• Menyu
  • Menyu

Zilhiccə ayının ilk on günü

tovhidinfo

Mərhəmətli və rəhmli Allahın adı ilə

Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Qulu və elçisi Muhəmmədə, onun ailəsinə, səhabələrinə və qiyamətə qədər yoluyla gedənlərin üzərinə Allahın xeyir-duası və salamı olsun!

Sonra isə:

Ey Allahın qulları! Bilin ki, Allah Təala sizi əzəmətli bir məqsəd üçün, tək Ona ibadət etmək üçün yaratmışdır. “Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım”. (Əz-Zəriyət, 56).

Uca Allah ilin bəzi mövsümlərini ibadət üçün xüsusiləşdirmiş və bu mövsümlərdəki ibadətinə görə qulunu daha çox savabla mükafatlandıracağını vəd etmişdir.

Bu mövsümlərdən biri də haram aylardan olan zilhiccə ayının ilk on günüdür. Bu günlərin fəzilətini Allah Təala Qurani-Kərimdə və Muhəmməd peyğəmbər (salləllahu aleyhi və səlləm) sünnəsində bizə bəyan etmişdir:

1. Məxluqa icazəli deyil ki, Allahdan başqasına and içsin. Lakin Allah Təala ən əzəmətli məxluqlarına and içmişdir. Uca Allah buyurur: “And olsun on gecəyə”. (Əl-Fəcr, 2). İbn Abbas, İbnuz-Zubeyr, Mucahid, İbn Kəsir, İbnul-Qeyyim və başqaları bu on gecənin zilhiccənin ilk on günü olduğunu demişdirlər. (Təfsir İbn Kəsir, 4/106, Zədul-məad, 1/56).

2. Bu günlərdə edilən saleh əməl Allah yolunda cihaddan daha əfzəldir. İbn Abbasın (رضي الله عنهما) rəvayət etdiyi hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir:

“Elə bir günlər yoxdur ki, saleh əməl o günlərdə bu on gündən (zilhiccənin ilk on günündən) Allaha daha sevimli olsun”. Dedilər: “Ey Allahın elçisi! Hətta Allah yolunda cihad da?” Dedi: “Hətta Allah yolunda cihad da! Yalnız o kəsdən başqa ki, canı və malıyla çıxır və heç biriylə geri qayıtmır.” (Buxari və Tirmizi, ləfz sonuncunundur).

3. Bu on gün Allah qatında əzəmətlidir və bu günlərdə edilən əməllər Allaha sevimlidir. Abdullah İbn Ömərin (rahiməhuməllah) rəvayət etdiyi həsdisə Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur:

“Elə günlər yoxdur ki, bu on gündən Allah qatında daha əzəmətli olsun və onlarda edilən əməl Allaha daha sevimli olsun. Bu günlərdə təhlili (lə iləhə illəllah), təkbiri (Allahu əkbər) və təhmidi (əlhəmdu lilləh) çoxaldın”. (Əhməd).

4. Bu günlər ramazanın son on günündən daha fəzilətlidir. İbnul-Qeyyim (rahiməhullah) demişdir: “Ramazanın son on gecəsi zilhiccənin ilk on gecəsindən daha əfzəldir, zilhiccənin ilk on gündüzü isə, ramazanın son on gündüzündən daha əfzəldir…Ramazanın son on gecəsi qədr gecəsinə görə əfzəl edilib. Zilhiccənin ilk on gündüzü isə, qurban günü, ərəfə günü və tərviyə gününə (zilhiccənin səkkizi) görə əfzəl edilib”. (Zədul-məad, 1/57).

5. Bu günlərin ikisi – qurban və ərəfə günləri – ilin ən üstün günləridir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur:

“Həqiqətən, Allah qatında günlərin ən əfzəli qurban günüdür, sonra isə, “qarr” günü (zilhiccənin on birinci günü)”. ( Əhməd, Əbu Dəvud).

Ərəfə günü barədə isə, Aişənin (radıyəllahu anhə) rəvayət etdiyi hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur:

“Ərəfə günü Allahın qullarını cəhənnəmdən ən çox azad etdiyi gündür…” (Muslim).

Həmçinin, demişdir: “Ən yaxşı dua ərəfə günü edilən duadır…” (Tirmizi).

Başqa hədisdə isə, belə buyurmuşdur: “Allahdan gözləyirəm ki, ərəfə gününün orucu özündən bir il qabaq və bir il sonrakı günahlara kəffarədir…” (Muslim). Bu həccdə olmayanlara aiddir. Həccdə olanlar isə, sünnə odur ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) etdiyinə uyğun olaraq oruc tutmasınlar. Həccdə olanın ərəfə günü oruc tutmaması qüvvətli olub dua və zikr edə bilməsinə görədir.

Muslimdə keçən “Günəşin üzərinə çıxdığı ən yaxşı gün cümə günüdür” hədisinə gəldikdə isə, düzgün olan odur ki, cümə günü həftənin ən əfzəl günü, qurban və ərəfə isə ilin ən əfzəl günləridir. Həmçinin, cümə gecəsi həftənin ən əfzəl gecəsi, qədr gecəsi isə, ilin ən əfzəl gecəsidir. (Bax: “Zədul-Məad”, 1/60).

Allah Təala buyurur: “(Bu, )Allah və Onun Elçisi tərəfindən ən böyük həcc günü insanlara Allahın və Onun Elçisinin müşriklərdən uzaq olmasını (elan edəcək) bir bildirişdir”. (Ət-Tövbə, 3). Peyğəmbər (salləllahu aleyhi və səlləm) isə demişdir: “Ən böyük həcc günü qurban günüdür”. (Əbu Dəvud).

Zilhiccənin ilk on günündə edilən əməllər:

1. Həcc və ümrə etmək. “Kim bu Evə gələrsə (Kəbəyə həcc və ya ümrə ziyarəti edərsə), və (bu zaman) mübahisə etməzsə, günah işlətməzsə, anasının onu dünyaya gətirdiyi gün olduğu kimi (günahsız) geri qayıdar”. (Buxari, Muslim. Ləfz sonuncunundur).

Başqa bir hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Bir ümrədən sonra  başqa bir ümrə etmək ikisinin arasındakı günahlara kəffarədir, məbrur həccin isə Cənnətdən başqa mükafatı yoxdur”. (Buxari və Muslim). Məbrur o həccdir ki, insan həcc edərkən əməlini başqalarına nə göstərsin, nə eşitdirsin, nə də günahlarla qarışdırsın. Bu, qəbul olunan həccdir. Əlaməti isə, qayıtdıqdan sonra insanın dinində daha yaxşı olmasıdır.

2. Təkbir və zikr etmək. “Bu günlərdə təhlili (lə iləhə illəllah), təkbiri (Allahu əkbər) və təhmidi (əlhəmdu lilləh) çoxaldın”. (Əhməd). İmam Buxari (rahiməhullah) demişdir: “İbn Ömər və Əbu Hureyra (radıyəllahu anhum) bu on gündə bazara çıxıb təkbir gətirər, insanlar da onlardan sonra təkbir gətirərdilər”. (Buxari, 969-cu hədisdən qabaq). O, həmçinin, demişdir: “Ömər (radıyəllahu anhu) Minada öz qübbəsində təkbir gətirərdi, məscid əhli də onu eşidib təkbir gətirərdi, bazarlarda olanlar da təkbir gətirərdi, bununla da Mina təkbirdən silkələnərdi”. (Buxari, 970-ci hədisdən qabaq).

Təkbirin bir neçə deyiliş forması var, ən səhihlərindən biri budur: “Allahu əkbər, Allahu əkbər, lə iləhə illəllah. Vallahu əkbər, Allahu əkbər və lilləhil-həmd”. (İbn Əbi Şeybə, 2/168. Şeyx Albani isnadına səhih demişdir: “İrvaul-ğalil”, 3/125).

Bu on gündə edilən təkbir iki növdür:

1) Mütləq təkbir – zilhiccə girəndən 13-cü günün sonuna qədər, bütün vaxtlarda deyilir.

2) Müqəyyəd təkbir – birincisi ərəfə gününün fəcr namazı, sonuncu isə, 13-cü günün əsr namazı olmaqla, hər namazın arxasıyca deyilir.

Allah Təala buyurur: “Qoy öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər”. (Əl-Həcc,  28). Başqa bir ayədə isə belə buyurur: “Sayı müəyyən olan günlərdə Allahı zikr edin”. (Əl-Bəqərə, 203).

İbn Abbas (radıyəllahu anhumə) demişdir: “Məlum günlər on gündür (zilhiccənin ilk on günü), sayı müəyyən olan günlər isə, təşriq günləridir (11,12,13-cü günlər)”. (Buxari, 969-cu hədisdən qabaq).

3. Oruc tutmaq. Oruc ən əzəmətli ibadətlərdən biridir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Qul Allah yolunda bir gün oruc tutarsa, Allah o günə görə onun üzünü oddan yetmiş payız (yetmiş il) uzaqlaşdırar”. (Buxari və Muslim). Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bəzi zövcələrindən rəvayət olunan hədisdə deyilir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) zilhiccədən doqquz gün oruc tutardı”. (Nəsəi rəvayət etmiş, Albani səhih demişdir). Ərəfə günü oruc tutmaq isə, yuxarıda zikr etdiyimiz hədisə görə iki ilin (kiçik) günahları üçün kəffarədir.

4. Bütün günahlardan tövbə etmək. Tövbə ən əzəmətli əməllərdən biridir. Allah Təala buyurmuşdur: “Həqiqətən, Allah tövbə edənləri sevir və təmizlənənləri də sevir”. (Əl-Bəqərə, 222).

5. Nafilə ibadətləri çoxaltmaq: namaz qılmaq, sədəqə vermək, Quran oxumaq, yaxşılığı əmr edib pislikdən çəkindirmək, qonşulara yaxşılıq etmək, qohumluq əlaqələrini gücləndirmək və s.

6. Bayram namazını qılmaq, namaz qılınan yerə tez getmək və bayram xütbəsini dinləmək.

7. Bayram günlərində qurban kəsmək. Allah Təala buyurmuşdur: “Rəbbin üçün namaz qıl və qurban kəs”. (Əl-Kövsər, 2). Və bu, bizə İbrahim peyğəmbərdən (əleyhissələm) qalmış böyük bir ibadətdir.

Xatırlatma: Qurban kəsmək istəyən kəs zilhiccə ayı girəndən qurbanı kəsənə qədər nə saçından, nə də dırnaqından kəsməməlidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Zilhiccənin hilalını gördünüzsə, sizdən biriniz qurban kəsmək istəyirsə, saçından və dırnaqlarından götürməsin”. (Muslim).

Sonda, aləmlərin rəbbi Allaha həmd olsun!


Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev.

tovhidinfo
Fərhad Adayev

Mədinə İslam Universitetinin hədis fakültəsinin məzunu, hazırda əqidə qismində magistratura təhsili alır.

Bütün materiallara bax