• Menyu
  • Menyu

Nə edim ki, günahlarım bağışlansın?

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə.

Quran və Sünnənin mətnləri dəlalət edir ki, günahların cəzası quldan təqribən on səbəb ilə yox olur.

Birincisi: Tövbə.

Müsəlmanlar buna ittifaq ediblər. Allah Təala buyurub:

«De: “Ey özlərinə qarşı həddi aşan qullarım, Allahın rəhmətindən ümidinizi üzməyin, çünki Allah bütün günahları bağışlayır. Şübhəsiz ki, O, Bağışlayan və Rəhm edəndir”.» (Əz-Zumər, 53)

Həmçinin belə buyurub:

«Qullarından tövbəni qəbul edən və günahları bağışlayan Odur». (Əş-Şura, 25)

İkincisi: İstiğfar (Allahdan bağışlanma istəmək).

İki “Səhih”-də[1] rəvayət olunan hədisdə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:

“Qul bir günah edər və deyər ki, ey Rəbbim, günah etdim, məni bağışla, Allah deyər:

“Qulum bildi ki, onun günahı bağışlayan və ya ona görə cəzalandıran rəbbi var, artıq qulumu bağışladım”.

Sonra başqa bir günah edər və deyər ki, ey Rəbbim, başqa bir günah etdim, onu mənə bağışla.

Rəbbi deyər: “Qulum bildi ki, onun günahı bağışlayan və ya ona görə cəzalandıran rəbbi var, artıq qulumu bağışladım, nə istəyir etsin[2]!” Bunu üçüncü və ya dördüncü dəfədə deyər.”

“Səhih Muslim”də[3] isə onun belə dediyi rəvayət edilmişdir:

“Siz günah etməsəydiniz, Allah sizi yox edib elə bir qövm gətirərdi ki, onlar günah edər, sonra bağışlanma diləyərdilər, Allah da onları bağışlayardı”.

Üçüncüsü: Günahları silən həsənətlər (yaxşı əməllər).

Allah Təala buyurub:

«Gündüzün əvvəlində və axırında və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı əməllər pis əməlləri aparır». (Hud, 114)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:

“Beş namaz, bir cümə ilə növbəti cümə, bir ramazanla növbəti ramazan – əgər böyük günahlardan uzaq durulsa – bunlar  aralarındakı günahlara kəffarədirlər”.[4]

Həmçinin demişdir:

“Kim ramazanı imanla və mükafatını Allahdan umaraq oruclu keçirərsə, keçmiş günahları bağışlanar”.[5]

“Kim qədr gecəsini imanla və mükafatını Allahdan umaraq namazda keçirərsə, keçmiş günahları bağışlanar”.[6]

“Kim bu evə[7] həcc edər və (bu zaman) nə pis söz danışar, nə də fasiqlik edərsə, günahlarından anasından doğulduğu gün kimi qayıdar”.[8]

Dördüncüsü: Möminlərin mömin üçün dua etmələri, ona cənazə namazı qılmaqları kimi. Aişədən və Ənəs bin Məlikdən Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət olunur:

“Hansı ölü üçün müsəlmanlardan sayları yüzə çatan bir dəstə cənazə namazı qılar və hamısı onun üçün şəfaət edərlərsə, onların şəfaəti qəbul olunar”.[9]

İbn Abbas demişdir ki, Allah elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitmişəm:

“Hansı müsəlman kişi ölərsə və cənazəsinə Allaha heç nəyi şərik qoşmayan qırx kişi durarsa, Allah onları onun üçün şəfaətçi edər”.[10]

Beşincisi: Ölən kəs üçün edilən yaxşı əməllər: sədəqə və s. kimi.

Sünnənin səhih və aydın mətnlərinə və imamların ittifaqına əsasən, ölü bundan faydalanır. Həmçinin qul azad etməyi və həcci də qeyd etmək olar. Bundan əlavə, hər iki “Səhih”də[11] Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə deməsi sabit olmuşdur:

“Kim üzərində oruc vacibi qala-qala vəfat edərsə, qoy varisi onun əvəzinə orucu tutsun”.

Və buna Allahın: “İnsanın olan – yalnız öz səyi ilə qazandığıdır” (Ən-Nəcm, 39), – sözü ilə etiraz etmək iki cəhətdən icazəli deyildir:

1) Mütəvatir dəlillər və ümmətin sələflərinin icması ilə sabit olub ki, möminə özünün səyi nəticəsində qazanmadığı şeylərin də faydası deyir: mələklərin onun üçün dua etmələri, bağışlanma diləmələri kimi. Necə ki Allah Təala buyurub:

“Ərşi daşıyanlar və onun ətrafındakılar Allaha həmd edərək Ona tərif deyirlər, Ona iman edirlər və möminlər üçün bağışlanma diləyirlər”. (Ğafir, 7)

Həmçinin peyğəmbərlərin və möminlərin dua etməsi kimi. Allah Təala buyurub:

“Onlar üçün dua et, həqiqətən, sənin duan onlar üçün rahatlıqdır”. (Ət-Tövbə, 103)

“Öz günahların üçün də, mömin kişilər və mömin qadınlar üçün də bağışlanma dilə”. (Muhəmməd, 19)

Həmçinin ölən mömin üçün cənazə namazı qıldıqda və ya qəbrini ziyarət etdikdə edilən duanı qeyd etmək olar.

2) Ayənin zahirində deyilən odur ki, insana çatan – yalnız öz səyi ilə qazandığıdır. Bu da haqdır, çünki o, yalnız özünün səy göstərib qazandığına malikdir, yalnız buna haqqı çatır.

Başqasının səy göstərib qazandığına isə malik deyil, buna haqqı çatmır. Lakin bu, Allahın ona həmin şey səbəbi ilə fayda verməsinə, rəhm etməsinə mane olmur. Necə ki, O, daima qullarına onların bacarıqlarından kənar şeylərin səbəbi ilə rəhm edir. Məsələn, səhih hədisdə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:

“Bir kişi qardaşı üçün dua edərsə, Allah onu bir mələyə tapşırar və o hər dəfə qardaşı üçün dua etdikdə, mələk deyər: “Amin və sənə də eynisi”.”[12]

Həmçinin səhih hədisdə buyurmuşdur:

“Bir cənazə üçün namaz qılana bir qirat vardır; o cənazə dəfn edilənə qədər ardıyca gedənə isə iki qirat vardır, onlardan ən kiçiyi Uhud boydadır”.[13]

Ola bilsin ki, Allah ölüyə cənazə namazı qılan kəsə ölü üçün dua etdiyinə görə rəhm edər; ölüyə isə dirinin onun üçün etdiyi dua səbəbi ilə rəhm edər.

Altıncısı: Qiyamət günü Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) və başqalarının günahkarlar üçün etdikləri şəfaət.

Peyğəmbərdən şəfaət hədisləri mütəvatir olaraq rəvayət edilmişdir, bir səhih hədisdə buyurduğu kimi:

“Mənim şəfaətim ümmətimdən olan böyük günah sahibləri üçündür”.[14]

Həmçinin buyurub: “Mənə ümmətimin yarısının Cənnətə girməsi ilə şəfaət arasında seçim verildi və mən şəfaəti seçdim, çünki o, daha ümumi və daha çoxdur. Elə bilirsiniz, o, müttəqilər üçündür? Xeyr, o, günahkarlar, çirklənmişlər, xətakarlar üçündür”.[15]

Yeddincisi: Allahın bu dünyada günahlara kəffarə etdiyi müsibətlər.

Necə ki, hər iki “Səhih”də Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:

“Allah möminin başına gələn hər bir ağrını (xəstəliyi), yorğunluğu, qüssəni, kədəri, qəmi, əziyyəti, hətta ona batan tikanı belə onun günahlarına kəffarə edər”.[16]

Səkkizincisi: Qəbirdə baş verən imtahan, sıxılma, qorxu – bunlar da günahlara kəffarədir.

Doqquzuncusu: Qiyamət gününün qorxuları, sıxıntıları və çətinlikləri.

Onuncusu: Qulların səbəbi olmadan Allahın rəhməti, əfvi və məğfirəti.

 

[1]  Bax: Səhih Buxari, 7507 və Səhih Muslim, 2758.

[2] İmam Nəvəvi demişdir: “Nə istəyirsən et, artıq səni bağışladım”-  bunun mənası odur ki, günah edib bağışlanma dilədikcə səni bağışlayacam”. (Səhih Muslimin şərhi, 17/75)

[3]  Bax: Səhih Muslim, 2749.

[4] Səhih Muslim, 233.

[5] Səhih Buxari, 2014 və Səhih Muslim, 760.

[6] Səhih Buxari, 2009 və Səhih Muslim, 759.

[7] Kəbəyə.

[8] Bax: Səhih Muslim, 1350.

[9] Səhih Muslim, 947.

[10] Səhih Muslim, 948.

[11] Səhih Buxari, 1952 və Səhih Muslim, 1147.

[12] Bax: Səhih Muslim, 2732, 2733.

[13] Bax: Səhih Buxari, 47, 1325 və Səhih Muslim, 945, 946.

[14] Sunən Əbi Dəvud, 4739; Sunən Tirmizi, 2435, 2436 və Sunən İbn Məcə, 4310. Albani səhih olduğunu demişdir. Bax: Səhih tərğib və tərhib, 3649.

[15] Bax: (bu ləfzlə) Sunən İbn Məcə, 4311. Albani zəif olduğunu demişdir. Bax: Zəif Cəmi Sağir, 2932.

Hədisin əvvəli (çünki sözünə qədər) başqa bir hədisdə sabit olmuşdur. Bax:  Sunən Tirmizi, 2441 və Sunən İbn Məcə, 4317.  Albani səhih olduğunu demişdir. Bax: Mişkətin təxrici, 5600.

[16] Səhih Buxari, 5641 və Səhih Muslim, 2572.

“Məcmuul-fətəva”, 7/487-501 ixtisarla.


Tərcümə və təxric: Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev.

tovhidinfo
Fərhad Adayev

Mədinə İslam Universitetinin hədis fakültəsinin məzunu, hazırda əqidə qismində magistratura təhsili alır.

Bütün materiallara bax