• Menyu
  • Menyu

İsimlər və sifətlər tövhidində qaydalar – 4cü qayda

tovhidinfo

Allahın sifətlərini təmsil etmək (bənzətmək) olmaz

Mərhəmətli və rəhmli Allahın adı ilə!

Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Qulu və elçisi Muhəmmədə, onun ailəsinə, səhabələrinə və qiyamətə qədər yoluyla gedənlərin üzərinə Allahın xeyir-duası və salamı olsun!

Sonra isə:

Əhli sünnə vəl-cəməa Allah Təalanın sifətlərinə aşağıdakı dörd qayda ilə iman edir:

1. Təhrif (dəyişiklik) etmədən

2. Tətil (inkar, rədd) etmədən

3. Təkyif etmədən (keyfiyyət, necəlik vermədən)

4. Təmsil etmədən (məxluqa bənzətmədən)

Təmsil: bir şeyi başqa şeyə bənzətmək, onu kimi olduğunu deməkdir. Əhli sünnə vəl-cəmaa Allah Təalanı istər  zatında, istər sifətlərində məxluqlarına bənzətməkdən uzaqdırlar.
Təmsil ilə təkyif arasında ümumi və xüsusi cəhətlər var. Təkyif bir şeyi başqasına bənzətmədən ona keyfiyyət verməkdir. Məsələn, deyirsən ki, “mənim belə bir qələmim var”. Bu təkyifdir. Lakin onu başqasına bənzətsən, bu artıq təmsil olar. Məsələn: “bu qələm o qələm kimidir”.
Əhli sünnə vəl-cəmaa Allahın sifətlərini heç nəyə bənzətmədən isbat edir. Allahın həyatı var, lakin bizim həyat kimi deyil; elmi var, lakin bizim elmimiz kimi deyil; görür, lakin görməyi bizim görməyimiz kimi deyil; üzü var, lakin bizim üzümüz kimi deyil; əli var, lakin bizim əlimiz kimi deyil və s. Bütün sifətlər barədə əhli sünnə belə deyir.
Allahın yaratdıqlarına oxşamamasına həm səm’i (Quran və sünnədən), həm də əqli dəlillər var.
Səm’i dəlillər iki yerə bölünür: xəbər və tələb.
Xəbər şəklində gələn dəlillərdən:
“Ona bənzər heç bir şey yoxdur”. (Əş-Şura, 11).
“Heç Ona bənzəyən birini tanıyırsanmı?” (Məryəm, 65). Bu ayə sual formasında olsa da, inkar bildirir.
“Onun bənzəri də yoxdur”. (Əl-İxlas, 4).
Tələb şəklində gələn dəlillərdən:
“Allaha heç kəsi bərabər tutmayın”. (Əl-Bəqərə, 22).
“Heç kəsi Allaha oxşatmayın”. (Ən-Nəhl, 74).
Və kim Allahı yaratdıqlarına bənzədərsə, xəbəri yalanlamış, əmrə də üsyan etmiş olur. Buna görə, sələflərdən bəziləri Allahı məxluqlara bənzədəni mütləq olaraq təkfir etmişdir. Buxarinin şeyxi olmuş Nueym bin Həmməd Əl-Xazəi demişdir: “Kim Allahı yaratdıqlarına bənzədərsə, kafir olmuşdur”. (Əl-Lələkəi, “Şərhus-sünnə”/936. Albani “Muxtəsərul-uluvv” (s.184)-də səhihləşdirmişdir).

Xaliqlə məxluqun arasında oxşarlığın olmamasına əqli dəlillər:

1. Xaliqlə məxluq heç bir cəhətdən bir-birinə bənzəyə bilməz. Hətta, ikisi də var olmasına baxmayaraq, varlıqlarında belə fərq vardır. Çünki Xaliqin var olmağı vacibdir, əzəli, əbədidir, məxluqun isə var olmağı mümkündür, ondan qabaq yoxluq idi və ondan sonra fəna gəlir. Belə olan halda, onların arasında oxşarlıqdan söz ola bilməz.

2. Xaliqlə məxluqun sifətləri və felləri də ayrıdır. Məsələn, Allah Təala hər bir səsi eşidir, nə qədər gizli, nə qədər uzaq olsa da. Dənizin dibində olsa belə, Allah onu eşidir.

Fikir verin, Allah Təala buyurmuşdur: “(Ya Peyğəmbər!) Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin danışığınızı eşidir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!” (Əl-Mucədələ, 1). Aişə (Allah ondan razı olsun) deyir: “Eşitməsi bütün səsləri əhatə edən Allaha həmd olsun! Mən otağın içində ola-ola, o qadının dediklərinin bəzisini eşitmirdim”. (Bax: “Fəthul-Bəri, 13/382).

Azyaşlı Aişənin otağın içindən eşitmədiklərini Allah Təala ərşin üzərindən eşitdi! Belə olduğu halda, kim deyə bilər ki, Allahın eşitməyi bizim eşitməyimiz kimidir?!

3. Biz bilirik ki, Allah Təalanın zatı məxluqların zatından ayrıdır. “Onun Kürsüsü göyləri və yeri əhatə edir“. (Əl-Bəqərə, 255). “Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq”. (Əz-Zumər, 67). Məxluqlardan kiminsə belə olması mümkün deyildir. Allah zat olaraq məxluqlardan ayrıdırsa, demək sifətlərində də ayrıdır, çünki sifətlər zata bağlıdır və Xaliqlə məxluq arasında bənzərlik mümkün deyildir.

4. Biz müxtəlif məxluqlarda elə şeylər müşahidə edirik ki, adları eyni olsa da, özləri müxtəlifdir. İnsanlar da sifətlərində fərqlidirlər: birinin görməsi güclü, birinin zəifdir; birinin eşitməsi güclü, birinin zəifdir; biri kişidir, biri qadındır və s. Bu eyni növdən olan məxluqların (insanların) arasındakı fərqdirsə, gör müxtəlif növdən olan məxluqlarda necədir?! Onların arasındakı fərq daha aydındır. Məsələn, heç kim deyə bilməz ki, onun əli dəvənin, ya qarışqanın, ya da pişiyin əli kimidir. İnsanın, dəvənin, qarışqanın və pişiyin əlləri fərqli-fərqlidir, baxmayaraq ki, hər biri əl adlanır. Deyirik ki, əgər məxluqlarda nələrinsə adları eyni, lakin həqiqətləri fərqli ola bilirsə, Xaliqlə məxluq arasında belə olması daha öncədir və hətta, vacibdir.

Yuxarıda izah qeyd etdiyimiz dörd əqli dəlilin hər biri sübut edir ki, Xaliqin məxluqa heç bir halda bənzəməsi mümkün deyildir.

Həmçinin deyə bilərik ki, bu fitri dəlildir. Çünki, insan öz fitrətiylə, ona heç nə deyilmədən, bilir ki, Xaliqlə məxluq arasındakı fərqi bilir, belə olmasaydı, gedib Xaliqə dua etməzdi.

Beləliklə, məlum oldu ki, təmsili həm Quran və sünnədəki dəlillər, həm ağıl, həm də fitrət inkar edir.

(İstifadə edilən mənbə: Şeyx İbn Useyminin «Vasitiyyə əqidəsinin şərhi» kitabı.)


Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev.

tovhidinfo
Fərhad Adayev

Mədinə İslam Universitetinin hədis fakültəsinin məzunu, hazırda əqidə qismində magistratura təhsili alır.

Bütün materiallara bax