• Menyu
  • Menyu

Yaxşılığı əmr edib pislikdən çəkindirmək necə olmalıdır?

tovhidinfo

Müqəddimə:

Həmd olsun Aləmlərin Rəbbi Allaha

Peyğəmbərimiz Muhəmmədin, onun ailəsinin, əshabının və Qiyamətə qədər onların yoluna yönəlib gözəl şəkildə tabe olan kəslərin üzərinə Allahın salavat və salamı olsun.

Bundan sonra:

Həqiqətən, Allahın qullarına rəhmətinin əlamətlərindəndir ki, onları öz başına buraxmayıb, Özünün sevib razı qaldığı və qəzəblənib xoşlamadığı hər bir əməli elçiləri vasitəsi ilə onlara bəyan etmişdir. Onun sevib razı qaldığı əməllərdən biri də yaxşılığı əmr edib pislikdən çəkindirməkdir.

Allahu Təalə bu ümmətə bir-birinə yaxşılığı əmr edib pislikdən çəkindirməyi fərz etmiş və bu vacibi əda etmələrinin müqabilində firavan həyat sürüb, qurtuluşa nail olacaqlarını vəd etmişdir. Bu ümməti məhz yaxşılığı əmr edib pislikdən çəkindirdiklərinə görə digər ümmətlərdən üstün etmişdir. Uca Rəbbimiz buyurur:

{كُنتُمۡ خَيۡرَ أُمَّةٍ أُخۡرِجَتۡ لِلنَّاسِ تَأۡمُرُونَ بِٱلۡمَعۡرُوفِ وَتَنۡهَوۡنَ عَنِ ٱلۡمُنكَرِ وَتُؤۡمِنُونَ بِٱللَّهِۗ}

«Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşılığı əmr edir, pislikdən çəkindirir və Allaha iman gətirirsiniz.» (“Əli İmran” surəsi, 110)

Lakin buna baxmayaraq, bəzi insanlar ya bu əməli tamamilə tərk edir, ya da yanlış formada – elmsiz, sərt və səbirsizliklə yerinə yetirirlər.

Bu məqalədə yaxşılığı əmr edib pislikdən çəkindirməyin necə olması izah edilmişdir.

İbn Teymiyyə (rahiməhullah) «əl-Əmr bil-məruf vən-nəhy anil-münkər» kitabında belə deyir:

“Bu mövzuda insanlardan iki qrup xəta edir:

Bir qrup üzərlərinə vacib olan əmr və ya qadağanı (yaxşılığı əmr edib pislikdən çəkindirməyi) aşağıdakı ayəni yozaraq tamamilə tərk edirlər. Necə ki, Əbu Bəkr (radiyəllahu anhu) xütbəsində demişdir:

“Həqiqətən, siz bu ayəni oxuyur: «Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, haqq yoldan azmışlar sizə zərər yetirə bilməzlər.» (“əl-Maidə” surəsi, 105), lakin düzgün tətbiq etmirsiniz. Mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitmişəm: “Həqiqətən, əgər insanlar münkəri görüb inkar etməzlərsə, az qalar ki, Allah ona görə hamısını cəzalandırsın.”

İkinci qrup isə, əli və dili ilə mütləq şəkildə – elmisiz, ağılsız, səbirsiz, xeyrinə və zərərinə, gücü çatıb-çatmayacağına baxmadan yaxşılığı əmr edib pislikdən çəkindirmək istəyən kəslərdir.” («əl-Əmr bil-məəruf vən-nəhy anil-münkər» səh,1)

 

Yaxşılığı əmr edib pislikdən çəkindirmək necə olmalıdır:

  1. İxlasla və sünnə üzərində olmalıdır:

Çünki, əgər bu əməlimizin Allah qatında qəbul olmasını istəyiriksə, o zaman onu Allah üçün və sünnə üzərində etməliyik.

Necə ki, Allahu Təalə buyurur:

{ٱلَّذِي خَلَقَ ٱلۡمَوۡتَ وَٱلۡحَيَوٰةَ لِيَبۡلُوَكُمۡ أَيُّكُمۡ أَحۡسَنُ عَمَلٗاۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡغَفُورُ}

«Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.» (“əl-Mülk” surəsi, 2)

Fudeyl İbn İyad (rahiməhullah) bu ayənin təfsirində demişdir:

“Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu”- yəni, hansınızın əməli ixlasla və sünnə üzərində olacağını sınamaq üçün. Çünki əgər bir əməl ixlaslı olub sünnəyə müvafiq olmazsa, o əməl qəbul olunmaz, eləcə də, sünnə üzərində olub ixlasla olmazsa, yenə də qəbul olunmaz, ixlas və sünnə üzərində olana kimi.

 

  1. Yaxşılığı əmr edib pislikdən çəkindirmək elm üzərində olmalıdır:

Şeyxul-İslam İbn Teymiyyə demişdir:

“Əgər qəsd (niyyət) və əməl elm üzərində olmazsa, o zaman cahillik, zəlalət və nəfsinin istəyinə uymaq olar. Ona görə, yaxşılığı əmr edib pislikdən çəkindirməyi bilmək və onları bir-birindən ayırd etmək labüddür. Həmçinin, yaxşlığı əmr edib pislikdən çəkindirdiyi insanların halını bilməsi də labüddür. Bunu doğru yol üzərində etmək islahdandır və bu, məqsədin hasil olması üçün ən yaxın yoldur.” (İbn Teymiyyə, «Risələtu əl-Əmr bil-Məəruf vən-Nəhyi anil-Münkər», səh 4)

Yaxşılığı əmr edib pislikdən çəkindirən kəsdə aşağıdakı məsələlər barədə elm olmalıdır:

Birinci məsələ: Əmr etdiyi və ya çəkindirdiyi şeyin özünün şəriətdə yaxşılıq və ya münkər (pislik) hesab olunub-olunmamasını bilmək. Yəni yaxşılığı əmr edib pislikdən çəkindirən bilməlidir ki, şəriət bu şeyi əmr edib və ya bundan çəkindiribmi?

Çünki bir şeyin şəriətdə vacib olduğunu bilmədən onu əmr edərsə, Allahın adından elmsiz danışmış olar. Eləcə də, əgər münkər olduğunu dəqiq bilməzsə, onu inkar etmək icazəli deyildir. Çünki, əgər mənə bir şeyə “bu münkərdir” demək mücərrəd söz olduğu halda icazəli deyilsə, bəs necə münkər olduğunu bilmədən çəkindirmək icazəli olsun? Çünki, Ola bilsin çəkindirdiyim şey münkər olmasın, amma mən münkər hesab edim və ondan çəkindirim, nəticədə Allahın qullarını çətinliyə salım.

İkinci məsələ: Vacibi tərk edən və ya qadağan olunmuş əməli edən şəxsin hər hansı bir üzrü olub-olmamasını bilmək:

Çünki, ola bilər o şey öz-özlüyündə münkər olsun, amma bu şəxs üçün zəruri səbəblərə görə icazəli olsun, münkər olmasın. Bunu səbəbini soruşmaqla bilmək olar. Məsələn:

Əgər görsək bir kişi ipək paltar geyinib. (İpək paltar geyinmək kişilər üçün haramdır.) Ona inkar edib çəkindiririkmi, yoxsa əvvəlcə bunu geyməyinin səbəbini soruşuruq? Cavab: əvvəlcə soruşub dəqiqləşdiririk, çünki kişilərə ipək geyinmək zəruri hallarda icazəlidir, məsələn, hər hansı bir xəstəlik, allergiya və s. bunu tələb edərsə.

Başqa bir misal: ramazanda yeyib-içmək. Əsl odur ki, bu, münkərdir, bundan çəkindirilməldir, lakin ola bilsin o kəsə yeyib-içmək icazəli olsun, xəstə və ya müsafir kimi.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) insanlara xütbə verərkən bir kişi məscidə daxil olur və otur. Peyğəmbər ona deyir: “Namaz qıldınmı?” O, deyir: “Xeyr”. Peyğəmbər deyir: “Qalx, iki rükət qıl”. (Buxari, 931).

Baxın, Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir başa əmr etmir qalxıb iki rükət namaz qılsın, baxmayaraq ki, o, vacib olan bir əməli tərk etmişdi, əksinə, əvvəlcə soruşur, sonra əmr edir.

Üçüncü məsələ: Münkərin baş verdiyini dəqiqləşdirmək (düzgünlüyünə əmin olmaq), mücərrəd təqsirləndirmə və ya zənnə qapanmamaq:

{يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اجْتَنِبُوا كَثِيرًا مِنَ الظَّنِّ إِنَّ بَعْضَ الظَّنِّ إِثْمٌ}

«Ey iman gətirənlər! Zənnin çoxundan çəkinin. Çünki zənnin bir qismi günahdır.» (“əl-Hücurat” surəsi, 12)

Başqa ayədə isə Uca Allah belə buyurur:

{يَٰأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن جَآءَكُمۡ فَاسِقُۢ بِنَبَإٖ فَتَبَيَّنُوٓاْ أَن تُصِيبُواْ قَوۡمَۢا بِجَهَٰلَةٖ فَتُصۡبِحُواْ عَلَىٰ مَا فَعَلۡتُمۡ نَٰدِمِينَ}

«Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirərsə, onu araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz.» (“əl-Hücurat” surəsi, 6)

Dördüncü məsələ: Zərərinin xeyrindən çox olub-olmayacağını nəzərə almaq:

Əgər əmr etdiyi və ya çəkindirdiyi şeyin fitnəyə səbəb olacağını bilərsə, o zaman ona münkəri inkar etmək icazəli deyildir. Çünki “zərərin qarşısını almaq xeyir verməkdən daha önəmlidir” qaydası şəriətin üzərində qurulduğu mühüm qaydalardandır.

Necə ki Allahu Təalə buyurur:

{وَلَا تَسُبُّواْ ٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِ ٱللَّهِ فَيَسُبُّواْ ٱللَّهَ عَدۡوَۢا بِغَيۡرِ عِلۡمٖۗ}

«Müşriklərin Allahdan başqalarına tapındıqlarını söyməyin. Yoxsa onlar da elmsiz olaraq düşməncəsinə Allahı söyərlər. » (“əl-Ənam” surəsi, 108)

Müşriklərin ilahlarını söymək yaxşılıqdan hesab olunmasına baxmayaraq, bunu etdikdə zərəri faydasından daha çox olduğu üçün Allah onların ilahlarını söyməyi qadağan edir.

Beşinci məsələ: İnkar etdiyi şey ixtilaflı məsələ olmamalıdır:

Alimlər belə bir qayda qoymuşdurlar: “Əgər bir məsələdə ixtilaf varsa, heç bir tərəf inkar olunmur”.

Lakin qeyd etmək lazımdır ki, xtilaf mötəbər və elm üzərində olmalıdır. Əgər ixtilaf zəif rəy üzərində olar və elm üzərində olmazsa, o ixtilaf mötəbər sayılmır.

Məsələn: Əgər bir kişini dəvə ətini yeyib namaz qılan görsən inkar etmirsən. Çünki bu məsələ ixtilaflıdır – bəzi alimlər dəvə əti yedikdən sonra dəstəmaz almağı vacib görür, bəzisi isə vacib görmür və hər iki tərəfin mötəbər dəlilləri var. Bununla yanaşı, əks rəyi götürən kəslə bu haqda bəhs edib haqqı bəyan etməkdə bir eyib yoxdur.

 

  1. Yaxşılığı əmr edib özü də onu yerinə yetirməli və pislikdən çəkindirib özü də ondan çəkinməlidir:

Necə ki, Allahu Təalə buyurur:

{أَتَأۡمُرُونَ ٱلنَّاسَ بِٱلۡبِرِّ وَتَنسَوۡنَ أَنفُسَكُمۡ وَأَنتُمۡ تَتۡلُونَ ٱلۡكِتَٰبَۚ أَفَلَا تَعۡقِلُونَ}

«Siz Kitab oxuyub insanlara yaxşılığı əmr etdiyiniz halda, özünüzü unudursunuz? Məgər anlamırsınız?» (“əl-Bəqərə” surəsi, 44)

Bu haqda Muslim öz “Səhih” kitabında “Yaxşılığı əmr edib özü yerinə yetirməyən kimsənin aqibəti” adlı fəsil açaraq aşağıdakı hədisi qeyd etmişdir:

Usamə ibn Zeyd Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir:

«Qiyamət günü bir kişi gətiriləcək və cəhənnəmə atılacaq. Sonra qarnından tökülmüş bağırsaqları ətrafında uzunqulağın öz dəyirmanı ətrafında fırlandığı kimi fırlanacaq. Cəhənnəm əhli onun ətrafına yığışaraq deyəcəklər: “Ey fılankəs nə oldu sənə? Bizə yaxşılığı əmr edib pislikdən çəkindirmirdinmi?” O isə, deyəcək: “Bəli, mən yaxşlığı əmr edib özüm yerinə yetirmir və pislikdən çəkindirib özüm isə çəkinmirdim». (Muslim, 2989)

 

  1. Yaxşılığı əmr edib pislikdən çəkindirən zaman mülayim olmaq:

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

«Mülayimlik hansı işdə olarsa, o işi bəzəyər, sərtlik isə hansı işdə olarsa, o işi bərbad edər». (Buxari, 6444)

Allah Təalə Musa və Harun peyğəmbərləri (aleyhiməs-sələm) Fironu dəvət etməyə göndərdikdə onlara belə dedi:

{ٱذۡهَبَآ إِلَىٰ فِرۡعَوۡنَ إِنَّهُۥ طَغَىٰ}

«Fironun yanına gedin. Çünki o, həddini aşmışdır.»

{فَقُولَا لَهُۥ قَوۡلٗا لَّيِّنٗا لَّعَلَّهُۥ يَتَذَكَّرُ أَوۡ يَخۡشَىٰ}

«Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!» (“Taha” surəsi, 43-44)

Həmçinin, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: «Allah Mülayimdir, hər bir işdə mülayimliyi sevər. Mülayimə verdiyini isə sərt olana verməz». (Buxari, 6395/ Muslim, 2593)

 

  1. Səbirli olmaq:

İbn Teymiyyə (rahiməhullah) deyir ki, həmçinin, yaxşılığı əmr edib pislikdən çəkindirdikdə səbirli və həlim olmaq da labüddür. Həqiqətən də, (yaxşılığı əmr edib pislikdən çəkindirdikdən sonra) əziyyətin gəlməsi labüddür. Əgər səbirli və həlimli olmazsa, islah etdiyindən çox fəsad edər. Necə ki, Loğman (aleyhissələm) öz oğluna öyüd-nəsihət verərək belə demişdir:

{يَٰبُنَيَّ أَقِمِ ٱلصَّلَوٰةَ وَأۡمُرۡ بِٱلۡمَعۡرُوفِ وَٱنۡهَ عَنِ ٱلۡمُنكَرِ وَٱصۡبِرۡ عَلَىٰ مَآ أَصَابَكَۖ إِنَّ ذَٰلِكَ مِنۡ عَزۡمِ ٱلۡأُمُورِ}

“Ey oğlum! Namaz qıl, yaxşılığı əmr et, pislikdən çəkindir. Başına gələn çətinliklərə səbir et. Həqiqətən də, bu, əzm tələb edən əməllərdəndir.” (“Loğman” surəsi, 17)  (Bax: Risələtu əl-Əmri bil-Məəruf və ən-Nəhyi anil-Münkər, səh. 4)

 

Qeyd: Yuxarıda qeyd olunan məsələlərdən başqa məsələlər də vardır, lakin məqalə çox uzanmasın deyə, yaxşılığı əmr edib pislikdən çəkindirdikdə diqqət edilməsi gərəkən ən mühüm məsələlər qeyd olundu.

 

Sonluq:

Məqalədən çıxarılan mühüm nəticələr:

1) Yaxşılığı əmr edib pislikdən çəkindirmək ixlasla, sünnə və elm üzərində olmalıdır;

2) Elm üzərində olması üçün beş məsələni bilib tətbiq etmək vacibdir;

3) Yaxşılığı əmr edib pislikdən çəkindirməyi mülayimliklə etmək lazımdır;

4) Yaxşılığı əmr edib pislikdən çəkindirdikdən sonra gələn əziyyətlərə səbir etmək lazımdır.

Daha doğrusunu isə Uca Allah bilir.

 

Istifadə olunmuş ədəbiyyat:

  1. Şeyxul-İslam İbn Teymiyyə, «Risələtu əl-Əmri bil-Məəruf və ən-Nəhyi anil-Münkər».
  2. Şeyx İbn Useymin, «Məa Hisbəti ər-Ricəl; Tövcihət və Fətəva».
  3. Ustaz, Doktor Həməd ibn Nasir, «Həqiqatul-Əmri bil-Məruf vən-Nəhyi anil-Munkər».

Mədinə İslam Universitetinin tələbəsi, Elvin Mövlayev.

tovhidinfo
Elvin Mövlayev

Mədinə İslam Universitetində dəvət və dinin üsulları fakültəsinin tələbəsi.

Bütün materiallara bax