• Menyu
  • Menyu

Bəla gəldiyi zaman qəlblərimiz necə olmalıdır?

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bulud və ya külək olduğu zaman üzündə bir qorxu görsənərdi. Bir gün Aişə (Allah ondan razı olsun) ona belə deyir:

– Ey Allahın rəsulu, insanlar bulud gördükləri zaman fərəhlənərdilər ki, bəlkə yağış yağdı. Sənin üzündən isə bundan xoşlanmadığını görürəm.

Allah rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə cavab verdi:

– Ey Aişə, onda əzabın olmamasından heç nə məni əmin etməz. Keçmiş qövmlərdən biri küləklə əzab olundular və əzabı gördükləri zaman belə dedilər:

“Bu bizə yağış yağdıracaq buluddur!”– dedilər. (Hud dedi:) “Xeyr! Bu sizin tez gəlməsini istədiyiniz – özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir!” (Əl-Əhqaf, 24)  

(Səhih Muslim, 899)

 

Əziz müsəlman qardaşlarım, budur diri qəlblər! Diri qəlblər Allahın ayələrini eşitdiyi zaman hərəkətə gələr. Diri qəlblər Allah zikr olunduğu zaman qorxuya düşər. Allah Təalə buyurur:

إِنَّمَا ٱلۡمُؤۡمِنُونَ ٱلَّذِينَ إِذَا ذُكِرَ ٱللَّهُ وَجِلَتۡ قُلُوبُهُمۡ

Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər.(Əl-Ənfəl, 2)

 

Diri qəlblər Allahın əzabından qorxar. Belə qəlblər Allahın əzəmətini bilər. Belə qəlblər bilər ki, yer üzündə pisliklər artdıqca əzab nazil olar. Buna görə də Allah Təalə buyurur:

 يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱسۡتَجِيبُواْ لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمۡ لِمَا يُحۡيِيكُمۡۖ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَحُولُ بَيۡنَ ٱلۡمَرۡءِ وَقَلۡبِهِۦ وَأَنَّهُۥٓ إِلَيۡهِ تُحۡشَرُونَ 

Ey iman gətirənlər! (Peyğəmbər) sizi, həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasındadır (onun istəyinə çatmasına mane ola bilər) və siz Onun hüzuruna toplanılacaqsınız.” (Əl-Ənfəl, 24)

İnsanlar günahlar içində olduqda, şəhvətlərinə tabe olduqda, Allaha asi olduqda, Allahın və rəsulunun çağırışına cavab vermədikdə, Allah insanla onun qəlbi arasına keçər. Belə qəlbə xeyir daxil olmaz, nicat tapmaz, Allahdan uzaq düşər.

İnsanlar öz günahlarında davamiyyətli olduqları zaman artıq Allah onlara bəla nazil edər.

وَٱتَّقُواْ فِتۡنَةٗ لَّا تُصِيبَنَّ ٱلَّذِينَ ظَلَمُواْ مِنكُمۡ خَآصَّةٗۖ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ 

“Elə bir bəladan qorxun ki, o, sizlərdən təkcə zalım olanlara üz verməz (hamınızı bürüyər). Bilin ki, Allah şiddətli cəza verəndir.” (Əl-Ənfəl, 25)

Nazil olan bu bəla saleh insanı da, asi olan kəsi də bürüyər. Allah istədiyini də xilas edər.

Biz də elə bir günlər yaşayırıq ki, bunun səbəbi ilə nə qədər insanlar bu xəstəliyə düçar olublar. Bu fitnə və bu bəla çox insanlara nazil olub. Bunun səbəbi ilə məscidlər bağlanib, cümə və camaat namazları ləğv olunub. Kəbə evini tavaf dayandırılıb. Şəkk yoxdur ki, bu, Allah tərəfindən bir əzabdır. Lakin bu bəlanın sirlərindən biri də odur ki, Allahın nazil etdiyi bu və digər bəlalarda, xəstəliklərdə nemət vardır, rəhmət vardır. Bu bəlanın, bu xəstəliyin ən böyük rəhmətlərindən biri də odur ki, o, insanı Allaha qaytarır. Bu xəstəlik, bu bəla insanın tüğyanını sındırır; onu qəflətdən oyadır; öz-özünü tanımağa kömək edir; onun qüdrət və izzət sahibi olan, hər şeyə qalib gələn Rəbbi olduğunu və Ona nə qədər möhtac olduğunu xatırladır. Buna görə də hər bir müsəlmanın belə vəziyyətlərdə özünə xas halı olmalıdır. Bu da Allaha möhtaclığı və Ona dua edib yalvarmasıdır. Bəli, hər bir müsəlmanın qəlbində rahatçılıq var. Çünki nə baş verirsə, Allahın qədəri ilə baş verir. Bilir ki, əgər ona bu bəla üz verirsə, ondan bunu qaldıran yalnız Allahdır. Bu xəstəlik ona üz versə, bilir ki, ona şəfa verən Allahdır. Buna görə Allaha təvəkkül edir, bilir ki, Allah ona kifayət edər. Bilir ki, bunun səbəbi ilə ölərsə, Allahın yanında olanlar dünya və içində olanlardan daha xeyirlidir. Deməli, Allahın möminə yazdığı qəzavü-qədər hər bir halda onun üçün xeyirlidir. Bu rahatçılıq onun qəlbində var. Eyni anda da Allahın bu bəlasının bütün dünyanı bürüdüyünü gördüyü zaman qəlbində Allahın əzabından qorxu olar, qəlbində Allaha yalvarış olar. Bax halımız bu günlərdə belə olmalıdır. Allah  Təalə buyurur:

وَلَقَدۡ أَخَذۡنَٰهُم بِٱلۡعَذَابِ فَمَا ٱسۡتَكَانُواْ لِرَبِّهِمۡ وَمَا يَتَضَرَّعُونَ 

Biz onları əzabla yaxaladıq, onlar yenə öz Rəbbinə boyun əymədilər, (Ona) yalvarıb-yaxarmadılar.(Əl-Muminun, 76)

Allah bəla və əzab nazil etdiyi zaman Ona dua edib yalvarmayanları, Ona boyun əyməyənləri məzəmmət edir.

Sələflərin həyatına baxın. İbn Kəsir bu ayənin təfsirində bir əsəri zikr edir. Tabeinlərdən olan Vahb ibn Munəbbih türməyə düşür. Övladlarından biri ona deyir ki, sənə bir şeir söyləyimmi, ey Abu Abdullah? (Halını yüngülləşdirmək üçün belə deyir)

Vahb ibn Munəbbih ona belə deyir:

“Biz Allahın əzabının bir tərəfindəyik, Allah Təalə də buyurur ki, “Biz onları əzabla yaxaladıq, onlar yenə öz Rəbbinə boyun əymədilər, (Ona) yalvarıb-yaxarmadılar.”

Baxın onun qəlbi bir beyt şeiri dinləməyə tab gətirmir. Çünki əzab içindədir, qəlbi Allaha boyun əyib, Allaha yalvarır. Bax hamımızın halı belə olmalıdır. Belə müsibətlərdə qəlblərimizi oyatmalıyıq, Allahı zikr etməyi artırmalıyıq, namazları çoxaltmalıyıq, Allaha boyun əyib ona yalvarmalıyıq ki, başımıza gələn bu bəlanı bizdən qaldırsın. Bəlalar da dua etməklə, Allaha itaət etməklə, təqvalı olmaqla aradan qalxar, beləcə, Allahın xeyri və bərəkəti nazil olar. Allah buyurur:

وَلَوۡ أَنَّ أَهۡلَ ٱلۡقُرَىٰٓ ءَامَنُواْ وَٱتَّقَوۡاْ لَفَتَحۡنَا عَلَيۡهِم بَرَكَٰتٖ مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ وَلَٰكِن كَذَّبُواْ فَأَخَذۡنَٰهُم بِمَا كَانُواْ يَكۡسِبُونَ 

Əgər o ölkələrin əhalisi iman gətirib (Allahdan) qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət (qapılarını) açardıq. Lakin onlar (peyğəmbərləri) yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə (əzabla) yaxaladıq.(Əl-Əraf, 96)

أَفَأَمِنَ أَهۡلُ ٱلۡقُرَىٰٓ أَن يَأۡتِيَهُم بَأۡسُنَا بَيَٰتٗا وَهُمۡ نَآئِمُونَ 

Məgər o ölkələrin əhalisi əzabımızın onlara gecə vaxtı, onlar yatarkən gəlməyəcəyindən əminmi oldular?” (Əl-Əraf, 97)

أَوَ أَمِنَ أَهۡلُ ٱلۡقُرَىٰٓ أَن يَأۡتِيَهُم بَأۡسُنَا ضُحٗى وَهُمۡ يَلۡعَبُونَ 

Ya da o ölkələrin əhalisi əzabımızın onlara səhər-səhər, onlar əylənərkən gəlməyəcəyindən əminmi oldular?(Əl-Əraf, 98)

أَفَأَمِنُواْ مَكۡرَ ٱللَّهِۚ فَلَا يَأۡمَنُ مَكۡرَ ٱللَّهِ إِلَّا ٱلۡقَوۡمُ ٱلۡخَٰسِرُونَ

Yaxud onlar Allahın hiyləsindən ehtiyat etmirdilərmi? Allahın hiyləsindən yalnız ziyana uğrayanlar ehtiyat etməzlər.(Əl-Əraf, 99)

Buna görə də üzərimizə düşən qəlblərimizi oyatmaq, Allaha dua edib yalvarmaqdır. Allah Təalə buyurur:

فَلَوۡلَآ إِذۡ جَآءَهُم بَأۡسُنَا تَضَرَّعُواْ وَلَٰكِن قَسَتۡ قُلُوبُهُمۡ وَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ مَا كَانُواْ يَعۡمَلُونَ 

Nə üçün əzabımız onlara gəldiyi zaman boyun əymədilər? Onların qəlbləri sərtləşdi, şeytan da onlara etdikləri əməlləri gözəlləşdirdi.(Əl-Ənam, 43)

Bu günlərdə ən çox qorxduğumuz qəlblərin sərtləşməsidir. İnsan elə hesab edir ki, bu, adi bir virusdur, bütün aləmdə yayılır. Xeyr, bu, daha böyük bir işdir! Allaha asi olanlara, təkəbbürlü olanlara, Ona küfr edənlərə qarşı Allahın kövni sünnətidir. Üzərimizə düşən Allaha tövbə etmək, Ona doğru qayıtmaq, evlərimizi istiğfarla doldurmaq, ailəmizi zikr, dua, istiğfar, namaz və digər xeyirli əməllər üzərində cəm etməkdir.

Allahdan istəyirəm ki, qəlblərimizi oyatsın, Onu zikr edən, Ona dua edən, Ona yönələn qəlblərdən etsin. Allah müsəlmanları hifz etsin. Amin!


Mədinə İslam Universitetinin məzunu, Vüqar Qurbanov.

tovhidinfo
Vüqar Qurbanov

Mədinə İslam Universitetinin dəvət və dinin əsasları fakültəsinin məzunu.

Bütün materiallara bax