Allahın sifətlərini tətil (inkar) etmək olmaz
Mərhəmətli və rəhmli Allahın adı ilə!
Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Qulu və elçisi Muhəmmədə, onun ailəsinə, səhabələrinə və qiyamətə qədər yoluyla gedənlərin üzərinə Allahın xeyir-duası və salamı olsun!
Sonra isə:
Əhli sünnə vəl-cəməa Allah Təalanın sifətlərinə aşağıdakı dörd qayda ilə iman edir:
1. Təhrif (dəyişiklik) etmədən
2. Tətil (inkar, rədd) etmədən
3. Təkyif etmədən (keyfiyyət, necəlik vermədən)
4. Təmsil etmədən (məxluqa bənzətmədən)
“Tətil” (inkar) – buraxmaq, tərk etmək deməkdir. Allah Təalanın bu ayəsindəki kimi: “Neçə-neçə tətil edilmiş (tərk edilmiş) quyular və neçə-neçə boş qalmış qəsrlər də vardır.” (Əl-Həcc, 45).
Ad və sifətlərdə “tətil” isə, Allah Təalanın Özünə isbat etdiyi ad və sifətləri (tam şəkildə və ya hansısa hissəsini) təhrif edərək və ya inadla inkar etməkdir. Bunun hamısı “tətil” adlanır.
Əhli sünnə vəl-cəmaa Allahın nə adlarından bir adını, nə də sifətlərindən bir sifətini belə inkar etmirlər, onların hər birini kamil şəkildə iqrar edirlər.
Sual: Tətil ilə təhrif arasındakı fərq nədir?
Cavab: Təhrif dəlildə olur (ayə və ya hədisdə), tətil isə dəlalət olunan şeydə (Allahın isim və sifərlərində və ya onların mənalarında). Əgər kimsə desə ki, ayədəki “Əksinə, Onun hər iki əli açıqdır!” (Əl-Məidə, 64) ifadəsinin mənası “hər iki qüvvəti” açıqdır, o, dəlili təhrif etmiş, düzgün muradı isə tətil etmiş olur. Çünki, ayənin muradı həqiqi əldir və bu insan düzgün mənanı inkar edərək, düzgün olmayan mənanı isbat etdi.
Lakin desə ki, “Onun hər iki əli açıqdır”, lakin mən bunun mənasını bilmirəm, bu işi Allaha buraxıram, nə həqiqi əli isbat edirəm, nə də təhrif olunmuş mənanı. Bu insan muattildir (inkar edən), muhərrif (təhrif edən) deyildir. Çünki o, ləfzin mənasını dəyişdirməmişdir, ona başqa izah verməmişdir, lakin lazım olan, düzgün mənasını tərk etmiş, Allahın əl sifətini inkar etmişdir.
Əhli sünnə vəl-cəmaa qeyd olunan hər iki yoldan uzaqdır:
1) Həqiqi mənanı inkar edib, başqa məna verməklə ləfzi təhrif etmək;
2) Həqiqi mənanı nə isbat, nə də inkar edərək Allaha tərk etmək (belə edənlərə “mufəvvida” , “təfvid əhli” deyilir).
Əhli sünnə deyir: “Əksinə, hər iki əli açıqdır” – yəni həqiqi iki əli açıqdır, qüvvət və nemət deyil.
Beləliklə, əhli sünnə vəl-cəmaanın əqidəsi təhrifdən də, tətildən də uzaqdır.
Bundan aydın olur ki, “əhli sünnənin yolu təfviddir (Allahın ad və sifətlərinin mənasını bilmirəm, bunu Allaha buraxıram demək)” deyənlər zəlalətə düşüb və ya yalan danışırlar. Bunu cahillikdən deyirlərsə, zəlalətə düşüblər, bilərəkdən deyirlərsə, yalan danışırlar.
Çünki əhli sünnə vəl-cəmaa Allahın ad və sifətlərinin mənasını isbat edir, lakin keyfiyyətini təfvid edir (Allaha buraxır).
Bilin ki, təfvid məzhəbi, şeyxülislam İbn Teymiyyə dediyi kimi (“Dər’u təarudıl-əqli vən-nəql 1/121), bidət əhlinin ən şərli sözlərindəndir!
İnsan təfvid barədə eşitdikdə, fikirləşir ki, bu yaxşı şeydir, hər iki tərəfdən salamat qalaram, nə sələfin sözünü deyərəm, nə də təvil əhlinin, orta yol tutaram, deyərəm ki, Allah bilir, mən mənasını bilmirəm… Lakin şeyxülislam deyir ki, bu bidət əhlinin ən şərli sözlərindəndir!
Və düz deyir, Allah ona rəhmət etsin. Əgər fikir versən, bu əqidə Quranı yalanlamaq, Peyğəmbəri (salləllahu aleyhi və səlləm) cahillikdə ittiham etmək və fəlsəfəçilərə Allahın dininə qarşı meydan verməkdir.
Quranı yalanlamaqdır, çünki Allah Təala buyurur: “Sənə kitabı hər şeyə bəyan (izah) olaraq göndərdik”. (Ən-Nəhl, 89). Mənaları bilinməyən sözlərdə nə bəyan ola bilər?! Özü də, Quranda ən çox zikr olunmuş məhz Allahın ad və sifətləridir!
Əgər Quranda ən çox zikr olunan şeylərin mənasını bilmiriksə, Quran necə hər bir şeyə bəyan ola bilər?
Həmçinin, onlar deyirlər: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) Quranın ad və sifətlərlə əlaqəli mənalarını bilmir. Və əgər Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunları bilmirsə, başqası necə?…”
Bundan da qəribəsi onların deməsidir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Allahın sifətləri barəsində danışır, lakin mənalarını bilmir. Deyir: “Ey səmada olan Rəbbimiz!” (Əhməd, 6/20, Əbu Dəvud, 3892 və s.), lakin bu barədə soruşulduqda deyir ki, bilmirəm… Həmçinin, deyir: “Rəbbimiz dünya səmasına enir” (Əl-Buxari, 7494 və Muslim, 758), lakin soruşulduqda ki, Allah enir nə deməkdir, bilmədiyini deyir… Və belə misallar çoxdur.
Peyğəmbərə (salləllahu aleyhi və səlləm) bundan böyük tənə ola bilərmi?! O, Allahın insanlara (haqqı) bəyan etməsi üçün göndərdiyi elçidir, sifətlər barədə olan ayə və hədislərin mənasını bilmir?! Bu barədə mənasını bilməyə-bilməyə danışır?!
Yuxarıda yazılanlardan bu əqidənin Quranı yalanlamaq və Peyğəmbərə (salləllahu aleyhi və səlləm) cahil demək olduğunu bildik. Lakin bu, həm də zındıqlara, dinin düşmənlərinə qapı açmaqdır. Çünki onlar təfvid əhlinə deyirlər: “siz heç nə bilmirsiniz, bilən bizik” və Qurana Allahın muradından uzaq təfsirlər edirlər. Onlar deyirlər: “naslara (Quran və sünnədəki dəlillərə) məna isbat etmək savadsız olub heç nə bilməməyimizdən yaxşıdır”, bununla da Allahın kəlamı və sifətləri barədə istədiklərini deyirlər. Təvfid əhli isə onlara rədd verə bilmir, çünki onlar belə deyir: “biz Allahın nə demək istədiyini bilmirik, ola bilər haqq elə siz dediyinizdir”. Beləliklə böyük şərlərə qapı açmış oldular, buna görə də yalan bir ifadə məşhurlaşdı: “sələfin yolu ən salamat, xələfin (sələfə müxalif olanların) yolu isə, ən elmli və ən hikmətlidir”.
Şeyxul-islam İbn Teymiyyə demişdir: “Bunu bəzi ağılsızlar demişdir”. Həqiqətən, bunu deyən ağılsızdır. Bu söz ən yalan sözlərdəndir! Necə ola bilər ki, sələfin yolu ən salamat olduğu halda, xələfin yolu ən elmli və ən hikmətlidir? Elmsiz və hikmətsiz heç vaxt salamatlıq ola bilməz! Əgər sələfin yolu ən salamatdır deyirsənsə, deməlisən ki, o, həm də ən elmli və ən hikmətlidir, yoxsa, sözün ziddiyyat olar.
Deməli, düzgün ifadə belədir: “sələfin yolu ən salamat, ən elmli və ən hikmətlidir”.
Onların böyüklərindən olan Fəxr Ər-Razi öz şeirində deyir: “Ömrümüz boyu “o dedi, bu dedi” toplamaqdan başqa bir fayda əldə etmədik”. Sonra isə deyir: “Kəlamçıların yollarına, fəlsəfəçilərin mənhəclərinə baxdım, gördüm ki, bunların heç bir faydası yoxdur. Ən düzgün yolun Quranın yolu olduğunu gördüm. İsbatda “Ər-Rəhman ərşə ucaldı” (Tahə, 5) və “Gözəl söz Ona tərəf yüksəlir” (Fatir10), inkarda isə “Ona bənzər heç bir şey yoxdur” (Əş-Şura, 11) və “Onların elmi isə Onu əhatə edib qavraya bilməz!” (Tahə, 110) oxuyuram. Və kim mənim təcrübəmi təcrübə edərsə, mənim bildiyimi bilər, başa düşər.” (Bunu Ər-Razi öz “Əqsəmul-ləzzət” kitabında zikr etmişdir. Bax: İbnul-Qeyyim, “Əs-Savaiq” 1/167).
Bunlar barəsində mi deyək, yolları ən elmli və ən hikmətlidir?!
Başqa birisi, Əbul-Məali Əl-Cuveyni, demişdir: “Mən, Nisapurun qoca qarılarının əqidəsi üzərində ölmək istəyərdim”. (Bax: İbnul-Qeyyim, “Əs-Savaiq” 1/167). Qoca qarılar ən elmsiz insanlardandır, onların əqidəsinə qayıtmağı arzu edir! Beləsinə ən elmli və ən hikmətli deyilirmi?! Bunlarda olan elm haradadır?!
Bütün bunlardan bizə aydın oldu ki, təfvid (Allahın ad və sifətlərinin mənasını Allaha buraxmaq, bilmirəm demək) məzhəbi batil bir yoldur, çünki o, özündə üç fəsadı cəm etmişdir: Quranı yalanlamaq, Peyğəmbərə (salləllahu aleyhi və səlləm) cahil demək və fəlsəfəçilərə meydan verməkdir. Və kim deyir ki, əhli sünnənin yolu təfviddir, əhli sünnəyə böhtan atmışdır. Çünki, əhli sünnə Allahın ad və sifətlərinin həm ləfzlərini, həm də mənalarını iqrar edir.
(İstifadə edilən mənbə: Şeyx İbn Useyminin “Vasitiyyə əqidəsinin şərhi” kitabı.)
Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev.