədis elminin mövcud olduğu halda yalan və uydurma pak sünnəyə necə daxil ola bilər?! Unutmayaq ki, bu Allahın müvəffəqiyyəti və dinini qorumasının nəticəsidir!
Sünnəni inkar edənlər
Sünnəni tarixdə ilk inkar edənlər xavaric və rafizilərdir. Sonradan isə onlara bir çox kəlamçılar və fəlsəfəçilər, xüsusən də mötəzililər qoşulmuşdur və sünnəni inkar edən bir çox zındıq fəlsəfəçilər mötəziliyyəyə nisbət olunurlar.
Rafizilər bir neçəsindən başqa səhabələri qəbul etmədiklərinə görə bu yolu tutmuşdur, çünki bu dinin, sünnənin daşıyıcıları səhabələrdir, Allah hamısından razı olsun. Lakin bununla kifayətlənməyib Peyğəmbərin (salləllahu aleyhi və səlləm) adından yalan danışaraq özlərindən hədislər uydurmuşlar.
Xavariclər də, Əli və Muaviyə başqa səhabələrin razılığı ilə (Allah hər birindən razı olsun) aralarındakı ixtilafda bəzi səhabələri hakim tutandan sonra, səhabələri Allahdan qeyrisinin hökmünə üz tutduqlarını iddia edərək onları təkfir etmiş və onların rəvayət etdiyi sünnəyə tən etmişdirlər. Beləliklə, zinakarın daşqalaq olunmasını və başqa hökmləri Quranda olmadığına görə inkar etmişdirlər. Həmçinin, Quranda oğrunun əlinin kəsilməsi ümumi, təfsilatsız gəldiyinə görə oğurlanma yolundan, oğurlanan malın az və çox olmasından aslı olmayaraq bütün oğruların əlinin kəsilməsinə hökm vermişdirlər, halbuki, sünnədə buna təfsilat gəlib. Onların bəzi firqələri isə, nəvəylə evlənməyi icazəli görmüşlər, çünki nəvə Quranda məhrəmlər arasında zikr olunmur…
Beləliklə, sünnə inkarçıları hər əsrdə mövcud olmuş və bu zəlalət və rüsvayçılığı bir-birindən götürərək bizim günümüzəcən gəlib çıxmışlar. Onlardan bəziləri bütünlüklə sünnəni inkar edir, bəziləri isə, yalnız mütəvatir hədisləri qəbul etdiklərini iddia edirlər.
Yaşadığımız dövrdə də bu batil əqidə sahibləri mövcuddur və “quranilər” adı ilə tanınırlar. Əslində isə, onların fəaliyyəti Quran və dinlə müharibə etməkdən ibarətdir və onlar müsəlmanlar üçün yəhudi və xristianlardan daha zərərlidirlər.
Ölkəmizdə isə, son zamanlar bu əqidəni daha çox Elşad Miri adında bir ilahiyyatçı yaymaqdadır. Əvvəlcə, baxaq görək Elşad Miri kimdir?
Dini hesab etdiyi təhsili, öz diliylə etiraf etdiyi kimi, Hollivud filminə baxandan sonra almağa başlayan bu cahil, əvvəlcə mollaların yanında dərs alır və şiə namazı qılmağa başlayır, sonra nurçulara qoşulur və sonra məturidi olur. Heç bir sünnə alimi görməyən bu cahil təhsilini də ilahiyyat fakültəsində alır. Sonradan televiziyaya ayaq açan Elşad Miri məşhur din düşməni Adnan Oktarın Azərbaycandakı nümayəndəsi kimi tanınmağa başlayır, ondan müsahibələr alır, kitablarını azərbaycan dilinə tərcümə edir. Allah Təalanın min dörd yüz il əvvəl tamamlayıb kamil etdiyi bir dini müasirləşdirmək, qərbin fasid mədəniyyətinə uyğunlaşdırmaq, naqis ağlının qəbul etdiklərini təsdiq edib, inkar etdiklərini rədd etmək – qısa desək, Allahın dinini təhrif etmək, ona yeniliklər gətirmək – yəqin ki, onun Adnan Oktardan bəhrələnməsinin nəticəsidir və sabah onları yenidən birlikdə görsəniz, təəccüblənməyin, çünki özü də deyir ki, Adnanı küfrlərinə görə deyil, yalnız proqramının formatına görə tərk edib (edibsə əgər!) və indiyəcən ona “hoca” deyir.
Sonradan Elşada nə olur-nə olmursa, sünni olduğunu, tövhid əhli olduğunu iddia etməyə və sələfilərlə oturub-durmağa başlayır və media vasitəsi ilə falçılıq, pirlər, mollalar və s. həssas mövzularda etdiyi çıxışları ilə əhli sünnədən olan avam kütlənin diqqətini çəkir. Beləliklə, bir çox elmsiz sünni qardaşlar bu cahil, əqidəsini hətta özünün belə bilmədiyi jurnalistə qulaq asmağa, ona rəğbət bəsləməyə başlayırlar. Çap etdirdiyi jurnalda bəzi elm tələbələri ilə əməkdaşlıq edir, orada onların Quran və sünnəyə aid məqalələrini çap edir. Lakin paralel olaraq, yarıçılpaq qadınlarla birgə musiqili verilişlərdə iştirak edir, müğənni və digər fəsad əhli ilə qalmaqallar vasitəsi ilə özünü dindən bixəbər olan cəmiyyətimizə dinin bilicisi kimi sırıyır.
Sonra külək yenə də Türkiyədən əsməyə başlayır, (özü də bu dəfə külək, deyəsən, yaman güclü olur) və bir müddət əvvəl özünü sünnəyə nisbət edən, hədislər danışan və çap edən cahil ilahiyyatçı sünnəni inkar etməyə və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) kəlamıyla istehza etməyə başlayır.
Elşad Mirinin bəzi zəlalətləri
Bu cahilin səsləndirdiyi batil fikirlərin əksəriyyətinə səbəb sünnəni, böhtan və yalanla “əməvilərin uydurduğu və üzərində biznes qurduğu şeylər” adlandırdığı hədisi-şərifləri inkar etməsidir. Və bu şübhəyə yazının əvvəllərində artıq cavab verdiyimizə görə, onları sadalamaqla kifayətlənirik:
- “Allahın kəlamı bir mənadır: ibranicə olarsa Tövratdır; siryanicə olarsa, İncildir; ərəbcə olarsa, Qurandır” deməsi.
Şəkk yoxdur ki, bu batil bir sözdür, əhli sünnənin əqidəsinə ziddir və əsl mənası da Qurana məxluq deməkdir. Çünki bu qövlün sahibləri Qurana bir başa Allahın kəlamı demir, ona Allahın kəlamının “ibarəsi” olduğunu deyirlər. Yəni, guya Allahın kəlamı Öz nəfsindədir, səslə və hərflə danışmır, Cəbrail (əleyhis-sələm) Allahın nəfsindəki kəlamı peyğəmbərlərə təbir edir və ərəbcə təbir edirsə, bu Quran adlanır, siryanicə təbir edirsə, İncil, ibranicə isə, Tövrat adlanır. Məxluqdan çıxan məxluq olduğuna görə, onlara görə Quran da Cəbrayıldan (aleyhis-sələm) çıxdığına görə məxluqdur.
- Adəmin ilk insan olduğunu və Həvvanın ondan yaranmasını inkar edir və Həvvanın Adəmin qabırğasından yaranmasına istehza edir;
- Dini müasirləşdirmək üçün təhrif edir, qərbə və İslam dinini tənqid edən kafirlərə xoş gəlmək üçün müsəlmanların icmalarına müxalif çıxır və şəzz görüşlərə qaçır;
- Bidət və küfr əhliylə: Fətullah Gülən, Adnan Oktar, ƏbdulƏziz Bayındır və s. görüşür, onlardan müsahibə alaraq (guya onlarla razı olmaya-olmaya) Allahın dininə qarşı mübarizə aparır, bütün bunlarla fəxr edir;
- Masonlarla görüşüb, onların lojalarında şəkil çəkdirir və “insan mason ola bilər” deyir;
- Allahın adında sayt domeni alması və “saytda nəinki hansısa məzhəblə bağlı təbliğat olmayacaq, ümumiyyətlə hansısa dinin təbliğatı olmayacaq” deməsi;
- Aişənin (Allah ondan razı olsun) kiçik yaşında Peyğəmbərin (salləllahu aleyhi və səlləm) onunla evlənməsini inkar edir;
- Musiqini halal görməsi və ondan videolarında istifadə etməsi;
- “Qadın başıaçıq namaz qıla bilər” deməsi (deyiliş formasından təkcə zərurət halını qəsd etməməsi başa düşülür);
- Əhli sünnənin isbat etdiyi Mehdinin gəlişini inkar etməsi;
- Isanın (əleyhis-sələm) qiyamətə yaxın gələcəyini inkar etməsi;
- Peyğəmbərin (salləllahu aleyhi və səlləm) meracını inkar etməsi;
- Cənnət barədə suala “Birinci özün getməyə çalış. Allah Qurani-Kərimdə kafirləri belə fərqləndirir. Xristianlar belə gedə bilər. Kimin yerini dar edir ora? Buna Allah qərar verir” deyərək cavab verməsi;
- Xitanı (sünnət etdirməyi) inkar etməsi;
- “Məkkədəki Qara daşın dini baxımdan heç bir əhəmiyyəti yoxdur” deməsi;
- Müsahibələrinin birində əmisinə “sən kişi adam deyilsən!” deməsini zikr edir, bu isə, onun islam əxlaqından necə uzaq olduğunu göstərir.
Yuxarıda sadalananların heç biri Elşada iftira deyil, hamısı özünün video və müsahibələrindəndir. Fikirləşdikcə, daha çox zəlalətləri yada düşür. İnsan yorulur, lakin Elşad hər dəfə yeni küfr və zəlalətləri dilə gətirməkdən yorulmur, sanki qarşısına zındıqlığın zirvəsinə qalxmaq məqsədi qoyub. Əslində isə, bu, zirvə yox, sonu görünməyən uçurumdur. Bir ateistin sözləri yadıma düşdü: “Elşad Miriylə görüşüb danışdım, bilmədim ateist mənəm, yoxsa o…”
Elşad Mirinin sünnəni inkar etməsi açıq-aydındır, bunun elə Quranı da inkar etmək olduğunu bilirik. Lakin o, artıq açıq-aydın Quran ayələrini də inkar etməyə başlayıb. Belə ki, Allah Təala Qurani-Kərimdə buyurur:
“Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və onları vurun! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!” (Ən-Nisə, 34).
Allah Təala kişiyə itaət etməyən zövcəsini ədəbləndirmək üçün bir neçə mərhələ öyrədir: birinci moizə etmək, əgər fayda verməsə, yatağı ayırmaq, bu da fayda verməsə, vurmaq. Ayədə açıq-aydın “vurun” (واضربوهن) sözü keçməsinə baxmayaraq, “müasir ilahiyyatçı” öz prinsiplərinə sadiq qalaraq, sanki islamdan, Qurandan utanaraq bunu qətiyyətlə inkar edir. Halbuki, özü də təsdiqləyir ki, bu bütün təfsirçilərin və tərcüməçilərin rəyidir. Başqa necə ola bilər ki? Açıq-aydın ərəbcə olan sözdür. Allah Təala buyurub:
“(Bu Quran) açıq-aydın ərəb dilində (nazil edildi).” (Əş-Şuara, 195).
Əslində, Elşad bunu islam düşmənlərinin şübhəsini rədd edə bilmədiyi üçün inkar edir. Lakin əgər Quranı təfsir edən sünnəni qəbul etsəydi, bu şübhəyə rədd onun üçün asan olardı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) sünnədə qadınların haqqında Allahdan qorxmağı, onlarla yaxşı rəftar etməyi, onları vurmağa ehtiyac olduqda qüvvətli olmayan zərbə ilə, əzmədən, sındırmadan vurmağı əmr etmişdir. Başqa hədislərdə isə, insanın üzündən vurmağa qadağa gəlib. Elşad artıq özü də bilmədən Allahın dininin düşməninə çevrilib və Allahın kamil dininin elşadkimilərin müdafiəsinə ehtiyacı yoxdur!
Bu Allahın dinidir, hökmüdür, Allahın aləmlərə rəhmət olaraq göndərdiyi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sünnəsidir. Tarix boyu elşadlar çox gəlib-gedib və tarixin zibilliklərində qalıb.
“Onlar Allahın nurunu öz ağızlarından (çıxanlarla) söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır!” (Əs-Saff, 8).
Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev.