• Menyu
  • Menyu

Cənnətə aparan altı xislət

tovhidinfo

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Hər kəsə məlum olduğu kimi, insanlar arasında dünyəvi işlərdə, ticarət məsələlərində, “zəmanət” sözünə böyük etimad var. İnsanların düşüncəsində zəmanəti olan bir malın dəyəri daha çoxdur, zəmanəti olmayan bir mal isə, belə deyildir. Bu da insanların zəmanəti olan bir işə etimadlarının güclü olmasını bir daha təsdiq edir. Eyni zamanda, zəmanət verən etibarlı, güvənilən, doğru danışan biri olarsa, insanların ona güvəni daha çox olur və ona rahatlıqla etibar edirlər.

Belə olan bir halda, zəmanət verən Allahın Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) olarsa necə? Hansı ki, ən doğru danışandır. Hansı ki, öz nəfsindən danışmır, onun danışdığı ancaq vəhydir.  Zəmanət verilən isə, genişliyi, yer və göy qədər olan, içərisində heç bir gözün görmədiyi, heç bir qulağın duymadığı və heç bir bəşərin ağlına belə gəlməyən nemətlər olarsa necə? Həmçinin, zəmanət üçün tələb olunan işlər çox asan, rahat və heç bir çətinlik və əzm tələb etməyən işlər olarsa necə? Allah sizləri qorusun, indi isə bu əzəmətli dəlil haqqında düşünün:

Ubədə ibn Samit (Allah ondan razı olsun) Allah Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir: ”Mənə özünüz haqqında altı işə zəmanət verin, mən də sizə cənnəti zəmanət verim: danışdığınız zaman doğru danışın, vəd verdiyiniz zaman vədinizə əməl edin, sizə bir əmanət verildiyi zaman əmanəti sahibinə qaytarın, ayıb yerlərinizi (haramdan) qoruyun, gözlərinizi (harama baxmaqdan) çevirin, əllərinizi də (kiməsə əziyyət verməkdən) saxlayın”. (Əhməd, 5/323. Şeyx Albani həsən olduğunu bildirib).

Həqiqətən, bu, zəmanətə qarşı zəmanət, vəfaya qarşı vəfadır. “Mənə özünüz haqqında altı işi zəmanət verin, mən də sizə cənnəti zəmanət verim” . Əməllərdən rahat olan altı əməl,xeyir qapılarından olan çox yüngül və rahat işlər. Kim bunları həyatında tətbiq edərsə və ölənə qədər qoruyub saxlayarsa, cənnət ona zəmanət olunub. Uca Allah buyurur: “Cənnət müttəqilərə yaxınlaşdırılacaq, onlardan uzaqda olmayacaqdır. Budur sizə vəd edilən Cənnət! O, hər bir tövbə edib Allaha üz tutan, Onun əmrinə riayət edən, Mərhəmətli Allahdan Onu görmədən qorxan və Allaha yönəlmiş qəlblə gələn kimsələr üçündür. Ora sağ-salamat daxil olun! Bu, Əbədiyyət günüdür. Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı (Allahı görmək) vardır”. ( Qaf /31-35 ).

Birinci xislət: danışdığı zaman doğru danışmaqdır. Mömin danışdığı zaman doğru danışar,heç vaxt ona yalan nisbət olunmaz. Mömin doğruluğu həyatında o qədər qoruyub saxlayar ki, bu əməli onu cənnətə aparar. Hədisdə belə gəlir: ”Sizə doğruluğu əmr edirəm,həqiqətən doğruluq yaxşılığa, yaxşılıq isə cənnətə yönəldər, bir kişi doğru danışmağa o qədər davam edər ki, sonunda Allah qatında doğru danışanlardan yazılar”.
(Buxari /6094 və Muslim /2608).

İkinci xislət: əhdə vəfa göstərməkdir, əhd verdiyin zaman onu yerinə yetirməkdir. Bu da möminlərin sifətlərindən və müttəqilərin əlamətlərindəndir.

Üçüncü xislət: əmanəti sahibinə qaytarmaqdır. Bu da, Uca Allahın onu yerinə yetirənləri təriflədiyi, ən əzəmətli əxlaq nümunələrindəndir. Həmçinin, imanın kamilliyindən və islamın gözəlliyindəndir. Hədisdə gəldiyi kimi: “Mömin, insanların ona canlarını və mallarını etibar etdikləri şəxsdir” (İbn Macə/ 3934) Şeyx Albani səhih olduğunu bildirib.

Dördüncü xislət; insanın öz ayıb yerlərini haramlara düşməkdən qorumasıdır. Uca Allah belə buyurur: “O kəslərdir ki, öz cinsi orqanlarını həmişə qoruyurlar, zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar buna görə heç qınanmazlar. Bundan artığına can atanlarsa həddi aşanlardır.” ( Əl-Muminun /5-7).
İnsanın cinsi orqanlarını qorumağı nəsillərin qorunub saxlanılması, nəsəblərin mühafizə edilməsi, cəmiyyətin xəstəlik və bəlalardan salamat qalması üçündür.

Beşinci xislət: gözü haramlara baxmaqdan qorumaqdır. Uca Allah belə buyurur: “Mömin kişilərə de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Bu onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.  Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar.” (Ən-Nur /30,31).

Altıncı xislət: əli saxlamaqdır və ya insanlara qarşı əziyyət verməkdən çəkinmək və ya onlarla pis rəftar etməməkdir. Əgər insan başqalarına əziyyət verməkdən çəkinərsə, bu onun gözəl əxlaq və ədəb sahibi olmasına dəlalət edir.

Bunlar cənnətə aparan, aydın və asan olan yollardır. Gərək ölüm bizə gəlmədən öncə, bu xeyirləri artıraq. Uca Allah bizləri bu əməllərə müvəffəq etsin.

Sonda, Aləmlərin Rəbbi olan Allaha, həmd olsun.

(İstifadə olunan mənbə: şeyx Abdurrazzaq Əl-Bədrin “Əl-fəvəid əl-mənsura” kitabı).


Mədinə İslam Universitetinin tələbəsi, Elçin Şunqarov.

tovhidinfo
Elçin Şunqarov

Mədinə İslam Universitetinin dəvət və dinin əsasları fakültəsinin məzunu.

Bütün materiallara bax