• Menyu
  • Menyu

Dostlarına vaxt ayırıb valideynlərinə vaxt tapmayanlara…

tovhidinfo

Mərhəmətli və rəhmli Allahın adı ilə

Həmd və səna aləmlərin rəbbi Allaha məxsusdur. Allahın elçisi Muhəmmədə, onun ailəsinə və səhabələrinə və qiyamət gününəcən onun sünnəsi üzərində olanlara Allahın xeyir-duası və salamı olsun.

Sonra isə:

Şeyx Muhəmməd ibn Saleh əl-Useymin (Allah ona rəhmət etsin) belə deyib:

“Bu gün əksər insanların halına diqqət yetirsək, görərik ki, valideynlərinə yaxşılıq etmirlər. Əksinə, valideynin üzünə ağ olan övladlardandırlar. Görürsən ki, dostlarına yaxşılıq edir, onlarla oturub-durmaqdan usanmır, amma ata-anası ilə bir saat vaxt keçirdikdən sonra onu bezikmiş, usanmış görərsən. Sanki köz üstündədir. Beləsi valideyninə yaxşılıq edən sayılmır. Əksinə, valideynə yaxşılıq edən, köksü onlara tərəf geniş olan, onlara göz kipriyi ilə də olsa xidmət edən (ərəblərdə bir məsəldi) və bütün hərisliyi ilə bacardığı qədər onların razılığını qazanan övladdır. (“Şərh əl-aqidə əl-vasitiyyə” kitabından).

Rabbani alimdən doğru kəlimələr. Həqiqətən, bu ümmətin halını alimlərdən başqa heç kəs doğru bilməz. Çünki Allahu Təalə onlara bəsirət, fiqh bəxş edib. Ümməti necə islah etmək, müalicə etməyi daha yaxşı bilirlər. Doğrudan da, çox insanın halı belədir. Günün çox hissəsini dostları ilə keçirir, amma valideynə gəldikdə, vaxt tapmırlar. Bu acınacaqlı bir haldır. Sonra da bəziləri valideynin ona qarşı soyuq münasibətindən şikayət edir. Bəlkə müqəssir elə özümüzük, kifayət qədər onlara dəyər vermirik? Valideynin sənə övladı olaraq az vaxt ayırsa, bütün günü seriallara baxmaqla, öz yoldaşları ilə, qonşuları ilə vaxt keçirsə, sənə necə təsir edər? Axı onlar da səninlə çox olmaq istəyir. Vallahi, bir gün gələcək onların yoxluğunu hiss edəcəksən. Onları bağrına basıb, öpüb əzizləmək istəyəcəksən. Lakin, buna fürsətin olmayacaq. Qəbri üstündə kövrəlib onlarla az vaxt ayırmağının peşmançılığını çəkməmiş onlara lazımı diqqəti ayır. Onlar haqqında Allahdan qorx.
Şeyx İbn Useymin kimi rabbani alimin sözünə nə isə əlavə etmək mənə yaraşmaz. Amma bəzi qeydlər etmək istəyirəm, ola bilsin Allahdan qorxanlar üçün, haqlarında müqəssir olanlar üçün bir fayda, haqlarını gözəl şəkildə ödəyənlər üçün isə, bir xatırlama olsun. Sonra isə, Allahdan yardım və müvəffəqiyyət diləyərək deyirəm ki:

Dinimizdə valideyn haqları barədə, onların üzünə ağ olmaq barədə və onlara yaxşılıq etməyin fəziləti barədə çoxlu ayə və hədislər var. Həmçinin, sələf-salehin həyatından da çoxlu nümunələri zikr etmək olar. Mən də bu ayə hədislərdən və saleh sələflərin həyatından bəzi şeyləri cəm edib sizə təqdim etmək istəyirəm. İlk olaraq, ayələrdən:

“Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına çatarsa, onlara: “Uf!” belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!
Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de.
Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, bilin ki, həqiqətən də, O, tövbə edənləri Bağışlayandır!” [əl-İsra, 23-24-25]

“Biz insana ata-anasının qayğısına qalmağı (onlarla gözəl davranmağı) əmr etdik. Anası onu (bətnində gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. (Uşağın) süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir!
Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə! Dünya (işlərində) onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də (dünyada) nə etdikləriniz barədə sizə xəbər verəcəyəm!” [Loğman, 14-15]

“Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və bütün mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır”. [ Nuh, 28]

“Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz kölə və kənizlərə yaxşılıq edin!” [ Nisa, 36]

Həmçinin, hədislərdən də bəzilərini qeyd etmək istəyirəm. Bunlardan:

Əbu Hureyradan (radiyallahu anhu) rəvayət olunan hədisdə Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:“Burnu yerlə sürünsün, burnu yerlə sürünsün, burnu yerlə sürünsün.” Dedilər: Kimin ey Allahın Rəsulu? Allah Rəsulu buyurdu: Valideynlərinin hər ikisi vəya biri, onun yanında qocalıq yaşına çatıb, onların səbəbiylə cənnətə girməyənin.” (Muslim 2552. Tirmizi 3545.)

Abdullah ibn Ömərin (radiyallahu anhumə) rəvayət etdiyi hədisdə Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu: “Üç şəxs vardır ki, Uca Allah cənnəti onlara haram etmişdir: içki düşkünü, valideynlərinin üzünə ağ olan, ailəsində xəbisliyi (əxlaqsızlığı) görüb buna göz yuman dəyyus. ” (Nəsai 2562. Albani, Səhih ət-tərğib 2366.)

Abdullah ibn Amr (radiyallahu anhumə) buyurur: Bir kişi Peyğəmbərin (sallallahu aleyhi va səlləm) yanına gəlib dedi: “Mən səninlə birgə hicrət və cihad etmək üçün əlimi uzadıb razılıq verirəm. Bununla Allah Təalədən savabımı diləyirəm. Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurdu: “Sənin valideynlərindən sağ olanı varmı? O dedi: Bəli, hər ikisi sağdır. Peyğəmbər buyurdu: “Sən Allahu Təalədən savab istəyirsən?” Həmin adam dedi: Bəli. Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurdu: “Valideynlərinin yanına qayıt və onlarla xoş rəftar edərək onlara xidmət et.” (Muslim, 2549)

Abdullah ibn Amr (radiyallahu anhumə) deyib ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:“Allahın qəzəbi valideynin qəzəbindədir, Allahın razılığı valideynin razılığındadır.” (Tirmizi 1899. Albani, Sahihul cami 3507)

Abu Dərda buyurur ki,(radiyallahu anhu) Allah Rəsulunun (sallallahu aleyhi va səlləm) belə dediyini eşitdim: “Valideyn Cənnətin orta qapısıdır. Bu qapını itirə də bilərsən, qoruya da bilərsən.” (Tirmizi 1900. Albani, Səhih Tərğib 2486.)

Aişə (radiyallahu anhə) dedi ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:“Yatıb yuxuda gördüm ki, Cənnətdəyəm. Birdən bir qarinin səsini eşitdim. Dedim ki, bu kimdir? Dedilər ki: Harisə bin ən-Nomən. Allah Rəsulu (Aişəyə) dedi: Yaxşılıq belədir, yaxşılıq belədir. Çünki, o insanlar içində anasına çox yaxşılıq edən birisi olub.” (Ahməd, 25223. Albani, Silsilə Sahiha, 913)

Ənəs bin Malik (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:“Kim ömrünün uzanmasını və ruzisinin artmasını istəyirsə, valideynlərinə yaxşılıq etsin və qohumluq əlaqəsini saxlasın.” (Heysəmi 8/139. Albani, Səhih Tərğib 2488)

Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu: “Övlad ataya onun üçün etdiklərinin əvəzini heç nə ilə qaytara bilməz. Yalnız onu kölə ikən alıb azad etməsi istisnadır.“ (Muslim 1510. Tirmizi 1906)

Bu mövzuda sələflərin həyatından bəzi nümunələri zikr etməyi məqsədəuyğun olduğu görürəm. Çünki, özünə sələfi deyən hər bir kəs əqidə və mənhəcdə sələfi olduğu kimi, əxlaqda, tərbiyədə, insanlarla və xüsusilə də valideynlərə qarşı münasibətdə sələfi-salehə oxşamalıdır.

1. Abdullah bn Abbas (Allah hər ikisindən razı olsun) belə deyib: ” Ata-anası yanında olub səhər və axşam onlara xidmət edib yaxşılıq edən mömin qula Allah cənnətdə iki qapı açar.”

2. Səhabələrdən bəzisi belə deyərdi: “Valideyn üçün duanı tərk etmək övladın yaşayışını dar edər.”

3. Abdullah ibn Avnun (Allah ona rəhmət etsin) anası onu çağırır. Anasına icabət edir, lakin, səsi anasının səsindən yüksək çıxır. Buna görə də iki qul azad edir.

4. Rabi ibn Xeysəm (Allah ona rəhmət etsin) yolda insanlara əziyyət verən şeyi götürərdi və deyərdi ki, bunu anama və atama görə edirəm (yəni onlara əziyyət olmasın deyə).

5. Əbu Həzm (Allah ona rəhmət etsin) belə deyib: “Əbu Hureyra (Allah ondan razı olsun) anası ölənə qədər həcc etmədi”. (Anasına xidmət etdiyi üçün)

6. Humeyd (Allah ona rəhmət etsin) belə deyib: Əyyəs ibn Muaviyənin anası öldüyü zaman ağladı. Dedilər ki, səni ağladan nədir? Dedi ki, cənnətə açılan iki qapım vardı, artıq biri bağlandı.

7. Ömər ibn Əbduləziz İbn Mehrana belə dedi: “Valideyninin üzünə ağ olanla yoldaşlıq etmə! Çünki, o səni qəbul edən deyil. Artıq onlara ağ olub”. (Yəni, onların haqqını verməyən sənin haqqını verməz).

8. Abdullah ibn Ömər (Allah hər ikisindən razı olsun) belində anasını daşıyaraq kəbəni tavaf edən bir kişini gördü. Həmən adam ibn Ömərə belə dedi: “Nə deyirsən, onun haqqını ödəyə bildimmi?” İbn Ömər belə dedi: “Doğuş sancılarından olan bir sancının əvəzini belə ödəyə bilmədin. Lakin, ona yaxşılıq etdin. Allah da kiçik bir yaxşınlığa görə səni çox mükafatlandırar”.

9. Səbit əl-Bənəni bir nəfərin atasını bir məkanda vuran gördü. Ona deyildi ki, bu nə işdi. Vurulan ata da cavabında belə dedi: “İşiniz olmasın! Mən də atamı elə həmən bu yerdə vurmuşdum. İndi də mən həmin məkanda məni vuran oğulla imtahan olundum.”

10. İbn Hənəfiyyə (Allah ona rəhmət etsin) anasının başını yuyar, darayar, onu öpər və saçını rəngləyərdi.

11. Abdullah ibn Abbas (Allah hər ikisindən razı olsun) belə deyib: “Valideynə yaxşılıq etmək kimi günahları yuyan heç bir şey yoxdu.”

12. Səid ibn Museyyib belə dedi: “Şübhəsiz ki, övladın duası ilə insanın dərəcəsi qalxar. ” Sonra əllərini qaldırıb dua etdi.

13. Bir kişi İbn Abbasa (Allah ondan razı olsun) belə dedi: “Mən Ruma cihada getməyə nəzir etdim, lakin, valideynlərim mənə mane olur.” İbn Abbas belə cavab verdi: “Onlara tabe ol! Sənin əvəzinə Ruma gedəni taparsan.”

14. İmam Əhməd belə deyərdi: “Valideynlərə yaxşılq etmək böyük günahlara kəffarədir.”

15. Əbu Hureyrə (Allah ondan razı olsun) dedi: “İnsan öləndən sonra dərəcəsi qalxar və belə deyər: “Ey Rəbbim bu necə oldu?” Ona belə deyilər: “Övladın sənin üçün bağışlanma diləyir.”

Hörmətli müsəlmanlar, bilirsiz ki, kamil olan dinimiz əxlaqi dəyərlərə çox önəm verir. Bu dəyərlərdən  biri də valideynlərə qarşı əxlaqlı olmaqdır. Quran, sünnə və sələflərin həyatına nəzər salsaq dinimizin bu məsələyə nə qədər önəm verdiyini görərik. Siz də zikr etdiyim ayə, hədis və sələflərinin sözlərində və əməllərində buna şahid oldunuz. Buna görə də, valideynlərlə münasibətdə əxlaqdan və ədəbdən sayılan bəzi əməlləri zikr etmək istərdim. Bunlardan:

1. Onların hörmətini saxlamaq, qədir-qiymətlərinin və haqqlarının nə qədər əzəmətli olduğunu bilmək.

2. Onlara xitab etdikdə ədəbli olmaq, yumşaq kəlimələrdən istifadə etmək, onlarla söhbət etdikdə münasib ifadələr seçmək, kobud olmamaq.

3. Asilik olmadıqca əmr etdikləri hər bir əmrə tabe olmaq, yaxşı işlərdə onlara itaət etmək.

4. Hədiyyə ilə, mal ilə, gözəl kəlimələrlə, gözəl sözlərlə və xoş xəbərlərlə qəlblərinə sevinc qatmaq.

5. Xəstə və ya sağlam olduqları vaxt, qocalıq halına çatdıqları vaxt onlara qayğı göstərmək.

6. Bir şey öyrətdikdə və nəsihət etdikdə mülayimliklə, yumşaqlıqla və səbirlə etmək, səbirsizlik edib onlara qəzəblənməmək.

7. Tez tez onları ziyarət etmək, telefonla da olsa daim əlaqə saxlayıb halları ilə maraqlanmaq.

8. Haqqlarını, mallarını və əşyalarını qorumaq, iznləri olmadan bir çöp belə götürməmək.

9. Hər işdə onlarla məsləhətləşmək, verdikləri tövsiyələrə əməl etmək.

10. Yatdıqları və oyandıqları zaman onlara əziyyət verməmək, səs-küy salıb incitməmək. Otaqlarına girdiyin zaman izinsiz girməmək.

11. Onlar üçündua etmək, Allahdan istiğfar diləmək.

12. Borcları varsa, borclarını ödəmək, ehtiyacları olduğu zaman pulla, malla yardım etmək.

13. Onların yerinə həcc və ümrə ziyarətləri etmək (əgər ölüblərsə və ya sağlamlıq və qocalıq halında olub aciz olarlarsa), onların əvəzinə sədəqə vermək.

14. Onlarla fəxr etmək, qürurlanmaq, kasıb olsalar belə özünü onlara nisbət etmək.

15. Qəbirlərini ziyarət etmək, onlar üçün Allahdan bağışlanma və rəhmət diləmək və s.

Əziz müsəlmanlar! Bildiyiniz kimi, Allah Təalə Qurani Kərimdə, həmçinin Peyğəmbərimiz (sallallahu aleyhi va səlləm) hədislərində Allahın haqqından sonra onların haqqını zikr edib. Bu da, onların haqqlarının nə qədər mühüm olduğunu bildirir. Həmçinin, əgər ayə və hədislərə nəzər salsaq, görərik ki, həlakedici, böyük günahlar zikr olunduqda şirkdən sonra valideynə asi olmaq, onların üzünə ağ olmaq zikr edilib. Əbu Bəkradan (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbərimiz (sallallahu aleyhi va səlləm) belə buyurub:

“Sizə böyük günahların ən böyüyündən xəbər verimmi?” Və bu sözü üç dəfə təkrarladı. Sonra belə dedi: “Allaha şərik qoşmaq, valideynə ağ olmaq.” Bunu dediyi zaman dirsəklənmiş halda idi. Sonra oturaraq: yalan söz danışmaq, yalandan şahidlik etmək deyə buyurdu.” (Buxari və Muslim)

Həmçinin, onlara yaxşılıq etmək, onlarla gözəl rəftar etmək günahlar üçün kəffarədir.

Bir kişi Peyğəmbərin (sallallahu aleyhi va səlləm) yanına gəlib belə dedi: “Böyük bir günah işlətmişəm, mənim üçün tövbə varmı?” Allah nəbisi belə dedi: “Anan varmı?” “Xeyr” – dedi. “Bəs xalan varmı?” Bəli, deyə cavab verdi. Peyğəmbər də: “O zaman ona yaxşılıq et.” (Hədisi İmam Tirmizi rəvayət edib, Albani səhih olduğunu demişdir.)

Son olaraq Allahdan istəyirəm ki, hazırladığım bu kiçik məqaləni bizim üçün faydalı etsin. Allah Təalə bizi faydalı elmə və saleh əmələ müvəffəq etsin. Aləmlərin Rəbbi olan Allaha həmd və sənalar olsun, Peyğəmbərinə, ailəsinə, əshabına və onlara gözəl şəkildə tabe olanlara Allahın salatu-salamı olsun.


Hazırladı: Mədinə İslam Universitetinin tələbəsi, Vüqar Qurbanov.

tovhidinfo
Vüqar Qurbanov

Mədinə İslam Universitetinin dəvət və dinin əsasları fakültəsinin məzunu.

Bütün materiallara bax