Mərhəmətli və Rəhimli Allahın adı ilə
Keçən məqaləmizdə islamofobiyanın tərifi, səbəbləri, dünyadakı təzahürü və tarixi barədə danışdıq. (Yazını bu keçiddən oxuya bilərsiniz)
İndi isə, müqayisə üçün Qərbin müsəlman Şərqinə doğru müdaxiləsinin pik dövrlərindən biri olan səlib yürüşləri zamanı olan münasibətlərə baxaq.
Səlibçilər üçün müsəlmanlar din düşmənləri idi və müsəlmanların öldürülməsi şərəfli iş sayılırdı. Ümumilikdə isə, səlib yürüşünün iştirakçıları, Vatikan kilsəsi başda olmaqla onların Avropadakı havadarları müsəlmanlara qarşı tam dözümsüzlük nümayiş etdirirdilər.
Beləliklə, tarixi rakursdan qiymətləndirdikdə, Qərbdə müsəlmanlara qarşı normal münasibət heç vaxt müşahidə olunmamışdır. Bu mənada indiki anlamla “islamofobiya” yeni bir hadisə deyil. Tarixin müxtəlif vaxtlarında Qərbin müsəlman Şərqinə münasibətində özünü göstərmişdir. Lakin müasir dövrümüzdə şərait olduqca fərqlənir. Keçən əsrdə Qərb ölkələrinin ucuz işçi qüvvəsi kimi gətirdiyi müsəlman miqrantlar indi əksər ölkələrdə hadisələrə təsir göstərə biləcək qüvvəyə malikdirlər. Artıq kimlərinsə bunu istəyib-istəməməyindən asılı olmayaraq İslam Qərbin daxili faktoruna çevrilib və günü-gündən də güclənməkdədir.
İnsan haqları və azadlıqları kimi günümüzün aktual çağırışları isə, Qərbin artıq bir dəfə təcrübədən çıxardığı “rekonkista” siyasətinə yenidən imkan vermir. Görünən odur ki, indi rekonkistanı “islamofobiya” əvəz edib. Avropanın bir sıra ölkələrində islam memarlığına qarşı qadağa, islami həyat tərzinə ikrah dolu münasibət, xüsusi ilə də, təhqirlərlə dolu karikatura qalmaqalı, Qərb cəmiyyətində İslama qarşı digər mənfi münasibət əks olunan hadisələr islamofobiya elementləridir.
Haqqında danışdığımız «İslamofobiya»-nın tarixinin Xaçlı (səlib) yürüşlərinə qədər gedib çıxdığını qeyd etmişdik. Müsəlmanlara qarşı Xaç yürüşləri müxtəlif mərhələlərdə baş vermişdir:
Birinci mərhələ:1096-1099-cu illər.
İkinci mərhələ: 1147-1149-cu illər.
Üçüncü mərhələ: 1189-1192-ci illər.
Dördüncü mərhələ: 1202-1291.
(Ətraflı bax, Əl-Bidəyə vən-Nihəyə, İbn Kəsir; Hərakətus-Salibiyyə, Səid Əbdul-Fəttəh Aşur.)
İslam barədə qorxu yaymaqda Qərb mətbuatının rolu:
Qərb mediası müsəlmanlarla istehza etmək, İslamı aşağılamaq işini bir adətə çevirmişdir ki, bunu filmlərdə, qəzetlərdə, jurnallarda, kitablarda, televiziya ekranlarında, sosial şəbəkələrdə daim təkrarlayırlar. Bununla da, İslam barədə digər insanlarda mənfi fikir formalaşdırmağa çalışırlar.
Eduard Səid (Edward Said) iddia edir ki, İslamofobiyanın tarixi üç mərhələ keçmişdir: Səlib (Xaçlı) yürüşləri mərhələsi, (Qərəzli) Şərqşünaslıq mərhələsi və (müasir) mətbuat mərhələsi.
Qərbdəki islamofobiyanın təsirləri məscidlərdən və islam mərkəzlərindən də yan keçməmiş, müxtəlif məscid və mərkəzlərin yandırılması və qəsdli hücumlarla nəticələnmişdir.
İslamofobiya şüarları, qərbdə bir çox tanınmış simaların İslam əleyhinə işlətdiyi sözləri Qərb mətbuatı geniş kütlələrə çatdırmışdır. Bəzi qəzet və jurnallar zaman-zaman İslam əleyhinə yazılar hazırlamaqla reytinqlərini qaldırmağa çalışmışlar.
Qərbdəki mətbuat vasitələrinin ən tanınmış məlumat kanalları İslamdan qorxutmaq siyasətini yürüdür, qərb izləyicisi və oxucusunu öz böyük mətbu imkanları ilə İslam barədə qərəzli və qəzəbli yanaşma üstünlük təşkil edən diqqət mərkəzinə çevirir və bunun üçün səy göstərirlər. Bütün bunlara baxmayaraq, qərbdə bu ədalətsizlikləri sezə bilən bəzi mütəfəkkirlər də vardır. Lakin onların sayı çox azdır. İslamın müdafiəsinə qalxaraq İslamofobiya (Islam qorxusu) əleyhinə danışan bəzi qərb mütəfəkkirlərinin ən bariz şəxslərindən Noam Çomski (Noam Chomsky), Cek Şahin (Jack Shaheen), Con Espisito (John Esposito) və başqalarını misal çəkmək olar.
İslamofobiyaya qarşı bir müsəlman kimi necə yanaşmalıyıq?
Biz bilməliyik ki, İslamı qəbul edən hər bir insan hidayət nemətini daddığı kimi böyük bir məsuliyyət də daşıyır. Bu əzəmətli məsuliyyət də bu pak dinin mənsubu olmaqla yanaşı, bu dini ölkəmizdə və dünyada gözəl şəkildə təmsil etməkdir. Hər bir müsəlman bacardığı qədər İslam haqqında olan böhtanların, yalanların doğru olmadığını isbatlamağa çalışmalı, İslamın yüksək insani dəyərləri, həqiqi insan haqlarını, rəhməti, sevgini, şəfqəti və bütün gözəl əxlaqi dəyərləri təbliğ edən bir din olduğunu, həmçinin, terrordan, zülmdən, haqsızlıqdan uzaq bir din olduğunu ətrafındakılara başa salmalıdır.
Lakin bilməliyik ki, İslamın haqq olduğunu, böhtançıların böhtanlarından uzaq olduğunu sübut etmək üçün öz islami kimliyimizi itirməyimizə ehtiyac yoxdur. Uca Allah bu barədə buyurmuşdur:
«Sən onların dininə tabe olmayınca, nə yəhudilər, nə də xaçpərəstlər səndən razı qalmayacaqlar. De: “Yalnız Allahın haqq yolu doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan nə bir qoruyan, nə də bir xilas edən olar.» (əl-Bəqərə, 120)
«Dünya möminin zindanıdır, kafirin isə cənnətidir» (Muslim, 2956) deyən Peyğəmbərimiz (Allahın Ona salavatı və salamı olsun) bizi müsibətlərin, sıxıntıların gözlədiyini xəbər vermişdir.
Uca Allah Qurani-Kərimdə bizə iman gətirməyənlərin dilindən əziyyət çəkəcəyimizi xəbər verərək buyurmuşdur: «Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, bilin ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir.» (Əli İmran, 186)
Beləliklə, bilmək lazımdır ki, islamofobiyanın məqsədlərindən biri də müsəlmanların öz dinlərində olan savadsızlığından istifadə edib onların tədricən öz dinlərinə olan baxışlarını dəyişdirib İslamı onlara mənfi surətdə təqdim etməkdir. Bu da, bir yazılmamış qaydadır ki, sən bir həqiqəti özün tanımasan, onu başqaları sənə istədikləri kimi tanıdarlar.
Ona görə də, biz bir müsəlman kimi bacardıqca dinimizin əsaslarını, tövhidi və İslam əqidəsini yaxşı öyrənməliyik ki, İslam düşmənləri bizi aldada bilməsinlər. Uca Allah buyurur:
«Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur.» (Məhəmməd, 19)
Biz hər birimiz səbr edərək dinimizi layiqincə yaşamağa çalışmalı, səbirlə, təmkinlə insanların müsəlmanlar barəsində olan yalnış fikirlərini onlara izah etməliyik!
İnsanlar bilməlidirlər ki, terrorun vətəni yoxdur! Terroristin dini, irqi və mənsubiyyəti olmur. İslamın terrorla əlaqələndirilməsi və cəmiyyətimizdə dindar insanlara qarşı ayrıseçkilik etmək özü islamofobiyaya xidmət etməkdir. «Təsir əks təsirə bərabərdir», «mərdi qovub namərd etmək» prinsipini nəzərə alaraq vətəndaşlar bilməlidirlər ki, dindarlara ictimai təziq və qınaq göstərmək onları radikallığa sürükləmək deməkdir. Əksinə, onlar dindarların cəmiyyətimizdə yaydıqları xeyirlərə fikir verməli, cəmiyyətin islahı üçün dindarların atdıqları addımları yüksək qiymətləndirməlidirlər.
Həmçinin, islamofobiyaya qarşı maarifləndirici tədbirlərdən biri də İslamın bəşəriyyətə verdiyi rəhmət mesajlarını insanlığa çatdırmaqdır. Məsələn, Uca Allahın bu ayəsi kimi:
«Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar.» (əl-Maidə, 32)
Sonda, Həmd olsun aləmlərin Rəbbi olan Allaha!
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:
1 – Qurani-Kərimin azərbaycan dilinə mənaca tərcüməsi.
2 – Səhih Muslim.
3 – Əl-İsləm vəl-İ’ləmufubiyə (ərəbcə), müəllif: dr. Məhcub ibn Səid.
4 – Avrupada yükselen İslamofobi ve medeniyyetler çatışması tezi. (türkcə) müəllif: Murat Aktaş.
5 – İslamofobiya kimə və nəyə xidmət edir? (məqalə). Ərəstü Həbibbəyli.
6 – Qılınc gücü müsəlmanı nədir? (məqalə) Sahib Əsədov.
Qeyd: «Rekonkista» Pireney yarımadasında yaşayan müsəlmanların xristianlar tərəfindən sıxışdırılaraq çıxarılmasına səbəb olmuş, dini məzmunlu hərəkatdır. “Rekonkista hərəkatı” Qranada əmirliyinin 1492-ci ildə dağılması nəticəsində başa çatmışdır. (Mənbə: Wikipediya, ixtisarla).
Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov.