• Menyu
  • Menyu

İsimlər və sifətlər tövhidində qaydalar – 1ci qayda

tovhidinfo

Allahın sifətlərini təhrif etmək olmaz

Mərhəmətli və rəhmli Allahın adı ilə!

Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Qulu və elçisi Muhəmmədə, onun ailəsinə, səhabələrinə və qiyamətə qədər yoluyla gedənlərin üzərinə Allahın xeyir-duası və salamı olsun!

Sonra isə:

Əhli sünnə vəl-cəməa Allah Təalanın sifətlərinə aşağıdakı dörd qayda ilə iman edir:

1. Təhrif (dəyişiklik) etmədən

2. Tətil (inkar, rədd) etmədən

3. Təkyif etmədən (keyfiyyət, necəlik vermədən)

4. Təmsil etmədən (məxluqa bənzətmədən)

 Təhrif – dəyişdirmək deməkdir, ya ləfzi dəyişdirmək, ya da mənanı. Ləfzi təhrifə çox rast gəlinmir, çox vaxt insan cahil olduğuna görə, bilmədən ləfzi təhrif edir, məsələn “əlhəmdə (sonunda “ə”) lilləhi rabbil-aləmin” deyən bunu yalnız bilməməzlikdən edər.

Bir çox insanın düşdüyü isə, məhz “mənəvi təhrif”- mənanı dəyişdirməkdir.

Əhli sünnə vəl-cəməada isə, Allahın özünü vəsf etdiyi sifətlərinə iman  həm ləfzi, həm də mənəvi təhrifdən uzaqdır.

Biz artıq bilirik ki, Allahın özünə verdiyi sifətlərə iman etmək vacibdir.  Allah Təala özünü gözü var deyə vəsf edibsə, məgər biz deyə bilərikmi ki, burada məqsəd gözün özü deyil, görməkdir? Belə desək, Allahı özü özünü vəsf etdiyi kimi vəsf etmiş olmarıq.

Həmçinin, Allah özünün iki əli olduğunu deyirsə: “Əksinə, Onun (Allahın) hər iki əli açıqdır!” (Əl-Maidə, 64), biz isə desək ki, Allah Təalanın həqiqi əli yoxdur, əl deyəndə qullarına verdiyi nemətlər nəzərdə tutulur, Allahın özü özünü vəsf etdiyi kimi vəsf etmiş olarıqmı?!

Allahın  Quran və sünnədə varid olmuş sifətlərini isbat edən dəlillərin mənalarını dəyişənlər buna təhrif yox, təvil deyirlər və özlərini “əhli təvil” adlandırırlar, məqsədləri isə öz batillərinə, qəbul olunsun deyə, yaxşı don geyindirməkdir. Çünki insanlar təvil sözündən fərqli olaraq, təhrif sözünü xoşlamır, ondan qaçır. Əgər onlar desəydilər ki, bu təhrifdir, insanlara “biz Allahın kəlamını, Rəsulullahın (salləllahu aleyhi və səlləm) sünnəsini təhrif edirik, bizdən qəbul etməyin” elan etmiş olardılar. Lakin, həqiqətdə, onların etdiyi məhz təhrifdir!

Ona görə də, şeyxul-islam İbn Teymiyyə digər bəzi alimlərdən fərqli olaraq, təvil sözünü deyil, təhrif sözünü işlətmişdir. Və bu ifadə bir neçə tərəfdən daha səhihdir:

1)  Quranda (bu mənada) gələn ləfz təhrifdir. Allah Təala buyurub: “Yəhudilərin bir qismi (Tövratdakı) sözlərin yerini dəyişib təhrif edir” (Ən-Nisə, 46). Quranın təbirini istifadə etmək başqasından daha yaxşıdır, çünki lazım olan mənaya daha düzgün dəlalət edir.

2)  Təhrif sözü bu əməlin halına daha uyğun və ədalətə daha yaxındır. Bir kəs dəlilsiz təvil edirsə, ona muəvvil (təvil edən) demək ədalətdən deyil, ədalət odur ki, onu haqq etdiyi sözü- muhərrif (təhrif edən) deyək.

3) Dəlilsiz təvil batildir, ondan uzaq durmaq lazımdır. Təhrif demək daha düzgündür ki, insanlar batil təvildən qaçsınlar. Çünki təvil sözü daha yumşaqdır və nəfs onu qəbul edir, mənası barədə maraqlanır. Lakin təhrif isə, yalnız desən ki “bu təhrifdir”, insan bundan uzaq durur. Belə olduğu halda, sələfin yoluna müxalif olanlara qarşı layiq olan məhz təhrif sözünü istifadə etməkdir.

4) Təvilin hamısı məzəmmət ediləsi deyil. Peyğəmbər (salləllahu aleyhi və səlləm) İbn Abbas (radıyəllahu anhu) barədə buyurmuşdur: “Allahım, onu dində fəqih et  və ona təvili (təfsiri) öyrət”. (Əhməd, 2396).  Allah Təala isə belə buyurmuşdur: “Onun təvilini (yozumunu) isə Allahdan və elmdə qüvvətli olanlardan başqa kimsə bilməz” (Əli İmran, 7). Burada Allah elmdə qüvvətli olanları təvili (təfsiri) bildiklərinə görə tərifləyir.

Ona görə də, təvilin hamısı məzəmmət olunmur, çünki bu sözün bir neçə mənası var: təfsir, bir şeyin nəticəsi, aqibəti və bir ləfzin zahiri mənasından çıxarılaraq, ona zahiri olmayan mənanı vermək.

Sadaladıqlarımızın sonuncusu, yəni ləfzin zahiri mənasından çıxarılması iki yerə bölünür: düzgün, təriflənən və səhv, məzəmmət edilən. Əgər bir ləfzə zahiri olmayan, uzaq bir məna dəlilə əsasən verilərsə, bu  icazəli təvil adlanar və təfsirdən sayılar. Lakin əgər heç bir dəlil olmadan bir ləfzə zahiri mənası deyil, uzaq bir məna verilərsə, bu məzəmmət olunan təvil, yəni təhrif sayılar.

Təhrif əhlinin Allahın sifətlərinə  yanaşması da məhz sonuncu qeyd etdiyimiz kimidir. Məsələn, Allah Təala buyurub: “Ər-Rəhman ərşə istiva etdi (ucaldı)” (Tahə, 5). “İstiva etdi” ləfzinin zahiri mənası odur ki, Allah Təala ərşin üzərinə qalxdı, yüksəldi, ucaldı. Kimsə desə ki, bunun mənası “hökmü altına salmaq”dır, ona deyirik ki, sənin etdiyin təvil dəlil olmadığına görə batildir, demək bu təvil yox, təhrifdir.

İcazəli olan təvilə misal isə Allah Təalanın “Əgər Quran oxusan, lənətlənmiş şeytandan Allaha sığın” (Ən-Nəhl, 98). Ayənin zahiri mənası odur ki, Quran oxuyandan sonra şeytandan Allaha sığınmaq lazımdır. Lakin sünnədə gələn dəlillərdə (Əbu Dəvud/764, İbn Məcə/807) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) Quran oxumamışdan qabaq lənətlənmiş şeytandan Allaha sığındığına görə ayəni zahiri mənasından çıxararaq onu dəlilin sübüt etdiyi mənada başa düşürük. Və buna səhih təvil deyilir.

Bununla isbat etmiş oluruq ki, bidət əhlinin bu əməlinə təvil yox, təhrif adı vermək daha düzgündür.

(İstifadə edilən mənbə: Şeyx İbn Useyminin “Vasitiyyə əqidəsinin şərhi” kitabı.)


Mədinə İslam Universitetinin tələbəsi Fərhad Adayev.

tovhidinfo
Fərhad Adayev

Mədinə İslam Universitetinin hədis fakültəsinin məzunu, hazırda əqidə qismində magistratura təhsili alır.

Bütün materiallara bax