• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 23-cü hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Günahları azaltmaq

Möminlərin anası Aişə (Allah ondan razı olsun) demişdir: “Günahları azaldın! Çünki, siz az günah etməkdən daha üstün bir şeylə Allahla qarşılaşa bilməzsiniz!”

? (Vəkinin “Zühd” kitabı, səh 535; no: 273)


✍?Əbud-Dərdə (Allah ondan razı olsun) demişdir:

?“Elm tələb edin, əgər (buna) aciz olsanız, elm əhlini sevin, sevməsəniz isə, onlara nifrət etməyin.”

?İbn Sə’d, “Ət-tabəqat əl-kubra”, 2/358.


TÖVHİDİN 3 QİSMİNİN OLDUĞUNU İNKAR EDƏNLƏRƏ MÜXTƏSƏR CAVAB

Bildiyiniz kimi bəzi bidətçilər Tövhidin 3 qisminin olmasını inkar edir və bunu şeyxulislam İbn Teymiyyənin (Allah ona rəhmət etsin) sözü kimi qəbul edir və ondan əvvəlki alimlərin tövhidin 3 qismindən danışmadığını iddia edirlər. Yəni deyirlər ki, ibn Teymiyyə tövhidin 3 qismini özündən çıxardıb.Bu batil bir şübhə və batil bir iddiadır. Çünki, birincisi Quran özü əvvəlindən axırına kimi tövhidin 3 qisminə dəlalət edir (Uluhiyyət tövhidi, Rububiyyət tövhidi və ad və sifətlər tövhidi). İkincisi; İbn Teymiyyədən əvvəl bir çox alimlər bunu təsdiqləmişlər. Bu da belə bir iddianın tam əsassız olduğuna sübutdur. Tövhidin 3 qismini ibn Teymiyyədən əvvəl təsdiqləyən alimlərdən:

1) ibn Batta

2) ibn Məndəh

3) Əbu Hənifə

4) Əbu Yusuf

5) Tahavi

6) İbn Cərir ət-Təbəri

7) Qurtubi

8) İbn Hibban əl-Busti

9) İbn Əbi Zeyd əl-Qayravani

10) Əbu Bəkr ər-Tartuşi və s. alimləri misal çəkmək olar. Allah onların hamısına rəhmət etsin.

İbn Batta (vəfat tarixi: 378 hicri.) ibn Teymiyyədən 3 əsr yarım əvvəl yaşamışdır. O, demişdir: “Çünki, Bizə aydın olur ki, Allah öz qullarına xitab etmişdir ki, bu üç növün (tövhidin 3 növü) hər birinə etiqad edərək və iman gətirərək Ona dua etsinlər.”

? (Əl-İbanə; İbn Batta, səh, 693-694; müxtəsərində isə səh, 150)

Tövhidin 3 qismi olduğunu inkar edənlərə deyirik ki, ibn Teymiyyə (Allah ona rəhmət etsin) tövhidin üç qismi olduğunu özündənmi çıxarıb? Yoxsa, özündən əsrlərlə əvvəl bunu təsdiqləmiş alimlərin sözünü təsdiqləyib sadəcə?

Görün indi İmam Əbu Bəkr ət-Tartuşi (Allah ona rəhmət etsin) tövhidin 3 qismi haqqında nə deyir: “Mən Allahın Rububiyyətinə, Vəhdaniyyətinə (bu, uluhiyyət tövhidinin adlarındandır) və gözəl adları və uca sifətləri və kamil fellərinin olduğuna şəhadət edirəm!”

? (Sirac-əl-Muluk, 1/7)

Qeyd edək ki, İmam Tartuşi ilə şeyxülislam ibn Teymiyyə arasında tam iki əsrdən çox zaman fərqi var. İmam Tartuşi hicrətin 451 və 520-ci illəri arasında yaşamışdır. Şeyxülislam ibn Teymiyyə isə hicrətin 661 və 728-ci illəri arasında yaşamışdır.

Burada bu misalları uzatmaq da olar və qeyd etdiyimiz alimlərdən digərlərinin sözlərini də nəql etmək olar. Lakin ağıl sahibləri üçün bu iki misal da bəs edir.”


Qohumluq əlaqələrini qorumaq

Abdullah ibn Amr ibnil-As (Allah hər ikisindən razı olsun) Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) belə dediyini rəvayət edirlər: “Qohumluq əlaqəsini birləşdirən (qoruyan) kəs özüylə əlaqə saxlanıldığı zaman əlaqə saxlayan kəs deyil, lakin qohumluq əlaqəsini birləşdirən (qoruyan) o kəsdir ki, qohumluq əlaqəsi kəsildikdə onu birləşdirsin.”

? (Buxari, 5991)


Allah Əzzə və Cəllə öz müqəddəs kitabında belə buyurur: “Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir.” [ əl-Bəqərə, 195].

İbn Useymin (Allah ona rəhmət etsin) ayənin izahında belə deyib: “Allahın onları sevməsi yaxşılıq edənlərin savabıdır. Allahın sevməsi uca, əzəmətli bir mərtəbədir. Və Allaha and olsun ki, Allahın məhəbbəti bütün dünyanın əvəzinə belə satın alınar. Və o (Allahın məhəbbəti) sənin Allahı sevməyindən də ucadır. Allahın səni sevməsi sənin Onu sevməyindən ucadır. Buna görə də Allahu Təalə belə deyib: ” De: Əgər siz Allahı sevirsizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin.” [Ali İmran, 31]. Allah bu ayədə demədi ki, Mənə tabe olun ki, Allahı sevməyinizdə sadiq olasız. Çünki hal bunu tələb edir. Lakin Allahu Təalə dedi: “Allah da sizi sevsin”.

Buna görə də bəzi alimlər belə deyiblər :

“Əsas iş sənin Allahı sevməyində deyil, Allahın səni sevməyindədir.”

Hər kəs Allahı sevdiyini iddia edir. Lakin əsas səmada olanın səni sevməsidir – O, səni sevir ya yox?

Əgər Allah səni sevərsə, səmada olan mələklər də səni sevəcək. Sonra yer üzündə olan insanların qəlblərinə  səni qəbul etmələri qoyulacaq və yer əhli səni sevəcək. Və səni qəbul edəcəklər, həmçinin səndə olan (müsbət) şeyləri də qəbul edəcəklər. Bu da mömin üçün acil müjdədir. “

? “Şərh əl-aqidə əl-vasitiyyə” kitabından.

Doğrudan da, çox gözəl deyilmiş ifadələrdir. Allahın sevgisini qazanmaq böyük bir nemətdir. Bu neməti əldə etmək üçün Allaha iman gətirmək və saleh əməllər etmək lazımdı. Saleh əməllərin də ən əfzəli tövhid və sünnədir, ixlas və peyğəmbərə tabeçilikdir. Həyatımızda tövhidi və sünnəni haqqı ilə həyata keçirəriksə, Allah da bizi sevər, səma və yer əhli də.

“İman gətirib yaxşı işlər görənlər üçün Rahmən olan  Allah qəlblərdə bir sevgi yaradacaq.” [Məryəm, 96].

Allah bizləri Özünün sevdiyi qullarından etsin!


Zülmdən çəkinin!

Əbu Hüreyrə (Allah ondan razı olsun) dedi: Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurdu:

“Kim (müsəlman) qardaşının irzinə toxunmaqla və ya başqa cür  zülm edibsə, qoy o kəs dinar və dirhəmin fayda verməyəcəyi gün gəlməmişdən əvvəl ondan halallıq alsın. (Yoxsa) Əgər onun yaxşı bir əməli olarsa, onun etdiyi zülm miqdarında  o yaxşılıqdan götürülər. Əgər onun yaxşılıqları olmazsa, dostunun (zülm olunanın) pis əməllərindən götürülüb ona yüklənər.”

? (əl-Buxari, 2449)


Gözəl əxlaqın fəziləti

Əbu Dərdadan (Allah ondan razı olsun) rəvayət olunur ki, Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurdu: “(Əməlləri ölçən) Tərəzidə gözəl əxlaqdan daha ağır gələn bir şey olmayacaq.”

? (Əbu Davud, 4801; Əhməd, 45/509 no 27517; şeyx Albani Səhihul-Cami əsərində səhihləşdirib, 5390)


✍?Həsən Əl-Bəsri demişdir:

“Dirhəm və dinar necə də pis yoldaşlardır! Səndən ayrılmadıqca sənə fayda verməzlər…”

?Hilyətul-əuliyə,  1889.

Bu sözdə çox böyük bir hikmət var:

Yaxşı dost o kəsdir ki, daim səninlə olur və sənə fayda verir. Sənin sevdiyin pul isə, yalnız səndən ayrıldıqda – yəni xeyirli işlərə xərcləndikdə, sənə fayda verər.


BİR HƏDİS OXUYAQ

Əbu Hüreyrə (Allah ondan razı olsun) dedi: “Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurdu: “Adəm övladı öldükdə üç əməldən başqa onun əməli kəsilir: Davamlı olan sədəqə, faydalı elm və onun üçün dua edən saleh övlad.”

? (Müslim, Kitəbul-Vasayə, 2/41)

Əbu Hüreyrədən (Allah ondan razı olsun) rəvayət olunur ki, Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurdu: “Hər kim hidayət yoluna dəvət edərsə, o kimsəyə onun dəvətini qəbul edənlərin əcri qədər savab yazılar. Bu, onların (dəvəti qəbul edənlərin) savabından heç nəyi azaltmaz.”

? (Müslim, Kitəbul-İlm, 4/2060)

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax