• Menyu
  • Menyu

Tövhid kitabının müxtəsər şərhi – 8ci fəsil

tovhidinfo

“Ovsun və gözmuncuğu barədə gələn qadağa” fəsli

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Buxari və Muslimin rəvayət etdiyi səhih hədisdə Əbu Bəşir əl-Ənsaridən rəvayət olunur ki, o, bəzi səfərlərində Allahın elçisi (sallallahu aleyhi və səlləm ) ilə birlikdə idi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) elçi göndərdi ki, dəvələrin boynunda yay ipindən və ya başqa ipdən olan bütün boyunbağılar kəsilsin və onlardan heç nə qalmasın. (Buxari 3005, Muslim 2115)

Hədisin qısa mənası:
Peyğəmbər (sallallahu aleyhi və səlləm) bəzi səfərlərində “gözdəyməni və bəlaları dəf etmək məqsədi ilə dəvələrin boynuna bağlanmış bütün boyunbağılar çıxarılmalıdır” deyə insanlara elan etmək üçün bir nəfər göndərdi. Çünki bu, aradan qaldırılması vacib olan şirk əməllərdəndir.
Hədisin fəslə münasibliyi:
Bəlaları dəf etmək üçün dəvələrin boynuna yay ipi və buna bənzər şeylər taxmaq haram və şirkdir, çünki bu, gözmuncuğu asmaq kimi haram əməllərdəndir.
Hədisdən çıxarılan faydalar:
1. Gözmuncuğu asmağın hökmü haram olduğu kimi, bəlanı dəf etmək üçün yay ipi bağlamaq da haramdır.
2. Pis əməli aradan qaldırmaq.
3. İnsanların etiqadlarını qoruyacaq şeyləri onlara çatdırmaq.

İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət olunur ki, o, belə demişdir:
“Mən Allahın elçisinin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitmişəm: “Həqiqətən də ovsun, təməim (gözdəymədən ötrü asılan şeylər) və tivələ (kişi ilə qadını bir-birinə sevdirmək üçün edilən tilsim) şirkdir”. (Əhməd 1/381. Əbu Davud 3883).

Hədisin qısa mənası:
Allahın elçisi (sallallahu aleyhi və səlləm) xəbər verir ki, zərəri dəf etmək və ya xeyir əldə etmək məqsədi ilə bu vasitələrdən istifadə edib Allahdan başqasından nə isə ummaq Allaha şərik qoşmaqdır. Çünki zərəri dəf etmək də, xeyir vermək də yalnız Allahın əlindədir və Ondan başqa heç kim buna qadir deyil. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bunu xəbər verməsi bu əməllərin qadağan edilməsi anlamına gəlir.
Hədisin fəslə münasibliyi:
Hədisdə zikr olunan şeylər tövhidə xələl gətirən şirk əməllərdəndir.
Hədisdən çıxarılan faydalar:
1. Hətta insanların daha çox qismi öz əqidələrini korlayan işlərlə məşğul olsalar belə, bu hədis insanın əqidəsinə xələl gətirən şeylərdən özünü qorumağa həvəsləndirir.
2. Hədisdə qeyd olunan şeyləri etmək haramdır.
3. Hədisdə keçən bu üç məsələ, heç bir istisna olmadan şirk əməllərdən sayılır.

Bundan əvvəl keçən hədisdəki sözlərin daha geniş izahı:

“Təmimə” – bəd nəzərdən qorunmaq üçün uşaqların üzərinə asılan şeydir. Bu, üzərində Quran ayələri yazılmış bir şey də ola bilər. Keçmiş alimlərdən bəziləri təmimənin bu növünü icazəli hesab etmiş, bəziləri isə əksinə, bunu da icazəli görməmiş və qadağan olunanlardan hesab etmişlər. Bu növün qadağan olduğunu hesab edənlərdən biri də İbn Məsud olmuşdur.
“Ovsun”. Şirk olmayan ovsun barədə xüsusi olaraq dəlil vardır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bəd nəzərdən qorunmaq üçün və həşəratlar sancarkən belə ovsunun edilməsinə icazə vermişdir.
“Tivələ” – kişini öz arvadına, qadını da öz ərinə sevdirmək iddiası ilə düzəldilən bir şeydir.

Bütün bunların hökmü barədə müəllifin dediyi sözlərin xülasəsi:
1) Ovsun iki növdür:
Şəriətlə icazəli olan.
Şəriətlə qadağan edilən.
İcazəli olan ovsun, Allaha şərik qoşulmaqdan uzaq olan, qadağan edilən ovsun isə, özündə şirk olan ovsundur.
2) Təmimə (insanın gözdəymədən qorunması üçün üzərində gəzdirdiyi şey) də iki növdür:
Birinci növə gəldikdə, alimlər bunun qadağan olunmasında icma ediblər, çünki bu növ özündə şirki ehtiva edir.
İkinci növ isə insanın, üzərində Quran ayələri yazılmış vərəqələri gəzdirməsidir. Bu məsələdə alimlər ixtilaf ediblər, bəziləri bunun icazəli olduğunu, bəziləri isə qadağan olduğunu söyləyiblər. Lakin pis əməllərə yol açılmaması və Quranın pisliklərdən qorunması məqsədilə bu növün də qadağan olunması daha doğru bir rəydir.
3) Tivələ (Kişini öz arvadına, qadını da öz ərinə sevdirmək məqsədi ilə edilən tilsim) isə heç bir ixtilaf olmadan qadağandır, çünki bu, sehrin bir növüdür.

Abdullah ibn Ukeymdən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə deməsi rəvayət olunur: “Kim qəlbini (Allahdan başqa) bir şeyə bağlayarsa, onun öhtəsinə buraxılar”. (Hədisi İmam Əhməd və Tirmizi rəvayət ediblər).
Hədisin qısa mənası:
Bu, məzmunu qısa, lakin faydası böyük olan bir hədisdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu hədisdə xəbər verir ki, kim qəlbi və əməli ilə və ya onlardan biri ilə Allahdan başqasına yönələrək onun xeyir verəcəyinə və ya zərəri dəf edəcəyinə ümid edərsə, Allah Təalə onu qəlbini bağladığı kəsin öhdəsinə buraxar. Kim qəlbini Allaha bağlayarsa, Allah ona kifayət edər və hər bir çətin işi onun üçün asanlaşdırar. Qəlbini Allahdan başqasına bağlayan kəsi isə Allah köməksiz qoyar və başqaların öhtəsinə buraxar.
Hədisin fəslə münasibliyi:
Bu hədisdə insanın xeyir əldə etmək və ya zərəri dəf etmək üçün qəlbini Allahdan başqasına bağlaması qadağan olunmuşdur.
Hədisdən çıxarılan faydalar:
1. Qəlbi Allahdan başqasına bağlamağın qadağan edilməsi.
2. Bütün işlərdə qəlbi Allaha bağlamağın vacibliyi.
3. Şirkin zərəri və sonunun necə pis olmasının bəyan edilməsi.
4. Verilən cəza və ya mükafat, insanın etdiyi əmələ oxşar və növünə uyğun olur.
5. İstər xeyir, istərsə də şər əməlin nəticəsi, o əməli edənin özünə qayıdır.

İmam Əhməd Ruveyfinin belə dediyini rəvayət etmişdir: Allahın elçisi (sallallahu aleyhi və səlləm) buyurdu:
“Ey Ruveyfi, ola bilsin ki, sənin ömrün daha uzun olsun. İnsanlara xəbər verərsən ki, kim saqqalına düyün vursa, yay ipindən boyunbağı bağlasa, ayaqyolunda peyin və ya sümüklə təmizlənsə, Muhəmməd o kəsdən uzaqdır”. (Əhməd 4/108, Əbu Davud 36)

Hədisin qısa mənası:
Peyğəmbər (sallallahu aleyhi və səlləm) xəbər verir ki, bu səhabənin ömrü o qədər uzun olacaq ki, o, Peyğəmbərin yoluna müxalif olan insanları görəcək. Peyğəmbərin buyurduğu saqqalı çoxaltmaq və ona yaxşı baxmaqdır. Onlar isə özlərini əcnəbilərə və bər-bəzək içində yaşamağı sevən insanlara oxşadaraq saqqalı oyun-oyuncağa çevirəcəklər. Həmçinin onlar, bəlanı dəf etmək üçün heyvanların boynuna boyunbağı bağlayacaqlar, bununla da şirk edib, tövhid əqidəsini korlayacaqlar. Daha sonra onlar Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qadağan etdiyi əməli edəcək, ayaqyolunda heyvan peyini və sümüklə təmizlənəcəklər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu əməlləri edənlərdən uzaq olduğunu öz səhabəsinə bildirir və vəsiyyət edir ki, bu xəbəri ümmətə çatdırsın.
Hədisin fəslə münasibliyi:
Bu hədisdə bəlanı dəf etmək məqsədilə boyunbağı bağlamaq qadağan edilir. Çünki bu, Allaha şərik qoşmaq sayılır və Allahdan başqa heç kim buna qadir deyil.
Hədisdən çıxarılan faydalar:
1. Peyğəmbərlik əlamətlərindən bir əlamət. Doğrudan da hədisdə deyildiyi kimi oldu və Ruveyfi hicrətin 56-cı ilinə qədər yaşadı.
2. Yerinə yetirilməsi və ya tərk edilməsi vacib olan əmrləri və qadağaları insanlara çatdırmağın vacibliyi.
3. Saqqala yaxşı baxmağın və onu çoxaltmağın şəriətə uyğun olması. Saqqalı qırxmaq, qısaltmaq, düyünləmək və ya burmaqla onu oyun-oyuncağa çevirməyin haram olması.
4. Bəlanı dəf etmək məqsədilə boyunbağı bağlamağın haram olması və şirk sayılması.
5. Ayaqyolunda peyin və sümüklə təmizlənməyin haram edilməsi.
6. Hədisdə zikr olunanların, böyük günahlardan sayılması.

Səid ibn Cubeyrin belə deməsi rəvayət olunur:
“Kim bir insanın üzərindəki gözmuncuğunu qırarsa, sanki qul azad etmiş olar.” Bunu Vaki rəvayət etmişdir.
Həmçinin o, İbrahim ən-Nəxainin belə deməsini rəvayət edib:
“Onlar, istər Quran ayələri yazılmış, istərsə də başqa bir şey olsun, gözdəymədən ötrü asılan hər bir şeyin qadağan olunduğunu deyirdilər.”

Əsərin qısa mənası:
Bu əsərdə xəbər verilir ki, bəlaları dəf etmək məqsədilə insanın üzərindən asılan bir şeyi kim qırarsa, onun üçün kölə azad edənin savabı qədər savab olar. Çünki o kəs, gözmuncuğu asmaqla şeytanın köləsinə çevrilmişdir. Onu qıran kəs isə həmin adamı köləlikdən azad etmiş olur. İbrahim ən-Nəxai bəzi böyük tabiinlərdən rəvayət edir ki, onlar ümumi olaraq gözdəymədən ötrü asılan hər bir şeyin qadağan olduğunu deyirdilər. Hətta bu, üzərində Quran ayələri yazılmış şey olsa belə, günaha aparan yolun qarşısını almaq üçün bunun da qadağan olduğunu deyirdilər.
Bu iki əsərin fəslə münasibliyi:
Bu əsərlərdə böyük tabiinlər heç bir istisna olmadan gözdəymədən ötrü asılan hər bir şeyin qadağan olduğunu söyləyiblər.
Bu əsərlərdən çıxarılan faydalar:
1. Gözmuncuğu və bu kimi şeyləri qırmağın fəziləti.
Çünki belə etmək, pis əməli aradan qaldırmaq və insanları şirkdən xilas etməkdir.
2. Bəzi tabiinlər üzərində Quran ayələri yazılmış bir şeyi istisna etsələr belə, əsərdən görünür ki, gözdəymədən ötrü asılan hər bir şey mütləq şəkildə haramdır.
3. Sələflərin əqidəni xurafatlardan qorumağa həris olmaları.


Şeyx Saleh Əl-Fovzanın “Əl-muləxxas fi şərh kitəb ət-tövhid” kitabından.
© www.tovhid.info

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax