• Menyu
  • Menyu

Dəlili rəydən önə çəkmək barədə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Əhli Sünnə və Camaat insanların sözünə deyil, dəlilə üstünlük verir. Dəlil isə Quran və Sünnədir ki, bu iki məsdərdən uzaq düşən sözlər birbaşa qəbul edilmir.

«De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, insanları Allaha tərəf çağırırıq.» (Yusuf: 8)

Sələfin alimləri danışarkən dəlil ilə danışmağı, kor-koranə təqliddən uzaq olmağı üstün görmüşlər. Bu kiçik məqaləni oxuduqda sizə bəzi məsələlər Allahın izni ilə aydın olacaqdır.

Sələflərin onlara haqq bəyan olduqda öz rəylərini tərk edib dəlilə tabe olmalarına və ya ümumilikdə dəlili rəydən üstün tutmalarına dair bəzi misalları nəzərinizə çatdırıram:

İmam Əhməd (Allah ona rəhmət etsin) dedi:

«Mənə görə İmam Şafinin (Allah ona rəhmət etsin) ən yaxşı halı o idi ki, o, özündə olmayan bir xəbəri eşitdikdə o rəyi deyər və öz rəyini tərk edərdi.» (Beyhəqi, «əl-Mədxəl», no: 251; səhihdir)

Abdur-Rahman ibn Mehdi öz şeyxi, fiqhi və elmi ilə Bəsrənin böyüklərindən olan Abdullah ibn Həsən əl-Anbəri barədə bir rəvayət edib deyir:

«Cənazədə idik. Ondan (yəni, şeyxini qəsd edir) bir məsələ barəsində soruşdum. O, (cavab verib) o məsələdə xəta etdi. Ona dedim: “Allah səni islah etsin, bu məsələdə (doğru) görüş belədir”.
Sonra bir saat dayandı. Sonra başını qaldırıb dedi: «O zaman mən zəlil olaraq (görüşümdən) qayıdıram. Mənim üçün haqda quyruq olmaq, batildə baş olmaqdan daha sevimlidir.» (Təhzibut-Təhzib, 7/7)

İbn Abbas (Allah ondan və atasından razı olsun) demişdir:

«Az qala sizin üzərinizə səmadan daş düşsün! Deyirəm ki, Allah və Rəsulu (belə) deyib, (siz isə) deyirsiniz ki, Əbu Bəkr və Ömər belə dedi.» (Əhməd, «Müsnəd» 312; İbn Abdul-Bərr, «Cəmiu Bəyənil-İlmi və Fadlihi», 2/196)

İmam Buxari  demişdir:

«Əgər bir xəbər Peyğəmbərdən və Onun əshabından sabit olarsa, artıq qaranın və başqasının (yəni: heç kimin) hüccəti qalmaz.» ( “Əl-Qiraətu xalfəl-İməm”, səh 213)

Yəni, bu xəbər özü-özlüyündə hüccət olar və heç kimin sözünü bu xəbərdən, bu dəlildən önə çəkmək olmaz.

İmam Malikin «Hər kəsin sözü götürülür də, tərk olunur da, yalnız bu qəbir sahibindən başqa (yəni, qəbirdə olan Peyğəmbəri qəsd edir)» sözü barədə şeyx Saleh əl-Fovzan bu sözün əqidə məsələləri barədə deyil, fiqhi məsələlərə aid olduğunu və (səhih, sabit) dəlil üzərində olan rəyin götürülməsinin gərəkdiyini, dəlil üzərində olmayan rəyin isə, tərk edilməsinin gərəkdiyini bildirir və imam Malikin də bu sözündən qəsdinin bu olduğunu deyir. (Ətraflı bax: alfawzan.af.org.sa
ما معنى كلام الإمام مالك – رحمه الله: «كل يؤخذ من كلامه و يرد إلا صاحب هذا القبر»)

İbn Abbas (Allah ondan və atasından razı olsun) demişdir:

«Vay olsun alimin xətalarına (bilə-bilə) tabe olan kimsəyə!”

Deyildi: “Bu necə olur?”

Dedi: «Alim öz rəyi ilə bir söz deyər, (bu rəyində ona təqlid edərlər,) sonra o alim Rəsulun sünnəsi barədə özündən elmlisinə rast gəlib əvvəlki sözünü tərk edir, ona tabe olanlar isə onun əvvəlki rəyində qalarlar.» (Bax: İləm əl-Muvaqqi’in, 2/294-298; Əl-Hədis Huccətun fi nəfsihi fil-Aqaidi val-Əhkəm, səh 63)

Bu barədə sözlər çox aydındır.

İmam Şafii (Allah ona rəhmət etsin) isə, dəlilə bağlılığını daha təsirli şəkildə ifadə edərək demişdir:

«Mənim dediyim hər bir söz ki, xəbər əhlinə görə Allah Elçisinin (Allahın Ona salavatı və salamı olsun) sözünə müxalif olarsa, onda məni həyatımda da, ölümümdən sonra da o sözdən qayıtmış bilin.»

Həmçinin, demişdir:

«Mənim dediklərimdən səhih hədisə müxalif olarsa, o zaman Peyğəmbərin hədisi daha üstündür və məni təqlid etməyin.» (Əl-Hədisu huccətun binəfsihi fil-Aqaidi val-Əhkəm, səh 75)

Vəki’yə (Allah ona rəhmət etsin) bir məsələdə o hədis dediyi halda ibrahim ən-Nəxainin sözü deyilir və o qəzəblənir…
Bu haqda Əbus-Səib deyir: “Gördüm ki, Vəki şiddətli şəkildə qəzəbləndi və dedi:

«Sənə deyirəm ki, Allah Elçisi belə deyib, sən isə deyirsən ki, İbrahim (ən-Nəxai) deyib?! Sən bu sözü tərk edənə kimi həbs olunmağı necə də haqq edirsən!»” (Tirmizi, 2/239, səhihdir)

Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) sünnəsi tabe olunmağa daha haqlıdır.

Vabəradan rəvayət olunur ki, o dedi:

«Bir nəfər ibn Ömərdən soruşdu: “Həcc üçün ehrama girdiyim halda Kəbəni təvaf edim?”
– İbn Ömər dedi: “Sənə bunu etməyə mane olan nədir ki?” 
– Dedi: “Mən filankəsin oğlunun bunu bəyənmədiyini gördüm. Sən isə, bizə ondan daha sevimlisən.”

Sonra ibn Ömər dedi:

«Allah Elçisini (Allahın Ona salavatı və salamı olsun) gördük ki, həcc üçün ehrama girdi, Kəbəni təvaf etdi, Səfa və Mərvə arasında səy etdi. Elə isə, əgər sadiq birisənsə, (bil ki) filankəsin sünnətindənsə, Allah və Onun Elçisinin sünnəsi tabe olunmağa daha haqlıdır.» (Muslim, 8/298-299)

Sələflər bir-birinə dəlili, hüccəti, sübutu tövsiyə edirdilər və buna rəğbətləndirirdilər:

Dahhakdan rəvayət olunur ki, o dedi:

“İbn Ömər, Cabir ibn Zeyd ilə görüşdü. O, Kəbəni təvaf edirdi. İbn Ömər ona dedi:

«Ey Cabir, sən Bəsrənin fəqihlərindənsən. Səndən fətva tələb edirlər. Yalnız danışan Quran və ya keçmiş sünnə ilə fətva ver. Əgər bunu etsən (doğru edərsən), əksini etsən, həlak olarsan.» (Əl-Xatib əl-Bağdadi, «əl-Fəqih vəl-Mutəfəqqih» 702)

İbn Teymiyyə (Allah ona rəhmət etsin) dəlilin əhəmiyyətini belə ifadə etmişdir:

«Bir şeyin vacib və ya müstəhəb olması, yalnız onun vacibliyini və ya müstəhəbliyini gərəkdirən şəri bir dəlil ilə ola bilər.» (Məcmu’ul-Fətəva, 1/265)

Başqa yerdə demişdir:

«Çünki, elm dəlil üzərinə dayanandır. Onun faydalı olanı isə, Allah Elçisinin (Allahın Ona salavatı və salamı olsun) gətirdiyidir. Bu da, təsdiqlənmiş nəql və araşdırılmış bəhsdir. Bundan başqası isə, bəzi insanlar bunun məsəlini bəzəsələr belə, zövqə görə olan bir saxsıdır, ya da mütləq bir batildir.» (Məcmu’ul-Fətəva, 6/388)

İbnul-Qeyyim (Allah ona rəhmət etsin) demişdir:

«Kim dəlildən ayrı düşərsə, yolunu azar, dəlil isə yalnız Rəsulun gəldiyi (Quran və Sünnə) ilədir.» (İbnul-Qeyyim, «Miftəhu dəris-Səadə, 1/244)

«Usul-əl-Ləmişi»də deyilmişdir:

«Hədisə tabe olan kimsəyə eyib tutulmaz. Kim desə ki, rəvayət əməllə həqiqi olur, hədislə deyil, o artıq hədisi alçaltmışdır. Alçaltmaq isə küfrdür.»  (İqazul-himəm, səh 52, Usul-əl-Ləmişi əsərindən nəqllə.)

İbn Useymin (Allah ona rəhmət etsin) demişdir:

«Biz öz nəfsimizi dəlilə tabe olmağa görə hesaba çəkirik. Bizim sözümüz isə, məsum deyildir. Biz xəta edirik, necə ki, başqası xəta edir. Lakin, bizə gərəkən Allahdan bacardığımız qədər qorxmaqdır. Allah hər nəfsi öz bacardığı qədər mükəlləf edər. Kimə ki, hansısa insanın (alimin bu məsələyə aid) zəhməti (yəni: ictihadı) çatarsa, o Allah qatında üzürlüdür. Əgər o ictihadında doğruya isabət edərsə, o iki əcr qazanar. Əgər ictihadında xəta edərsə, bir əcr qazanar. Lakin, bir məsələdə dəlil ola-ola elm əhlinin hansısa rəyini götürərsə, qiyamət günü o, bundan soruşulacaq. Hansı məsələdə olursa olsun, insan bir rəyi deyərsə və o məsələdə onun rəyinə əks dəlil varsa, o bunu bilmirsə, üzürlüdür. Hansı məsələdə olursa olsun, insan ictihad edib haqq olmayan bir şeyi deyərsə, ona vacibdir ki, ona haqq bəyan olunduqdan sonra haqqa qayıtsın.» (ar.alnahj.net – “vucubu ittibəid-dəlil”, ibn Useymin. səsyazı)

Ləcnə alimlərinə sual verilir ki, səhih görüşə daha yaxın olan fiqh kitabları hansılardır?

CAVAB: «Peyğəmbərlər və Rəsullardan başqa hər bir insan ictihadda çatdığı yüksək dərəcədən asılı olmayaraq, Allah barədə təbliğ etdikləri şeylərdə xəta da edir, doğruya da isabət edirlər. Lakin, elm tələbəsinə vacib olan odur ki, Allahın kitabını və Peyğəmbərin sünnəsini öyrənməyə çalışsın, ehtiyac olduqda məzhəb alimlərinin yazdıqlarından istifadə etsin, imkan olduqda hökmü dəlili ilə götürmək ona asanlaşsın.» (Üzvlər: Abdullah ibn Qu’ud, Abdullah ibn Ğudeyyan, Abdul-Aziz ibn Bəz; Fətəva Ləcnətud-Dəimə, 12/121)

Mərvan ibnul-Həkəm dedi:

“Osmanı və Əlini -(Allah onlardan razı olsun) gördüm. Osman təməttu həccini, ümrə ilə həcci bir arada etməyi qadağan edirdi. Bunu görən Əli ümrə ilə həcci bir arada edib dedi:

«Peyğəmbərin sünnəsini heç kimin sözünə görə tərk edən deyiləm.»” (Buxari, Muslim)

Bütün bu nəqllərdən dəlilin əhəmiyyəti və onun rəydən önə çəkilməsinin əhəmiyyəti görünür.

«Həqiqətən də, Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) sünnəsi və səhih kəlamı, müctəhidin kəlamından daha üstün və daha əfzəldir.» (İqazul-Himəm, səh 52, Müslimin şərhindən nəqllə)

«Qu’t əl-Qulub» əsərində deyilmişdir:

«Allah Elçisinin (Allahın Ona salavatı və salamı olsun) sevgisindəndir ki, Onu (onun hədisini) rəydən və ağıllardan önə çəkəsən.» (İqaz əl-Himəm, səh 112)

İbnul-Covzi (Allah ona rəhmət etsin) “Təlbisu İblis” əsərində demişdir:

“Bil ki, təqlidçi təqlid etdiyi şeydə güvən içində deyil. Təqliddə ağlın mənfəətini batilə çevirmək vardır. Çünki, o, (insan) fikirləşmək və tədəbbür etmək üçün yaranıb. Qaranlıqda işıqlandırılması üçün özünə şam verildikdə onu söndürənin və zülmətdə yeriyənin halı necə də çirkin görünür! Elə isə, deyənə yox, nə dediyinə baxmaq lazımdır. Necə ki, Əli (Allah ondan razı olsun) demişdir: “Haqq kişilərə görə tanınmır, haqqı bil, onun əhlini də tanıyacaqsan.”» (Tuhfətul-Ənəm fil-aməli bi hədisin-Nəbiyyi aleyhis-Sələm, bax, səh 56-65)

Deməli, vacib olan dəlilə tabe olmaq, bundan başqasını tərk etməkdir. Çünki, təqlid olunan müctəhidin dərəcəsi nə olursa, olsun, onun dərəcəsi məsum olan Peyğəmbərin, imamların imamının dərəcəsinə çatmaz. Bu, elə bütün imamların mənhəcidir. Əksinə, Allah bu imamları elə hədisi və sünnəni əzəmətləndirmələri və onu hər sözdən önə çəkmələrinə görə bu dərəcəyə qaldırmışdır.


Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov.

tovhidinfo
Sahib Əsədov

Mədinə İslam Universitetinin dəvət və dinin əsasları fakültəsinin məzunu, hazırda dəvət qismində magistratura təhsili alır.

Bütün materiallara bax