Allahın sifətlərini təkyif etmək
(keyfiyyət vermək) olmaz
Mərhəmətli və rəhmli Allahın adı ilə!
Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Qulu və elçisi Muhəmmədə, onun ailəsinə, səhabələrinə və qiyamətə qədər yoluyla gedənlərin üzərinə Allahın xeyir-duası və salamı olsun!
Sonra isə:
Əhli sünnə vəl-cəməa Allah Təalanın sifətlərinə aşağıdakı dörd qayda ilə iman edir:
1. Təhrif (dəyişiklik) etmədən
2. Tətil (inkar, rədd) etmədən
3. Təkyif etmədən (keyfiyyət, necəlik vermədən)
4. Təmsil etmədən (məxluqa bənzətmədən)
Təkyif sözü Quran və sünnədə gəlməsə də, onu qadağan edən dəlillər varid olmuşdur.
Təkyif – sifətin keyfiyyətini zikr etmək, “necə?” sualına cavab verməkdir. Məsələn, desəm ki, “Zeyd necə gəldi?”, sən də desən ki, “ayaqla”, Zeydin gəlişini təkyif etmiş olursan. Həmçinin, “avtomobil nə rəngdədir?” soruşana “ağdır” demək və s. təkyifdən (keyfiyyət verməkdən) sayılır.
Əhli sünnə vəl-cəmaa həm səm’i (Quran və sünnədən olan), həm də əqli dəlilə əsaslanaraq Allahın sifətlərinə keyfiyyət vermir.
Səm’i dəlillərdən: “De: Rəbbim yalnız aşkar və gizli alçaq işləri hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur”. (Əl-Əraf, 33).
Bir insan gəlib desə: “Allah ərşin üzərinə belə ucalıb” və müəyyən bir keyfiyyət zikr etsə, Allah barədə bilmədiyi şeyi demiş olur. Allah Təala sənə xəbər veribmi ki, sən dediyin kimi ucalıb? Xeyr! Xəbər verib ki, ərşə ucalıb, lakin necə ucaldığını bizə bildirməyib. Ona görə deyirik ki, bu təkyif və Allah barədə elmsiz danışmaqdır.
Ona görə sələflərdən bəzisi demişdir: “Əgər bir cəhmi səndən soruşsa ki, Allah səmaya necə enir? De: ” Allah bizə bildirib ki, enir, necə endiyini isə, bildirməyib”.” Və bu çox faydalı bir qaydadır.
Başqa bir səm’i dəlil: ” Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır”. (Əl-İsra, 36).
Əqli dəlilə gəldikdə isə, bir şeyin necəliyini bilmək yalnız üç yoldan biriylə mümkündür:
1) Onu görməklə;
2) Onun mislində olanı görməklə;
Məsələn, sənə deyirlər ki, filankəs filan ilin filan model avtomobilini alıb. Səndə də o avtomobildən olduğuna görə, onun necəliyini bilirsən.
3) Doğru danışan birinin onu barədə xəbər verməsi ilə.
Məsələn, doğru danışan biri sənə deyir ki, filankəsin aldığı avtomobil belədir, elədir.
Bəzi alimlər incə bir cavab demişdilər: Bizim “keyfiyyət vermədən” deməyimiz, Allahın sifətlərinin keyfiyyətinin olmamasını etiqad etməyimiz demək deyil. Əksinə, etiqad edirik ki, onların keyfiyyəti var, lakin bizim bu barədə elmimiz yoxdur. Şəkk yoxdur ki, Allahın ərşə ucalmasının necəliyi var, enməsinin necəliyi var, lakin bizə məlum deyil. Çünki elə bir mövcud olan şey yoxdur ki, onun keyfiyyəti olmasın, lakin o məlum ola da bilər, olmaya da.
İmam Məlikdən (Allah ona rəhm etsin) soruşuldu: “Allah Təala deyir ki, “Ər-Rahmən ərşə ucaldı” (Tahə, 5), necə ucalıb?” Məlik başını aşağı saldı və onu tər basdı, sonra başını qaldıraraq dedi: “İstiva (yüksəlmək) məchul deyil, keyfiyyəti (necəliyi) ağlasığmazdır, ona iman gətirmək vacib, onu barədə soruşmaq isə bidətdir“. (Əl-Lələkəi “Şərhus-sünnə”/664, Əl-Beyhəqi “Əl-əsməu vas-sıfət”/867. Hafiz İbn Həcər “Fəthul-Bəri”də (13/407) demişdir: “İsnadı yaxşıdır (ceyyid)”. Həmçinin, Əd-Dərimi “Ər-raddu aləl-cəhmiyyə” (104) və İbnu Abdil-Bərr “Ət-Təmhid” (7/151) kitablarında rəvayət etmişdirlər).
“İstiva (yüksəlmək) məchul deyil” : yəni, məna baxımından məlumdur, çünki ərəb dili qabağımızdadır, “istiva” sözünün “alə” (üzərinə) sözü ilə işləndiyi bütün yerlərdə mənası yüksəlməkdir.
“Keyfiyyət (necəliyi) ağlasığmazdır”: Çünki ağıl bu keyfiyyəti dərk etmir və əgər keyfiyyətə nə səm’i, nə də əqli dəlil yoxdursa, o barədə susmaq vacib olur.
“Ona iman gətirmək vacibdir”: Çünki Allah Təala Özü barədə bunu xəbər vermişdir və Onu təsdiq etmək vacib olmuşdur.
“Onu barədə soruşmaq isə bidətdir” : keyfiyyət barədə sual bidətdir, çünki elmə bizdən daha həris olan səhabələr onu barədə soruşmayıblar. Allah Təala “Ərşə yüksəldi” (Əl-Əraf, 54) deyəndə Allahın əzəmətini və ərşə yüksəlməyin mənasını bildilər. Və bildilər ki, “necə yüksəlib” deyə soruşmaq mümkün deyil, çünki sən onu dərk etməyəcəksən. Və bizdən də bu barədə soruşanda, deyirik ki, bu sualı vermək bidətdir.
İmam Məlikin bu sözü bütün sifətlərə tətbiq olunur. Məsələn, sənə deyilsə ki, Allah gecənin son üçdə biri dünya səmasına necə enir? Deyirsən ki, enməyin mənası məlumdur, necə enməsi məlum deyil, enməyinə iman etmək vacibdir, onu barədə soruşmaq isə bidətdir. Bəziləri deyir ki, bu enmək necə mümkündür ki, gecənin son üçdə biri gəzir, dünyanın ayrı yerlərində ayrı vaxtda olur? Deyirik: bu sual bidətdir, xeyrə və Allah barədə elmə səndən daha həris olduqları halda, səhabələrin soruşmadığı bir şey barədə necə soruşursan? Biz isə bunu onlara öyrətməyən Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) daha elmli deyilik! Və sənin bu sualın bidətdir.
İmam Məlik bunu soruşana demişdir: “Mən səni bidətçi görürəm” , sonra isə onu məclisindən çıxartmağa göstəriş vermişdir. Çünki sələf, bidət əhlini, onların sözlərini, etirazlarını və münaqişələrini xoşlamazdılar.
Sən də, ey qardaşım, bu qapıda təslim ol. Çünki Allaha təslim olmağın kamilliyindəndir ki, bu şeylər barədə axtarmayasan, Allahın ad və sifətləri mövzusunda dərinə gedib xırdaçılıq etməkdən, səhabələrin soruşmadığı şeylər barədə soruşmaqdan uzaq olasan. Çünki bu qapını açsaq, özümüzlə bacara bilmərik. Ona görə de: eşitdik, itaət etdik, iman etdik və təsdiq etdik. Sözü eşitdik, tələbə itaət etdik, xəbəri təsdiq edib ona iman etdik!
Kimsə səndən Allahın sifətləri barədə səhabələrin soruşmadığı bir şeyi soruşduqda, imam Məlikin dediyi kimi de, bu məsələdə sənin sələfin var: bu barədə soruşmaq bidətdir. Belə desən, israr etməyəcək. İsrar etsə isə, de: “Ey bidətçi! Bu barədə sual vermək bidətdir, mükəlləf olduğun əhkamlar barədə sual ver”.
Allahın sifətlərinə aid varid olmuş ayə və hədislər barədə sələflərdən belə bir sözü nəql olunmuşdur: “Onları gəldiyi kimi qəbul edin, keyfiyyət vermədən”. (Əl-Lələkəi, “Şərhus-sünnə”/875). Bu, Əl-Əvzəi və digərlərindən nəql olunmuşdur.
Bu söz iki cəhətdən sələflərin Allahın sifətlərinin mənalarını isbat etdiklərinə dəlildir:
1) “Onları gəldiyi kimi qəbul edin”. Məlumdur ki, ləfzlər mənaları ifadə etmək üçün gəlmiş, əbəs yerə gəlməmişdir. Və onları gəldiyi kimi qəbul etmək mənalarını isbat etməyi vacib edir.
2) “Keyfiyyət vermədən”. Keyfiyyətin inkar edilməsi mənanın əslinin mövcudluğuna dəlildir, yoxsa, olmayan şeyin keyfiyyətini inkar etmək əbəs olardı.
Demək, sələflərin bu məşhur sözü onların Allahın sifətlərinə aid Quran və sünnədə varid olmuş dəlillərin mənalarını isbat etdiklərinə sübutdur.
(İstifadə edilən mənbə: Şeyx İbn Useyminin “Vasitiyyə əqidəsinin şərhi” kitabı.)
Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev.