“Lə iləhə illəllah şəhadətinə dəvət etmək” fəsli
Mərhəmətli və Rəhimli Allahın adı ilə
- “De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, insanları Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”.” (Yusuf, 108).
Bu fəslin tövhid kitabı ilə münasibliyi:
Müəllif bundan öncəki fəsillərdə tövhidi, onun fəzilətini, ona zidd olan şeylərdən qorxmağın vacibliyini zikr etmişdi. Bu fəsildə də zikr edir ki, bunları bilən insan təkcə özünün əməl etməsi ilə kifayətlənməməlidir, əksinə ona vacibdir ki, Allahın yoluna hikmətlə və gözəl öyüd-nəsihətlə dəvət etsin. Bu, Allahın elçilərinin (sallallahu aleyhim və səlləm) və onların ardınca gedənlərin yoludur.
Ayənin qısa mənası: Allah Təalə Öz elçisinə əmr edir ki, o, insanlara hansı yol üzərində olduğunu xəbər versin. Bu yol, “lə iləhə illəllah” (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) şəhadətinə elm, yəqinlik və dəlillər ilə çağırmaqdır. Peyğəmbərə (sallallahu aleyhi və səlləm) tabe olanlar da insanları elm, yəqinlik və dəlillərlə məhz buna çağırırlar. Həm peyğəmbər, həm də onun yoluna tabe olanlar Allahı mülkün sahibi olmasında və ibadət edilməkdə şəriklərdən pak tuturlar. Allaha şərik qoşan kəs ən yaxın qohumu olsa belə, ondan uzaq olurlar.
Ayənin fəslə münasibliyi:
Allah Təalə bu ayədə Öz elçisinin (sallallahu aleyhi və səlləm) və ona tabe olanların yolu haqda danışır. Onların yolu “Lə iləhə illəllah” şəhadətinə elmlə dəvət etməkdir. Bu ayədən məlum olur ki, insanları lə iləhə illəllah şəhadətinə çağırmaq vacibdir. Bu fəslin mövzusu da bu haqdadır.
Ayədən çıxarılan faydalar:
1. “Lə iləhə illəllah” şəhadətinə çağırmaq Allahın elçisinin və ona tabe olanların yoludur.
2. Dəvət edən insan nəyə dəvət edirsə və nəyi qadağan edirsə, o haqda elmli olmalıdır.
3. (Ayədə) dəvətdə ixlaslı olmağa bir işarə vardır. Dəvət edən kəs yalnız Allahın rizasını istəməlidir. Dəvət edərkən məqsədi mal əldə etmək, insanlara başçılıq etmək, insanların tərifinə nail olmaq və ya hər hansı bir topluma, dəstəyə çağırmaq olmamalıdır.
4. Dəvətdə bəsirətin olması vacibdir. Çünki, Allahın elçisinin (sallallahu aleyhi və səlləm) yoluna tabe olmaq vacibdir. İnsan bəsirət üzərində olmadıqca, onun yoluna tabe olmuş olmur. Bəsirət elm və yəqinlikdir.
5. Tövhidin gözəlliyi. Çünki o, Allahı nöqsanlardan uzaq tutmaqdır.
6. Allaha şərik qoşmağın çirkin bir əməl olması. Çünki Allaha şərik qoşmaq, əslində, Onu təhqir etməkdir.
7. Müsəlmanın müşriklərdən uzaq durmasının vacibliyi. Onun təkcə Allaha şərik qoşmaması kifayət etmir, onlarla heç bir şeydə (tərc: bayramlarında, cahilliyə adətlərində və s.) əlaqəli olmur.
- Ibn Abbasdan rəvayət olunur ki, Allahın elçisi (sallallahu aleyhi və səlləm) Muazı Yəmənə göndərərkən ona belə demişdir:
“Sən kitab əhlindən olan insanların yanına gedirsən. Onları dəvət edəcəyin ilk şey “Lə iləhə illəllah” şəhadəti olsun.”
Başqa hədisdə isə rəvayət olunur ki, o, belə demişdir:
“Əvvəl onları Allahı təkləşdirməyə çağır. Əgər onlar bu işdə sənə itaət etsələr, onlara xəbər ver ki, Allah onlara hər gün beş vaxt namaz qılmağı vacib edib. Əgər onlar bu işdə də sənə itaət etsələr, onlara bildir ki, Allah varlılarından götürülüb kasıblarına veriləcək zəkatı onlara vacib edib. Əgər onlar bunda da sənə itaət etsələr, onda onların mallarının ən yaxşısını götürməkdən çəkin və məzlumun etdiyi duadan özünü qoru, çünki o dua ilə Allahın arasında heç bir maneə yoxdur. (Buxari 1395, Muslim 19).
Hədisin qısa mənası:
Peyğəmbər (sallallahu aleyhi və səlləm) Muaz İbn Cəbəli Allahın yoluna çağıran bir dəvətçi və İslamı öyrədən bir müəllim kimi Yəmənə göndərir və ona bu işi yerinə yetirməsi üçün bir plan cızır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Muaza izah edir ki, o, müəyyən qədər elmi olan və mübahisə etməyi bacaran bəzi yəhudi və nəsranilərlə qarşılaşacaq. Bunları deməklə istəyir ki, Muaz onlarla söhbət etməyə və onların şübhələrinə cavab verməyə hazır olsun. Sonra izah edir ki, o, öz dəvətini ən mühüm olandan başlamalıdır və ondan sonra mühümlükdə daha aşağı olan işlərə keçməlidir. İlk öncə insanların inancının düzəlməsinə fikir verməlidir, çünki əsas olan budur. Əgər onlar bu işdə ona itaət etsələr, onlara namaz qılmağı əmr etməlidir. Çünki Allahı təkləşdirdikdən sonra ən vacib olan əməl namazdır. Əgər onlar namazlarını da qılsalar, onda onlardan varlı olanlara əmr etməlidir ki, mallarından çıxarılacaq zəkatı kasıblara versinlər. Bununla həm kasıblara köməklik edirlər, həm də Allaha şükr etmiş olurlar. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) onların mallarının ən yaxşısını götürməkdən çəkindirdi, çünki bu işdə vacib olan, orta yol tutmaqdır. Bundan sonra onu ədalətli olmağa və zülm etməməyə rəğbətləndirdi. Çünki əgər zülm olunan kəs Allahı çağırarsa, Allah onun çağırışına cavab verər.
Hədisin fəslə münasibliyi:
İslama dəvət edərkən, ilk öncə insanları “Lə iləhə illəllah” şəhadətinə çağırmaq lazımdır. Həmçinin hədisdən aydın olur ki, bu şəhadəti insanlara çatdırmaq üçün dəvətçilər göndərmək olar.
Hədisdən çıxarılan faydalar:
1.Allahın yoluna çağırmaqdan ötrü dəvətçiləri göndərmək Şəriətə uyğun bir əməldir.
2.“Lə iləhə illəllah” (Allahdan başqa ibadətə layiq olan ilah yoxdur) şəhadəti vaciblərin içərisində ən vacib olan və insanların çağırıldığı ilk şeydir.
3.“Lə iləhə illəllah” şəhadətinin mənası Allahı ibadətdə təkləşdirmək və Ondan başqasına ibadət etməməkdir.
4.Kafir olan bir kəs hər iki şəhadəti dili ilə tələffüz etməszə, ona müsəlman hökmü verilmir.
5.Bəzən bir insan elmli olur və çoxlu kitablar oxuyur, lakin “Lə iləhə illəllah” şəhadətinin mənasını bilmir. Bəzən isə onun mənasını bilir, lakin ona əməl etmir. Əhli kitab da belədir.
6.Elmli insana olunan müraciətlə, elmsiz insana olunan müraciət arasında fərq var. (“Sən kitab əhlindən olan insanların yanına gedəcəksən…”)
7.Hədisdən bəlli olur ki, insan, xüsusən də dəvətçi elm öyrənməli və öz dinini yaxşı bilməlidir ki, azmış insanların şübhələrindən özünü qoruya bilsin.
8.İki şəhadətdən (Lə iləhə illəllah, Muhəmmədun rasulullah şəhadətindən) sonra ən vacib olan əməl namazdır.
9.Zəkat, namazdan sonra gələn ən vacib əməldir.
10.Hədisdə zəkatın sərf olunduğu səkkiz sinif insanlardan biri qeyd olunur, bu da kasıblardır. Həmçinin zəkat verən kəs onu təkcə kasıblara verməklə kifayətlənə bilər.
11.Zəkatı yığarkən malın ən yaxşısını götürmək icazəli deyil. Mal sahibinin öz razılığı ilə malının yaxşısını könüllü verməsi istisnadır.
12.Bu hədis insanı zülm etməkdən çəkinməyə yönəldir. Zülm olunan kəs günahkar olsa belə, onun etdiyi dua qəbul olunur.
- Buxari və Muslimdə Səhl ibn Səddən rəvayət olunur ki, Allahın elçisi (sallallahu aleyhi və səlləm) Xeybər günü belə demişdir:
“Həqiqətən, mən sabah bayrağı, Allahı və Onun elçisini sevən və Allahın və Elçisinin sevdiyi bir kimsəyə verəcəyəm, Allah o kəsin vasitəsi ilə zəfər verəcəkdir.”
İnsanlar o gecələrini, bayraq onların hansına veriləcək deyə müzakirə etməklə keçirdilər. Səhərə çıxdıqları zaman, onlardan hər biri bayrağın ona veriləcəyinə ümid edərək Allahın elçisinin yanına getdilər.
O dedi: “Əli ibn Əbi Talib haradadır?”
Dedilər ki, o, gözlərinin ağrısından əziyyət çəkir. Onun dalınca adam göndərib onu gətirdilər. Sonra Allahın elçisi (sallallahu aleyhi və səlləm) onun gözlərinə (yüngülcə) tüpürdü və onun üçün dua etdi. O, sanki gözlərində heç bir ağrı olmamış kimi, dərhal sağaldı. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) bayrağı ona verdi və dedi:
“Onların ərazisinə gedib çatana qədər tələsmədən öz yoluna davam et. Sonra onları İslam dininə dəvət et və İslamda Allahın onların üzərində vacib olan haqları barədə onlara xəbər ver. Allaha and olsun ki, Allahın bir kimsəni sənin vasitənlə doğru yola yönəltməsi sənin üçün qırmızı dəvələrdən daha xeyirlidir”.” (Buxari 2942, Muslim 2406).
Hədisin qısa mənası:
Peyğəmbər (sallallahu aleyhi və səlləm) səhabələri müjdələyir ki, növbəti gün müsəlmanlar yəhudilərə qalib gələcəklər. Bu qələbə böyük fəziləti olan bir kişinin vasitəsi ilə baş verəcək, o kəs Allahı və Onun elçisini sevir, Allah və Onun elçisi də o kəsi sevir. Səhabələr xeyir işlərə həris olduqları üçün, dərhal buna nail olmağa can atdılar. Onlardan hər biri istəyirdi ki, haqqında danışılan kişi məhz o özü olsun. Onlar təyin olunmuş görüş yerinə getdikləri zaman, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Əlini sorağladı. Lakin o, gözlərində xəstəlik olduğu üçün gəlməmişdi. Sonradan Əli gəldi və Peyğəmbər (sallallahu aleyhi və səlləm) öz mübarək ağız suyu ilə onun gözlərinə (yüngülcə) tüpürdü. Onun hiss etdiyi ağrılar dərhal yox oldu və o, tam sağaldı. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) qoşunun idarəçiliyini ona təhvil verdi və əmr etdi ki, o, düşmənin qalasına yaxınlaşana qədər yavaş-yavaş irəli getsin, sonra onlardan İslam dinini qəbul etmələrini tələb etsin. İslamı qəbul etdikləri təqdirdə, müsəlmanın üzərinə vacib olan haqlar barədə onlara xəbər versin. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) Əliyə Allahın dininə dəvət etməyin fəzilətini bəyan etdi və bildirdi ki, dəvətçinin vasitəsi ilə bir kəs doğru yola yönələrsə, bu, onun üçün dünya malları arasında ən qiymətli sayılan şeydən daha xeyirlidir. Əgər onun vasitəsi ilə bir nəfər deyil, daha çox insan doğru yola yönələrsə, görün o zaman bu, onun üçün nə qədər xeyirli olar?!
Hədisin fəslə münasibliyi:
Bu hədisdə İslama, hansı ki, o, “lə iləhə illəllah” şəhadətinin mənasıdır, dəvət etmək şəriətin əmr etdiyi əməl olması və ona dəvət etməyin fəzilətinin bəyanı var.
Hədisdən çıxarılan faydalar:
1. Hədisdə Əli ibn Əbi Talibin fəziləti açıq-aşkar qeyd olunur. Həmçinin, Allahın elçisi (sallallahu aleyhi və səlləm) şahidlik edir ki, Əli Allahı və Onun elçisini sevir və o, həm aşkarda, həm də qəlbində həqiqi iman sahibidir.
2. Allah Təalənin Öz dostarını sevməsinin sübutu. Allahın bütün müqəddəs və kərim sifətləri olduğu kimi, Onun məhəbbəti də Öz Əzəmətinə yaraşan şəkildədir.
3. Səhabələrin xeyir işlərə can atmaları və saleh əməllərdə bir-birini ötməyə çalışmaları.
4. Döyüş zamanı ədəbli olmaq və düşüncəsizlik etməmək Şəriətə uyğundur. Bu zaman səs-küy salmağa, narahat edən səslər çıxarmağa ehtiyac yoxdur.
5. İmamın tabeçiliyində olan işçilərə insanlarla həlim və yumşaq davranmalarını əmr etməsi. Lakin, bununla yanaşı, onlar zəiflik göstərməməli və əzmkarlığı itirməməlidirlər.
6. İslama dəvət etməyin vacibliyi, xüsusən də kafirlərlə döyüşməzdən öncə.
7. Kafirlərdən dəvəti qəbul etməyənlə döyüşməyin vacib olması. 8. Dəvət etmək tədricən olur. Kafir olan bir kimsədən ilk öncə iki şəhadət kəliməsini tələffüz edərək İslamı qəbul etməsi tələb olunur. Bundan sonra ona İslamda olan vaciblər əmr olunur.
9. İslama dəvət etməyin fəziləti və bu işin həm dəvət edən, həm də dəvət olunan üçün xeyirli olması. Dəvət olunan insan doğru yola yönələr, dəvət edən insan isə, böyük mükafata nail olar. Allah daha yaxşı bilir.
10. Hədis Muhəmməd peyğəmbərin (sallallahu aleyhi və səlləm) peyğəmbər olmasına dəlildir. O, hadisə baş verməzdən öncə onların qalib gələcəkləri barədə xəbər vermişdi. Həmçinin, onun ağız suyu dəydikdən sonra xəstəlik sağaldı.
11. Qəza və qədərə iman. Çünki bayraq, onu almaq üçün can atmayan adama verildi. Əksinə, bayrağı almaq üçün can atanlar isə, buna nail olmadılar.
12. İnsanın özünü sadəcə müsəlman adlandırması kifayət etmir. O, həmçinin, İslamın vaciblərini bilməli və onlara əməl etməlidir.
Şeyx Saleh Əl-Fovzanın “Əl-muləxxas fi şərh kitəb ət-tövhid” kitabından.
© www.tovhid.info