• Menyu
  • Menyu

Nəfsin təmizlənməsi

tovhidinfo

Rəhimli və Mərhəmətli Allahın adı ilə

“Nəfsin təmizlənməsi” deyiləndə qəsd edilən yalnız bədəndə olan istək deyil, qəsd  edilən qəlbin təmizliyi,insanın əzalarına təsir edən nəfs təmizliyidir. Bu haqda Uca Allah nəfsini təmizləyənləri tərifləyərək, onların nicat tapdığını bildirir: “Nəfsini günahdan təmizləyən uğur qazanmışdır. Onu günaha batıran isə ziyana uğramışdır.” (Şəms /9;10)

Bu da nəfsini təmizə çıxaranın nicat tapmasına dəlalət edir. Nicat tapmaq isə, insanın ruhu və bədəni ilə olur. Nəfsi təmizə çıxartmaq deyiləndə bu qəsd olunur.

Şəriətimizdə nəfsi təmizə çıxarmanın təriflənən və pislənən növləri:

Ümumi olaraq şəriətdə nəfsi təmizə çıxarmağın, iki növü varid olmuşdur:

Birinci: Məzəmmət olunan və haram olan  növ.

İkinci: İcazəli olan növ.

Məzəmmət olunan növə gəldikdə: Bu, insanın özünü öyməsi və tərifləməsidir ki, bu da haram və nəhy olunandır. Uca Allah belə buyurur: “Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin Allahdan qorxduğunu yaxşı bilir.” (Nəcm/32)
Uca Allah bizə özümüzü təmizə çıxarmağı, tərif edib ucaltmağı qadağan edir.Bu, Uca Allahın bizlərə nəhy etdiyi haram olan növdür.
İkinci növə gəldikdə isə, bu, təriflənən və ona rəğbətləndirilən növdür ki, o da insanın özünü saleh əməllərlə, Allaha itaət olan etiqad, söz və əməllərlə olur.
Deməli, burada nəfsi təmizə çıxarmaq dedikdə məqsəd saleh əməllərdir. Hansı ki, Uca Allah bu əməllərin sahiblərini  tərifləyir.

Nəfsi təmizə çıxarmağın mərtəbələri:

Birinci mərtəbə: Nəfsi icazəli fellərlə təmizə çıxarmaq:
Bu da, müsəlmanın imanını artıran səbəblərdən tutması və imanını azaldacaq səbəblərdən uzaq durması ilə olur.
Məlum olduğu kimi, iman etiqad, söz və əməllərə bağlıdır və buradan da aydın olur ki, nəfsi təmizə çıxarmaq, bu üç qismə qayıdır: etiqad, söz və əməl.
Nəfsi təmizləməyin etiqadla əlaqəsinə gəldikdə, bu, qəlbi əməllərdən olan məhəbbəti, qorxunu, ümid etməni, təvəkkülü, ixlası, yalnız Allah üçün etməklə gerçəkləşir .
Numan ibn Bəşirin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurur:
”Həqiqətən bədəndə bir parça ət var; əgər o salamat olarsa, bütün bədən salamat olar, yox əgər o xarab olarsa,  bütün bədən də xarab olar, o da,qəlbdir”. (Buxari /52 və Muslim /1599)

Nəfsi təmizləyən ən əzəmətli səbəb, Uca Allahın möminlərə vacib etdiyi qəlb əməllərini, Allahın  razı qaldığı şəkildə, düzgün yerinə yetirməkdir.
Nəfsi əməllərlə təmizləməyə gəldikdə: Bu qulun öz nəfsini, Uca Allaha  namaz, zəkat, oruc, həcc, yaxşılığı əmr etmək,pislikdən çəkindirmək kimi, əzalarla edilən əməllərlə olur.
Nəfsi sözlərlə təmizləməyə gəldikdə isə:Bu, Quran oxumaq, Allahı zikr etmək, dillə yaxşılığı əmr etmək kimi əməllərlə olur, bunlar hamısı yaxşı əməllərdəndir.
Beləliklə insanın sözlə nəfsini təmizə çıxarması iki qismə bölünür:

1. Haram olan. Bu insanın özünü tərifləməsidir.

2. İcazəli olan. Bu da insanın Allaha itaət olan sözlərlə öz nəfsini təmizə çıxarmasıdır ki, bu da Quran oxumaqla, zikr etməklə və dillə olunan yaxşı əməllərlə olur.

Yuxarıda keçən,  insanın nəfsini təmizləyən bütün icazəli əməllər, vaciblik və müstəhəblik baxımından iki qismə bölünür:

1. Vacib olan qismə gəldikdə, əgər qul onu yerinə yetirərsə, vacib olan imanı yerinə yetirmiş olur və o, Allahın ona vacib etdiklərini yerinə yetirdiyi və haramalardan çəkindiyi üçün, artıq cənnət əhlindən olmağı haqq edir.

2. Müstəhəb olan qismə gəldikdə isə, əgər qul onu yerinə yetirərsə, müstəhəb olan imanı yerinə yetirmiş sayılır və bu da vacib olan imandan daha üstün olan bir dərəcədir.

Elə buna görə də, imanın iki kamillik qismi var:

Vacib kamillik: Vacib olan əməlləri  yerinə yetirir və haramlardan çəkinir.
Müstəhəb kamillik: Vacib əməlləri yerinə yetirdikdən sonra, müstəhəb olanları yerinə yetirir.

Vacibləri kamil şəkildə yerinə yetirənlər sağ tərəf sahibləridirlər.
Müstəhəbləri kamil şəkildə yerinə yetirənlər isə, öndə gedənlər və Allaha daha yaxın olanlardır.

İkinci mərtəbə; Qadağan olunan əməlləri tərk etməklə nəfsi təmizləmək.Bu mərtəbə isə, Uca Allahın qadağan etdiyi haramların və günahların, böyük-kiçik,  bütün şəkillərindən uzaq durmaqla  gerçəkləşir. Bu da öz növbəsində, nəfsi təmizləyən əməllərdəndir.
Nəfsi təmizləmək Allahın müvəffəqiyyəti və qulun da onu gerçəkləşdirməkdə təsiri ilə olur.
Bu da həmçinin, diqqət yetirilməsi lazım olan bir məsələdir; Qulun nəfsini təmizləməsi, onun Rəbbi tərəfindəndirmi, yoxsa, qulun öz əməlinə görədirmi?
“Nəfsini günahdan təmizləyən uğur qazanmışdır”. (Əş-Şəms/9)

Alimlər bu ayənin təfsirində, nəfsini təmizləyən qulun özüdürmü, yoxsa onun Rəbbidirmi deyə ixtilaf ediblər. Şeyxul-İslam İbn Teymiyyə burada nəfsi təmizləməyin qulun özü tərəfindən olduğunu demişdir.Çünki, o, özü Allaha itaət etməklə nəfsini təmizləmişdir.Bu da Uca Allahın bu sözünə uyğun gəlir: “Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır”. (əl-Ə’lə /14)
Burada nəfsi təmizləmək qulun Allaha itaət etməsi ilədir,  ancaq onu unutmaq olmaz ki, qulun  nəfsini təmizləməsinin özü isə, Allahın müvəffəqiyyəti ilədir. Bu haqda Uca Allah belə buyurur: “Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, bilsin ki, o şeytan iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin, Allah istədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir”. (Ən-Nur /21)

Heç şəkk yoxdur ki, qulun öz nəfsinin  təmizləməsində rolu var. Lakin, bu müstəqil olaraq onun tərəfindən deyil, əksinə,  Allahın müvəffəqiyyəti ilədir. Əgər Allahın rəhməti və fəziləti olmasaydı, heç bir qul özünü təmizə çıxara bilməzdi. Bu da böyük bir məsələni bizə xatırladır ki,  qulun öz nəfsini təmizləyərkən hər an Allaha ehtiyacı var. Bu haqda hədisdə də belə gəlmişdir: ”Allahım nəfsimə  təqvasını ver və onu təmizlə! Şübhəsiz ki, sən təmizləyənlərin ən yaxşısısan”. ( Muslim / 2722)
Qul daim Rəbbinə möhtacdır ki, ona, nəfsini təmizləməsi nemətini versin və onu Öz itaətinə yönəltsin, qulun öz gücünə arxalanması caiz deyildir.

Qısa olaraq nəfsi təmizləməyə yardım edəcək səbəblər:
1. Allaha təvəkkül və dua etmək.

2. Dini başa düşmək: Bu da qulun dini və şəriəti başa düşməsidir.Nəfsi təmizləmək Allaha itaətlə olur. Dini və şəriəti bilmədən isə itaət ola bilməz.

3. Günahların nəfsə təsirini bilmək: Həqiqətən, günahların nəfsə böyük təsiri olur.Neçə-neçə insanlar var ki, günah edir amma onun əlacını bilmir.Bu da xəstənin tibbi bilməməsi kimidir. Ancaq həkim xəstələnəndə, dərhal özünü müalicə edir və baş verə biləcək fəsadı aradan qaldırır.

4. Günahların və asiliklərin qarşısını almağın yolunu  və onları yuyub aparan əməlləri bilmək:Buna misal olaraq naməhrəm kişi və qadının təklikdə qalmasının icazəli olmamasını bilmək. Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) bir-birinə naməhrəm qadın və kişinin təklikdə qalmasını nəhy edərək belə  buyurur:”Elə bir kişi naməhrəm bir qadınla təklikdə qalmaz ki, onların üçüncüsü şeytan olmasın”  ( Tirmizi /2165; Şeyx Albani səhih olduğunu bildirib.)
Bunu bilən bir qul artıq rahatlıqla bu hala düşməkdən çəkinə bilir və baş verə biləcək bir günahın qarşısını öncədən almış olur.Həmçinin, hansı  günahı hansı əməlin silib apardığını bilən biri də, hər hansı  bir günaha düşərsə, onu hansı əməlin yuyub aparacağını bilər və özünü o günahdan təmizləyər.

5. Allaha səni itaətlərə müvəffəq etdiyi üçün, şükür etmək.

6. Əməllərin ən fəzilətli olanı ilə məşğul olmaq. İnsanın hər hansı bir hala,zamana, məkana görə hansı əməlin daha fəzilətli olmasını bilməsi və ona uyğun əməl etməsi.
Bunlar, qısaca olaraq, nəfsi təmizləməyə yardım olacaq səbələr idi.

Uca Allahdan bizləri və sizləri sevib razı qaldığı bütün xeyir sözlərə və əməllərə müvəffəq etməsini, həmçinin hər birimizi onun haramlarına düşməkdən hifz etməsini diləyirəm.

Sonda Aləmlərin Rəbbi olan Allaha həmd olsun!

( İstifadə edilmiş mənbə: şeyx İbrahim Ruheylinin “Təzkiyətun Nəfs” kitabçası).


Mədinə İslam Universitetinin tələbəsi, Elçin Şunqarov.

tovhidinfo
Elçin Şunqarov

Mədinə İslam Universitetinin dəvət və dinin əsasları fakültəsinin məzunu.

Bütün materiallara bax