• Menyu
  • Menyu

İsimlər və sifətlər tövhidində ağıl əsas ola bilməz

tovhidinfo

Mərhəmətli və rəhmli Allahın adı ilə

Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Qulu və elçisi Muhəmmədə, onun ailəsinə, səhabələrinə və qiyamətə qədər yoluyla gedənlərin üzərinə Allahın xeyir-duası və salamı olsun!

Sonra isə:

Allaha hər hansı bir isim və sifəti isbat etmək və ya inkar etmək dəlilə əsaslanmalıdır, bizim ağlımız Allah barədə heç vaxt hökm edə bilməz. Bu əhli sünnənin etiqadıdır. Lakin, əşarilər, mötəzililər, cəhmilər və digər bidət əhli Allaha hər hansı isim və sifətləri isbat etmək və ya inkar etməkdə ağlı əsas götürmüşlər. Onlar deyir: ağıl nəyi isbat etməyi tələb edirsə, onu isbat edirik, fərqi yoxdur, Allah bunu Özünə isbat edib, ya etməyib; ağıl nəyisə inkar etməyi tələb edirsə, onu inkar edirik, Allah özü onu inkar etsə də, etməsə də. O şey ki, ağıl onu nə isbat, nə də inkar etməyi tələb edir, çoxları onu inkar etmiş, bəziləri isə bu məsələdə dayanmış, nə isbat, nə də inkar etmişlər. Və bununla da onlar Allaha nəyin vacib, nəyin isə mümkünsüz olduğunda ağlı hakim tutmuşlar. Quran və Sünnədə gəlməyən, lakin ağıllarının tələb etdiyi vəsfləri Allaha vermiş, Quran və Sünnədə gələn, lakin ağlın dərk etmədiyi vəsfləri isə inkar etmişdirlər.

Bunun nəticəsi olaraq, onlar deyir: Allahın nə gözü, nə üzü, nə əli var, O, nə ərşə yüksəlib, nə də dünya səmasına enir. Bununla onlar Quran və Sünnədə gələn dəlilləri təhrif edir və öz təhriflərinə təvil adı verirlər. Əgər onlar bu sifətləri bilə-bilə inkar etsəydi, kafir olardılar, çünki Allahın ayələrini və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) hədislərini yalanlamış olurlar.

Hasil olan odur ki, ağıl isimlər və sifətlər babına girə bilməz.

Deyə bilərsən ki, sənin bu sözün Quranla ziddiyyat təşkil edir, çünki Allah Təala buyurub: “Allahdan daha yaxşı hökm verə bilən kimdir?!” (Əl-Maidə, 50). Bir şeyin digərindən yaxşı olduğunu demək isə, ağıla qayıdır. Həmçinin, “Heç yaradan yaratmayan kimi ola bilərmi?! Məgər düşünmürsünüz?” (Ən-Nəhl, 17).

Bu və digər ayələrdə Allah Təala bizi Özünə isbat etdiyi və batil ilahlardan inkar etdiyi vəsflər barədə ağıl işlətməyə, düşünməyə yönəldir. Bəs bu necə ola bilər?

Cavab olaraq deyirik ki, ağıl Allaha nəyin yaraşdığını və nəyin yaraşmadığını icmal (ümumi, təfsilatsız) şəklində dərk edir, təfsilatla isə, dərk edə bilmir. Ağıl dərk edir ki, Rəbbin kamil sifətləri olmalı, hər bir naqis sifətlərdən isə uzaq olmalıdır. Lakin bu o demək deyil ki, ağıl sifətlərin hər birini öz-özlüyündə isbat və ya inkar edə bilir. Ümumi şəkildə dərk edir ki, Rəbb kamil sifətlərlə sifətlənməli, hər bir naqislikdən uzaq olmalıdır.

Məsələn, ağıl dərk edir ki, Allah Təala eşidən və bilən olmalıdır. İbrahim (əleyhis-sələm) öz atasına belə demişdir: “Atacan, niyə eşitməyən və görməyən şeylərə ibadət edirsən?” (Məryəm, 42). Həmçinin, dərk edir ki, Allah Təala xaliq (yaradan) olmalıdır: “Allahdan başqa tapındıqları (bütlər) heç bir şey yarada bilməzlər. (Çünki) onlar özləri yaradılmışlar.” (Ən-Nəhl, 20).

Demək, ağıl dərk edir ki, Allahın acizliklə, korluqla, karlıqla, cahilliklə, yaradılmaqla və s. sifətlənməsi mümkün deyildir. Ümumi olaraq bunları ağılla dərk edirik, lakin təfsilatlı şəkildə dərk edə bilmirik, ona görə də dəlilin üzərində dayanırıq, dəlil varsa, isbat edirik, yoxdursa, susuruq.

Sual: Bizim haqqımızda kamillik olan hər bir şey Allahın haqqında da kamillik, bizə görə naqislik olan hər bir şey isə, Allaha görə də naqislik sayılırmı?

Cavab: Xeyr! Çünki hər hansı bir sifətin, vəsfin insana qoşulması həmin sifətin kamillik və naqislik ölçüsü olmur, çünki məxluqla Xaliq eyni deyildir, bütün kamil sifətlər Allaha məxsusdur.

Məsələn, yemək, içmək Xaliqə görə naqislikdir, çünki buna səbəb ehtiyacdır, Allah isə ehtiyacsızdır. Lakin, məxluqa görə yemək və içmək kamillikdir, çünki insan yeməsə, içməsə, xəstələnər və ölər. Həmçinin, yatmaq da Xaliqə görə naqislik, məxluqa görə isə, kamillikdir.

Təkəbbürlük isə, Xaliqə görə kamillik, məxluqa görə isə, naqislikdir. Çünki cəlalət və əzəmət, aləmlərə hökmranlıq  təkəbbürsüz tamamlanmaz. Ona görə də, Allah Təala kibriyada (təkəbbürdə) və əzəmətdə Onunla mücadilə edənə əzab verəcəyini vəd etmişdir. (Muslim, 2620).

Beləliklə, məxluq üçün kamillik olan hər bir şeyin Xaliq üçün də kamilllik olması, məxluq üçün naqislik olan hər bir şeyin isə Xaliq üçün də naqislik olması vacib deyildir.

(İstifadə edilən mənbə: Şeyx İbn Useyminin “Vasitiyyə əqidəsinin şərhi” kitabı.)


Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev.

tovhidinfo
Fərhad Adayev

Mədinə İslam Universitetinin hədis fakültəsinin məzunu, hazırda əqidə qismində magistratura təhsili alır.

Bütün materiallara bax