• Menyu
  • Menyu

Insanların arasını islah etmək

tovhidinfo

Mərhəmətli və rəhmli Allahın adı ilə

Həmd və səna aləmlərin rəbbi Allaha məxsusdur. Allahın elçisi Muhəmmədə, onun ailəsinə və səhabələrinə və qiyamət gününəcən onun sünnəsi üzərində olanlara Allahın xeyir-duası və salamı olsun.

Sonra isə:

Dəyərli müsəlmanlar! Sülh, əminamanlıq və rəhmət dini olan İslam dini insanlar arasındakı əlaqələrə xüsusi diqqət yetirmiş, müsəlmanları gözəl əxlaqlı və islahedici olmağa rəğbətləndirmişdir.
Allahu təala buyurmuşdur:

“Allahdan qorxun və aranızdakı münasibətləri düzəldin.” (Əl-Infəl, 1).

İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin təfsirində demişdir:

“Öz işlərinizdə Allahdan qorxun, öz aranızda baş verənləri islah edin, bir-birinizə zülm etməyin, bir-birinizə düşmənçilik etməyin və bir-birinizlə çəkişməyin. Allahın sizə verdiyi hidayət və elm bu düşmənçilik etdiyiniz şeydən daha xeyirlidir.”
Başqa bir ayədə Uca Allah buyurmuşdur:

“Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Sədəqə verməyi və ya yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən şəxsin pıçıldaşması istisnadır. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük mükafat verərik”. (Ən-Nisə, 114).
İbn Useymin  (Allah ona rəhmət etsin) demişdir:

Bu ayədə “insanlar arasında sülh yaratmağı əmr edən şəxs” : “Bu o kəsdir ki, o, bir kimsəylə dostunun arasında fəsad yarandığını görür və bu müvəffəq olan kimsə o iki nəfərin arasını barışdırıb sülhə nail olur, beləliklə onların arasındakı düşmənçiliyə son qoyur.” (Şərhu Riyadis-Salihin, İbn Useymin; 2-ci cild, səh: 18).
Abdur-Rahman əs-Sədi (Allah ona rəhmət etsin) bu ayənin təfsirində demişdir:

“Buna görə də bu böyük savaba nail olmaq, ixlaslı olmağa öyrəşərək ixlaslılardan olmaq üçün qula yaraşan odur ki, hər bir vaxtda və hər bir xeyir növlərindən birini edərkən bununla Allahın Üzünü (razılığını) istəsin və bu əməli xalis Allah üçün etsin.”

Müsəlmanların bir-biriylə mübahisələrə girişmələri onları əsas məqsəddən yayındırar, ortada islaha ehtiyac yaradar, bu zaman müsəlmanlar bu ayəyə əməl etməyə çalışmalı, problemlərin həllində Quran və Sünnəyə müraciət etməlidirlər.
Allahu Subhənəhu və Təala buyurmuşdur:

“Allaha və onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa, ruhdan düşər və zəifləyərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir.” (Əl-Ənfəl, 46).
Bu ayənin təfsirində ibn Kəsir (Allah ona rəhmət etsin) demişdir:

“Ruhdan düşərsiniz” yəni, gücünüz, kəsərliliyiniz gedər və üzərində olduğunuz çalışqanlıq aradan qalxar.”
Başqa bir ayədə Allahu Subhənəhu və Təala buyurmuşdur:

“Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz.” (Əli İmran, 103).

Başqa bir ayədə Uca Allah buyurmuşdur:

“Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşarsa, onları barışdırın.” (Əl-Hucurat, 9).

Uca Allah bu ayədə “Bir-biriylə qılıncla vuruşan möminlərin arasını barışdırmaqdan danışır.” Məlum olduğu kimi, qılınc savaşı ortada söz savaşından daha şiddətli düşmənçilik olduğundan xəbər verir. Deməli, söz savaşının islahı qılınc savaşının islahından daha çox mümkün görünür. Bununla belə, Uca Allah bir-birinə qılınc qaldıran möminlərin arasını islah etməyə çağırır.
Həmçinin, Uca Allah buyurmuşdur:

“Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə də rəhm edilsin.” (Əl-Hucurat, 10).

Ərlə arvadın arasını düzəldib onları barışdırmaq da şəriətdə əmr olunmuş əməllərdəndir. Çünki, ilk çıxış yolu boşanma deyil, boşanma sonuncu əlacdır. Boşanmadan əvvəl başqa islah yolları vardır. Boşanma Allahın sevmədiyi və icazə verdiyi yeganə halal əməldir. Lakin, sülh daha xeyirlidir. Allahu təala buyurmuşdur:

“Əgər bir qadın ərinin kobud rəftarından, yaxud ondan üz döndərməsindən qorxarsa, ər- arvadın öz aralarında barışığa gəlməsi onlara günah sayılmaz. Axı barışmaq daha xeyirlidir. Doğrusu, nəfslər xəsislik etməyə hazırdır…” (Ən-Nisə, 128).
Göründüyü kimi, İslam dini bütün ictimai əlaqələrdə birliyə səsləyir. Zahiri birlik qəlblər bir olmadıqca baş vermir. Qəlblərin ayrılmasının qarşısını alan İslam dini qəlbləri xeyir və doğru yol üzərində birləşdirməyə rəğbətləndirmişdir.
Bu son qeyd etdiyimiz ayədə Uca Allah buyurur: “Doğrusu, nəfslər xəsislik etməyə hazırdır….” Bu ayənin mənası barədə İbn Useymin (Allah ona rəhmət etsin) demişdir:

“Bu bir işarədir ki, islah zamanı insan gərək nəfsində olan bu xislətə  və nəfsinə tabe olmasın. Çünki, o əgər nəfsinə tabe olsa, (o arada sülhün yaranmasına) xəsislik edəcək və ola bilsin ki, insan (bu münaqişədəki) haqqını tam əldə etmək istəyəcək . Əgər insan bunu istəsə, sülh baş tutmaz. Çünki, əgər sən və qarşı tərəf (yoldaşın) haqqını tam əldə etmək istəsə (yəni, heç kim güzəştə getməzsə), ortada islah baş verməz.” (Şərhu Riyadis-Salihin, İbn Useymin, 2-ci cild, səh.19).

İnsanların arasını islah etməyə rəğbətləndirən hədislər də çoxdur. Onlardan bəzilərini qeyd edək:
Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) insanların arasını islah etməyin nafilə oruc, namaz və sədəqədən üstün olduğunu bildirmişdir.
Əbu Dərdadan (radiyəllahu anhu) rəvayət olunduğuna görə Allahın elçisi (səllallahu aleyhi və səlləm) buyurdu: “Sizə dərəcəsi orucdan, namazdan və sədəqədən daha fəzilətli bir şeyi xəbər verimmi? – Dedilər: Bəli… – dedi: Bu, insanların arasını düzəltməkdir. İnsanların arasına fəsad salmaq isə qırxmaqdır.” (Sünəni Əbu Davud, 4919, 4273; Tirmizi 2433; Şeyx Albani bu hədisin “həsən” dərəcəsində olduğunu demişdir).

BU HƏDİSDƏ:
1-“Ara düzəltmək və ara vurmaq” dedikdə qəsd olunan “müsəlmanlar arasındakı əlaqələrdir”.
2-“Qırxmaq” sözü isə “dinin qırxmaq”dır ki, bu əməlin fəsadıyla sanki, insanın dini qırxılmış olur. Ülgücün tükü qırxdığı kimi insanın dini qırxılmış olur.

BU HƏDİSİN FAYDALARINDAN:
1 – İnsanların arasını düzəltməyin böyük fəzilətinin olması və bu əmələ rəğbətləndirmək.
2 – Şeyxulislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: “Bu, (yəni, insanların arasını düzəltmək) dinin ən böyük qaydalarından biridir”.
3 – İnsanlar arasında fəsad yaratmağın böyük şərinin və pis sonluqlarının olması, bu əməldən çəkindirmək.
4 – Bizdən öncəkilərin insanların arasını düzəltmək və fəsada səbəb olmaqdan çəkinməkdə çox rəğbətli davranmaları.
5 – Müsəlmanların arasını düzəltməyin nafilə oruc, namaz və sədəqədən üstün olması.
6 – İnsanın müsəlmana ümumi fayda verməsinin  öz nəfsinə verdiyi faydadan üstün olması.

Bir başqa hədis isə belədir: Əbu Hüreyrədən (Allah ondan razı olsun) rəvayət olunur ki, Allahın Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurdu: “Hər birinci və dördüncü günlər cənnətin qapıları açılır və Allaha şərik qoşmayan hər bir qul bağışlanır. Yalnız o kimsə ki, onunla qardaşı arasında düşmənçilik var. Sonra isə belə deyilər: “Bu ikisi barışana qədər gözləyin. Bu ikisi barışana qədər gözləyin. Bu ikisi barışana qədər gözləyin.” (Muslim, 2565).

İmam Nəvəvi (Allah ona rəhmət etsin) bu hədisin şərhində demişdir:

“Bu ikisi arasında barış və (Allah üçün) sevgi yaranana  qədər (onların bağışlanmasını) gecikdirin.”

İslam dinində “küsülülərin arasını barışdırmaq” məqsədilə, bu böyük savab əməli yerinə yetirmək üçün yalan danışmağa icazə verilmişdir. Hansı ki, İslam dinində yalnız üç məqamda yalan danışmaq icazəlidir. 1) Döyüş vaxtı düşmənə yalan danışmaq. Məsələn: əsir müsəlmanın düşmənə hərbi sirr verməmək üçün yalan məlumat verməsi kimi.  2) İki küsülü insanı barışdırmaq məqsədilə. Məsələn: Hər iki küsülü şəxsin yanına gedərək küsdüyü şəxsin onu təriflədiyi demək, əslində isə o şəxs onu tərifləməmişdir. Burada məqsəd onları barışdırmaq və aradakı düşmənçiliyi dostluğa çevirməkdir. Bu cür yalan danışan insan günah qazanmır. 3) Ərin öz həyat yoldaşına yalan danışması və ya zövcənisin ərinə yalan danışması; Məsələn: Ər öz zövcəsinə “səndən gözəli yoxdur” deməklə onun könlünü xoş edərsə və ya bəyənmədiyi bir yeməyi bişirdikdə xanımının qəlbini qırmamaq üçün ona “çox dadlı yemək bişirmisən” demək kimi.
İnsanların arasını islah etmək məqsədilə yalan danışmağın icazəli olmasına dəlil məhz Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) dilindən deyilmişdir:

Ummu  Kulsum bint Uqbə ibn Əbi Muit`dən rəvayət olunur ki, Allah Elçisinin (Allahın Ona salavatı və salamı olsun) belə dediyini eşitmişdir: “İnsanları barışdıran bir kimsə yalançı deyildir. Çünki, o kimsə xeyir qəsd etmiş və ya xeyir söyləmişdir.” (Buxari, 2495).

Başqa bir hədisdə deyilir:

Aişədən (Allah ondan razı olsun) rəvayət olunur ki: “Allahın Elçisi (Allahın Ona salavatı və salamı olsun) qapı ağzında iki nəfərin münaqişə edərək səslərini qaldırmalarını eşidir. Onlardan biri digərindən borcunun bir hissəsindən keçməsini və onunla yumşaq davranmasını istəyir. Digəri isə: “Vallahi (bunu) etməyəcəyəm! – deyir. Peyğəmbər (Sallallahu aleyhi və səlləm) o iki şəxsin yanına gələrək onlara deyir: ” Yaxşılıq etməyəcəyi barədə Allaha and içən kəs haradadır? – O kimsə deyir: “Mənəm, ey Allahın Elçisi!” – “O bunun hansını istəsə edərəm!” (Buxari,2705; Muslim,1557).

Bu hədisdə də Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) birbaşa insanları barışdırmaq məsələsini özü yerinə yetirərək ümmətə gözəl nümunə olmuşdur!

Allahdan istəyirəm ki, bizi xeyir qapılarından məhrum etməsin! Bütün müsəlmanlara dünya və axirətlərini qazandıracaq bütün xeyir əməllərin qapısını açsın!

Sonda həmd olsun Aləmlərin Rəbbi olan Allaha!


Hazırladı: Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov.

 

tovhidinfo
Sahib Əsədov

Mədinə İslam Universitetinin dəvət və dinin əsasları fakültəsinin məzunu, hazırda dəvət qismində magistratura təhsili alır.

Bütün materiallara bax