• Menyu
  • Menyu

Tövhid kitabının müxtəsər şərhi – 14cü fəsil

tovhidinfo

“Çətinlikdə Allahdan başqasından kömək istəmək və ya Ondan başqasına dua etmək şirkdir” fəsli

Mərhəmətli və Rəhimli Allahın adı ilə

  • Allah Təalə buyurub:
    “Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan.” (Yunus 106).

Ayənin qısa mənası:
Allah bu ayədə Öz peyğəmbərinə həm xeyir verməkdə, həm də zərəri dəf etməkdə aciz olan məxluqlara dua etməyi qadağan edir. Sonra isə, bunun hökmünü bəyan edərək bildirir ki, hətta Peyğəmbər belə Allahdan başqasına dua etsəydi, o da, müşriklərdən olardı. Bu qadağa bütün ümmətə aiddir.

Ayənin fəslə münasibliyi:
Bu ayə dəlalət edir ki, Allahdan başqasına dua etmək qadağan olunan və tövhidə zidd olan şirk əməllərdəndir.

Ayədən çıxarılan faydalar:
1. Allahdan başqasına dua etmək şirkdir.
2. Ayədən məlum olur ki, əgər Peyğəmbər (sallallahu aleyhi və səlləm) kimi ən saleh insan Allaha şərik qoşsaydı, bu zaman o, zalımlardan, yəni müşriklərdən, olardı. Bəs başqaları necə?!
3. Müşriklərin məbudlarının acizliyi və onlara ibadət etməyin batil olması.

  • Allah Təalə buyurub:
    “Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir istəsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhimlidir.” (Yunus 107).

Ayənin qısa mənası:

Allah Təalə xəbər verir ki, O, Təkdir və hər şeyə sahib olmaq, hökmranlıq etmək, xeyir və ya zərər vermək, kiməsə bəxş etmək və ya kimisə məhrum etmək başqalarına deyil, məhz Ona aiddir. Bunu bilmək həm duanı, həm də başqa ibadətləri yalnız Allah üçün etməyi gərəkdirir. Allahdan başqalarına isə, nə dua edilər, nə də ibadət. Çünki onlar heç özləri üçün xeyir verməyə və ya zərəri dəf etməyə qadir deyillər. Bunu başqası üçün necə edə bilərlər?!

Ayənin fəslə münasibliyi:
Bu ayədə bəyan edilir ki, dua edilməyə və ibadət olunmağa yalnız Allah layiqdir. Ondan başqasına dua etmək isə, şirkdir. Çünki xeyir və zərər Allahın əlindədir və Ondan başqa heç kəs nə xeyir verməyə, nə də zərəri dəf etməyə qadir deyildir.

Ayədən çıxarılan faydalar:
1. Rububiyyət tövhidində Allah tək olduğu üçün, uluhiyyət tövhidində də Onu təkləşdirmək vacibdir. (Yəni yaratmaq, öldürmək, diriltmək və s. sifətlərdə Allah tək olduğu üçün, ibadətlər də tək Onun üçün edilməlidir).
2. Allahdan başqasına dua etməyin batil olması. Çünki Allahdan başqa çağırılanlar, onları çağıranlara xeyir verməkdən və onlardan zərəri dəf etməkdən acizdirlər.
3. Allahın istəyi var. (İstəmək sifəti – tərc.)
4. Allahın bağışlamaq və rəhm etmək sifətləri. Allahın sifətləri Onun əzəmətinə yaraşan şəkildədir.

  • Allah Təalə buyurub:
    “Elə isə, ruzini Allahdan diləyin, Ona ibadət edin və Ona şükür edin. Siz ancaq Ona qaytarılacaqsınız”. (Əl-Ənkəbut, 17).

Ayənin qısa mənası:

Allah Təalə bu ayədə ruzini bütlərdən deyil, məhz Ondan istəməyi əmr edir. Həmçinin, Allah bu ayədə Özünü ibadətdə təkləşdirməyi, qullarına verdiyi nemətləri etiraf edib onları Allaha itaətdə sərf etməyi və asiliklərdən uzaq olmağı əmr edir. Sonra isə xəbər verir ki, dönüş Onadır və O, hər kəsin etdiyi əməlin qarşılığını verəcəkdir. Bu səbəbdən də qul gərək haqq-hesab olunacağını nəzərə alsın və buna hazırlaşsın.

Ayənin fəslə münasibliyi:

Bu ayə həm duada, həm də digər ibadətlərdə Allahı təkləşdirməyin vacibliyinə dəlalət edir. Həmçinin, ayədə Allahdan başqasına ibadət edən müşriklərə rədd vardır.

Ayədən çıxarılan faydalar:
1. Tək Allaha dua etməyin və ruzini yalnız Ondan istəməyin vacibliyi.
2. Bütün ibadətlərdə Allahı təkləşdirməyin vacib olması.
3. Nemətlərə görə Allaha şükr etməyin vacibliyi.
4. Qiyamət günü dirilməyin və haqq-hesab olunmağın isbatı.
5. Ruzi və qazanc axtarmaq Allaha ibadət etməyə zidd deyil. İslam dini özündə həm dini, həm də dünyəvi xeyirləri əhatə edir.

  • “Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən əşyalara yalvaran kimsədən daha çox azmış kim ola bilər? Halbuki o bütlər onların yalvarışından xəbərsizdirlər. İnsanlar bir yerə toplanılacaqları zaman bütlər onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər.” (əl-Əhqaf 5,6).

Ayələrin qısa mənası:

Allah Təala bu ayələrdə hökm verərək buyurur ki, Allahdan başqasına dua edən kəsdən daha azmış kim ola bilər? Onların çağırdıqları məxluqlar dünyada ikən nə onlara cavab verməyə qadirdir, nə də onların dua etmələrindən xəbərləri vardır. İnsanların cəm olunacağı Qiyamət günündə isə, onlar onlara dua edənlərə düşmən olacaq və onlardan uzaqlaşacaqlar. Allaha şərik qoşan insan hər iki dünyada bədbəxtlik içindədir. Çünki dünyada onun çağırışına cavab verilməz, Axirətdə – ən çox ehtiyacı olduğu anda isə, onun çağırdığı kəslər özlərinə olunan ibadətləri inkar edəcəklər.

Ayələrin fəslə münasibliyi:

Bu ayələrdə Allahdan başqasına dua edən insanın hökmü bəyan edilir ki, o, azmışların ən azmışıdır. Həmçinin, məlum olur ki, dua ibadətdir və kim Allahdan başqasına dua edərsə, Allaha şərik qoşmuş olar.

Ayələrdən çıxarılan faydalar:
1. Dua ibadətdir. Allahdan başqasına dua edən kəs artıq böyük şirklə Allaha şərik qoşmuşdur.
2. Allahdan başqasına dua edənin həm dünyada, həm də Axirətdə bədbəxt olması.
3. Şirk ən böyük zəlalətdir.
4. Qiyamət günü dirilməyin və haqq-hesab üçün cəm olunmağın isbatı.
5. Bütlər onlara dua edənləri eşitmir və onlara cavab vermirlər. Müşriklər isə, bunun əksini təsəvvür etməklə yanlış fikrə düşüblər.
6. Tək Allaha ibadət etmək insana həm dünyada, həm də Axirətdə xeyir verir.

  • Allah Təalə buyurub:
    “Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir (haqq) məbudmu var? Siz necə də az düşünürsünüz!” (Ən-Nəml, 62).

Ayənin qısa mənası:
Müşriklər özlərinə şəfaətçi götürüb onlara ibadət edirdilər. Allah Təala onların bildikləri və təsdiq etdikləri şeyləri onların əleyhinə dəlil gətirir. Onlar bilirdilər ki, dar gündə dua etdikləri zaman onlara cavab verən, başlarına gələn pisliyi onlardan sovuşduran və əvvəlki nəsillərdən sonra bu nəsli gətirən Allahdır. Əgər onların Allahdan başqa ibadət etdikləri məbudlar bu şeylərdən heç birini etmirlərsə, bəs onda onlar Allahla yanaşı o məbudlara necə ibadət edirlər?! Ayənin sonunda Allah Təala buyurur ki, onlar az düşünür, yada salırlar. Yəni, əgər onlar Allahın əzəmətini, onlara verdiyi nemətləri yada salsaydılar, bu, onlarda Allah qorxusu yaradardı, lakin bunu etmədikləri üçün Allaha şərik qoşurlar.

Ayənin fəslə münasibliyi:
Bu ayə Allahdan başqasından yardım istəməyin batil olmasına dəlildir. Çünki darda qalan kimsənin duasına cavab verən və ondan pisliyi sovuşduran, həyat verən və öldürən yalnız Allahdır.

Ayədən çıxarılan faydalar:
1. Bir şeyə ki, yalnız Allah qadirdir, onu Allahdan başqasından istəmək batildir, hətta çətinlikdə olanda belə.
2. Müşriklər rububiyyət tövhidini təsdiq edirdilər, lakin bu, onları İslam dininə daxil etmədi.
3. Rububiyyət tövhidini misal çəkərək uluhiyyət tövhidinə dəlil gətirmək olar.
4. Müşriklər bir şeyi inkar etdikdə, bunu sübut etmək üçün təsdiq etdikləri şeyi onların əleyhinə dəlil gətirmək olar.

  • İmam Tabərani isnadı ilə rəvayət edir ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zamanında möminlərə əziyyət verən bir münafiq var idi. Bəzi səhabələr dedilər ki, qalxın gedək bu münafiqə qarşı Allahın elçisindən yardım istəyək. Peyğəmbər (sallallahu aleyhi və səlləm) isə belə dedi:
    “Məndən kömək istənilməz, kömək yalnız Allahdan istənilir.”

Hədisin qısa mənası:
İslam dini gücləndikdə, bəzi kafirlər qərara gəldilər ki, aşkarda özlərini müsəlman kimi göstərsinlər, qəlblərində isə, öz küfrlərində qalsınlar. Belə insanlar münafiq adlanırdılar. Onlar hərdən öz sözləri və əməlləri ilə müsəlmanlara əziyyət verirdilər. Münafiqlərin başçısı olan Abdullah ibn Ubeyy də öz sözləri ilə müsəlmanlara əziyyət verirdi. Ona görə də, bəzi səhabələr Peyğəmbərdən istədilər ki, o, bu münafiqin qarşısını alsın və əziyyətlərini onlardan dəf etsin. Baxmayaraq ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) onların tələbini yerinə yetirməyi bacarardı, lakin onların müraciət edərkən işlətdikləri bu ifadə düzgün deyildi və Allaha qarşı pis ədəbli olmaq kimi görünürdü. Bu səbəbdən, Peyğəmbər (sallallahu aleyhi və səlləm) həm səhabələri öyrətmək, həm şirkin qarşısını almaq, həm də tövhidi qorumaq üçün bu cür sözlərin işlənməsinə qarşı öz etirazını bildirdi.

Hədisin fəslə münasibliyi:
Bu hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) Allahdan başqasından yardım istəməyi qınamışdı.

Hədisdən çıxarılan faydalar:
1. Əgər Peyğəmbərdən yardım istəmək olmazsa, demək, həmçinin, başqalarından da olmaz.
2. Bu hədis insanı düzgün (tövhidə zidd olmayan) sözlər işlətməyə və tövhidi qorumağa yönəldir.
3. Şirkə aparan yolun qarşısını almaq.
4. Allah yolunda əziyyətlərə səbr etməyin şəriətdən olması.
5. Münafiqliyin məzəmmət olunması.
6. Möminlərə əziyyət verməyin haramlığı. Çünki bu, münafiqlərin əməllərindəndir.


Şeyx Saleh Əl-Fovzanın “Əl-muləxxas fi şərh kitəb ət-tövhid” kitabından.
© www.tovhid.info

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax