• Menyu
  • Menyu

Təmsil mövzusunda iki məşhur şübhəyə cavab

tovhidinfo

(Bu yazını oxumazdan öncə, bu keçiddəki yazını oxumağınızı məsləhət edirik.)

Mərhəmətli və rəhmli Allahın adı ilə

Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Qulu və elçisi Muhəmmədə, onun ailəsinə, səhabələrinə və qiyamətə qədər yoluyla gedənlərin üzərinə Allahın xeyir-duası və salamı olsun!

Sonra isə:

Biz artıq bilirik ki, əhli sünnə vəl-cəməa Allah Təalanın nə zatını, nə də sifətlərini heç bir məxluqata bənzətmir və bu barədə olan ayə və hədisləri zahirinə görə qəbul edir və təhrifə yol vermir. Lakin bəzi hədislər var ki, ilk baxışdan təmsil kimi görünür və bidət əhli bu hədislərdən istifadə edərək əhli sünnəni təmsil etməkdə ittiham edirlər. Lakin bu hədislərin sələflər tərəfindən açıqlamasına baxdıqda və məsələnin mahiyyətini vardıqda Allahın izni ilə bütün qaranlıq məqamlar aydınlaşır.

Bu mövzuda iki əsas şübhə mövcuddur:

Birinci şübhə. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) buyurub: “Siz Rəbbinizi bədirlənmiş ayı gördüyünüz kimi, bir-birinizə qarışmadan (bir yerə yığışmadan, açıq-aydın) görəcəksiniz”. (Buxari, 554; Muslim, 633).
Bidət əhli elmsiz müsəlmanlara bu hədisi gətirərək “əhli sünnə vəl-cəmaa Allahı bədirlənmiş aya bənzədir” deyə şübhə atırlar. Bununla onlar səhih sünnəyə qara yaxır və bir daha Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) yolundan uzaq olduqlarını isbat etmiş olurlar.
Biz artıq bilirik ki, Allah Təala heç bir məxluqa bənzəmir, bəs bu şübhənin cavabı nədir?

Bu şübhəyə iki cavab verəcəyik: mucməl (ümumi, təfsilatsız) və təfsilatlı.

Mucməl cavab ondan ibarətdir ki, Allahın kəlamıyla Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhih kəlamı heç vaxt bir-birinə zidd ola bilməz. Çünki hər ikisi haqqdır və haqq ziddiyətli olmur və hər biri Allahdandır, Allahdan olan isə, bir-birinə zidd ola bilməz.

“Əgər o, Allahdan qeyrisindən olsaydı, şübhəsiz ki, onda çoxlu ixtilaf tapardılar”. (Ən-Nisə, 82).

Və əgər sənin fəhmin bunda ziddiyat görürsə, bil ki, problem ayədə və ya hədisdə deyil, sənin özündədir, buna səbəb ya elminin az olması, ya fəhminin qüsurlu olmasıdır. Ya da ki, məsələni kifayət qədər bəhs edib üzərində baş sındırmamısan. Bir ehtimal da odur ki, bu, qəsdinin və niyyətinin yaxşı olmamasındandır, şəriətin dəlillərində ziddiyat axtarırsan və Allah səni haqqı başa düşməyə müvəffəq etmir.

Lakin sənə vacib olan odur ki, bir ayə və ya hədis sənə aydın olmazsa, mutəşəbih olanı (ilk baxışdan mənası sənə aydın olmayanı) muhkəmə (mənası açıq-aydın olana) qaytarasan. Çünki bu, elmdə qüvvətli olanların metodudur. Allah Təala buyurur: “Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə, mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər.” (Əli İmran, 7). Beləliklə, mutəşəbihi muhkəmə qaytarırlar ki, mənası tam aydın olsun.

Təfsilatlı cavab isə, hər bir ziddiyətli görünən dəlil barədə tək-tək cavab verməklə olur. Deyirik: Peyğəmbərin (salləllahu aleyhi və səlləm) “Siz Rəbbinizi bədirlənmiş ayı  gördüyünüz kimi, bir-birinizə qarışmadan (bir yerə yığışmadan, açıq-aydın) görəcəksiniz” deməsi görüləni görülənə, yəni Allahı aya bənzətmək deyil. Bu, görməyi görməyə bənzətməkdir. Yəni bədirlənmiş ayı necə hamınız öz yerinizdən açıq aydın görürsünüzsə, bir-birinizdən “gördünmü?” deyə soruşmursunuzsa,eləcə də Rəbbinizi gözlərinizlə, açıq-aydın görəcəksiniz. Ona görə də əlavə edir ki, “bir-birinizə qarışmayacaqsınız”.
Bununla da, məsələ aydın olur.

İkinci şübhə: Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: “Həqiqətən, Allah Adəmi Öz surətində yaratmışdır”. (Buxari, 6227; Muslim, 2612). Bidət əhli bu hədisə iman gətirdiyinə görə əhli sünnəni Allahı məxluqa, Adəmə, bənzətməkdə ittiham etmişdir.

Mucməl (ümumi) cavab:

Bu hədis Allahın “Ona bənzər heç bir şey yoxdur”. (Əş-Şura, 11) ayəsinə zidd ola bilməz. Çünki biri Allahın, digəri isə Onun elçisinin kəlamıdır və hər ikisi haqqdır, biri o birisini yalanlaya bilməz. Və burada nəsxdən də söhbət gedə bilməz, çünki hər ikisi xəbərdir, hökm deyil. Deyirik: ayə Allahın bənzəri olmasını inkar edir, hədis isə, Allahın surətinin olduğunu isbat edir. Allahın heç bir oxşarı yoxdur və Allah Adəmi Öz surətində yaradıb. Bu xəbərlər Allahdandır və biz buna iman edirik.

Mufəssəl (təfsilatlı) cavab:

“Allah Adəmi Öz surətində yaratmışdır” deyən, həmçinin, demişdir: “Cənnətə ilk girəcək dəstə ay surətində girəcəklər”. (Buxari, 3254; Muslim, 2834).

Sən etiqad edirsən ki, onlar Cənnətə hər cəhətdən ay formasında girəcəklər? Yoxsa etiqad edirsən ki, bəşər surətində olacaqlar və hər cəhətdən deyil, lakin işıq saçmaqda, gözəllikdə, üzlərinin yumru olmasında və s. ay surətində olacaqlar?

Birincini desən, o deməkdir ki, Cənnətə girəndə onların nə gözləri olacaq, nə burunları, nə də ağızları!

İkincini desən, problem həll olur və aydın olur ki, bir şeyin başqa şeyin surətində olması hər cəhətdən ona bənzəməsi demək deyil, sadəcə onlar bəzi şeylərdə müştərəkdirlər və bu şeylərin hər biri sahibinə layiq şəkildədir.

Bəs “Öz surətində” nə deməkdir?

Biz bilirik ki, Allahın üzü, gözü, əli, ayağı var. Lakin bu, o demək deyil ki, bunlar insanın üzü, gözü, əli və ayağı kimidir. Onların adı və mənası eyni olsa da, həqiqəti tam fərqlidir, çünki Xaliq məxluqa heç bir şeydə bənzəmir. Allahın əli, gözü və digər sifətləri Özünə layiq şəkildə, kamil, nöqsansızdır, insanın sifətləri isə, özünə layiq şəkildə və qeyri-kamildir.

Beləliklə, iman edirik ki, Allah Adəmi Öz surətində yaratmışdır. Bu da, o deməkdir ki, Allahın üzü, gözü, əli, görməyi, eşitməyi, gəlməyi, enməyi, danışmağı və s. sifətləri olduğu kimi, Adəmə də bu sifətləri vermişdir, lakin onların heç biri pak və nöqsansız olan Allahın sifətlərinə bənzəmir!

Sonda, aləmlərin rəbbi Allaha həmd olsun!

(İstifadə edilən mənbə: Şeyx İbn Useyminin «Vasitiyyə əqidəsinin şərhi» kitabı.)


Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev.

tovhidinfo
Fərhad Adayev

Mədinə İslam Universitetinin hədis fakültəsinin məzunu, hazırda əqidə qismində magistratura təhsili alır.

Bütün materiallara bax