• Menyu
  • Menyu

Ümmətin alimlərindən qızıl faydalar | 38-ci hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Şeyx İbn Useymin  (Allah ona rəhmət etsin) demişdir:

“İftar vaxtı duanın qəbul olunan yerlərindəndir. Çünki ibadətin axırındadır və insanın nəfsinin zəif olması ən çox iftar vaxtı olur. İnsan da nə qədər zəif nəfsli və yumşaq qəlbli olarsa, bir o qədər Allaha tövbəyə yaxın və Ona itaətkar olar.”

? Məcmu əl-fətəva, 19/341.


?Şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:

“Bir kəsin adından yalan danışmağın hamısı haramdır, istər o kəs müsəlman olsun, istər kafir, istər yaxşı əməl sahibi olsun, istərsə də günahkar. Lakin möminə iftira atmaq daha şiddətlidir.”

?”Məcmuul-fətəva”, 28/223.


✍️İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) iki əzab verilən qəbrin yanından keçdi və dedi:

“Bunlara əzab verilir və böyük bir şeyə görə əzab verilmir. Onlardan biri sidikdən özünü qorumazdı, digəri isə, insanlar arasında söz gəzdirərdi.” (Buxari, 1361)

▪️İbnul-Qayyim (Allah ona rəhmət etsin) buyurub:

“Onlardan biri vacib olan təmizlənməyi tərk etmişdi. O biri isə, dedikləri doğru olsa belə, öz dili ilə insanlar arasında düşmənçiliyə səbəb olmuşdu. Diqqət edin! Əgər doğru danışaraq insanlar arasında düşmənçiliyə səbəb olanın əzabı belədirsə, deməli yalan danışaraq və böhtan ataraq insanlar arasında düşmənçiliyə səbəb olan kəsin əzabı daha böyükdür. Həmçinin əgər namazın vaciblərindən və şərtlərindən biri olan sidikdən qorunmağı tərk edən insana belə əzab verilirsə, deməli namazın özünü tərk etməyin əzabı daha şiddətlidir. “

?”Ruh”, s. 211.


Elm əhlinin xətalarına necə yanaşaq?

Alləmə Əl-Kisəi (Allah ona rəhmət etsin) demişdir:

“Harun Ər-Rəşidə namaz qıldırdım və qiraətim özümə xoş gəldi və elə bir ayədə səhv etdim ki, heç uşaq onda səhv etməz. “Ləalləhum yərciun” demək istədim, lakin “ləalləhum yərciin” dedim.”

Vallahi, Harun mənə “səhv etdin” deməyə cürət etmədi, lakin namazın salamını verdikdən sonra mənə belə dedi:

“Ey Kisəi, bu hansı dildir?”

Dedim: “Ey möminlərin əmiri, yaxşı atın da ayağı büdrəyə bilər.”

Dedi: “Bax, bu, düzdür!””

▪️İmam Zəhəbi (Allah ona rəhmət etsin) bu xəbəri belə şərh edir:

“Kimin ağlı bu söhbəti dərk etsə, bilər ki, bir alim, nə qədər şərəfli, nə qədər elmdə bariz olsa belə, yenə də xətalardan və səhvlərdən salamat qalmır. Onun elminə tən edilməz, o, dəyərindən və mənziləsindən salınmaz.

Və kim elm və fəzilət əhlinin xətalarına bu yolla yanaşırsa, onun üslubu təriflənir, ona təşəkkür edilir və o, düzgün olana müvəffəq olmuşdur.”

?”Siyər ələmin-nubələ”, 1/376.


Faydalı elm sahibi kimdir?

✍?Hafiz İbn Rəcəb (Allah ona rəhmət etsin) demişdir:

?”Faydalı elmin əlamətlərindəndir ki, o, sahibini dünyadan – ən çoxu da, başçılıq, şöhrət və tərifdən –  qaçmağa yönəldir.

Həqiqətən, faydalı elm sahibi elmli olduğunu iddia etmir, onunla kiminsə yanında qürrələnmir və başqalarını cahilliyə nisbət etmir, yalnız o kəsdən başqa ki, o, sünnəyə və onun əhlinə müxalif olub.”

?Məcmuur-rasəil 3/13.


Bərəkətsiz ev

?Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir:

“Həqiqətən, evlərin ən boşu Allahın kitabından boş olandır”.

?Musannəf İbn Əbi Şeybəh (30024).

?Şeyx AbdurRazzəq Əl-Bədr (Allah onu qorusun) bu əsəri şərh edərək deyir:

“Yəni, ən az xeyir-bərəkəti olan ev içində Allahın kitabı oxumayan evdir. Bu, evin bərəkətini aparır və şeytanları oraya cəlb edir.

Əbu Hureyra (Allah ondan razı olsun) deyərdi:

“Evdə Quran oxunarsa, o, öz əhli üçün genişlənər, oraya mələklər gələr,  şeytanlar isə, oranı tərk edərlər və onun xeyri çoxalar.

Evdə Quran oxunmazsa, o, öz əhlinə dar gələr, mələklər oranı tərk edər, şeytanlar gələr və onun xeyri azalar”. (Əd-Dərimi, 3309).”

?www.al-badr.net/muqolat/5118


?Hədis danışılanda dinlə, səsini qaldırma

?Həmməd ibn Zeyd (Allah ona rəhmət etsin) demişdir:

“Əyyubun yanında idik. O, səs-küy eşitdi və belə dedi:

“Bu səs-küy nədir?! Sizə çatmayıbmı ki, Allah Təalanın elçisindən (salləllahu aleyhi və səlləm) hədis danışılarkən səs qaldırmaq sağlığında onun üstünə səs qaldırmaq kimidir?!””

?”Əl-cəmiu liəxləqir-ravi və ədəbis-səmi”, 1/195.


?İmam ibn Həcər (Allah ona rəhmət etsin) demişdir:

“Sənin öz nəfsin haqqında pis zəndə olmağın və günahlarıvın çoxluğu Rəbbivə dua etməyə mane olmasın. Çünki O, İblisin: “Ey Rəbbim! Onlar dirildiləcəkləri günə qədər mənə möhlət ver” – dediyi zaman duasına cavab verdi.”

? Fəthul Bəri, 11/168


Həya barədə

İbn Hibban (Allah ona rəhmət etsin) demişdir: “Aqil insana vacibdir ki, həyaya mülazim olsun. Çünki o, ağlın əsası və xeyrin toxumudur”.

?”Rovdatul-uqalə”, 85.


İmam Həsən Əl-Bəsri (Allah ona rəhmət etsin) demişdir: “Dünya, əvvəlindən axırına kimi, yatan və yuxusunda istədiyi şeyləri görən, sonra isə oyanan kəs kimidir…”

?”Əl-Mucələsə”, 5/227.

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax