“Allaha şərik qoşmaqdan qorxmaq” fəsli
Mərhəmətli və Rəhimli Allahın adı ilə
- Allah Təalə buyurub:
“Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar”. (Ən-Nisə, 48).
- Başqa ayədə buyurub:
“Bir zaman İbrahim demişdi: “Ey Rəbbim! Bu şəhəri əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaqlaşdır”.” (İbrahim, 35).
Bu fəslin tövhid kitabı ilə münasibliyi:
Müəllif (Allah ona rəhmət etsin) tövhidi, onun fəzilətini və həyata keçirməyi zikr etdikdən sonra, tövhidə zidd olan şirkdən qorxmağı da zikr etməyi münasib bildi ki, iman gətirən kəs özünü ondan gözləsin və şirkə düşməsindən qorxsun.
Birinci ayənin qısa mənası:
Allah Təalə bizi şirkdən çəkindirmək üçün xəbər verir ki, bir qul Allaha şərik qoşaraq Onunla qarşılaşarsa, Allah onu bağışlamır. Şirkdən aşağı olan günah sahiblərindən isə istədiyinə lütfkarlıq və yaxşılıq edib, onu bağışlayır. Allah Təalə bunu xəbər verir ki, günah edən insan Allahın mərhəmətindən ümüdünü üzməsin.
İkinci ayənin qısa mənası:
Allahın sevimli dostu İbrahim (aleyhissələm) Rəbbinə dua edir ki, onu və övladlarını bütlərə ibadət etməkdən uzaq etsin. Çünki onların fitnəsi böyükdür və bu fitnəyə düşməməkdən arxayın deyildi.
Bu iki ayənin fəslə münasibliyi:
Birinci ayə bildirir ki, Allaha şərik qoşmaq günahların ən böyüyüdür. Çünki kim Allaha şərik qoşarsa, o kəs bağışlanmaz. Ona görə də insan bu günaha düşməkdən çox qorxmalıdır. Bu günahın təhlükəsi belədirsə, bu, qulun Allaha şərik qoşmasından qorxmasını gərəkdirir.
İkinci ayə isə bildirir ki, İbrahim (aleyhissələm) özünün Allaha şərik qoşmasından qorxurdu və Allaha dua edirdi ki, onu şirkdən salamat etsin. O belə edirdisə, görün başqaları necə olmalıdırlar. Bu iki ayə şirkdən qorxmağın vacib olmasına dəlalət edir.
Ayələrdən çıxarılan faydalar:
1. Allaha şərik qoşmaq günahların ən böyüyüdür. Çünki Allah Təalə xəbər verib ki, bu günahı edib, sonra tövbə etməyən kəsi bağışlamayacaq.
2. Əgər qul şirkdən aşağı olan günahlar edib və tövbə etməyibsə, o kəsin bağışlanması Allahın istəyinə bağlıdır. İstəsə onu tövbəsiz bağışlayar, istəsə də etdiyi günaha görə ona əzab verər. Bunda şirkin təhlükəli olmasına dəlil var.
3. Şirkdən qorxmaq. Çünki həniflərin imamı olan, bütləri öz əli ilə sındıran İbrahim (aleyhissələm) özünün şirk etməsindən qorxurdu, gör ondan başqaları necə qorxmalıdırlar.
4. Bəlanı uzaqlaşdırmaq üçün dua etməyin şəriətdən olması və insanın daim öz Rəbbinə möhtac olması.
5. İnsanın özü üçün və övladları üçün dua etməsi şəriətə uyğundur.
6. “Bu ümmətdə şirk olmur” deyən cahillərə rəddir. Beləliklə onlar arxayın oldular və şirkə düşdülər.
- Hədisdə Allahın elçisinin (salləllahu aleyhi və səlləm) belə deməsi rəvayət olunur:
“Sizin üçün ən çox qorxduğum şey kiçik şirkdir. Ondan bu haqda soruşdular və o, belə dedi: “Bu, riyadır”.” (Əhməd, Ət-Tabarani).
Hədisin qısa mənası:
Peyğəmbərin (sallallahu aleyhi və səlləm) öz ümmətinə qarşı olan şəfqətinin və rəhmətinin kamilliyindən dolayı, həmçinin onlara xeyir istədiyi üçün, elə bir xeyir yoxdur ki, öz ümmətini ona yönəltməsin və elə bir şər yoxdur ki, onları o şərdən çəkindirməsin. Onun çəkindirdiyi şərlərdən biri də, insanların tərifinə nail olmaq məqsədi ilə ibadət edib, özünü onlara nümayiş etdirməkdir. Çünki bu, ibadətdə Allaha şərik qoşmaqdır.
Riya kiçik şirk olsa belə, onun təhlükəsi böyükdür. Çünki o, hansı əmələ qarışarsa, o əməli puç edər. İnsanın təbiəti elə yaradılıb ki, o, insanların üzərində ağalıq etməyi, insanların qəlblərində yer tutmağı sevir. Bundan yalnız Allahın qoruduğu kimsələr salamat qalır. Əməlisaleh insanlarda riyakarlığa səbəblər daha çoxdur, ona görə də böyük şirkdən fərqli olaraq, onlar üçün ən çox qorxulan şey kiçik şirkdir. Həqiqi möminlərin qəlbində şirk olmur, olsa da çox az olur.
Hədisin fəslə münasibliyi:
Bu fəslin əvvəlində keçən iki ayə böyük şirkdən qorxmağın vacibliyini bildirirdi, bu hədis isə kiçik şirkdən qorxmağın vacibliyini bildirir. Bu fəsil özündə həm böyük, həm də kiçik şirki əhatə edir.
Hədisdən çıxarılan faydalar:
1. Kiçik şirkə düşməkdən şiddətli şəkildə qorxmaq. Bu, iki səbəbə görədir. Birinci ona görə ki, Allahın elçisi (sallallahu aleyhi və səlləm) onun baş verməsindən şiddətli şəkildə qorxurdu.
İkinci səbəb isə budur ki, Allahın elçisi (sallallahu aleyhi və səlləm) əməlisaleh möminlərdə bunun baş verməsindən qorxurdu. Onlardan (səhabələrdən) aşağı olanlar daha layiqdirlər ki, onlar üçün qorxulsun.
2. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) öz ümmətinə qarşı şəfqətli olması, onların doğru yola yönəlmələrinə həris olması və onlar üçün xeyir istəməsi.
3. Allaha şərik qoşmaq iki qismə bölünür: böyük şirk və kiçik şirk.
Böyük şirk – Allaha məxsus olan şeylərdə Allahdan başqasını Ona bərabər tutmaqdır. Kiçik şirk isə, dəlillərdə onun şirk olması vurğulanıb, amma böyük şirkin dərəcəsinə çatmayan şirkdir.
Böyük şirklə kiçik şirk arasında olan fərqlər:
- Böyük şirk bütün əməlləri puç edir, kiçik şirk isə, hansı əmələ qarışsa, o əməli puç edir.
- Böyük şirk edən kəs Cəhənnəmdə əbədi qalacaq, kiçik şirk isə, Cəhənnəmdə əbədi qalmağı vacib etmir.
- Böyük şirk insanı İslam dinindən çıxarır, kiçik şirk isə insanı İslam dinindən çıxarmır.
- İbn Məsuddan rəvayət olunur ki, Allahın elçisi (sallallahu aleyhi və səlləm) belə demişdir: “Kim Allahdan başqasını Allaha tay tutaraq ona dua edər və bu hal üzərində ölərsə, Cəhənnəmə daxil olar. (Əl-Buxari, 4497).
Hədisin qısa mənası:
Allahın elçisi (sallallahu aleyhi və səlləm) xəbər verir ki, kim Allahdan başqasını, hətta peyğəmbəri belə Allaha tay tutaraq ona dua edər, ondan yardım diləyər və ölənə qədər bu hal üzərində davam edib, bu günaha tövbə etmədən ölərsə, onun dönüş yeri Cəhənnəm olar. Çünki o, Allaha şərik qoşmuşdur.
Allaha tay tutmaq iki cür olur:
- İbadətlərin hər hansı birində və ya ibadətin bir hissəsində Allaha şərik qoşmaq. Bu cür şirk böyük şirk sayılır və belə əməl sahibi Cəhənnəmdə əbədi qalacaq.
- Kiçik şirk. Məsələn, bir insanın “Allah və sən belə istədin”, “Allah və sən olmasaydın” sözlərini deməsi kimi. Bu cümlələrdə Allah ləfzindən sonra gələn isim “və” bağlayıcısı ilə bağlandığı üçün kiçik şirkdir. Həmçinin azacıq riyanın olması da kiçik şirk sayılır. Kiçik şirk edən kəs Cəhənnəmə girsə belə, orada əbədi qalmayacaq.
Hədisin fəslə münasibliyi:
Bu fəsildə Allaha şərik qoşan kəsin aqibəti və onun dönüş yeri bəyan olunur. Bu da, Allaha şərik qoşmaqdan qorxmağı gərəkdirir.
Hədisdən çıxarılan faydalar:
1. Hədis, Allaha şərik qoşmaqdan qorxmağı gərəkdirir və insanı ölmədən öncə şirkə tövbə etməyə həvəsləndirir.
2. Kim Allahla yanaşı bir kəsə dua edərsə, dua edilən kəs istər peyğəmbər olsun istərsə də övliya, istər diri olsun və ya ölü, istər ağac olsun və ya daş, artıq onu Allaha tay tutmuşdur.
3. Allaha şərik qoşmaq, yalnız tövbə ilə bağışlanır.
- Muslimin Cabirdən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Allahın elçisi (sallallahu aleyhi və səlləm) belə demişdir: “Kim Allaha heç bir şeyi şərik qoşmadan Onunla qarşılaşarsa, Cənnətə daxil olar. Kim də hər hansı bir şeyi Allaha şərik qoşaraq Onunla qarşılaşarsa, Cəhənnəmə daxil olar”. (Muslim 38, Əhməd 345).
Hədisin qısa mənası:
Allahın elçisi (sallallahu aleyhi və səlləm) bizə xəbər verir ki, kim tövhid üzərində ölərsə, onun Cənnətə girməsi mütləqdir. Şirkdən aşağı səviyyədə olan böyük günahlardan hansınısa edən və ölənədək bu günahın üzərində israrlı olan insanın halı Allahın istəyindən asılıdır. Əgər Allah istəsə, onu əfv edər və elə ilk dəfədən onu Cənnətə daxil edər. Əks halda isə, etdiyi günaha görə o insana Cəhənnəmdə əzab verilər. Daha sonra isə, o kəs oradan çıxarılar və Cənnətə daxil edilər. Böyük şirk üzərində ölən kəs isə, heç vaxt Cənnətə girməyəcək və Allah Təalənin rəhmətinə nail ola bilməyəcək. O insan Cəhənnəmdə əbədi qalacaq. Böyük şirk etməyən, lakin kiçik şirk üzərində ölən insan, əgər onun bu günahını üstələyən digər yaxşı əməlləri olmazsa, o insan Cəhənnəmə girər, lakin orada əbədi qalmaz.
Hədisin fəslə münasibliyi:
Bu hədisdə Allaha şərik qoşmağın qadağan edilməsi daha şiddətli şəkildədir. Bu da, Allaha şərik qoşmaqdan şiddətli dərəcədə qorxmağı gərəkdirir.
Hədisdən çıxarılan faydalar:
1. Allaha şərik qoşmaqdan qorxmağın vacibliyi. Çünki Cəhənnəm odundan salamat qalmaq üçün şərtdir ki, insan şirkdən salamat qalsın.
2. İbrət əməllərin çox olmasında deyil, insanın şirkdən salamat qalmasındadır.
3. ”Lə iləhə illəllah” kəlməsinin mənası Allaha şərik qoşmağı tərk etmək və Onu ibadətdə təkləşdirməkdir.
4. Qulun Cənnətə və ya Cəhənnəmə yaxın olması və qul ilə onların arasında yalnız ölümün durması.
5. Allaha şərik qoşmaqdan salamat qalan kimsənin fəziləti.
Şeyx Saleh Əl-Fovzanın “Əl-muləxxas fi şərh kitəb ət-tövhid” kitabından.
© www.tovhid.info