• Menyu
  • Menyu

Bəşəriyyətin ən xeyirlisindən üç gözəl nəsihət

tovhidinfo

Mərhəmətli və rəhimli Allahın adı ilə

Bütün həmd və tərif Aləmlərin rəbbi Allahadır. Onun qulu və elçisi olan Muhəmmədə, onun ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun!

Sonra isə:

Allah Təala bizim Peyğəmbərimiz üçün ən yüksək əxlaq, ən yaxşı və kamil kəlam və  həmçinin, qısa, lakin dərin mənalı nəsihət etmək qabiliyyətini cəm etmişdir. Və kim  onun sünnətinə tabe olarsa, onun yolunu öyrənərsə, onun nəsihətlərinə qulaq asıb onlara əməl edərsə, həm bu dünyada, həm də axirətdə uğur qazanmış olar.

Bu yazıyla sizə məxluqatın ən şərəflisinin etdiyi üç qısa nəsihəti xatırladacayıq.

İmam Əhmədin müsnədində, Sünən İbn Məcədə və digər hədis kitablarında Əbu Əyyub Əl-Ənsari (Allah ondan razı olsun) belə buyurur: “Bir kişi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gələrək ona deyir: “Mənə qısa moizə et”.  Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Namaza qalxanda onu vidalaşan kəs kimi (son namazın kimi və ya Allahdan başqa hər bir şeylə vidalaşaraq qıl), elə bir söz danışma ki, sabah ona görə üzr  gətirməli olasan və insanların əllərində olandan gözünü çək”. (Hədis həsəndir).

Bu əzəmətli hədis  bütün xeyri özündə cəm edən üç gözəl nəsihəti əhatə etmişdir. Və kim onları başa düşərsə, onlara əməl edərsə, dünya və axirətdəki bütün xeyirləri əldə etmiş olar.

Birinci nəsihət: namaza ehtimam göstərmək və onu gözəl şəkildə yerinə yetirmək.

Peyğəmbər (salləllahu aleyhi və səlləm) bizə nəsihət edir ki, hər namaza başlayanda onu elə qılaq ki, sanki vidalaşırıq və bu bizim son namazımızdır. Məlumdur ki, öz ölkəsini qayıtmaq niyyəti ilə tərk edən kəs həmişəlik gedən kimi deyil. Birdəfəlik gedənin vidalaşarkən sözləri və hərəkətləri daha təsirli olur. Və namaz qılan insan da, əgər düşünsə ki, bu onun son namazıdır və bundan sonra daha namaz qılmayacaq, namazını xuşu ilə, daha ciddi, daha gözəl qılar, rükularını, səcdələrini, namazın vaciblərini və müstəhəblərini daha dəqiq yerinə yetirər.

Ona görə də, gəlin çalışaq ki, hər namazımızı son namazımız kimi qılaq. Əgər belə etsək, namaz bizi hər bir xeyrə və əzilətə aparar və bizi hər bir şərdən və rəzillikdən çəkindirər, qəlblərimiz  imanla dolar, namaz gözlərimizin nuru olar, bununla da, imanın dadını və şirinlliyini dadaraq xoşbəxt olarıq!

İkinci nəsihət: dili qorumaq. Dilini qoru! Şübhəsiz ki, dil səndə olan ən təhlükəli əzadır. Bil ki, söz sənin dilindən çıxana qədər sən ona maliksən, ancaq əgər çıxdısa, artıq o sənə malik olur. Ona görə, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur ki, elə bir söz danışma ki, sabah ona görə üzr gətirməli, üzr istəməli olasan. Başqa bir hədisdə isə, Peyğəmbər (salləllahu aleyhi və səlləm) dilindən tutaraq Muaza (Allah ondan razı olsun) deyir: “Bunu (yəni dilini) qoru!” Muaz deyir: “Ey Allahın peyğəmbəri, biz danışdıqlarımıza görə cavab verəcəyik? Deyir: “Anan səni itirsin ey Muaz! Məgər insanları üzləri üstə cəhənnəmə sürükləyən dilləri deyilmi?!” (Əhməd, Tirmizi).

Digər hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: “Adəm övladı yuxudan durarkən bədəninin digər üzvləri dilə deyir: “Bizə görə Allahdan qorx! Biz yalnız səndən asılıyıq, sən düz olsan, biz də düz olarıq, əyri olsan isə, biz də əyri olarıq”.” (Əhməd, Tirmizi).

Bir söz demədən öncə düşün, əgər o sözə görə sabah Allahın hüzurunda və ya insanlar arasında utanmaq, rəzil olmaq ehtimalın, az da olsa, varsa, onu danışma! “Kim Allaha və axirət gününə iman gətirmişsə, ya xeyir danışsın, ya da sussun”. (Buxari və Muslim).

Üçüncü nəsihət: azla razı qalmaq, qəlbi bir tək Allaha bağlamaq və insanların əllərində olana tamah salmamaq. Yəni, qəlbini insanlara və onların mallarına ümid etməkdən, onlardan nəsə gözləməkdən təmizlə. Qoy bütün ümidin Allaha və yalnız Ona olsun! Dilinlə insanlardan istəmədiyin kimi, qəlbinlə də onlardan heç nə gözləmə. Tək Allaha təvəkkül et, Ondan istə! Kim qəlbini insanlara bağlayıb, onlara ümid edərsə, alçaq və rəzil həyat sürər. Yalnız Allaha ümid edən, Ona təvəkkül edib ehtiyaclarını yalnız Ondan istəyən barədə isə, Allah Təala belə buyurmmuşdur: “Kim Allaha təvəkkül edərsə, Allah ona kifayət edər”. (Ət-Taləq, 3).

Sonda, aləmlərin rəbbi Allaha həmd olsun!

İstifadə edilən mənbə: http://al-badr.net/muqolat/2594


Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev.

tovhidinfo
Fərhad Adayev

Mədinə İslam Universitetinin hədis fakültəsinin məzunu, hazırda əqidə qismində magistratura təhsili alır.

Bütün materiallara bax