• Menyu
  • Menyu

Tövhid kitabının müxtəsər şərhi – 16cı fəsil

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Uca Allah belə buyurub: “Nəhayət, mələklərin qəlbindən qorxu keçib getdikdə onlar: “Rəbbiniz nə buyurdu?”– deyə soruşarlar, digərləri isə: “Haqqı buyurdu! O, Ucadır, Böyükdür!”– deyə cavab verərlər.” (Səba, 23)

Bu fəslin Tövhid kitabı ilə münasibliyi:
Müşriklərin Allahdan savayı ibadət etdikləri məxluqlar arasında ən güclü və ən əzəmətlisi mələklərdir. Əgər mələklər Allahın qorxusundan bu hala düşürlərsə, Allahı qoyub onlara necə ibadət etmək olar?! Bu ayədə bütün müşriklərə rədd vardır. Çünki onlar bəzən heç mələklərə tay olmayan məxluqlara yalvarırlar.

Ayənin qısa mənası:
Uca Allah mələklər barədə xəbər verir ki, onlar Allah tərəfindən Cəbrayıla verilən vəhyi eşitdikdə təzim edərək qorxuya düşər və titrəyərək ağlı başından çıxan kəs kimi özlərindən gedərlər. Qəlblərindəki qorxu getdikdən sonra isə bir-birindən soruşarlar ki, “Rəbbiniz nə dedi?” Digərləri isə: “O, haqqı dedi”, – deyə cavab verərlər. O, hər şeydən Ucadır, Ondan böyük və əzəmətli heç bir şey yoxdur.

Ayədən çıxan faydalar:
1. Bu ayədə Allaha şərik qoşan bütün firqələrə rədd vardır. Çünki onlar hətta mələklərdən çox aşağı olan, onların bir vəsfinə belə sahib olmayan aciz məxluqlara ibadət edirlər.
2. Allahın kəlam sifəti (danışması). Bu sifət də Allahın digər sifətləri kimi Onun əzəmətinə yaraşan şəkildədir.
3.Allahın kəlamı məxluq deyil. Çünki mələklər: “Rəbbiniz nə dedi?”, – deyə soruşdular. Onlar: “Rəbbiniz nə yaratdı?”, – deyə soruşmadılar.
4. Allahın səmada, bütün məxluqların üzərində olması.
5. Allahın əzəmətinin isbatı.

Əbu Hureyradan rəvayət olunan səhih hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurub:
“Allah göydə bir iş üçün hökm verdikdə, mələklər Allahın sözünə boyun əyərək qanadlarını çırparlar. Bu səs onlara qayaya çırpılmış zəncir gurultusu kimi gəlib çatar. Qəlblərindən qorxu keçib getdikdən sonra soruşarlar ki, Rəbbiniz nə buyurdu? Cavab verərlər ki, O, haqqı buyurdu. O, Ucadır, Böyükdür.
Pusquda durub onları dinləyən şeytanlar bu sözləri eşitmək üçün bir-birinin üstünə çıxarlar. (Sufyan ibn Uyeynə bu mənzərəni vəsf etmək üçün barmaqlarını aralayaraq onları bir-birinə keçirdi). Şeytanlar bir söz eşitdikdə onu özündən aşağıdakına, o da özündən aşağıda olana ötürər və beləcə, onlar bu sözü gətirib sehrbaza və ya kahinə çatdırarlar. Bəzən bu sözü çatdırmazdan öncə göydən düşən alov onu yaxalayar. Bəzən də bu od ona çatmamış həmin xəbəri gətirib kahinə çatdırar. O da bu xəbərin üstünə yüz yalan qoyub danışar. Sonra da insanlar deyər ki, kahin bizə filan gün demədimi ki, filan-filan hadisələr olacaq?! Beləcə, səmadan eşidilən bir sözə görə insanlar ona (falçıya) inanarlar.” (Buxari 4701)

Hədisin qısa mənası:
Peyğəmbər (sallallahu aleyhi və səlləm) xəbər verir ki, mələklər Allahın kəlamını eşitdikdə təzim edirlər və onları qorxu bürüyür. Sonra bir-birindən: “Rəbbiniz nə dedi?”, –deyə soruşurlar. Digərləri cavab verirlər ki, O, haqqı dedi. Şeytanlar mələklərin bu danışığını gizlincə dinləyirlər ki, onu sehrbaza və ya kahinə xəbər versinlər. Bəzən onları göydən düşən alov yandırır. Bəzən də onlar bu xəbəri gətirib çatdıra bilirlər və bunda da hansısa hikmət vardır. Lakin onu yalnız Allah bilir, çünki Allahdan heç bir şey gizli qalmır. Sonra şeytanlar mələklərdən eşitdikləri bu bir sözə doxsan doqquz yalan qatıb onu sehrbaza və ya kahinə çatdırırlar. Bəzən də kahin özü bu xəbərə yalan qatıb onu insanlara danışır. Beləcə, insanlar bu bir doğru xəbərin sayəsində onların danışdığı bütün sözlərə inanırlar.

Hədisin fəslə münasibliyi:
Bu hədisdə müşriklərə rədd vardır. Allah mələkləri güclü yaradıb, lakin buna baxmayaraq görün onlar Allahın kəlamını eşitdikdə hansı hala düşürlər. Beləliklə, məlum olur ki, nə mələklərə, nə də onlardan aşağı olan məxluqlara ibadət etmək olmaz.

Hədisdən çıxan faydalar:
1. Bu hədisdə mələklərə, peyğəmbərlərə və salehlərə ibadət edən müşriklərə rədd vardır.
2. Allaha təzim etmək və ibadətə yalnız Allahın layiq olması.
3. Allahın məxluqatdan ucada olması, Onun danışması və danışığının eşidilməsinin isbatı.
4. Sehrbaz və kahinin hərdən doğru danışmasına baxmayaraq sehr və kahinliyin batil olması.
5. Əsasən çox olana baxılır, az və nadir olana deyil. (Kahin bir doğru söz desə belə ona yüz yalan qatır).

Nəvvas ibn Səm`andan rəvayət olunur ki, Allahın elçisi (sallallahu aleyhi və səlləm) belə dedi:
“Allah bir iş barədə vəhy etmək istədikdə bu vəhyi danışır. Bu zaman Allahın qorxusundan səmalar titrəyir və ya orada şiddətli gurultu olur. Səmalarda olanlar bunu eşitdikdə bayılır və ya yerə yıxılıb səcdəyə qapanırlar. Onlardan ilk başını qaldıran Cibril olur və Allah ona vəhydən istədiyini danışır. Sonra Cibril gələrək mələklərin yanından keçir və hər dəfə bir səmanın yanından keçərkən o səmanın əhli deyər ki, ey Cibril, Rəbbimiz nə dedi? Cibril isə cavab verər ki, O, haqqı dedi və O, Ucadır, Böyükdür. Onlar da Cibrilin dediklərini deyərlər. Cibril həmin vəhyi aparıb Allahın əmr etdiyi yerə çatdırar.” (İbn Xuzeymə, 206).

Hədisin qısa mənası:
Bu hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) Qüdrətli və Böyük Allahın əzəməti barədə xəbər verir. Uca Allah vəhy edib bir şey danışdıqda, Onun əzəmətini bildikləri üçün səmalar Onun qorxusundan hərəkətə gəlib şiddətlə titrəyər. Mələklər Allahın kəlamını eşitdikdə bayılar və Onun qorxusundan təzim edərək üz üstə düşüb səcdəyə qapanarlar. Sonra onlardan ilk başını qaldıran Cibril olar. Çünki o, Allahla Onun elçiləri arasında bir səfirdir. Allah ona Öz vəhyindən istədiyini danışar, sonra o mələklərin yanından keçərək bu vəhyi əmr olunduğu yerə aparar. O hər dəfə səmada olan mələklərin yanından keçdikdə, onlar soruşarlar ki, ey Cibril, Allah nə dedi? O isə cavab verər ki, Allah haqqı dedi. O, Ucadır, Böyükdür. Mələklər də onun dediyini təkrarlayar. Sonra Cibril o vəhyi aparıb Allahın əmr etdiyi yerə çatdırar.

Hədisin fəslə münasibliyi:
Bu hədisdə Allahın əzəməti haqda, mələklərin və səmaların necə Allahdan qorxmaları haqda danışılır. Həmçinin hədis Allahdan başqasına ibadət edənlərə rəddir.

Hədisdən çıxan faydalar:
1. Hədis Allahın yaratdığı məxluqları Allahla yanaşı ilah tutan müşriklərə rəddir.
2. Allahın əzəmətinin və Tək Onun ibadətə layiq olmasının bəyanı.
3. Allahın danışmasının isbatı. Allah nə istəsə, necə istəsə və nə zaman istəsə danışır.
4. Allahın məxluqatdan ucada olmasının isbatı.
5.Cibrilin (aleyhissələm) fəziləti.


Şeyx Saleh Əl-Fovzanın “Əl-muləxxas fi şərh kitəb ət-tövhid” kitabından.

© www.tovhid.info

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax