• Menyu
  • Menyu

İnsanların əziyyətinə səbr etməyə kömək edən şeylər (1ci hissə)

tovhidinfo

Mərhəmətli və rəhmli Allahın adı ilə

Birinci: Xatırla ki, Allah Subhanahu va Təalə qulların fellərinin, onların hərəkətlirinin, sükunətlərinin və istəklərinin xaliqidir. Nəyi istəyərsə, olar; nəyi istəməzsə isə, olmaz. Yuxarı aləmdə və aşağı aləmdə heç bir zərrə Onun izni və istəyi olmadan hərəkət edə bilməz. Qullar alətdir, sən onları sənin üzərinə göndərənə bax, onların sənə elədiyinə baxma. Belə etsən, qəm-qüssədən uzaq, rahat olarsan.

İkinci: Günahlarını xatırla və xatırla ki, Allah onları sənin üzərinə yalnız günahlarına görə göndərib, Allah Təalə buyurur:
“Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər.” (əş-Şura, 30).
Əgər qul düşünsə ki, başına gələn bütün xoşagəlməz şeylər günahlarına görədir, bunu edənləri qınamaqdansa, pisləməkdənsə, onların qeybətini etməkdənsə, günahlarından tövbə etməklə, istiğfar etməklə məşqul olar.
Ona görə, əgər bir kəsi görsən ki, ona əziyyət verən insanların qeybətini edir, bil ki, onun müsibəti həqiqi müsibətdir, lakin əgər tövbə etsə, Allahdan bağışlanma diləsə və desə ki, “bu günahlarıma görədir”, müsibət onunçun nemətə çevrilər. Əli radıyəllahu anhu gözəl demişdir:
“Qul Rəbbindən başqa heç kimə ümid etməsin və günahından başqa heç nədən qorxmasın”.
Həmçinin, ondan və başqalarından rəvayət olunub ki:
“Bəla yalnız günaha görə gələr və yalnız tövbə ilə qaldırılar”.

Üçüncü: Allahın bağışlayanlara və səbr edənlərə vəd verdiyi savabı xatırla. Allah Təalə buyurur:
“Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz!” (əş-Şura, 40).
Əziyyətə məruz qalmışlar 3 qismə bölünür:
1) Haqqından artıq intiqam alan “zalım”
2) Haqqı miqdarında intiqam alan “muqtəsid” (orta yol tutan)
3) Bağışlayan və haqqını keçən “muhsin”
Bu ayənin əvvəli muqtəsıdlər üçün, ortası muhsinlər üçün, sonu isə zalımlar üçündür.
Və xatırla ki, qiyamət günü deyiləcək: “Əcrlərini vermək Allaha vacib olanlar ayağa qalxsın!” Və bağışlayıb islah edənlərdən başqa heç kim qalxmayacaq.
Və düşünsən ki, əgər intiqam alsan, əvəz çıxsan, əcrdən məhrum olacaqsan, səbr və əfv etmək sənin üçün asanlaşar.

Dördüncü: Düşün ki, əgər əfv edib yaxşılıq etsən, bu sənə qardaşlarına qarşı qəlbinin salamatlığını verər, səni kin-küdurətdən, intiqam və pislik istəməkdən təmizləyər. Və əfv etməyin şirinliyi sənin üçün hasil olar, hansı ki, ləzzəti və mənfəəti intiqam almağının mənfəətindən qat-qat çoxdur. Və Allahın bu ayəsinin altına girmiş olarsan:
“Allah yaxşılıq edənləri sevir”. (Əli İmran, 148).
Allaha sevimli olarsan və sənin halı dirhəmi (gümüş pul) əlindən alınıb əvəzinə ona minlərlə dinar (qızıl pul) verilmiş kəsin halı kimi olar və bu zaman Allahın sənə lütf etdiyinə ən güclü sevinclə sevinərsən.

Beşinci: Bil ki, nəfsinə görə intiqam alan elə birisi yoxdur ki, bu ona nəfsində zəlillik verməsin. Lakin əgər əfv etsə, Allah onu izzətləndirər. Əs-sadiqul-məsduq belə buyurmuşdur:
“Əfv etdiyi üçün Allah qulunun yalnız izzətini artırar”.  (Muslim)

Altıncı: Cəzanın əməlin cinsindən olduğunu xatırla. Xatırla ki, sən özün zalım və günahkarsan. Və kim insanları əfv edərsə, Allah da onu əfv edər, kim onları bağışlayarsa, Allah da onu bağışlayar. Və düşünsən ki, pislik etmələrinə baxmayaraq onları bağışlamağın, onlara yaxşılıq etməyin səbəbdir ki, Allah səni əməlinin cinsindən olanla mükafatlandıracaq, səni bağışlayacaq, günahlarına baxmayaraq sənə yaxşılıq edəcək, insanları əfv etmək və səbr etmək sənin üçün asanlaşar. Bu fayda ağıllı insana yetər.

Yeddinci: Bil ki, əgər nəfsi intiqam və qarşılıq verməklə məşqul olsan, vaxtın zay, qəlbin dağınıq olar, bir daha ələ düşməyəcək xeyirlər səndən yan keçər və bəlkə də, bu sənə gəlmiş həmin müsibətdən də pis olar. Lakin bağışlasan, qəlbin və cismin sənin üçün intiqamdan daha əhəmiyyətli olan işlərlə məşqul olar.

Səkkizinci: Xatırla ki, Peyğəmbər salləllahu aleyhi va səlləm heç zaman nəfsinə görə intiqam almamışdır, baxmayaraq ki, o məxluqların ən xeyirlisi, onun nəfsi nəfslərin ən şərəflisi, safıdır, hər bir pis əxlaqdan uzaq və hər bir gözəl əxlaqı haqq etmişdir. Ona əziyyət verən Allaha əziyyət vermiş olur, əgər o nəfsinə görə intiqam almayıbsa, bizdən birimiz nəfsindəki şərləri və eybləri bilə-bilə necə nəfsinə görə intiqam ala bilər?!

Doqquzuncu: Əgər sən, Allah üçün əməl etdiyinə görə, Allahın əmrini yerinə yetirdiyinə və ya qadağasından çəkindiyinə görə əziyyətə məruz qalməsansa, səbr etmək sənə vacib olar. Bunun qiymətini Allahdan başqasından istəsən isə, buna görə Allah yanında əcrin olmaz.

Onuncu: Xatırla ki, səbr edərsənsə, Allah səninlə olar, səni sevər və səndən razı qalar. Və Allah kiminlə birlikdə olarsa, heç bir məxluqun dəf edə bilməyəcəyi əziyyətləri və zərərləri ondan dəf edər. Allah Təalə buyurur: “Səbr edin, həqiqətən, Allah səbr edənlərlədir”. (Əl-Ənfəl, 46).
Başqa ayədə: “Allah səbr edənləri sevir”. (Əli İmran, 146).

(İstifadə edilmiş mənbə: Cəmiul-məsəil lişeyxil-isləm İbn Teymiyyə 1/168-174)

Ardı var…


Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev.

tovhidinfo
Fərhad Adayev

Mədinə İslam Universitetinin hədis fakültəsinin məzunu, hazırda əqidə qismində magistratura təhsili alır.

Bütün materiallara bax