• Menyu
  • Menyu

İxtilaf rəhmətdirmi? Səhabələrin ixtilafı ilə məzhəbçilərin ixtilafı arasındakı fərqlər

tovhidinfo

 Mərhəmətli və Rəhimli Allahın adı ilə

Əziz müsəlmanlar, bu yazımda insanları məzhəb imamlarına kor-koranə təəsübkeşlik etməyə çağıraraq onları haqq yoldan yayındırmağa çalışan insanların bəzi şübhələrini qeyd etmək istəyirəm. Allahın izni ilə, bu şübhələrin hörümçək torundan da zəif olduğunu görəcəksiniz.

BİRİNCİ ŞÜBHƏ: Onların bəziləri deyir: Şəkk yoxdur ki, dinimizdə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sünnəsinə qayıtmaq vacib işdir. Xüsusən də məhz o ibadətlərdə, hansı ki, onda heç bir ictihada və rəyə yer yoxdur. Çünki, o tovqifidir (yəni ona əməl etməkdə, yalnız Quran və Sünnəyə etimad edilməlidir). Lakin yenə də onlarda eşidirik ki, deyirlər, “ixtilaf ümmət üçün genişlikdir”. Yəni, hər hansı  bir məsələdə ixtilaf varsa, o deməkdir ki, o məsələdə genişlik var və sən, o ixtilafda sənə uyğun və rahat olanı götürə bilərsən. Onlar bununla kifayətlənmədən, üstəlik bunu, heç bir əsası olmayan “Ümmətimin ixtilafı rəhmətdir” hədisi ilə əsalandırırlar.

CAVAB: Şeyx Albani (Allah ona rəhmət etsin) bu şübhəyə iki yöndən cavab verir:

Birincisi: Bu hədis səhih deyildir, əksinə, o, batil və əsli olmayan bir hədisdir.  Alləmə Əs-Subki (Allah ona rəhmət etsin) demişdir: “O hədisi nə səhih, nə zəif, nə də uydurma olaraq tapmadım” (yəni, hədisin heç bir yerdə əsli yoxdur, hətta uydurma hədislərin içərisində belə).

Şeyx Albani (Allah ona rəhmət etsin) demişdir:

“Bu hədis iki ləfzlə rəvayət olunub:

1) “…Səhabələrimin ixtilafı sizin üçün rəhmətdir”.

2) “Səhabələrim ulduz kimidir, onlardan hansına tabe olsanız, doğru yolda olarsınız”.

Bu rəvayətlərin heç biri səhih deyildir. Birincisi çox zəif, ikincisi isə, uydurmadır.

Bu rəvayətlərin zəif olduğunu deyən alimlərdən:

Beyhəqi (Allah ona rəhmət etsin) demişdir: “Bu rəvayətlərin isnadları zəifdir və bu mənada heçbir hədis sabit olmamışdır”.

Həmçinin Hafiz Əl-İraqi (Allah ona rəhmət etsin) ikinci rəvayət haqqında demişdir: “Bu hədisin isnadı zəifdir”.

Başqa bir neçə alim də bu rəvayətlərin zəif və yaxud da uydurma olduğunu demişdir.”[1]

İkincisi: Bu hədis zəifliyi ilə bərabər Qurani-Kərimin bir çox ayələrinə müxalifdir. Həqiqətən, Qurani-Kərimdə çox sayda, dində ixtilafı qadağan edən və camaat olmağı əmr edən ayələr vardır.

Bu ayələrdən:

Allahu Taalə buyurur:

وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ وَلَا تَنَازَعُوا فَتَفْشَلُوا وَتَذْهَبَ رِيحُكُمْ وَاصْبِرُوا إِنَّ اللَّهَ مَعَ الصَّابِرِينَ

((Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir.))[2]

Başqa ayədə buyurur:

…وَلَا تَكُونُوا مِنَ الْمُشْرِكِينَ ◊ مِنَ الَّذِينَ فَرَّقُوا دِينَهُمْ وَكَانُوا شِيَعًا ۖ كُلُّ حِزْبٍ بِمَا  لَدَيْهِمْ فَرِحُونَ

((…və şərik qoşanlardan olmayın! O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə öz təriqətini (üstün bilib) sevinir.))[3]

 Həmçinin, başqa ayədə buyurur:

(وَلَا يَزَالُونَ مُخْتَلِفِينَ  (118) إِلَّا مَنْ رَحِمَ رَبُّكَ (119

((…Amma onlar elə hey ixtilafdadırlar. Yalnız Rəbbinin rəhm etdiyi şəxslərdən başqa…))[4]

Əgər Allahın rəhm etdiyi kəslər ixtilaf etməzlərsə və yalnız batil əhli ixtilaf edərsə, o zaman necə deyilə bilər ki, “ixtilaf rəhmətdir”?!

Beləliklə bizə aydın oldu ki, bu hədis nə isnadı ilə, nə də mətni ilə səhih deyildir və bu hədis imamların (Allah onlara rəhmət etsin) əmr etdiyi kimi Quran və Sünnəyə əməl etməyimiz üçün bir maneə deyildir.

İKİNCİ ŞÜBHƏ: Deyirlər: “Əgər dində ixtilaf etmək qadağan olunmuşdursa, o zaman səhabələrin, imamların və onlardan sonrakı alimlərin ixtilaf etməsinə nə deyirsiniz? Onların ixtilafı ilə indiki ixtilaf arsında bir fərq varmı?”

CAVAB: Bəli, biz bu iki ixtilafın hərəsinə ayrı-ayrılıqda, iki yöndən baxsaq, görərik ki, onların arasında böyük fərq vardır.

Birincisi: ixtilafın səbəbi.

Ikincisi: ixtilafın təsiri.

Birinci Səhabələrin (Allah onlardan razı olsun) ixtiaf etmələrinin səbəbinə baxaq:

Onların ixtilaf etməsi zəruri və başa düşmək yönündən olan ixtilaf idi və onlar ixtilafı qəsdən etmirdilər.

Bu kimi ixtilafdan tam xilas olmaq, demək olar ki, mümkün deyildir. Belə bir ixtilaf məzəmmət olunmuş ixtilaf sayılmır və yuxarıda keçən ayələr də bu ixtilaf sahiblərinə aid deyildir.

Həmçinin, onlar ixtilaf etdikləri bir məsələdə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) tərəfindən aydınlıq gəldiyi zaman, xəta üzərində israr etmirdilər.

Amma məzhəbə kor-koranə təəssübkeşlik edənlərin bir qisminin ixtilaf etməsinə gəldikdə isə, çox vaxt onların ixtilaf etməsinə heç bir üzür yoxdur. Çünki, çox vaxt onlara Quran və Sünnədən dəlil aydın olduqda, onlar öz məzhəblərinin rəyinə müvafiq olmadığına görə onu tərk edirlər. Sanki onlara görə əsl olan, Quran və Sünnə yox, öz məzhəbləridir, və yaxud da Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) gətirdiyi din elə onların məzhəbidir, başqa məzhəb isə nəsx olunmuş, silinmiş bir dindir.

Digər bir qism isə, onların tam əksi olaraq, bu dörd məzhəbin arasındakı ixtilafların, dində bir genişlik və rahatlıq olduğunu deyirlər və sanki bu məzhəblərin hərəsini ayrıca bir şəriət kimi qəbul edərək deyirlər ki, hər bir kəs bu məzhəblərdən istədiyini birini götürə, istədiyini də tərk edə bilər.

Lakin bu iki qismin ikisi də ixtilafın, ümmət üçün genişlik və rahatlıq olduğunu deyirlər və buna yuxarıda qeyd olunan batil hədisi – “ümmətimin ixtilafı rəhmətdir” hədisini dəlil gətirirlər.

İbn Əl-Qasim demişdir: “İmam Məlik və Leysin (Alah onlara rəhmət etsin) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) səhabələrinin ixtilafı haqqında belə dediklərini eşitdim: “Onların arasındakı ixtilaf insanların (orada genişlik var)  dedikləri kimi deyildir. O, yalnız bir tərəfi xəta, bir tərəfi isə doğru olan bir ixtilafdır”.”[5]

Əşhəb demişdir: “İmam Məlikdən (Allah ona rəhmət etsin) soruşuldu ki, bir kəsə, mötəbər ravi tərəfindən Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) səhabələrindən bir hədis rəvayət olunarsa, o şəxs üçün bu məsələdə genişlik varmı?” (yəni ona bu hədis çatdıqdan sonra o, yenə də istədiyi görüşü götürə bilərmi?)

O dedi: “Xeyr! Vallahi (bu caiz deyildir) ta ki, haqqa isabət edə. Haqq yalnız bir dənədir. Heç iki müxtəlif   (bir-birinə zidd olan) sözlərin ikisi də haqq ola bilərmi?! Haqq və doğru olan, yalnız bir dənədir”.”[6]

İmam Şafiinin (Allah ona rəhmət etsin) tələbələrindən olmuş, imam Muzəni (Allah ona rəhmət etsin) demişdir:

“Artıq Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) səhabələri (Allah onlardan razı olsun) ixtilaf etmiş, bu ixtilaflarda bir-birlərini xətakar görmüş və bir-birlərinin sözlərinə cavab vermişdirlər. Əgər ixtilaf zamanı onların sözlərinin hamısı doğru olsaydı, onlar bunu etməzdilər.”[7]

Həmçinin, İmam Muzəni (Allah ona rəhmət etsin) demişdir:

“İxtilafı caiz görən və “iki alim bir məsələdə ictihad edərək biri halal, o biri isə haram deyərsə, onların ikisi də haqqa isabət etmişdir” deyən şəxsə deyilər ki, sən bunu hər hansı bir əsasa (Quran, Sünnə və icma) istinad edərək, yoxsa qiyas edərək deyirsən? Əgər desə ki, əsasa (Quran, Sünnə və icma) istinad edərək deyirəm, ona deyilər ki, bu necə əsl ola bilər ki, əsaslar   (Quran, sünnə və icma) ixtilafı qadağan edir?! Desə ki, qiyas edərək deyirəm, bu zaman ona deyilər ki; əsaslar   (Quran, sünnə və icma) ixtilafı qadağan etdiyi halda, bunu necə əsasa qiyas edə bilərsən?! Bunu heç bir ağıllı insan caiz görməz. Bəs alim insan necə caiz görə bilər?!”[8]

İbnu Abdil-Bərr (Allah ona rəhmət etsin) demişdir:

“Əgər ixtilaf edən tərəflərin iki tərəfi də haqq olsaydı, sələflər ictihadlarında, hökmlərində və fətvalarında bir-birlərini xətakar görməzdi. İnsan ağlı da qəbul etmir ki, bir-birinə zidd olan şeylərin ikisi də haqq olsun”.[9]

Şeyx Albani (Allah ona rəhmət etsin demişdir):

“Xülasə olaraq: Həqiqətən, səhabələr zəruri hallarda ixtilaf ediblər. Lakin onlar bununla bərabər ixtilafı inkar edir və ixtilafdan bacardıqları qədər qaçırdılar. Amma təqlidçilər isə, əksər məsələlərdə ixtilafdan xilas olmağa imkanları olduğu halda, ittifaq etmirlər. Əksinə, ixtilafı caiz görürlər.

Belə olduğu təqdirdə, məlum olur ki, səhabələrin (Allah onlardan razı olsun) ixtilafı ilə onların ixtilafı arasında böyük fərq vardır”[10].

Sonra Şeyx Albani (Allah ona rəhmət etsin) sözünə davam edərək buyurur:

“Amma təsir baxımından, bu iki ixtilafın arasındakı fərq daha aydın görsənir. Belə ki, səhabələrin ixtilafına baxsaq görərik ki, onlar, fər`i (əsas olmayan) məsələlərdə ixtilaf etsələr də, şiddətli şəkildə birliyi qoruyur və bu birliyi ayıran hər bir şeydən uzaq dururdular.

Məsələn: Onların içərisində eləsi var idi ki, namazda bəsmələnin (Bismilləhir-Rahmənir-Rahim) səsli deyilməsi rəyində idi, eləsi də var idi ki, səssiz deyilməsi rəyində idi. Həmçinin eləsi var idi ki, təkbirlər zamanı əlləri qaldırmağı müstəhəb görürdü, eləsi də var idi ki, müstəhəb görmürdü. Bununla belə, onlar camaatlıqla bərabər bir-birlərinin arxasında namaz qılırdılar və başqası özünün rəyində deyil deyə, onun arxasında namaz qılmağı tərk etmirdilər.

Təqlidçilərə gəldikdə isə, onlar, bunun tam əksini edirlər. Artıq onların, bu kor-koranə təqlidləri nəticəsində, bir çox yerlərdə insanlar, İslamın şəhadətdən sonra ən əzəmətli rüknu olan namazda, bir-birlərindən ayrılaraq hamısı bir imamın arxasında namaz qılmaqdan boyun qaçırırdılar. Çünki bir məzhəbin təqlidçiləri, o biri məzhəbdən olanın namazını haram və yaxud da məkruh görürdülər və bünün nəticəsi idi ki, bəzi böyük məscidlərdə dörd ədəd mehrab (imamın namaza durduğu yer) var idi. Hər məzhəb ayrı-ayrılıqda namaz qılırdı və bəzən də, bir məzhəb namaz qıldığı zaman o biri məzhəbdən olanlar, onlarla namaza qoşulmadan öz imamlarını gözləyirdilər.

Təqlidçilərin bu əməllərinin zərəri təkcə özlərinə olsaydı, müəyyən qədər yüngül olardı. Lakin onların insanları Kitab və Sünnədən  ayıraraq kor-koranə təqlidə dəvət etmələri hətta bəzi qeyri-müsəlmanların da islam dininə daxil olmasına mane olmuşdur.[11]

Alləmə Muhamməd Sultan Əl-Məsumi (Allah ona rəhmət etsin) “Hədyus-Sultan ilə muslimi bilədi Cəbən” kitabının müqəddiməsində deyir:

“Mənə Yaponiya şəhərlərinin birindən sual gəlmişdi.

Sual belə idi: İslam dininin həqiqəti nədir? Məzhəbin mənası nədir? İslam dinini qəbul edərək şərəflənən insana vacibdirmi ki, dörd məzhəbdən hər hansı birini özünə məzhəb şeçsin? Yəni, onun maliki, yaxud hənəfi, yaxud şafii, yaxud da hənbəli olması lazımdırmı, yoxsa buna ehtiyac yoxdurmu?

Çünki bizdə bu məsələdə böyük ixtilaf və şiddətli çəkişmə baş verib. Belə ki, Yaponiyada bir neçə nəfər islam dinini qəbul etmək və iman şərəfi ilə şərəflənmək istədi və bunu Tokioda yerləşən müsəlmanların cəmiyyətinə ərz etdilər. Sonra orada olan hindistanlılar dedilər ki, bunlar İmam Əbu Hənifənin məzhəbini seçməlidirlər, çünki, o, ümmətin çırağıdır. İndoneziyadan olanlar isə dedilər ki, şafii olmalıdırlar!

Yaponiyalılar da bunu eşitdikləri zaman çox təəccübləndilər, heyrət içərisində qaldılar və sonda, bu məzhəblər məsələsi onların islama daxil olmasının yolunu kəsən bir sədd oldu”.


[1] Silsilətu əl-əhədis  əd-daifə, 58,59 və 61-ci hədislərə bax.

[2] Əl-Ənfəl: 46

[3] Rum: 31-32

[4] Hud: 118-119

[5] Ibnu abdil-Bərr: “Cəmiu bəyənil-ilm və fadlihi” (2/81-82)

[6] Ibnu abdil-Bərr: “Cəmiu bəyənil-ilm və fadlihi” (2/82,88,89)

[7] Ibnu abdil-Bərr: “Cəmiu bəyənil-ilm və fadlihi” (2/83-84)

[8] Ibnu abdil-Bərr: “Cəmiu bəyənil-ilm və fadlihi” (2/89)

[9] İbnu abdil-Bərr: “Cəmiu bəyənil ilm və fadlihi” (2/88)

[10] Sifətu salətin-Nəbiy: (səh. 57)

[11] Sifətu salətin-Nəbiy: (səh. 57) (İxtisarla)


Mədinə İslam Universitetinin tələbəsi, Zubeyr Dinbazov.

 

tovhidinfo
Zubeyr Dinbazov

Mədinə İslam Universitetinin hədis fakültəsinin məzunu.

Bütün materiallara bax