• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 35-ci hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Əgər cümə və bayram günü üst-üstə düşərsə

✍?Şeyx ƏbdülƏziz ibn Bəzdən (Allah ona rəhmət etsin) soruşdular:

“Cümə günü əgər bayram namazı ilə üst-üstə düşərsə, onun hökmü nədir (…)?”

Şeyx belə cavab verdi:

“Məscidin imamı və xatibinə (xütbə verən) vacibdir ki, cüməni qıldırsın, məsciddə olsun və gələnlərə namaz qıldırsın. Peyğəmbər sallallahu aleyhi və səlləm bayram günü onu (cüməni) qılardı. Bayram namazını da, cüməni də qılardı və ola bilərdi ki, hər ikisində də “Səbbih” (“Əl-Ə’lə”) və “Əl-Ğaşiyəh” surələrini oxusun. Necə ki, bunu Numən ibn Bəşir (Allah ikisindən də razı olsun) ondan sabit olmuş səhih hədisdə demişdir.

Lakin, kim bayram namazını qılıbsa, ona icazəlidir ki, cüməni tərk etsin. (Bu halda,) evində (tək və ya ev əhli ilə) və ya bayram namazını qılmış bəzi qardaşları ilə zöhr namazını qılır.

(Lakin,) insanlarla birlikdə (məsciddə) cümə namazını qılarsa, bu, daha əfzəl və daha kamildir. Əgər bayram namazını qıldığı üçün cüməni tərk etsə, bunda bir qəbahət yoxdur, lakin (bu halda) ona vacibdir ki, tək və ya camaatla birlikdə zöhr namazını qılsın. Müvəffəqiyyət Allahın əlindədir.”

?http://www.binbaz.org.sa/fatawa/1314


✍️Həsən Əl-Bəsri demişdir:

“Hər bir ümmətin sitayiş etdiyi bir büt var. Bu ümmətin bütü isə, dinar və dirhəmdir”.

?”Əl-ədəb əş-şəriyyə”, 3/297.


Allahu Təalə kimin əməlini qəbul etdiyini bizlərə öz kitabında bildirmişdir. Allah Təalə belə deyir:

“قَالَ إِنَّمَا يَتَقَبَّلُ اللَّهُ مِنَ الْمُتَّقِينَ”

“Allah ancaq müttəqilərdən qəbul edər!”-dedi”. [Əl-Maidə, 27]

Deməli, müttəqi ( Allahdan qorxan) olan şəxsin əməlini Allah qəbul edir.

Ayənin izahında alimlər deyiblər ki, murad odur ki, Allah müttəqinin əməlini əməlində müttəqi olduğu halda qəbul edir. Yəni, kim etdiyi əməlində Allahdan qorxarsa, Allah həmin o əməlini qəbul edər.

O zaman əməlimdə necə Allahdan qorxum?

Cavab: İki şeyi həyata keçirməkdə həris olmaqla.

Birinci: İxlası həyata keçirtməkdə həris olmaqla.

İkinci: Əməlində Peyğəmbərə (sallallahu aleyhi va səlləm) tabe olmağa həris olmaqla.

Ancaq Allaha ibadət et, eləcə də Peyğəmbərin buyurduğu şəkildə Allaha ibadət et. Belə etsən müttəqi sayılırsan, Allah da əməlini qəbul edər.

?  Şeyx Saleh Sindinin şeyxulislam İbn Teymiyyənin “əl-Ubudiyyə” kitabına şərhindən.


?Möminin şərəfi onun gecə namazı, izzəti isə, insanlara möhtac olmamasıdır?

?Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub:

“Cəbrayıl (əleyhis-sələm) yanıma gəldi və dedi: “Ey Muhəmməd! Nə qədər istəyirsən yaşa, öləcəksən. Kimi istəyirsən sev, ondan ayrılacaqsan. Nə istəyirsən et, onun qarşılığını alacaqsan. Bil ki, möminin şərəfi onun gecə namazı, izzəti isə, insanlara möhtac olmamasıdır”.”

?Şeyx Albani hədisə həsən hökmü vermişdir.


Allah Təalə öz kitabında belə deyib:

(فَإِمَّا يَأْتِيَنَّكُمْ مِنِّي هُدًى فَمَنِ اتَّبَعَ هُدَايَ فَلَا يَضِلُّ وَلَا يَشْقَىٰ)

“Məndən sizə doğru yol gəldiyi zaman kim Mənim doğru yoluma tabe olsa, nə yolunu azar, nə də bədbəxt olar.” [Ta-Ha, 123]

Allah Təalə bu ayədə bizə deyir ki, kim onun hidayət yoluna tabe olsa, Peyğəmbərinin ardınca getsə, nə bu dünyada yolunu azar, nə də axirətdə  bədbəxt olar. Necə ki, bunu İbn Kəsir öz təfsirində ibn Abbasdan (Allah hər ikisindən razı olsun) zikr edir. Şübhəsiz ki, Allah Təalə öz vədinə xilaf çıxmaz. O, ən doğru danışan və vədinə xilaf çıxmayandır.

(اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ ۚ لَيَجْمَعَنَّكُمْ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ لَا رَيْبَ فِيهِ ۗ وَمَنْ أَصْدَقُ مِنَ اللَّهِ حَدِيثًا)

“Özündən başqa məbud olmayan Allah, baş verəcəyinə şübhə edilməyən Qiyamət günü sizi mütləq bir yerə toplayacaqdır. Verdiyi xəbərdə Allahdan daha doğru söyləyən kim ola bilər?” [Ən-Nisə, 87]

(وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَنُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۖ وَعْدَ اللَّهِ حَقًّا ۚ وَمَنْ أَصْدَقُ مِنَ اللَّهِ قِيلًا)

“İman gətirib saleh əməllər edənləri isə, ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edəcəyik. Bu, Allahın gerçək vədi sayəsində olacaqdır. Sözündə Allahdan daha doğruçu kim ola bilər?” [Ən-Nisa, 122]

Oxuduğun bu ayələr sənə müjdə olsun ey tövhid və sünnət üzərində olan müsəlman!

Buna görə də Allaha çoxlu şükr et və Ondan sabitlik istə. Allahın sadiq qullarına olan mükafatı saysız-hesabsızdır. Quranda və hədislərdə bu barədə xəbərlər olduqca çoxdur.

Amma kim ki, Allahı və Peyğəmbərini inkar edirsə və ya Quran və sünnəyə tabe olmursa, Allahın və peyğəmbərinin bizə bildirdiyi xəbərləri təkzib edir və ya qulaq ardına alırsa, Allahın zikrindən üz döndərirsə, o zaman başlarına gələcək müsibətdən, cəzadan xəbərləri olsun. Dünyaya görə axirətini satanlar, həqiqətən, məyus olacaqlar, xəsarətə uğrayacaqlar. Dünya nemətlərinə görə axirətini unudan, şübhəsiz ki, yolunu azmış və axirətdə də bədbəxt birisidir. Allah belələri barədə belə buyurur:

(وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكًا وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَىٰ)

“Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”.

(قَالَ رَبِّ لِمَ حَشَرْتَنِي أَعْمَىٰ وَقَدْ كُنْتُ بَصِيرًا)

O deyəcək: “Ey Rəbbim! Mən dünyada görürdümsə, indi nə üçün məni kor olaraq həşr etdin?”

(قَالَ كَذَٰلِكَ أَتَتْكَ آيَاتُنَا فَنَسِيتَهَا ۖ وَكَذَٰلِكَ الْيَوْمَ تُنْسَىٰ)

Allah deyəcək: “Elədir! Çünki sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün də sən beləcə unudulacaqsan!” [Ta-Ha,124-126]

Bu ayələri oxuyan hər bir kəs Allahın ona hazırladıqlarına bir daha nəzər yetirsin. Ya Allaha və peyğəmbərinə tabe olub həm bu dünyada, həm də axirətdə xoşbəxt olacaqsan, ya da asi olub, zikrdən uzaq düşüb dünyada azmış, axirətdə isə, bədbəxt olacaqsan.

Allah bizlərə hidayət versin, və bizi sabitqədəm etsin. Müvəffəqiyyət Allahdandır.


?Şeyx Muqbil əl-Vadii (Allah ona rəhmət etsin) belə demişdir:

“Sələfi dəvətçilər insanları şəxslərə deyil Xaliqinə (Allaha) bağlayarlar.”

?əl-İmam əl-əlməi, 249.


?Zahidlik nədir?

✍?İbn Rəcəb (Allah ona rəhmət etsin) demişdir:

“Dünyada zahidlik ondan nəyisə qaçıranda təəssüflənməmək və ondan sənə nəsə gələndə sevinməməkdir.”

?”Cəmiul-ulumi vəl-hikəm”, 2/183.


Allahın ad və sifətləri barədə elmsiz danışmaq ən böyük haramdır.

Allah Təalə Qurani Kərimdə belə deyir:

وَجَعَلُوا الْمَلَائِكَةَ الَّذِينَ هُمْ عِبَادُ الرَّحْمَٰنِ إِنَاثًا ۚ أَشَهِدُوا خَلْقَهُمْ ۚ سَتُكْتَبُ شَهَادَتُهُمْ وَيُسْأَلُونَ

“Onlar Mərhəmətli Allahın qulları olan mələkləri qız hesab etdilər. Məgər onlar mələklərin yaradılışının şahidi olublar? Onların bu şahidliyi yazılacaq və buna görə cavab verməli olacaqlar.” [Əz-Zuxruf, 19]

Baxın Allah Təalə müşriklər haqda deyir ki, onlar mələklərin keyfiyyəti barədə elmsiz olaraq danışdılar. Yəni mələkləri görmədikləri halda, onların yaradılışına belə şahidlik etmədikləri halda mələklərə keyfiyyət verdilər. Halbu ki, onların bu haqda heç bir elmləri yoxdur. Buna görə də Allahın qarşısında cavab verəcəklər. O zaman daha əzəmətli və böyük olan Allahın ad və sifətləri haqqında elmsiz danışanların halı necə?! Allahı görmədikləri halda Quran və sünnətdə gələn açıq aydın dəlilləri inkar edənlər, təvil edənlər, Allahı məxluqata bənzədənlər, bir sözlə Allahın zatı barədə elmsiz danışanlar böyük bir təhlükə altında olduqlarından xəbərdar olsunlar və bilsinlər ki, bu iş günahların ən böyüyüdür, Allahın haram etdikləri şeylər içərisində ən böyüyü və ən əzəmətlisidir. Allah Təalə öz kitabında belə deyir:

قُلْ إِنَّمَا حَرَّمَ رَبِّيَ الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ وَالْإِثْمَ وَالْبَغْيَ بِغَيْرِ الْحَقِّ وَأَنْ تُشْرِكُوا بِاللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَأَنْ تَقُولُوا عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ

De: “Rəbbim həm aşkar, həm də gizli törədilən yaramaz əməlləri, hər cür günahı, haqsızcasına zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur”. [Əl-Əraf, 33]

Ona görə də hər bir kəs Allahın ad və sifətlərindən danışdığı zaman elmsiz, kitab və sünnətə istinad etmədən danışmasın. Əhli sünnə kitab və sünnətdə gələn ad və sifətləri inkar etmədən, təvil etmədən, keyfiyyətinə varmadan və məxluqata bənzətmədən isbat edir. Bu haqq yol və Allah qatında da sevilən bir əməldir. Çünki Allah özünü necə vəsf edibsə, sən də Onu o cür vəsf etməlisən.


Tövhid İslam dininin özüdür

Abdullah ibn Amr rəvayət etdiyi hədisdə deyir ki, babası As ibn Vail cahilliyyədə 100 dəvə kəsməyi nəzir demişdi, sonradan Asın oğlu Hişəm onun yerinə yarısını – 50 dəvə kəsdi. Amr (Asın başqa oğlu, səhabə, hədisin ravisi Abdullahın atası, Allah hər ikisindən razı olsun) Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) bu barədə soruşdu və O, belə dedi:

“Atana gəldikdə, əgər o, tövhidi iqrar etsəydi,  onun yerinə oruc tutub sədəqə versəydiniz, ona fayda verərdi”.

(Müsnəd Əhməd 11/307; Müsnəd İbn Əbi Şeybə 3/387)

Bu hədisin başqa rəvayətinin ləfzi isə, belədir: “Əgər o, müsəlman olsaydı, onun yerinə qul azad etsəydiniz, sədəqə versəydiniz, həcc etsəydiniz, bu, ona çatardı”.

(Sünən Əbi Dəvud 3/118; Sünən Əl-Beyhəqi 6/276)

Hədisə şeyx Əl-Əlbəni həsən hökmü vermişdir.

Fikir verin, ikinci rəvayətdəki “müsəlman olsaydı” ləfzi birinci rəvayətdəki “tövhidi iqrar etsəydi” rəvayətini təfsir edir. Yəni, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) tövhid deyərək İslamı nəzərdə tutub. Buradan elə nəticəyə gəlirik ki, tövhid sözü hədislərdə varid olub, tövhid islamın özüdür və İslam dinin adlarından biri də Tövhiddir. Ona görə də, tövhidi özünə şüar edən, daim tövhidi önə çəkən, ona dəvət edən əhli sünnəni buna görə qınamaq düzgün deyil.

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax