• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 30-cu hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Gözəl fayda

“Kimdən qorxursansa, ondan qaçırsan. Yalnız Allah Təaladan başqa – əgər Ondan qorxursansa, Ona tərəf qaçırsan.”

?İbn Əbil-İzz, “Şərhul-əqidətit-tahəviyyə”, 2/457.


Elmin ləzzəti

?İbnul-Covzi (Allah ona rəhmət etsin) demişdir:

“Öz halımdan xəbər verirəm: kitab mütaliə etməkdən doymuram və görmədiyim kitabı görəndə sanki xəzinə tapıram.”

?”Əl-ədəb əş-şər’iyyə”, 2/255.


Kiçik şirk böyük günahdan pisdir

✍️İbn Məs’ud (Allah ondan razı olsun) belə demişdir:

“Allaha yalandan and içmək mənə Allahdan başqasına doğrudan and içməkdən daha sevimlidir”.

?AbdurRazzəq, “Əl-Musannəf”, 8/469.

?Bizim şərh:

Elə başa düşülməsin ki, Allaha yalandan and içmək icazəlidir. Əksinə, bu böyük günahlardandır. Lakin Allahdan başqasına and içmək isə, doğrudan and içsə belə, kiçik şirkdir.

Ümmətin ən böyük alimlərindən olan bu səhabinin sözündən öyrəndiyimiz aşağıdakıdır:

# Şirk, kiçik olsa belə, şirk olmayan hər hansı bir böyük günahdan daha pis və daha ağırdır.


Şeyx Saleh Əl-Fovzan (Allah onu qorusun) deyib:

“İxtilaf və ayrılıq ancaq Kitab və Peyğəmbərin (sallallahu aleyhi va səlləm) sünnətindən tutunmadığına görə baş verir.”

Yenə Şeyx buyurur:

“Əhli kitab Rəblərinin kitabını tərk etdiklərinə görə ixtilafa düşdülər. Bu onların yoludur.”

? “Şərh əl-mənzuməti əl-həiyə”, səh. (48).


Həmməd ibn Zeyd (Allah ona rəhmət etsin) demişdir:

“Eyyubla gəzirdim və elə yollarla gedirdi ki, onları necə tapdığına təəccüblənirdim. O, bunu insanlardan qaçmaq üçün edirdi ki, deyilməsin “bu, Eyyubdur”.”

?İbn Sə’d, “Ət-Tabaqat”, 7/249.

?Bizim şərh:

Eyyub ibn Əbi Təmimə Əs-Sixtiyəni tabeinlərdən və böyük alimlərdən idi. İmam Zəhəbi onu barədə “seyyidul-uləma” (alimlərin seyyidi, ağası) demişdir.

Belə bir zirvədə olan alim, harasa gedəndə insanların olmadığı, tanımadığı yollarla gedərdi ki, hamı onu tanıyıb, “bu Eyyubdur” deyib işarə etməsinlər, onu tərifləməsinlər, birdən özünü bəyənər.

Amma dövrümüzdə elə insanlar var ki, 1-2 kitab oxuduqda özünü alim, sözünü isə, hüccət hesab edir. Ona görə belə insanlar heç vaxt elmdə irəli getmir. Onlar elmdə “iməkləməyə” başlayanda özlərini zirvədə hesab etdiklərinə görə axıracan iməkləyirlər, gəzməyi belə öyrənə bilmirlər.

Allahdan istəyirəm bizi elmli və təvazökar qullarından etsin.


✍?Şeyx Muqbil Əl-Vadii (Allah ona rəhmət etsin) demişdir:

“Sələfi dəvətçilər insanları Yaradana bağlayırlar, öz şəxsiyyətlərinə bağlamırlar”.

?”Əl-iməm əl-əlməi”, 249.


İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:

“İnsanlar bu iki qismdən kimin daha əfzəl olduğu barədə ixtilaf ediblər: səbr edən kasıb yoxsa şükr edən zəngin? Səhih olan odur ki, ən əfzəl olanı- Allahdan daha çox qorxanıdır.”

? Məcmu əl-fətəva (21/11)


Abdur-Rahmən ibn Sədi (Allah ona rəhmət etsin) demişdir:

“Oddan xilas edən işlərdən biri də, insanlara mal və gözəl sözlə yaxşılıq etməkdir.”

?”Bəhcətu qulubil-əbrar” səh. (44)


✍️Şeyxülislam İbn Teymiyyə  (Allah ona rəhmət etsin) demişdir:

“Batilin mənşəyi elmin naqis olması və ya qəsdin pis olmasıdır.”

?”Dər’u təarudil-əqli vən-nəql”, 3/341.


Abdullah ibn Amr (Allah ondan razı olsun) demişdir:

“Əgər cəhənnəm əhlindən bir kəs dünyaya çıxarılsaydı, onun dəhşətli mənzərəsindən və iyindən  dünya əhli ölərdi.”

?”Ər-riqqatu va əl-bukə” (səh.104).


İbnul Qayyim belə demişdir:

“Ən axmaq insan mənzil başına yaxınlaşdığı halda səfərinin axırında yolunu azandır.”

?Əl-fəvaid, 157


Xristianların etiqadı

✍️Şeyxülislam İbn Teymiyyə demişdir:

“Aqil insanlardan bir toplumu belə demişdir:

“Bütün insanlarının dediklərini (etiqadını) təsəvvür etmək mümkündür, yalnız xristianlardan başqa, çünki onların etiqadının əsasını qoyanlar öz dediklərini təsəvvür etməyiblər, cahilliklə danışıb, iki bir-birinə zidd olan şeyi cəm ediblər”. (Xristianların “Allah üçdür və O, eyni zamanda birdir” etiqadını nəzərdə tutur – tərc.)

Ona görə, bəziləri demişdir:

“Əgər on xristian bir araya gəlsə, on bir qövlə (fikrə, rəyə) ayrılarlar”.

Başqası isə, belə demişdir:

“Əgər bir xristiandan, onun arvadından və oğlundan onların tövhidləri barədə soruşsan, kişi bir söz deyər, arvadı başqa söz, oğlu da üçüncü bir söz”.”

? “Əl-cəvab əs-sahih limən bəddələ din əl-Məsih”, 3/299.


Şeyx Rabi ibn Hədi (Allah onu qorusun) demişdir:

“Bidətlərdən çəkindirmək yaxşılığı əmr edib pislikdən çəkindirməyin dərəcələrinin ən üstün və ən yüksəyidir”.

?”Mərhəbən yə talib əl-ilm”, s. 329.


?İbrahim ibn Ədhəm (Allah ona rəhmət etsin) demişdir:

“Batilə çox baxmaq qəlbdən haqqı tanımağı aparır.”

?Hilyətul-əuliyə, 82.


Təqlid barədə

1⃣ İbn Rəcəb Əl-Hənbəli (Allah ona rəhmət etsin) demişdir:

“Burada gizli qalan bir şey var. Bu odur ki, dinin imamlarının çoxu düzgün olmayan bir söz deyə bilər və bunda ictihad etmiş olar, o,  ictihadına görə savab qazanar və xətasından keçilər. Bu sözünün tərəfini tutan kəs isə, onun yerində, bu dərəcədə olmur. Çünki, ola bilər ki, o, bu sözü yalnız onun tabe olduğu şəxsin dediyinə görə götürsün. Bu sözü dinin başqa bir imamı desəydi, onu qəbul etməz, tərəfini tutmaz, buna müvafiq olanlarla dostluq etməz və buna müxalif olanlarla düşmənçilik etməzdi. Bununla belə, o, zənn edir ki, yalnız haqqın tərəfini tutub və tabe olduğu kəs kimidir, lakin belə deyil. Çünki onun tabe olduğu kəsin qəsdi yalnız haqqın tərəfini tutmaq olub, ictihadında xəta etsə belə. Bu, tabe olan kəsin haqq zənn etdiyi sözün tərəfini tutmasına isə, tabe olduğu kəsin ucalmasını, sözünün qalib gəlməsini, ona xətanın nisbət olunmamasını istəmək (niyyəti) qarışmışdır.

Bu, haqqın tərəfini tutmaq qəsdinə xələl gətirən bir şeydir, bunu başa düş, çünki bu, əzəmətli bir fəhmdir. Allah istədiyini düzgün yola yönəldir.”

?”Cəmiul-ulumi vəl-hikəm”, s. 718-719. (35-ci hədisin şərhində)


Şeyx Saleh Əl-Fovzan (Allah onu qorusun) deyib:

“İxtilaf və ayrılıq ancaq Kitab və Peyğəmbərin (sallallahu aleyhi va səlləm) sünnətindən tutunmadığına görə baş verir.”

Yenə Şeyx buyurur:

“Əhli kitab Rəblərinin kitabını tərk etdiklərinə görə ixtilafa düşdülər. Bu onların yoludur.”

? “Şərh əl-mənzuməti əl-həiyyə”, səh. (48).


İbn Bəzz (Allah ona rəhm etsin) demişdir:

“Əgər nəfsini əfv etməyə alışdırsan, nəfsin dincələr, qəlb rahatlıq tapar, Allah və qullarının yanında dəyərin əzəmətli olar.”

? “Hədisul məsə, 212.”


Az danışmaq

?İbn Əbdil-Bərr (Allah ona rəhmət etsin) demişdir:

“Bəkr ibn Abdilləh Əl-Muzəniyə deyildi:

“Həqiqətən, sən çox susursan.”

O, isə belə deyir:

“Həqiqətən, dilim yırtıcı heyvandır, onu buraxsam, məni yeyər”.”

?”Bəhcətul-məcəlis”, 11.


?Şeyx İbn Useymin demişdir:

” Dünya axirət üçün əkin yeridir. Əgər orda axirət üçün əkməsə, dünya və axirəti də itirər.”

? Əd-diyə əl-ləmi, 1/65.


Öz eyiblərini unutma!

İbn Hibban Əl-Busti (Allah ona rəhmət etsin) demişdir:

Aqil insanın eyibləri özünə gizli deyil. Çünki bir kəsin öz eybləri özünə gizli qalarsa, başqalarının yaxşı xüsusiyyətləri də ona gizli qalar.”

? Rovdatul uqalə, 22.


✍? Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurub:

“Bir kişinin cənnətdə dərəcəsi yüksələr və o belə deyər: Bu necə olur? Ona belə deyilər: Övladının sənə etdiyi istiğfar səbəbilədir.”

? “Sünən İbn Məcə, 3660, Şeyx Albani Sahihul Cami, 1617”

Hədisdən çıxarılan faydalar:

  1. Saleh övlad valideyinin sağlığında və ölümündən sonra da onun üçün dua edər, onun günahlarının bağışlanmasını Allahdan istəyər.
  2. İstiğfar diləyən saleh övladın duası ilə valideynin cənnətdə dərəcəsi qalxar.
  3. Saleh övlad yetişdirmək valideynin saleh əməllərindən sayılar. Saleh əməlin də mükafatı ancaq xeyir olar.
  4. Hər bir cəza və ya mükafat edilən əməlin cinsindəndir, yəni əmələ görədir. Əməli saleh olduğu üçün mükafatı da cənnətdə dərəcəsinin qalxması oldu.
  5. Bu hədis Əbu Hureyranın fəzilətinə dəlalət edir. Çünki, hədisi Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) eşidib əzbərləmək və onu ümmətə nəql etmək sahəbənin fəzilətindəndir. Bu hal bütün səhabələrə şamil olunur.
  6. Həmçinin, bu hədis elmi yaymağa dəlalət edir. Çünki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurub ki, “Məndən bir ayə də olsa, təbliğ edin.”
  7. Hədisdə xitab kişiyə olsa da, bura analar da daxildir. Çünki, şəriətdə əksər xitablar kişi cinsinə olunsa da, bura qadınlar da şamil olunur. Bu dinimizdə təqrir olunmuş qaydadı.
  8. Cənnətin haqq olması. Bu hədis cənnətin mövcud olmasını inkar edənlərə qarşı dəlilidir.
  9. Həmçinin, bu hədis Cənnətin dərəcələrdən (təbəqələrdən) ibarət olmasına dəlalət edir. Cənnətin də dərəcələri yüzdür, necə ki, səhih hədislərdə varid olub.
  10. Bu hədis valideynləri saleh övlad yetişdirməyə təşviq edir. Bunun mükafatını bildikdən sonra hər bir valideyin övladının saleh olması üçün çalışmalıdır və bu yolda Allahdan yardım diləməlidir.
  11. Həmçinin, bu hədis övladı da valideyinləri üçün dua etməyə təşviq edir. Çünki, onun duası sayəsində ola bilər ki, valideyinin cənnətdə dərəcəsi qalxar.
  12. Bu hədis dəlalət edir ki, ümmətin hər saleh əməlindən qazandığı əcrdən Peyğəmbərin (sallallahu aleyhi va səlləm) payı var. Heç birinin əcrindən də azalmaz. Çünki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurub ki, “Kim bir xeyrə səbəb olarsa, onu edənin əcrinin mislində ona da əcr vardır.”
  13. Həmçinin, səhabə də bu hədisi nəql etməklə xeyrə vəsilə olub. Ona da əməl edənin əcrinin misli qədər əcr vardır.
  14. Adəm övladı öldükdən sonra onun əməlləri kəsilər, üç şeydən başqa. Onlardan biri də özündən sonra faydalı elm qoymaq. Bu elmə isə hər dəfə oxunub əməl olunduqca səhabə və alimlərə ölümlərindən sonra belə savab yazılar.
  15. İstiğfar diləməyin fəzilətli əməl olması.
tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax